08 Mart 2020 00:30
6822
Mədəniyyət
A- A+

“Qız qalası” baleti


Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən - Əfrasiyab Bədəlbəylinin "Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablanır. 1939-cu ildə o, Bakı Xoreoqrafiya Məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan”, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası” baletlərini yazır. "Qız qalası” baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk balet nümunəsidir.

Premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılmışdır. Tamaşanın ilkin librettosu da onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxmışdır. Əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk azərbaycanlı balerina Qəmər Almaszadə olmuşdur.

Bu balet sovet dövrünün məhsulu və Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri olmaqla, tələbə ikən yazdığı diplom işi idi. Onun özü də zamanında qeyd edirdi ki, dəfələrlə ədəbiyyatçılar, tarixçilər, tənqidçilər Azərbaycanın nə tarixi qaynaqlarında, nə də folklorunda belə məzmuna rast gəlmədiklərini və bunun Azərbaycan ədəbiyyatına yad olduğunu tez-tez nəzərə çatdırardılar. Aydındır ki, sovetlərin sinfi mübarizə ideologiyası müsəlman xanını hər bir vəchlə əxlaqsız, ədalətsiz kimi qələmə verməyə çalışırdı. 50 yaşında xan cavan bir qıza aşiq olub, onu alsaydı, yaxud hərəmxanasında saxlasaydı, bu elə də pis sayılmazdı. Lakin atanın öz doğma övladına ehtirası, əlbəttə ki, qəbuledilməzdir. Sözsüz ki, bu qondarma süjet xətti əsrlər boyu Azərbaycan xalqının həyat tərzində bərqərar olmuş və hökm sürmüş islam əxlaq ideologiyasına ağır zərbə vurmaq qayəsi daşımışdır. Məhz bu leytmotiv 1923-cü ildə sovet kinematoqrafçıları tərəfindən çəkilmiş (Ə.Bədəlbəyli çox güman ki,”Qız qalası” baletinin məzmununu da məhz buradan götürmüşdür) "Qız qalası əfsanəsi” tammetrajlı səssiz bədii filminin əsasını təşkil etmişdir.

Belə ki, filmdə baş verən hadisələr köhnə Bakıda cərəyan edir: Səməd xanın həyat yoldaşı qız uşağını dünyaya gətirərkən vəfat edir. Sevimli həyat yoldaşının vəfat etməsi xəbərini xana çatdırarkən arvadının ölümündə yeni doğulmuş uşağı günahkar bilən qəzəblənmiş xan körpənin məhv edilməsi əmrini verir. Lakin xanın qaravaşı əmri eşidəndə çox mütəəssir olur. O, qızcığazın dalınca gələnlərə yalvarır ki, uşağı ona versinlər, onsuz da o sonsuzdur, qızı da götürüb məmləkətdən çıxıb başqa bir yerə köçər. Xanın adamları qızı qaravaşa verib xana da xəbər çatdırırlar ki, onun əmri artıq yerinə yetirilmişdir. Qaravaş isə qızı da götürüb şəhərdən kənara köçür. İllər sonra xan ova çıxarkən qızı Gülnarla qəflətən rastlaşır və onun eynən rəhmətə getmiş həyat yoldaşının tam oxşarı olduğunu görür və anlayır ki, bu qız onun öz övladıdır. Onu saraya gətirir. Gülnar anasının libaslarını geyinərkən xan Gülnarın simasında sanki vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata, nəhayət, ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi qaladan özünü dənizə ataraq həlak olur.

Filmin heyət üzvlərinin etnik mənsubiyyətinə nəzər saldıqda, düşüncə sahibi olan hər kəsə hər şey aydın olur: ssenari müəllifi: N.Breslav-Lurye, quruluşçu rejissor: Vladimir Ballyuzek, quruluşçu operator: Vladimir Lemke, quruluşçu rəssam: Vladimir Ballyuzek, qrim rəssamı: Georgi Parisaşvili.

