11 Mart 2020 13:13
2128
Səfərlər
A- A+

Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var

 
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident, əziz Qurbanqulu Məlikquliyeviç.

Sizi yenidən Azərbaycan torpağında görməyə çox şadam. Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq.

Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Təşəkkür edirəm, İlham Heydər oğlu. İcazə verin, dəvətə və nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirim.

Biz Sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq. Əlbəttə, biz bu rəsmi səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video