13 Mart 2020 01:14
3937
SİYASƏT
A- A+

YENİ PARLAMENTİN YENİLİKLƏRİ


Budəfəki parlament seçkiləri həmişəkindən fərqli oldu - növbədənkənar keçirildi.

Budəfəki seçkilərin özü də fərqli oldu - daha çox namizəd - 1314 nəfər mandat uğrunda mübarizəyə qoşuldu!

Budəfəki namizədlərin mübarizəsi daha kəskin, daha gərgin keçdi - həm fərdi görüşlərdə, həm də sosial şəbəkələrdə!

Budəfəki seçkilərin nəticələrinə MSK-da daha fərqli yanaşıldı - bir dənə də şikayət və narazılıq diqqətdən kənarda qalmadı, hamısı - həm fərdi müraciətlər, həm telefon çəkilişləri, həm də sosial şəbəkələrdəki süjetlər obyektiv araşdırılaraq şəffaf şəkildə hüquqi cəhətdən qiymətləndirildi.

Budəfəki seçkilərdə dörd dairənin nəticələri ləğv olundu - bu o deməkdir ki, seçkilərin qüsursuz keçirilməsində Azərbaycanın özü maraqlıdır.

***

Altıncı çağırış Milli Məclisin ilk iclasına da fərqli şəkildə başlandı - əvvəlcə yeni seçilən deputatlar koronavirus müayinəsindən keçirildilər, sağlamlıqlarına əminlik yarandı.

Parlamentin ilk iclasında dövlət başçısı cənab İlham Əliyev geniş, parlaq, həm də fərqli - indiyədək toxunmadığı məsələləri və problemləri əhatə edən maraqlı bir nitq söylədi!

Yenə sinədəftər, zəruri rəqəmlərlə, faktlarla zəngin, keçmişdə görülən işlərə yekun vuran, gələcək vəzifələri dəqiq müəyyənləşdirən dərin təhlili nitqlə dinləyənləri valeh etdi!

Təqribən bir saat davam edən bu nitqi hamı az qala nəfəs dərmədən, bir sözü buraxmadan diqqətlə dinlədi, dönə-dönə alqışladı!

Kiçik bir yazıda möhtəşəm bir çıxışda toxunulan bütün məsələlərdən bəhs etmək mümkünsüzdür.

Odur ki, diqqəti bəzi vacib məqamlara çəkmək istəyirik.

***

Hər bir xalqın parlamenti fikir mübarizəsi meydanı, siyasi baxışların qarşılaşdığı, döyüşdüyü yer sayılır.

Parlament cəmiyyətdə gedən prosesləri özündə əks etdirir, ölkənin inkişafına, dövlətin tərəqqisinə xidmət edən qanunvericilik bazası yaradır.

Sağlam təməl üzərində qurulan, vətənpərvər, dövlətçiliyə sadiq millət vəkillərindən ibarət parlamentlər öz missiyasının öhdəsindən uğurla gələrək xalqına və dövlətinə dəyərli töhfələr verə bilir.

Adətən cəmiyyətdə gedən proseslər parlamentdə əksini tapır!

Parlamentdəki proseslər də öz növbəsində cəmiyyətə təsirsiz ötüşmür!

Müstəqilliyin ötən qısa dönəmində Azərbaycan Respublikasının Milli Məclisində çox hadisələrin, yaddaqalan xoş, hərdən isə xoşagəlməz halların dəfələrlə şahidi olmuşuq:

* Səhv və yanlış addımlar atılıb...

* İclaslar qarşılıqlı ittihamlar, bəzən bazar ruhunda, üstəlik bir-birlərini təhqirlər şəraitində də keçirilib...

* Əlbəyaxa davalar baş verib...

* Siqaret tüstüsünə bülənərək çayxana söhbətləri aparılıb...

* Deputatlara qarşı zor tətbiq edilib, iclas zalından bayıra buraxılmayıblar...

