13 Mart 2020 00:36
602
SİYASƏT
A- A+

Azərbaycanın Rus İcması Rusiyanın baş prokuroruna müraciət edib


Azərbaycanın Rus İcması "Tsarqrad” telekanalının saytında dərc edilmiş təhrikçi xarakterli məqalə ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli İqor Viktoroviç! Azərbaycanın rus icması "Tsarqrad” telekanalının saytında dərc edilmiş "Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır!” sərlövhəli məqalənin müəllifi Vladimir Xomyakovun Azərbaycan və rus xalqları arasında etnoslararası münaqişəyə təhrik etmək, düşmənçilik və nifrət hissi oyatmaq cəhdlərini qətiyyətlə pisləyir. Məqalə etnoslararası münaqişəni qızışdırmağa təhrik etməklə bərabər, tarixi tamamilə təhrif edir, faktları və hadisələri saxtalaşdırır. Hər şeydən əlavə, bu məqalə fevralın 26-da, Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümü günündə dərc edilib. 1992-ci ilin həmin günündə erməni silahlıları bir gecədə Xocalının 613 günahsız sakinini - qocaları, qadınları və uşaqları qəddarlıqla qətlə yetiriblər.

Mən rusam. Həmin dövrdə Bakı şəhərinin Nizami rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdım və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr mənə çoxlarından daha artıq tanışdır. Mənim maşınım dəfələrlə, özü də "silahlılar” tərəfindən deyil, sovet ordusunun hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdu.

Məqalənin müəllifi Xomyakovun yazdıqları yalan, böhtan, faktların təhrif edilməsidir.

Xomyakov Bakının adi vətəndaşlarını "silahlılar” adlandırır, lakin içərisində insanlar olan maşınları tanklarla əzən, şəhərin adi vətəndaşlarını güllələyən həmin "silahlılar” deyil, sovet döyüşçüləri idi.

Həmin döyüşçülər tərəfindən qətlə yetirilənlər arasında ruslar, yəhudilər, digər millətlərə mənsub şəxslər də vardı. Təcili yardım maşınının həkimi həlak olub, uşaqlar həlak olub, gənc ər-arvad Allahverdiyevlər, Vera Bessantina, Boris Yefimçev, Vladimir Tokayev, Valeri Boqdanov, Vladimir Semyonov, Aleksandr Marxevka, Oleq Yusupov, Yan Meyeroviç, Andrey Nişşenko və başqaları atəşə tutularaq həlak olublar.

Vladimir Xomyakov bu adamları da "silahlılar” sayır? Həmin günlərdə bütün Azərbaycan xalqı - azərbaycanlılar, ruslar, yəhudilər, ukraynalılar və digərləri ümid edirdilər ki, SSRİ-nin rəhbəri ədalətli qərar qəbul edəcək, Ermənistanda yaşayan, heç bir təqsiri olmayan azərbaycanlıları qətlə yetirmiş, 300 mindən çox azərbaycanlını Ermənistandan qovmuş erməni millətçilərin azğın hərəkələrinə son qoyacaq.

Məhz erməni millətçilərinin bu cür hərəkətləri Bakı və Sumqayıt şəhərlərinin hiddətlənmiş sakinlərini provokasiyaya sövq edir, Ermənistandan üzgün halda qaçmış azərbaycanlıların üz tutduğu Bakıda çoxsaylı mitinqlər keçirilirdi.

Məqalənin müəllifi Xomyakov XVII-XVIII əsrlərdə Azərbaycan dövlətinin, yoxsa ayrı-ayrı xanlıqların mövcud olması barədə də nahaq mühakimə yürüdür. Vaxtilə Rusiyada da knyazlıqlar mövcud idi, onlar öz aralarında vuruşurdular.

Mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, Xomyakov həmin günlərdə guya rusların döyülməsi, öldürülməsi, küçələrdə əllərində "Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır!” sözləri yazılmış plakatlar olan izdiham barədə dedikləri doğru deyil (bunu yalan adlandırmaq istəmirəm).

