13 Mart 2020 01:03
2912
SİYASƏT
A- A+

Azərbaycan-Türkmənistan əməkdaşlığının müasir mərhələdə perspektivləri müəyyən edildi


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri çərçivəsində 20-yə yaxın sənəd imzalandı. Enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Türkmənistanın dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşləri oldu. Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Bir sözlə, bu səfər Azərbaycan-Türkmənistan strateji əməkdaşlığını bir daha təsdiqləyərək onun inkişafına yeni təkan verdi. Hər iki prezident sənədlərin imzalanmasından sonra bəyanatla çıxış etdilər.

İmzalanan sənədlər iki qonşu ölkənin iqtisadiyyatının və mədəniyyətinin müxtəlif sahələrini əhatə etdi. Məsələn, respublikamızın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın "Türkmənhavayolları” Agentliyi arasında protokol imzalandı. Digər bir sənəd isə Azərbaycanın adıçəkilən nazirliyi ilə "Türkmen Aragatnaşyk” Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumudur.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanan Protokol Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlığa geniş yol açır. Türkmənistanın həmin nazirliyi ilə respublikamızın İqtisadiyyat Nazirliyi arasında isə torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyinin imza atdıqları Anlaşma Memorandumu dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dairdir. Daha bir sənəd respublikamızın İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında imzalanan Anlaşma Memorandumudur. Eləcə də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Daha bir sənədlə 2008-ci il mayın 19-da Azərbaycan və Türkmənistan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklər edildi.

Bunlar imzalanan sənədlərin yalnız bir qismidir. Digər ikitərəfli sənədlərin imzalanması mühafizə-hüquq bazasının genişlənməsinə xidmət edən mühüm addımlar kimi dəyərlidir. Azərbaycan və Türkmənistan xalqları ortaq etnik kökə, mədəniyyətə və ənənələrə malik olduqlarından ədəbiyyat, kinematoqrafiya, radio və televiziya verilişləri, kitabxana və s. sahələr üzrə imzalanmış sənədlər də böyük önəm daşıyır.

Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təsisatlarla sıx əməkdaşlıq edirlər. Bu iki ölkə daim bir-birinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanla Türkmənistanın bir-birinə dəstəyi özünü həm ikitərəfli, həm də çoxtərəfli formatda göstərir. Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Keçən il dövlət başçıları həm Bakıda, həm də Aşqabadda görüşmüşlər. Prezident İlham Əliyevin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən çox ikitərəfli sənəd imzalanmışdı. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə budəfəki səfəri zamanı daha 20-yə yaxın sənədin imzalanması əməkdaşlığın strateji inkişafına sadiqliyi təsdiq edir. İki səfər zamanı imzalanan sənədlər indiyədək Azərbaycan və Türkmənistan arasında imzalanmış sənədlərin təxminən yarısı qədərdir. Bu da son illərdə ölkələrimizin müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından böyük yol keçdiyini göstərir. Bu dəfə imzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatı xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Azərbaycana səfəri zamanı imzalanan sənədləri, keçirilən görüşləri və aparılan söhbətləri yüksək dəyərləndirərək demişdir: "Adətimiz üzrə biz dövlətlər arasında dialoqun davam etdirilməsi kontekstində çox məsələləri nəzərdən keçirdik, yəni bizim indiki vəziyyətimizi və perspektivləri müəyyən etdik. Biz müasir mərhələdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələləri də nəzərdən keçirdik. Siyasət məsələlərinə gəldikdə, vurğulamaq istərdim ki, Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Bunu bir daha vurğulayıram. Yəni bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, - mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, - sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq”.

Prezidentlər ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını ifadə ediblər.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video