14 Mart 2020 01:41
921
Səhiyyə
A- A+

Cenevrədə Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb


Martın 13-də Dünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında "Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (DST) arasında Donor Sazişi” imzalanıb.

AZƏRTAC xəbər verir ki, sözügedən donor sazişi dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan Respublikası hökumətinin DST-yə könüllü maliyyə yardımının ayrılması barədə 2020-ci il 6 mart tarixli qərarına əsasən imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və DST-nin baş direktoru Tedros Adhanom Qebreyesusu tərəfindən imzalanmış donor sazişi Azərbaycan Respublikası hökuməti tərəfindən DST-nin "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı DST-nin baş direktoru Azərbaycan hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımi ehtiyat tədbirlərinin DST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. DST-nin baş direktoru Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, DST adından Azərbaycan hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib. DST-nin baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin DST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.

Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən DST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan hökumətinin müraciəti əsasında DST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.

Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVID-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVID-19 virusu ilə bağlı DST-nin tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Dünya Səhiyyə Təşkilatı Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Azərbaycan Respublikasının DST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki DST-nin Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, DST-nin ölkəmizdə ofisi mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video