08 Mart 2020 00:48
1279
Mədəniyyət
A- A+

Yel çərşənbəsi


Qışın dövranı bitməkdədir, qar əriyir, suyun buzu sınır, torpağın donu açılır, hərarət yüksəlir. Əsən külək, yağan yağış torpağa can verir. Belə bir vaxtda Boz ayın dörd çərşənbəsindən üçüncüsü - Yel çərşənbəsi qeyd olunur. Bu çərşənbəyə xalq arasında "Külək oyadan”, "Yelli çərşənbə”, "Küləkli çərşənbə” də deyilir.

Əski etiqadlarda Yel Tanrı, yaxud dünyanı idarə edən tərəfindən göndərilən bir qüvvə hesab edilib. O, insanların dadına yetir, köməyinə çatır, onları əzizləyir, qəzəblənəndə isə cəzalandırır.

Tədqiqatçıların fikirlərinə görə, müqəddəs kitablarda da Yel fövqəladə varlıq hesab edilir. "İncil”də və "Zəbur”da Yel allahı vəsf olunur. "Tövrat”da isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir. Yelin Yaradan tərəfindən göndərildiyi "Qurani-Kərim”də bildirilir.

Mərhum folklorşünas alim Azad Nəbiyev araşdırmalarında zərdüştilərin də küləyi müqəddəs saydıqlarını, onu Tanrı hesab etdiklərini qeyd edib. "Avesta”da deyilir: "Yelin gücü qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”. Tədqiqatçı Məmməd Adilov isə Yelin "baba”, "allah” hesab edilməsi tarixini qədim yunanlarla bağlayıb. Belə ki, yunan mifologiyasında tənha bir adada yaşayan Eol bütün küləklərin mənşəyi hesab edilir. O, dörd oğlunu mağarada saxlayır. Oğlanlarını növbə ilə dünyanı dolaşmağa göndərir. Bu səbəbdən Yer üzündə dörd cür külək əsir. Yunanların başqa bir mifik düşüncəsində isə Yel külək tanrısı sayılır.

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözlər eşitməlidir. Buna görə də Yel çərşənbəsində yalnız ürəkaçan sözlər söylənilməlidir.

Azərbaycan ədəbiyyatı Yel tanrısı ilə bağlı əfsanə, rəvayət, nəğmə, mif, inanc, məsəl və digər folklor nümunələri ilə zəngindir. Ümumiyyətlə, ulularımız yalnız Novruz şənliklərində deyil, ilin fərqli dövrlərində də Su, Od, Yel və Torpaq tanrısına ehtiyac duyduqları vaxtlarda mərasim və ayinlər təşkil ediblər. Elə insanların illik ruzilərini topladıqları taxıl döyülən zaman keçirdikləri Yel baba mərasiminin də tədqiqatçılar Novruz şənlikləri ilə bağlı olduğu qənaətindədirlər. Bildirilir ki, bu mərasim Yel çərşənbəsindəki Yel tanrısına etiqadla əlaqədardır. Deyilənə görə, Yel baba ilə Əkinçi baba qardaş olublar. Birlikdə tarlanı şumlayıb əkərmişlər. Sonrakı müddətdə Əkinçi baba məhsula su verər, ot-alafdan təmizləyib becərər, yetişəndə biçib xırmana gətirərmiş. Yel babanın işi isə arpa-buğda dənini küləşdən, samandan ayırmaq imiş. O, xırmanda başqalarının da taxılını sovurub əvəzində pay alarmış. Bir gün insanlar arpa-buğdanı xırmanda döyüb Yel babanı gözləyirlər ki, gəlib sovursun. Amma o, gəlmir. İnsanların səbri tükənir. Taxılı özləri sovuraraq oxuyurlar:

Yel baba amana gəl,

Dolanıb xırmana gəl.

Bir bəhanən yoxdursa,

Xəlbirə, samana gəl.

Ay Yel baba, Yel baba,

Saman sənin, dən mənim.

Ləçəyi mindər-mindər,

Yönünü bizə döndər.

Yönünü döndərmirsən,

Mehini bizə göndər.

Ay Yel baba, Yel baba,

Saman sənin, dən mənim.

Bu vaxt xırmana yetişən Yel baba söylənilənləri eşidir. Onun inciyib getdiyini görən insanlar peşman olurlar. Və Yel babanın ardınca qaçır, onu səsləyərək oxuyurlar:

Ay Yel baba, Yel baba,

Qurban sənə gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı,

Yelli babam, yel babam,

Telli babam, tel babam,

Güllü babam, gül babam,

Dərdimi gəl bil, babam.

Gəl babam, ay gəl, babam.

Elim, günüm batdı gəl,

Çərpələngim yatdı, gəl.

Təknədə qaldı aşım,

Yatdı dəyirman daşım.

İnsanların sevgi və nəvazişlə söylədikləri bu nəğmə Yel babanın xoşuna gəlir. Geri dönür, xırmandakı buğdanı, arpanı sovurub samandan ayırır.

İnanca görə, Yel baba xırmana gəlməmiş oradan dən götürməzlər. Atalar deyib: "Yel aparan yelinki, yerdə qalan mənimki”.

Azərbaycan mifologiyasında yel xeyirxahdır. O, yol göstərir, bələdçilik edir. Qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkənlərin qarşısına çıxan Yel baba onlara bir yumaq verir. Sonra yumağı yerə atıb diyirlətmələrini istəyir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanlar mənzilbaşına çatır.

Yel çərşənbəsində oyanan külək suyu, odu hərəkətə gətirir. İnama görə, Yel çərşənbəsində Yel baba yatmış torpağı silkələyib oyadır, cana gətirir. Əski etiqadlara əsasən, həmin gün "qara nəhr”də yatmış dörd cür külək Yer üzünə çıxır. Əvvəlcə özü təmizlənir, sonra isə hərəsi bir libasda özünü göstərir. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar qırmızı libasda təsəvvür edilir. Bu rənglərin hər birinin mifik mənası var. Bu dördlüyün cəmində Yel çərşənbəsi qısa müddətdə bütün dünyanı gəzib dolaşır.

Əski etiqada görə, Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsində Yel babanı köməyə çağırarlar. Deyirlər ki, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edərək Yel babanı çağırmaq lazımdır. Yel baba sənin çağırışını eşidib əssə, söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.

Üçüncü çərşənbədə insanlar böyük həvəslə yazın gəlişinə hazırlaşırlar. Bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Qadınlar, qızlar evlərindəki yorğan-döşəyi, xalça-palazı havaya çıxararaq təbiətin yenilənən, isinməkdə olan nəfəsi ilə təmizlənməsini istəyirlər. Ev-eşiyə qış fəslinin, soyuqların gətirdiyi süstlüyü pozur, hər tərəfi silib-süpürür, yuyub təmizləyirlər.

Boz ayın digər çərşənbələrində olduğu kimi, Yel çərşənbəsində də insanlar tonqallar qalayır, üzərindən tullanırlar. Evlərdə südlü plov bişirilir. Süfrələr daha çox quru meyvə, dənli bitkilərdən hazırlanmış çərəzlərlə bəzənir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video