12 Mart 2020 00:14
1016
İQTİSADİYYAT
A- A+

“Qara qızıl”ın qara günü


Azərbaycanın bu mərhələni də itkisiz keçirmək üçün yetərincə iqtisadi imkanları var


Növbəti dəfə təsdiqləndi ki, adına şəstlə "qara qızıl” deyilən neftə, daha doğrusu, onun qiymətinə arxayın olub yola çıxmaq təhlükəlidir. Yəqin elə bu səbəbdəndir ki, çoxları nefti ona sahib olan ölkələrin, xalqların xoşbəxtliyi kimi qəbul etmirlər.

Ətrafımızda baş verən qan-qadalı qarşıdurmaların coğrafiyasına baxın - hamısı "qara qızıl” əraziləridir. Azərbaycan kimi bir-iki ölkəni həmin əraziyə daxil edə bilməyiblərsə, bu, yalnız dövlət başçıları səviyyəsində həyata keçirilən praqmatik siyasətin sayəsində mümkün olub.

Amma nefti təkcə yanacaq növü kimi yox, yandırmaq vasitəsi kimi görənlər də dinc durmurlar. Onlar üçün neftin qiyməti kimi "tezalışan” təsir vasitəsi yoxdur. O üzdən istədikləri vaxt ucuzlaşdırıb, istədikləri vaxt bahalaşdırırlar.

İndi gəl, baş çıxar bu qiymət qiyamətindən, görüm necə çıxarırsan?! Ümumiyyətlə, neftin qiyməti elə bir oyundur ki, onun proqnozunu dünyanın heç tanınmış mütəxəssisləri verə bilmirlər. Qınanılası da deyillər. Çünki uzaq-yaxın keçmişdə neftin ətrafında baş verənlər göstərir ki, onun qiymətinin formalaşmasına iqtisadi səbəblərdən çox, siyasi ambisiyalar təsir edir. Üstəlik, fors-majorlar. 2-3 ay öncə kim proqnoz verə bilərdi ki, Çində "korona” adlı virus tapılacaq və o, dünyanın təkcə əhalisini deyil, iqtisadiyyatını da qatacaq qabağına.

Neftin qiyməti isə "keşikçi” kimi daim ayıq-sayıqdır, ətrafda beş verənlərə, yaxud törədilənlərə anındaca cavab verir. Bu dəfə də belə oldu. Martın 6-da OPEC+un Vyanada keçirilən uğursuz toplantısından 2 gün sonra - martın 9-da "qara qızıl” qara günə qaldı - "Brent” markalı neft 27 faiz ucuzlaşaraq bareli təxminən 31, WTI isə 30 dollara endi. Paralel olaraq beynəlxalq valyuta birjalarında dolların və avronun kursları qalxdı. Bu isə öz növbəsində Asiya indekslərinə təsir etdi. Honkonqun Hang Seng fond birjasının indeksi 4,07, Tokionun Nikkei 225 birjasının indeksi 5,77, Şanxayın fond birjasında SSEC indeksi isə 2,11 faiz düşdü. Avropa birjaları da martın 9-da fəaliyyətlərinə enmələrlə başladı. Bu enmələr Londonun FTSE 100 indeksində 8,54, Almaniyanın DAX indeksində 8,09, Fransanın CAC 40 indeksində 6,31 faiz oldu.

Amerikanın Dow Jones və NASDAQ indeksləri də hadisələrdən itkisiz çıxmadılar. Qonşu Rusiyanınsa "Qazprom”, "Rosneft”, "Novateka” və s. kimi iri şirkətlərinin London fond birjalarındakı qiymətli kağızları xeyli ucuzlaşdı.

Bu siyahını uzatmaq da olar. Amma yəqin sadaladığımız faktlar da kifayət edər ki, neftin qiymətinin dünya iqtisadiyyatı üçün nə demək olduğu dərk edilsin. Dərk edilsin ki, ona əl qoyanlar odla oynayırlar, o odla ki, onda özlərinin də yanmayacaqlarına zəmanət yoxdur. Elə budəfəki kimi.

Deməli, OPEC+un neftin kəskin ucuzlaşmasına səbəb olan 6 mart toplantısında tərəflər nəinki gündəlik neft hasilatını daha 1,5 milyon barel azaltmaq, hətta əvvəlki məhdudiyyəti uzatmaq barədə razılığa gələ bilmədilər. Bu azmış kimi, OPEC-də əsas oyunçu sayılan Səudiyyə Ərəbistanı özünün Avropa, Asiya və Amerikadan olan müştərilərinə son 20 ilin ən böyük güzəştini (bir barel üçün 6-8 dollar) təklif etdi. Rusiya isə neft hasilatının həcmini müəyyən etməyi şirkətlərinin ixtiyarına buraxacağını bildirdi. Hasilatın azaldılması ilə razılaşmadığını isə onunla əsaslandırdı ki, belə halda ABŞ yüngül neft hasilatını artıraraq həmin boşluğu doldurur, yəni məqsədə çatmağa imkan vermir.

Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı və Rusiya dünyanın ən iri neft hasilatçıları və ixracatçılarıdır, onda martın 9-da "qara qızıl”ın başına gələn "qara oyun”un səbəbi aydın olur. Həm də o aydın olur ki, bu iki ölkənin özü qəbul etdikləri qərarlardan digərlərindən az ziyan görmədilər. Qonşumuzun aparıcı şirkətlərinin qiymətli kağızlarının qiymətsizləşməsi və rublun kursunun xeyli aşağı düşməsi fonunda Səudiyyə Ərəbistanının Saudi Aramco neft kampaniyasının səhmləri də 9 faizdən çox ucuzlaşaraq 30 riala (8 dollara) endi.

Düzdür, elə martın 9-u günortadan başlayaraq neftin qiyməti bir qədər bahalaşaraq markasından asılı olaraq təxminən 33-37 dollar civarında sabitləşmişdir. Cavab olaraq birjalarda da vəziyyət düzəlməyə doğru gedir. Lakin iki nəhəng neft ölkəsinin aralarında razılığa gələ bilməmələri öz işini görmüşdür - dünya iqtisadiyyatında onsuz da koronavirus səbəbindən başlayan tənəzzül sürətlənmişdir. İndi qalır bütün bunlardan çıxış yolu tapmaq.

Bu baxımdan neft-qaz ölkəsi sayılan Azərbaycanda vəziyyət daha yaxşıdır. Vaxtında görülən tədbirlər hesabına kifayət qədər (52 milyard dollardan çox) valyuta ehtiyatımızın olması və digər iqtisadi imkanlarımız bizim bu kimi gözlənilməz hadisələrdən sığortalanmağımızı təmin edir.

Martın 10-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyatına təsirinə dair məsələlərin müzakirəsi ilə bağlı keçirilən müşavirədə də bu, bir daha vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Qeyd olunmuşdur ki, bu çərçivədə neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanmış və həmin ssenarilərə uyğun zərurət yaranacağı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək. Müşavirədə bir fikir də səslənmişdir ki, dünyada baş verən neqativ meyillər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir, ölkəmizin maliyyə imkanları genişlənir. Bu gün iqtisadiyyatımız 2014-cü ildən başlanan qlobal maliyyə iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də yüksək inkişaf dinamikası davam edir. Təkcə bu ilin yanvar-fevral aylarında ÜDM istehsalı ümumilikdə ölkə üzrə 2,8, o cümlədən qeyri-neft sektorunda 6,7 faiz artmışdır. Vurğulanmışdır ki, neft bazarında, qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı Azərbaycan iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və "təhlükəsizlik yastığı” mövcuddur. Ötən ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100 faizini ötmüş, xarici dövlət borcumuzu 6 dəfə üstələmişdir. Bir sözlə, müşavirədən çıxan nəticə bu olmuşdur ki, ölkəmizin valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar mövcuddur.

Bütün bunlara baxmayaraq, bu gün ölkə əhalisi arasında bir devalvasiya qorxusu yaşanır və o üzdən valyutadəyişmə məntəqələrinin qarşısında növbələr yaranır. Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev növbələr barədə bunları demişdir: "Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanun çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, bankların qarşısında duran vəzifədir və onlar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş edilir ki, hər hansı təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkət etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirmələri üçün şərait yaratsınlar”.

Həqiqətən, əhali olaraq biz belə gərgin zamanda evimizdə və cibimizdə olan manatı dollara çevirmək üçün bankların qarşısında növbəyə dayanmaq əvəzinə, gərək təmkin, anlam nümayiş etdirək, iqtisadiyyatımıza güvənimizi itirməyək. Bir daha iqtisadçı təhlilçilərin adından təkrar edirik: Azərbaycanda bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Qaldı bəzi məlum milli valyutaların ucuzlaşmasına, mütəxəssislər deyirlər ki, müxtəlif ölkələrdə iqtisadi vəziyyət eyni olmur və hərə öz imkanı çərçivəsində qərar verir. Azərbaycanınsa imkanı bu sınaqdan da itkisiz çıxmağa kifayət edir.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video