Filmin çəkilişindən 17 il sonra yazılmış "Qız qalası” balet əsərinin məzmunu müəyyən dərəcədə birinci ilə "ata-qız” süjet xətti baxımından eynilik təşkil edir: Qəddarlığı və zalımlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan oğlunun - varisinin doğulacağını səbirsizliklə gözlədiyi bir halda, qız övladının dünyaya gəlişi xəbərini qəzəblə qarşılayır. O, uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən onu dayəsinə verib, saraydan gizlicə uzaqlaşmalarına şərait yaradır. Aradan illər ötür. 18 yaşına çatmış Gülyanaq öz gözəlliyi ilə hamını heyran edir. O, çox xoşbəxtdir, çox sevdiyi Polad adlı gənclə ailə həyatı qurmağa hazırlaşır. Toyun qızğın məqamında xan öz adamları ilə kəndlilərin üstünü alır. Qızın bənzərsiz gözəlliyi ona vaxtı ilə sevdiyi keçmiş arvadını xatırladır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Polad sevgisi uğrunda xanla mübarizəyə qalxır. Cahangir xan əmr verir ki, Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin bunun qarşılığında şərt qoyur: xan onun üçün dənizin ortasında hündür qala tikdirməlidir. Cahangir xan razılaşır. Nəhayət, qala tikilib qurtarır. Xan toy tədarükünə başlamaq əmri verir. Hətta Gülyanağın doğma qızı olduğunu biləndən sonra da onu qəlbindən çıxara bilmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə nəticələnir. Poladın öldüyünü zənn edən Gülyanaq ümidsizliyə qapılaraq, özünü dənizə atır və qala əbədi olaraq bakirəlik rəmzinə - "Qız qalası”na çevrilir.

Filmdə və balet əsərində təsvir olunan hadisələr guya Qız qalası tikilməmişdən öncə baş vermişdir. Əslində isə, onlar Qız qalasının tikintisi başa çatdırıldıqdan əsrlər sonra uydurulmuş əfsanədir.

Qalanın "Qız qalası” adını daşıması haqqında xalqımızın şifahi poetik yaradıcılığında müəyyən rəvayətlər yer almışdır. Xalqımızın minilliklər boyu hiss və həyəcanını əks etdirən, dərin təfəkkürünün məhsulu olan bir əfsanədə hökmdar qızını onun sevmədiyi şəxsə ərə vermək istəyir. Şahzadə isə rəiyyət içindən çıxan, kasıb və sadə bağbana aşiqdir. Bu isə saray qayda-qanunlarına ziddir. Şahın qızı yalnız öz təbəqəsindən olan şəxslə ailə həyatı qura bilər. Hökmdara qızının bağbanla bir-birini sevdiyi xəbəri çatdırıldıqda o, çox qəzəblənir: qızının qalada dustaq edilməsi və bağbanın edam olunması əmrini verir. Şahzadə buna dözməyərək özünü qalanın damından dənizə atır. O zamandan da qala xalq arasında "Qız qalası” kimi adlanmağa başlayır.

"Qız qalası” baletinin ilk səhnə təcəssümündən onilliklər sonra, 1959 və 1999-cu illərdə yeni redaksiyası təşkil edilir. İkinci redaktədə (1959-cu il) baletin quruluşçu baletmeysteri, sonralar SSRİ Xalq artisti və professor adına layiq görülmüş Qəmər Almaszadə, tamaşaya yeni bədii tərtibat verən isə onun qardaşı Ənvər Almaszadə idi. Bu redaksiyada Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalımlığı özünü daha kəskin büruzə verir. "Qız qalası”nın 2-ci redaktəsinin ifaçıları - Gülyanaq rolunda SSRİ Xalq artisti Leyla Vəkilova və öz sevgisini xanın pəncəsindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı Xalq artisti Maqsud Məmmədovun adları Azərbaycan balet tarixində silinməz izlər qoymuşdur.

Sonuncu, yəni 1999-cu ildə edilmiş üçüncü redaktədə baletin librettosu və musiqisi Fərhad Bədəlbəyli (Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu) tərəfindən yenidən işlənərək yeni formaya salınmışdır. Fərhad Bədəlbəyli tərəfindən edilmiş son redaktə və quruluşda baletin dramaturji xətti kökündən dəyişdirilmiş və librettodan "ata-qız” xətti ümumiyyətlə çıxarılaraq, mətnin məzmunu xalqımızın mədəniyyət və əxlaq prizması baxımından öz məcrasına salınmışdır.

Baletin yeni redaksiyasında balet truppasının bədii rəhbəri Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Əməkdar artist Mədinə Əliyeva və Xalq artisti Gülağa Mirzəyev olmuşlar. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər.

Əfrasiyab Bədəlbəylinin Qəmər xanımın şərəfinə yazdığı bu balet əsəri sonralar yeni balet nümunələrinin yaranmasına yol açmışdır.

Vəfa GÖVHƏR,

Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video