Yalnız Ulu Öndər Heydər Əliyevin geriyə dönüşündən və qısa müddətdə Milli Məclisə rəhbərliyindən sonra parlamentdə saf ab-hava, işgüzar əhvali-ruhiyyə yaranmasına, xalq və dövlət qarşısında məsuliyyət hissi, parlamentarizm mədəniyyətinin formalaşmasına başlanılmışdır.

Beləliklə, parlament müzakirələri yolu ilə vətəndaş müharibəsinin alovları söndürülüb, taleyüklü qərarların qəbuluna nail olunub, yeni ənənələrin təməli qoyulub.

Ulu Öndərin yaratdığı yeni parlament real həyata yaxınlaşdı, ölkədə baş verən proseslərə adekvat reaksiya verdi, dövlətə və dövlətçiliyə xidmət yolunu tutdu.

Heydər Əliyevin qoyduğu yol, müəyyən etdiyi siyasi istiqamət bu gün də Milli Məclis tərəfindən uğurla davam etdirilir.

Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Prezident İlham Əliyev yeni dövrün yeni vəzifələrinə, onun həyata keçirilməsi üçün vacib olan məqamlara xüsusi diqqət yetirdi!

***

Dövlət başçısı çıxışında əvvəlcə yenicə başa çatmış seçkilərə münasibətini açıqladı, öz qiymətini verdi:

* "Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.

* "Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır”.

* "...Bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir”.

Cənab İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsinə də aydınlıq gətirdi: "Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir”.

Milli Məclisin ilk iclasında təşkilati məsələlərə baxılarkən bütün bu deyilənlərin şahidinə çevrildik.

Daha doğrusu, Milli Məclisdə də ciddi islahatlara start verildiyinə əmin olduq!

***

Ən mühüm yenilik və dəyişiklik Milli Məclisin sədrinin seçilməsindən başladı. Parlament çoxluğu hüququndan istifadə edən Yeni Azərbaycan Partiyası sədrliyə Sahibə xanım Qafarovanın namizədliyini irəli sürdü və təklif hamı tərəfindən dəstəkləndi.

Beləliklə, növbəti dövr ərzində ali qanunverici orqana xanım millət vəkilinin rəhbərlik edəcəyi aydın oldu.

Sahibə Qafarova cəmiyyətdə müsbət imicə, Milli Məclisdə nüfuza, Avropa qurumlarında zəngin iş təcrübəsinə malik ziyalı qadınlardandır. Onun göstərilən etimadı doğruldacağına heç bir sübhə yoxdur!

Milli Məclis sədrinin müavinləri də təzələndi!

Tanınmış hüquqşünas, böyük parlament təcrübəsi olan Əli Hüseynli birinci müavin, Adil Əliyev isə müavin seçildi.

Daha bir neçə sürpriz təyinatlar!

Onun da müəllifi cənab İlham Əliyevdir!

Məhz YAP sədrinin tövsiyəsi ilə VI çağrış Milli Məclis rəhbərliyində və komitə rəhbərliyində digər partiyaların - müxalifət partiyalarının üzvləri ilk dəfə yer tutdular!

Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Asim Mollazadə, Əli Məsimli, Sabir Hacıyev, Sahib Alıyev, Elşən Musayev, Musa Qasımlı, Fazil Mustafa - qeyri-YAP-çılar isə komitə sədrlərinə müavin oldular.

Bir daha xatırladırıq ki, indiyədək Azərbaycan Parlamentində belə hal olmayıb!

Bu dəyişikliklərə cənab İlham Əliyevin verdiyi qiymət isə vəziyyəti lakonik əks etdirir:

"... Həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir”.

Dövlət başçısı belə bir addımın hansı məqsədlə atılmasına da aydınlıq gətirdi: "Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”.

***

Sonuncu Prezident seçkilərindən sonra - 2018-ci ilin aprelində Milli Məclisdəki andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev hərtərəfli və dərin islahatların keçiriləcəyi anonsunu vermişdi.

Ötən dövrdə struktur və iqtisadi islahatlarının, bir sıra kadr dəyişikliklərinin şahidi olduq.

