08 Mart 2020 13:50
1192
CƏMİYYƏT
A- A+

Qadın yaradan, yaşadan və qoruyandır

 

Qadın ilahi qüvvə, müqəddəs varlıqdır, alilik, ülvilik timsalıdır. Qadın yaradan, yaşadan və qoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. Ana Vətən, vətən isə Ana deməkdir.

AZƏRTAC Azərbaycan qadınının ailədə və cəmiyyətdə rolu, ölkəmizdə qadına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən araşdırma yazını təqdim edir.

Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar. Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.

Hələ ibtidai icma quruluşu dövründə zərif cinsin nümayəndələri cəmiyyətin aparıcı qüvvəsi, qəbilə başçısı, ailənin ən nüfuzlu və hörmətli üzvü olub. Bu müqəddəs varlıq xeyirxahlıq və ədalət rəmzi kimi qəbul edilib. Eramızdan əvvəl VI əsrdə Şimali Azərbaycanın ərazisində yaşayan massagetlərin hökmdarı, el anası, tədbirli və təmkinli sərkərdə Tomrisin igidliyindən bəhs edən rəvayətlər indi də dillər əzbəridir. Tomris ananın qəhrəmanlığı yunan filosofu Herodotun "Tarix” əsərində də öz əksini tapıb. Digər tarixi qəhrəmanımız Möminə xatunun uzaqgörənliyi, dərin düşüncəsi, əzmkarlığı, iradə yenilməzliyi sayəsində Şərqin böyük Atabəylər dövləti yaranıb. Eldəgizlər dövlətinin inkişafında xüsusi xidmət göstərən Möminə xatun zəmanəsinin tədbirli və ədalətli anası, soyuqqanlı diplomatı, nüfuzlu şəxsiyyəti kimi tanınıb. XV əsrin ikinci yarısında dahi şəxsiyyət kimi yetişmiş Uzun Həsənin arxasında anası Sara xatun dururdu. Sara xatun Şərq və Avropa ölkələrində məşhur diplomat və görkəmli dövlət xadimi kimi tanınırdı.

Bərdə hökmdarı Nüşabə xanım, XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi, görkəmli şairə, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan və digərlərinin adları xalqın yaddaşında əbədilik qalacaq. Bu siyahını Səfəvilər dövlətinin çiçəklənməsində xüsusi xidməti olan I Şah İsmayılın könül həmdəmi Taclı xanım, XVII əsrin əvvəllərində Azərbaycan xalqının mərdlik simvolu sayılan qoç Koroğlunun ömür-gün yoldaşı, ismət qalası Nigar xanım, Gəncə xanı Cavad xanın anası Şərəf Cahan Bəyim xanım, Qarabağ müharibəsində düşmən gülləsinə tuş gələn jurnalist bacımız Salatın, 20 Yanvar hadisələrində ölümü ömür-gün yoldaşından ayrı yaşamaqdan üstün tutan Fərizə ilə artırmaq mümkündür.

Kişilərin yarısı olan qadınlar zərifdirlər, amma "zəif” deyillər

Qadınları, adətən, kişilərin "zəif yarısı” adlandırırlar. Doğrudur, bu fikrin nə dərəcədə həqiqətə uyğun olması mübahisəlidir. Amma müasir dövrdə bu deyim artıq öz əhəmiyyətini itirib. Onlar zərifdirlər, amma zəif deyillər. İctimai həyatda fəal mövqe tutan qadınlar bu gün iqtisadi, siyasi, sosial və mədəni sahədə aparıcı rol oynayırlar. Faktlar göstərir ki, əslində, zərif və zəif məxluq adlandırılan qadınlar heç də kişilərdən zəif deyillər. Gül-çiçək ətirli, mehriban, gülərüz qadın və qızlarımız bütün sahələrdə kişilərlə bərabər səviyyədə fəaliyyət göstərməyə qadirdirlər. Təsadüfi deyil ki, Azərbaycan parlamentində xalqın elçisi timsalında çıxış edən qadınlarımızın sayı gündən-günə artır. Bu il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi qeydə alınanların 79 faizini kişilər, 21 faizini isə qadınlar təşkil edib. Seçkilərdə qalib gələn 121 deputatdan 19-u məhz zərif cinsin nümayəndələridir.

Azərbaycan qadınına ən yüksək qiyməti ulu öndər verib

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz ümummilli liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınların sayının artmasına gətirib çıxardı. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə cəmiyyətdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan 1995-ci ildən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib.

Milli-mənəvi dəyərlərə yüksək qiymət verilir

Azərbaycan qadınları Avropa Şurasında, dünyanın möhtəşəm Olimpiya oyunlarında respublikamızın şərəfini uca tutur, onun şöhrətini yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli və qədim bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunması ideyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ideyanın davamçısı olan və ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondunun gərgin səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Artıq Azərbaycanda hər il martın 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə əks etdirməklə yeni ilin gəlişindən xəbər verir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən Fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək rolunu oynayır. Paytaxtımızda müasir tipli göz oxşayan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımının ölkənin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində bu gün qədim tarixə malik muğam və aşıq sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Savadlı qadın savadlı gələcək deməkdir

Hər zaman elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olmaları məsələsinə müsbət münasibət göstərib. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti, nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar. Ən əsası Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb. Cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qadının aciz, hüquqsuz olması, millətin yarısının xəstə olması anlamına gəlir. Bu səbəbdəndir ki, istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolu çox böyük olub.

Ailədə uşaqların tərbiyəsi məsələsində yükün çoxu qadının-ananın üzərinə düşür. Ana dünyagörüşlü, savadlı olanda, təbii olaraq, uşaq da gələcəkdə savadlı olur. Ana öz övladını həyat yolunda düzgün addımlamaq üçün doğru yol göstərir. Maarifpərvər insan, mesenat Hacı Zeynalabdin Tağıyev deyirdi: "Bir kişi təhsil alırsa, bu, yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Müsəlman Şərqində ilk qızlar məktəbinin açılması də məhz bu insanın adı ilə bağlıdır.

Qadınlar ölkənin ictimai və sosial həyatında fəal iştirak edirlər

Azərbaycanda qadına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, zərif cinsin nümayəndələri bu gün kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan qadınını cəmiyyət həyatında rolunun daha da artdığını göstərir.

Statistikaya görə, Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. 2018-ci ilin statistik nəticələrinə əsasən, ölkəmizdə elmi işçilərin 56 faizini, ümumi və orta ixtisas təhsil müəssisələri müəllimlərinin 78 faizini, ali məktəb müəllimlərinin 51,9 faizini, həkimlərin isə 66,4 faizini qadınlar təşkil edir. AMEA-da tədqiqatla məşğul olan qadınların sayı 1033 nəfərdir ki, onların arasında alimlər, fəlsəfə doktorları az deyil. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də zərif cinsin nümayəndəsi olması ölkəmizdə qadın hüquqlarının qorunmasından, onlara dövlət səviyyəsində göstərilən izzət və ehtiramdan xəbər verir.

Azərbaycan qadınının fədakarlığını, nüfuzunu və gücünü məşhur ekran əsərlərindən olan "Dədə Qorqud”, "Nəsimi”, "Görüş”, "Əhməd haradadır?”, "Qaçaq Nəbi” və s. filmlərdə görmək mümkündür.

Daha yaxşı cəmiyyət üçün qadınların еlmi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarından yararlanmağa dəyər. Dahi Hüseyn Cavidin dediyi kimi:

"Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Əziz xanımlar bayramınız mübarək!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video