15 Mart 2020 01:28
832
İQTİSADİYYAT
A- A+

ARDNF zəmanət verir


Məlum olduğu kimi, koronavirusun miqyasının getdikcə daha geniş coğrafiyaya yayılması dünyada iqtisadi inkişafla bağlı qeyri-müəyyənliklərin yaranması və bunun nəticəsində enerji məhsullarına olan tələbin azalması və xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə müşahidə edilir.

Belə neqativ proseslərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsiri, ölkənin valyuta təklifinin formalaşmasında ARDNF-nin rolu və digər bu kimi məsələlər ətrafında çoxsaylı suallar yaranır. Fond bu sualları qruplaşdıraraq onlara cavab vermişdir.

Həmin suallardan biri ölkədə valyuta təklifinin formalaşmasında ARDNF-nin rolu barədədir. Bununla bağlı fond bildirir ki, ARDNF-nin əsas gəlirləri ABŞ dolları ilə ifadə edilən xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşır: "Fondun xərc istiqamətlərində əsas yeri isə dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir. Bu öhdəlikləri icra etmək üçün ARDNF tərəfindən Mərkəzi Bankın keçirdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni dollar vəsaitləri manata konvertasiya olunur. Bu isə o deməkdir ki, fond tərəfindən böyük məbləğdə dollar mütəmadi olaraq valyuta bazarına çıxarılır”.

Digər sual ölkədə maliyyə sabitliyinin qorunmasında, habelə xarici təsirlərə qarşı tədbirlərdə ARDNF-nin rolu haqqındadır. Bu sualla əlaqədar fond qeyd edir ki, ARDNF-nin əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı, makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir: "Ötən müddət ərzində ARDNF-də 43 milyard dollardan çox vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxındır. Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı "təhlükəsizlik yastığı”, o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir”.

"Xam neftin qiymətinin aşağı olması halı davam edərsə, bu, ARDNF-nin dövlət büdcəsinə transfert ilə bağlı öhdəliyinin icrasına necə təsir edəcək” sualının cavabına gəldikdə isə fond bildirir ki, dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq həmin öhdəlik yerinə yetirilməlidir: "ARDNF-nin 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard dollar məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur. Cari ilin əvvəlindən bugünə qədər satışa ümumilikdə 1,8 milyard dollar və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün fond tərəfindən 5 milyard dollar məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir”.

Bəs xam neftin qiymətinin aşağı səviyyədə qalmasının davam edəcəyi, yəni ARDNF-nin xərcləri gəlirlərini üstələdiyi halda fond öz yığımı hesabına dövlət büdcəsi qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirə biləcəkmi? Bu sualın cavabında isə qeyd olunur ki, ARDNF-nin vəsaitlərinin xüsusi çəkisində hər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur. Hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-nin büdcə öhdəliklərinə tam əməl edilməsinin ən böyük təminatıdır.

Bu gün dünya maliyyə bazarlarında baş verənlərin ARDNF-də toplanan vəsaitlərin təsirinə gəldikdə isə qeyd olunur ki, ARDNF-nin gələcək nəsillər üçün yığım funksiyası ilə bərabər ölkə iqtisadiyyatının xarici təhdidlərə qarşı mühüm sığorta rolu da var: "Təbii ki, fondun investisiya strategiyası formalaşdırılarkən bu önəmli vəzifələr tarazlaşdırılmış şəkildə nəzərə alınır. Bununla yanaşı, iqtisadi qeyri-müəyyənliklərin birbaşa maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, həmin təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü büruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir. Eyni zamanda iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir. Hazırda ARDNF-nin investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10 faiz paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70 faiz təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırmışdır. Əlavə olaraq fondun vəsaitlərində qızıl aktivi də yer alır ki, bu da qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hazırda bu aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12 faizini təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır. Fondun vəsaitlərinin valyuta səbətinə gəldikdə isə burada əsas yeri, yəni təxminən 95 faizlik hissəni ABŞ dolları, avro, ingilis funt sterlinqi və yapon yeni kimi əsas ehtiyat valyutaları tutur”.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video