Həmin günlərdə mən Xalq Cəbhəsinin liderləri ilə dəfələrlə görüşmüşəm və onlar həqiqətən məndən xahiş ediblər ki, rus əhali ilə görüşlər keçirilməsinə kömək edim. Belə görüşlər keçirildi. Rusların nəinki öldürülməsi, hətta döyülməsi ilə bağlı heç bir fakt olmayıb.

1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev ölkədə özbaşınalığı və hərc-mərcliyi dayandırdı, Milad bayramı günlərində (1994-cü il yanvarın 10-da) rus əhali qarşısında çıxış etdi və onlarda özlərinin və uşaqlarının Azərbaycan Respublikasında gələcəyinə inam hissi yaratdı.

Azərbaycan həmişə çoxmillətli ölkə olub, ölkə ərazisində yaşayan bütün millətlərin, bütün xalqların hüquqlarına və ləyaqətinə hörmətə zəmanət vermək bacarığı ilə məşhur olub.

Multikulturalizm, həmrəylik, çoxkonfessiyalılıq - bu sözlər çoxdan Azərbaycanın sərvətinə çevrilib. Etnik müxtəliflikli ölkədə müxtəlif etnik qrupların dinc yanaşı yaşaması üçün hər cür şərait yaradılır, hər kəsin hüquqlarının müdafiəsi təmin edilir.

Azərbaycanın rus diasporu müasir Rusiyanın hüdudlarından kənarda rusların ən iri diasporlarından biridir. Bu gün Azərbaycanda 120 mindən çox etnik rus vətəndaş yaşayır. Onlar həmişə özlərini Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları hesab ediblər. Üstəlik, qonşu Ermənistanla çoxdan davam edən münaqişəyə baxmayaraq, bu gün Azərbaycanda on mindən çox erməni yaşayır.

Ruslar özlərinə səmimi və xoş münasibəti görəndən sonra azərbaycanlılarla çiyin-çiyinə erməni işğalçılara qarşı birləşib və Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməyə başlayanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşublar. 90-cı illərin əvvəlində Qarabağ müharibəsi dövründə onların çoxu həlak olub. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov, İqor Makeyev və Azərbaycanın çoxsaylı digər etnik rus vətəndaşları Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşub, orden və medallarla təltif ediliblər.

Biz, Azərbaycanda yaşayan ruslar məqalə müəllifinin yazdığı kimi özümüzü "repressiyaya məruz qalmış xalq” hesab etmirik və xüsusən Vladimir Xomyakov kimilərin bizi müdafiə etməsinə ehtiyacımız yoxdur.

Biz öz doğma rus dilimizdə sərbəst danışırıq, uşaqlarımız rus məktəblərinə gedir, ali məktəblərdə rus dilində oxuyurlar. Rus dilində kitablar, jurnallar və qəzetlər oxuyur, telekanallara baxırıq.

Bu gün Vladimir Xomyakovun məqaləsini oxuyanda görürük ki, bu, tarixin qəsdən təhrif edilməsi, dezinformasiya və ilk növbədə, hər iki xalqa təhqirdir. "Tsarqrad” telekanalının saytında yerləşdirilmiş məqalə həqiqəti əks etdirmir. Jurnalist öz fikirlərini obyektiv şərh etməli, bu zaman mötəbər mənbələr istinad etməlidir. İndiki halda aşkar görünür ki, V.Xomyakovun məqaləsi sifarişlə yazılıb, bilərəkdən etnoslararası münaqişənin qızışdırılmasına yönəlib və buna görə cinayət məsuliyyəti doğurur.

Azərbaycanın Rus İcması sizdən dönə-dönə xahiş edir, bu provokasiyaya ciddi diqqət yetirəsiniz, Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” 27 iyul 2006-cı il tarixli Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması baxımından müvafiq yoxlama aparasınız və məqalə müəllifi Vladimir Xomyakovu məsuliyyətə cəlb edəsiniz.

Azərbaycanın rus icmasının üzvləri adından,

Mixail ZABELİN,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Rus İcmasının sədri”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video