10 Mart 2020 23:28
952
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Böyük Qələbənin 75 illiyinə hazırlaşır

 
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq təşkilatlarla çoxillik birgə iş təcrübəsinə güvənərək Qələbənin 75 illiyi münasibətilə mühüm tədbirlər keçirir.

Qələbənin yubiley ilində Belarusun paytaxtında Böyük Vətən müharibəsi illərində Belarusun alman faşistlərindən azad olunmasında iştirak etmiş 7 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının şərəfinə "Qəhrəmanlar parkı” açılması nəzərdə tutulur. Veteranlar Təşkilatı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən həmin ölkələrdə fəaliyyət göstərən veteran təşkilatları, ixtisaslaşdırılmış qeyri-hökumət təşkilatları və müəssisələr tərəfindən "Azərbaycan Böyük Vətən müharibəsi illərində” mövzusunda beynəlxalq konfranslar və tədbirlər keçirilməsinə kömək edəcək. Bu mövzuda xarici KİV-lərdə məqalələr dərc edilməsi də nəzərdə tutulur.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a bildirib ki, Qələbənin yubileyi münasibətilə Azərbaycan və rus dillərində kitablar buraxılacaq. Bu nəşrlərdə Azərbaycan milli diviziyalarının keçdiyi döyüş yolu, Şərqi və Qərbi Avropa ölkələrində azadlıq uğrunda döyüşlərdə şərəflə iştirak etmiş azərbaycanlı döyüşçülərin şücaətləri əks etdiriləcək. Azərbaycan Veteranlar Təşkilatının Moskvada keçiriləcək iki tədbirdə - MDB ölkələrinin hərbi muzey-sərgisində və foto-kitab sərgisində iştirakına gərgin hazırlıq gedir.

Azərbaycan paytaxtında "Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın iştirakı” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Antifaşist koalisiyanın üzvü olan dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək bu tədbir Veteranlar Təşkilatına Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq əsasında dinc yolla bərpa edilməsinin zəruriliyi məsələsinə növbəti dəfə diqqəti cəlb etmək imkanı verəcək.

Polkovnik Cəlil Xəlilov deyir:

-1941-1945-ci illər müharibəsində iştirak etmiş əsgərlər sülhün nə demək olduğunu yaxşı bilirlər. Onlar müasir dünyada faşizmin dirçəldilməsi cəhdlərinin qarşısını almaq üçün yorulmadan sülhyaratma fəaliyyəti göstərir, ədalətin təntənəsinə kömək edirlər.

Böyük Qələbənin yubileyi ərəfəsində Qələbənin 75 illiyinə həsr edilmiş təntənəli iclas keçirilməsi planlaşdırılır. Həmin iclasda müharibə veteranları, arxa cəbhə əməkçiləri, MDB ölkələrindən olan veteranlar, həmçinin 1997-ci il noyabrın 11-dən Azərbaycan Veteranlar Təşkilatının da üzv olduğu Ümumdünya Veteranlar Federasiyasının nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Respublikası veteranları 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər və əlbəttə, qürur duyacaqlar ki, Azərbaycan Ordusunun 75 hərbi qulluqçusunun daxil olduğu bayraqdarlar və parad dəstəsi mayın 9-da Qızıl Meydanda addımlayacaqlar. Bu, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, faşizmə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsini müqəddəs sayan hər kəs üçün unudulmaz, əlamətdar gün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video