Yeniləşmə Prezident Administrasiyasını əhatə etdi, bu ali qurum yeni tərkibdə formalaşdırıldı, yeni şöbələr yaradıldı.

Yeni tərkibdə təşkil olunan Nazirlər Kabineti daha operativ və çevik fəaliyyətə başladı.

Bu dəyişikliklərin həyatımıza təsirini də gördük:

* Azərbaycanın iqtisadi inkişafı davamlı sürətini qorudu;

* Qeyri-neft sektorunun yüksək sürətlə inkişafı təmin edildi;

* İmzalanan sosial paketlər nəticəsində xalqın sosial rifahı xeyli yüksəldi;

* Dünya birliyində ölkəmizin siyasi nüfuzu və ona olan etimad daha da artdı;

* Azərbaycan beynəlxalq reytinq cədvəllərindəki yerini daha da yaxşılaşdırdı;

* Ən islahatçı ölkələr sırasındakı yerini möhkəmləndirdi.

Şübhəsiz islahatlar və yeniliklər dalğası Milli Məclisdən də yan keçə bilməzdi.

Üstəlik yeni tərkibdə yeniləşən Milli Məclisin başlanmış islahatlara yeni təkan verəcəyi də real gözləntidir.

***

Dövlət başçısı tərəfindən millət vəkillərinə qanun yaradıcılığı funksiyası ilə bağlı iki mühüm xatırlatma oldu:

Birincisi, "Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin”.

İkincisi, "Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Yəqin ki, Milli Məclis bundan sonrakı fəaliyyətində deyilənləri hökmən nəzərə alacaqdır.

***

Son dövrdə cənab İlham Əliyev təmtəraqlı inauqurasiya mərasimlərindən imtina edərək onu Milli Məclisdə keçirilən yığcam andiçmə ilə əvəzləmişdir. Bu və Milli Məclisdə baş tutan digər tədbirlərdə, adətən, dövlət başçısı dünyada gedən proseslər, Azərbaycanın görəcəyi işlər, qarşıda duran vəzifələr və müxtəlif hədəflər barədə dərin təhlili çıxışlarla kifayətlənir. Milli Məclisin və deputatların fəaliyyəti ilə bağlı müəyyən məsələlərə toxunaraq tövsiyələrini söyləsə də, dərinliklərə getmir, iradlarını bildirmirdi.

Bu mənada sonuncu nitqi fərqli oldu. Xüsusən deputatın seçicilərlə görüşləri, davranışı, beynəlxalq qurum və təşkilatlarda aparılan müzakirələrdə iştirakı və sərgilədiyi mövqe barədə ciddi fikirlər səsləndirdi.

Əslində, bunu həm də millət vəkillərinə "Prezident dərsləri” də adlandırmaq olar!

Daha bir mühüm məqam: Cənab İlham Əliyev indiyədək öz nümunəsi ilə bu dərsləri "qiyabi şəkildə” nümayiş etdirmişdi!

***

Biz hamımız mavi ekranlar vasitəsilə Prezident İlham Əliyevin Valday Diskussiya Klubunda, MDB Dövlət başçıları Şurasının Aşqabad görüşündə və Münxen Beynəlxalq Konfransındakı klassik çıxışlarını böyük məhəbbət və heyranlıqla izlədik, düşmən dövlət başçısı Paşinyanın tarixi faktlar və polad məntiqə söykənən arqumentlər qarşısında necə rəzil, axmaq və gülünc duruma düşdüyünü seyr edərək böyük mənəvi zövq də aldıq.

Əslində, dövlət başçısının bu mövqeyi, münaqişə ilə bağlı bilgiləri, habelə qətiyyət və prinsipiallığı beynəlxalq tədbirlərdə iştirak edən hər bir azərbaycanlıdan tələb etməsi başadüşülən, normal və arzuediləndir!

Daha bir incə məqam: Bu tövsiyəni deputatlara verən dövlət başçısı "qızım, sənə deyirəm, gəlinim, sən də eşit” prinsipi ilə mövqeyindən, partiyalılığından, iqtidara necə münasibət bəsləməsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşından gözləməkdə də haqlıdır!

