15 Mart 2020 01:33
3426
SİYASƏT
A- A+

Yeni parlamentin qarşısında yeni vəzifələr dayanır


İslahatların dərinləşməsinə töhfə verən qanunlar qəbul edilməlidir


Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində Prezident İlham Əliyev 2018-ci ildən başlayaraq islahatların yeni mərhələsinin ardıcıl olaraq icra edildiyini, yeniliklərin bütün istiqamətlərdə konseptual və struktur xarakterli olduğunu bəyan etdi.

Dövlət başçısı aparılan islahatların dayanıqlı və davamlı olması üçün Prezident Administrasiyasında, Nazırlər Kabinetində və nazirliklərdə yeni şöbələrin və yeni tərkiblərin formalaşdığını, daha operativ və fəal, daha çevik idarəetmə sisteminin qurulduğunu, bir çox yeni strukturların yaradıldığını, yerli icra orqanlarında islahatların müntəzəm tətbiq ediləcəyini, bundan sonra da mərkəzi, yerli icra orqanlarında və bütün dövlət qurumlarında təmizləmə işlərinin aparılacağını bildirdi. Ölkə rəhbəri dövlət işində işləyənlərin niyyətinin və əməllərinin dürüst olmasının zəruriliyini tələb kimi qarşıya qoydu.

Prezident nitqində həmçinin Milli Məclisin yeni seçilən deputat korpusuna islahatlara təkan verməli olduqlarını, qanunvericilik sahəsində islalahatların dərinləşdirilməsinin və hər bir deputatın fəaliyyətinin bu məcraya yönəlməsinin başlıca məqsəd olmasını vurğuladı. Dövlət başçısının əsas tövsiyəsi odur ki, daha çox keyfiyyətə, mövcud olan qanunların təkmilləşdirilməsinə diqqət yetirilsin: "Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Ölkə üçün bütün istiqamətlərdə islahatların dərinləşməsi vacibdir, bu isə öz növbəsində qanunvericilik bazasının zamanın tələblərinə uzlaşdırılmasını və müasirləşdirilməsini aktuallaşdırır. Bu, mürəkkəb, vaxt aparan və yeni intellektual biliklərin, müasir təcrübənin geniş tətbiqini tələb edən uzun və sistemli islahatlar prosesidir. Müasir dünya düzənində iqtisadi, siyasi və hərbi situasiyalar gözlənilmədən müxtəlif istiqamətlərdə inkişaf edir, yeni çağırışlar, yeni problemlər çıxılmaz vəziyyətlərin, planetar miqyasda şok effekti yaradan hadisələrin baş verməsinə səbəb olur. Hətta supergüclər belə çıxış yollarını tapmaqda çətinlik çəkirlər.

Dövlət başçısı məhz bu amillərin ciddiliyini əsas götürərək belə hesab edir ki, qanunlara yaradıcı münasibət sərgiləmək, onları müasir çağırışlar prizmasında nəzərdən keçirmək zəruridir: "Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir”.

Dövlət başçısı milli-mənəvi dəyərlərin, ənənələrin qorunması və informasiya mühafizəsinin vacibliyi məsələsinə də toxundu.

Qeyd edildi ki, Azərbaycan müstəqil siyasət yeridən, heç kimin qarşısında baş əyməyən dövlət kimi qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniyalarla üzləşib. Bu baxımdan informasiya təhlükəsizliyi ilə əlaqədar qanunvericilikdə yeni yanaşmalar əksini tapmalıdır. Ədalətli sosial siyasət, şəffaflığın təmin edilməsi, gizli iqtisadiyyatla aparılan ciddi mübarizəyə qanunvericilik dəstək verməlidir. Gənclər siyasəti, onların fəallığının artması, vətənpərvərlik və milli ruhda tərbiyə edilməsi də qanunla müdafiə olunmalıdır.

Bütün bu məsələlərin sürətlə və zamanında həll olunması üçün parlamentin yeni deputat korpusunun fəallığı vacibdir. Artıq əvvəllər olduğu kimi, bəzi deputatların seçicilərindən ayrı düşməsi, problemlərlə maraqlanmaması, şəxsi qayğılarını həll etməsi, qohumlarını vəzifələrə yerləşdirməsi, torpaq sahələri əldə etməsi və hansısa biznesə dəstək göstərməsinə göz yumulmayacaq: "Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız” - deməklə Prezident bir daha güzəştsiz mövqe nümayiş etdirdi.

Beynəlxalq fəaliyyətlə bağlı deputatların fəallığı artırılmalı, turizm məzmunlu səfərlərə son qoyulmalı, səmərəliyin artırılması önə çəkilməlidir. Bizə qarşı əsassız yanaşma sərgiləyən, ittihamlar irəli sürən beynəlxalq qurumlarla mübarizə daim gündəmdə olmalıdır. Prezident İlham Əliyev parlamentin iqtisadi sahədə fəaliyyətini gücləndirməsi üçün tövsiyələrini verdi və yeni tələblərini səsləndirdi. Bildirdi ki, görülən işlərin hesabatlarının dinlənilməsi parlamentin fəaliyyətində əksini tapmalıdır: "Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır”.

Məhz tələbkarlıq, nəzarətin güclənməsi, korrupsiya ilə mübarizənin dərinləşməsi iqtisadi səmərəliyi artırır, xalq iqtidar münasibətlərini yeni mərhələyə qaldırır. Azərbaycan müstəqilliyinin ilk onilliklərində ən ciddi iqtisadi uğurlara imza atan ölkədir. Nailiyyətlərimizin dünya miqyasında tayı-bərabəri yoxdur. Azərbaycan Prezidenti xitabət kürsüsündən deputatlara sualla müraciət etdi və cavabını da özü səsləndirdi: "...Hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib? Ondan sonra yoxsulluq 50 faizə yaxın idi, indi 4,8 faizdir və daha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni istəsək xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.

Azərbaycan həqiqətən də iqtisadi sahədə böyük uğurlara imza ata bildi, sosial sahədə maaşların və pensiyaların on dəfədən çox artımına nail oldu. Məcburi köçkünlərin, şəhid ailələrinin problemlərini həll etməklə yanaşı, üç peyki olan kosmik dövlətə çevrildi. Dünya Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsinə nail oldu. Azərbaycan çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə neft-qaz kəmərlərini - "Cənub qaz dəhlizi”ni başa çatdırmaq üzrədir, bundan əlavə, yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaradıldı. Nəqliyyatda açıq dənizə çıxışı olmayan Azərbaycan kimi ölkə beynəlxalq nəqliyyat qovşağına çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün qazanılan uğurların gələcək ideyaların reallaşmasına kökləndiyini bildirdi: "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video