08 Mart 2020 01:21
2132
SİYASƏT
A- A+

Qadınsız həyat yoxdur


...Müqəddəs varlıqlardan biri - zərif, incə epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradının ən gözəl əsərlərindən sayılıb.

Ana və Vətən!

Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Bəlkə elə buna görə Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır?! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

Ana ailəyə istilik, ruzi gətirəndir, evin dayağıdır. Ana yurddaşdır - yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdır: baş tacıdır, namusdur, qeyrətdir. Ana həm də el-obada ağbirçək - yolgöstərəndir...

8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadınlar bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir.

Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, həm də səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən ağbirçək bir obrazı xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!

Analarımız itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla harayladılar:

Yağı, nələr eylədin?

Karvanımı əylədin.

Bir balamı apardın,

Bəs o birini neylədin?!

Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif insanlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.

Qadınlar taleyüklü məsələlərin həllinə qərar vermək səlahiyyəti əldə etməklə belə bu günün lideri rolunu oynayırlar. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.

Qadınlarımız hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.

Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zərif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var - ana! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur - gözlərinin nurunu, saçlarının qaralığını, gecələrin bal yuxusunu balasından əsirgəmir. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir...

Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar.

1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh” şüarı ilə küçələrə çıxmış, 4 gün sonra II Nikolay taxtdan yıxılmışdır. Müvəqqəti hökumət 8 Martda qadınlara seçmək hüququnu zəmanət etmişdir.

Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. 1965-ci ildən isə 8 Mart qeyri-iş günü hesab olunub. Zaman keçdikcə bu gün öz siyasi mahiyyətini tədricən itirməyə başladı. 1977-ci ildə BMT 8 Martı "Beynəlxalq Qadınlar Günü” kimi elan etdi və bununla da "mübarizə” sözü bayramın adından götürüldü və sevgi, diqqət bayramı kimi tarixə düşdü.

...Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən adilikdən ali kürsülərədək ucalan bir vətəndaş, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyiricidir, toxucudur... Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, şairdir, bəstəkardır, səhnə xadimidir, rəssamdır...

Kim deyil ki, analar?! Sənət dünyasının sevilənlərinin sırasında, önündə gedənlərdir! O, alimdir, diplomatdır - Sara xatun kimi! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə Milli qəhrəmanlarımızın anasıdır!..

Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, dözülməz dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını - Vətənin başı sağ olsun, - deyib çəkdiklərinə görə analar əbədilik qazanıblar! Analar böyükdürlər, ölməzdirlər!!!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video