Bəli, Azərbaycan yenicə dövlət müstəqilliyi qazanmış gənc bir ölkədir!

Onun zəngin təbii sərvətləri və həsəd aparılası geosiyasi mövqeyi var!

Eyni zamanda bu gənc dövlət və onun müdrik başçısı müstəqil siyasət yürüdür, heç kimin qarşısında baş əymir, dövlətin və xalqın maraqlarını hər şeydən uca tutur.

Azərbaycanı ram etmək, onu vassal dövlətə, qapazaltıya çevirmək üçün çox cəhdlər göstərilir, çox oyunlar oynanılır, məkrli planlar işə salınır!

Lakin hər dəfə daş qayaya rast gəlir!

Dövlət başçısı İlham Əliyev heç kimdən və heç nədən qorxmadan sözünü üzə deyir, açıq və qətiyyətli mövqe göstərir, bütün təhdidləri zərərsizləşdirir!

Bütün bunları etmək üçün sarsılmaz iradəsi, diplomatik məharəti, analitik təfəkkürü və uzaqgörənliyi, dərin biliyi, müxtəlif dillərdə parlaq nitq söyləmə qabiliyyəti, ən əsası tükənməz vətən sevgisi və əsl vətənpərvərliyi vardır!

Məhz bunların sayəsində indiyədək bizə göstərilən təzyiq və təsir cəhdləri, ikili standartların tətbiqi, hansısa qərarın zorla qəbul etdirilməsi, yaxud nəyisə diqtə niyyəti, sanksiyalarla hədələmək təhdidi puça çıxmışdır!

İlham Əliyev bu məsələlərlə bağlı deputatlar qarşısına qoyduğu vəzifələri geniş şərh etməklə yanaşı, həm də konkretləşdirdi:

* "Bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır”.

* "O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır”.

* "Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram”.

***

Prezident Milli Məclis deputatlarının ölkə daxilindəki fəaliyyətləri ilə bağlı məsləhət və tövsiyyələrini də söylədi. Bunları yığcam şəkildə belə ümumiləşdirmək olar:

* Deputatlar daim seçiciləri ilə sıx təmasda olmalı, dairələrdə fəal iş aparmalıdırlar;

* Mövcud problemləri öyrənib üzə çıxarmalı, bunları yerli və mərkəzi icra orqanlarının diqqətinə çatdırmalıdırlar;

* Hökumət üzvləri ilə daim təmasda olmalı, problemlərin həlli məqsədilə təkliflər hazırlamalıdırlar və s.

Bunlarla bağlı cənab İlham Əliyev gözləntilərini də ortaya qoydu: "Mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki bu yoxdur, heç bir iş getməyəcək”.

***

Bu gün müstəqil Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır.

İqtisadi cəhətdən güclü, Cənubi Qafqazda söz sahibidir!

Dünyada nüfuz qazanıb, səsi və sözü eşidilir!

Reallaşdırdığı transmilli layihələr özünə və onunla əməkdaşlıq edən ölkələrə böyük fayda gətirir, dəstək qazandırır.

Güclü orduya və iradəyə malikdir.

İndiyədək qarşısına qoyduğu bütün məqsədlərə çatıb!

Azərbaycanı bu zirvəyə cənab İlham Əliyev ucaldıb!

Xalq onu böyük məhəbbətlə sevir, inanır, arxalanır!

Bugünkü sabitlik və əmin-amanlıq da onunla bağlıdır!

Dövlət başçısı başladığı islahatları sürətlə sona çatdırmaqda qərarlıdır!

Bu islahatlar doğma Azərbaycanı daha güclü və qüdrətli edəcəkdir!

İşğal altındakı torpaqların azad edilməsi yolunda ciddi addımlar atılacağı da gözlənilir.

Şübhə etmirik ki, xalqın səsi və iradəsi ilə formalaşan yeni Milli Məclis Prezident İlham Əliyevin bu gün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirəcək, dövlətimizin tərəqqisinə dəyərli töhfəsini verəcəkdir!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video