07 Mart 2020 01:01
1737
Səhiyyə
A- A+

Nəzarət gücləndirilir


Hökumətin koronavirusa qarşı apardığı tədbirlər ən yüksək səviyyədə davam edir


"Vətəni” Çinin Uhan şəhəri sayılan, hazırda 90 ölkə və regionu əhatə edən koronavirus epidemiyası dünyaya şaxələnməkdə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, dünyada 98782 nəfər koronavirusa yoluxub. İndiyədək 3390 nəfər koronavirusdan ölüb. Virusa yoluxanlardan 55 804 nəfər sağalıb.

Hazırda 39588 nəfərin xəstəliyi davam edir. Onlardan 33350 nəfərin vəziyyəti sabitdir, 6238 nəfərin vəziyyəti isə ciddidir.

Koronavirusun kütləvi yayıldığı ölkələr Çin, Cənubi Koreya, İtaliya və İrandır.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirərək bildirib ki, onların təcrübəsi xəstəliyin yayılmasının qarşısının alına biləcəyini göstərir: "Epidemiya bütün hökumət mexanizmlərini özündə cəmləşdirən kollektiv, razılaşdırılmış və əhatəli bir yanaşma ilə dayandırıla bilər”. O, bununla əlaqədar olaraq bütün dövlətləri "tez, geniş miqyasda və şüurlu şəkildə hərəkət etməyə” çağırıb.

Tedros Adanom Qebreyesus deyib ki, son 24 saat ərzində 33 ölkədə yeni yoluxma halları qeydə alınıb. Ancaq 115 ölkədə bir nəfər belə yoluxmayıb, 21 ölkədə yalnız bir xəstəlik qeydə alınıb. Beş ölkədə isə son iki həftə ərzində yeni yoluxma halına rast gəlinməyib.

Bununla belə, ÜST virusun daxil olduğu ölkələrin sayının getdikcə artmasından narahatdır.


Koronavirus dünyada "at oynadır”


Son hesablamalara görə, Çində koronavirusdan ölənlərin sayı 3042 nəfərə çatıb. Ölkədə 53,7 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Ötən gün ərizndə Çində koronavirusdan 30 nəfər ölüb, 1681 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 80552 nəfərə çatıb.

Ötən gün Cənubi Koreyada koronavirusa 518 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6284 nəfərə qədər artıb, ölənlərin sayı isə 42 nəfərə çatıb. 108 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Hazırda daha 21832 nəfərin analizi aparılır.

İtaliyada koronavirusun yeni növündən ölənlərin sayı 41 nəfər artaraq 148-ə çatıb. Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib ki, ölənlər 66-94 yaş arası insanlardır. Ölkədə ümumilikdə 414 nəfər bu xəstəlikdən sağalıb. 3286 nəfər virusun daşıyıcısıdır. Bu ölkədə koronavirusun yayılmasının episentri Lombardiya və Veneto hesab olunur. Hökumət martın 15-dək ölkədə bütün təhsil müəssisələrinin bağlanmasına qərar verib.

İsveçrədə yeni növ koronavirus infeksiyasına yoluxanların laborator qaydada təsdiqlənmiş sayı 87 nəfərə çatıb. Məlumata görə, İsveçrədə 3 mindən çox insan koronavirus şübhəsi ilə yoxlanılıb və nəticələr neqativ olub. İlk ölüm faktı martın 5-də qeydə alınıb. Ölən şəxsin 74 yaşlı qadın olduğu deyilir.

Fransada 420 nəfərdə koronavirus tapılıb. Bunlardan biri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzerdir. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlərə əsasən, Fransada virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılmış mərkəzlərindən biridir.

İspaniyada koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb. Valdemoro şəhərində qocalar evində yaşayan qadın virusun növbəti qurbanı olub. Bundan başqa, virus daha 20 nəfərdə aşkar olunub. Onlardan 16-sı sözügedən qocalar evinin işçiləri və sakinləridir. Dörd nəfər reanimasiyaya yerləşdirilib.

Böyük Britaniyada koronavirusa yoluxanların sayı sutka ərzində 30 nəfər artıb. Səhiyyə Nazirliyinin hesablamalarına görə, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 115 nəfərə çatıb. Həkimlər ölkədə 18 mindən çox insanı koronavirusa görə yoxlayıb.

İsraildə 15 nəfər koronavirusa yoluxub. İsrail milli komandasının baş məşqçisi Andreas Herstoq isə koronavirus epidemiyasına görə karantinə alınıb. Millətlər Liqasının Niderlandda keçirilən püşkatma mərasimində iştirak edən Herstoq İsrail Səhiyyə Nazirliyinin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 14 gün karantində saxlanılacaq.

Yunanıstan, Kanada, Səudiyyə Ərəbistanı və Sinqapurda koronavirus daşıyıcılarının sayı artıb. Yunanıstanda 21, Kanadada 1, Səudiyyə Ərəbistanında 3, Sinqapurda isə 5 koronavirusa yeni yoluxma faktı təsdiqlənib. Bununla da virusa yoluxma hallarının sayı Yunanıstanda 31, Kanadada 35, Səudiyyə Ərəbistanında 5, Sinqapurda isə 117-yə çatıb.

Xristian dünyasının mərkəzi sayılan Vatikanda koronavirusa ilk yoluxma halı müəyyənləşdirilib.

Kamerunda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi açıqlayıb ki, yoluxan şəxs 58 yaşlı fransalıdır. O, Kameruna fevralın 24-də gəlib.

Bu virus daha öncə Afrikanın Əlcəzair, Seneqal, Misir, Mərakeş, Nigeriya və Tunis kimi ölkələrində aşkarlanıb.

Cənubi Asiyada yerləşən Butanda da koronavirusa ilk yoluxma faktı təsdiqlənib. Bunu ölkənin Nazirlər Kabineti açıqlayıb. Virusa yoluxmuş şəxsin 76 yaşlı ABŞ vətəndaşı olduğu bildirilib. O, martın 2-də Butana gəlib.

İranda koronavirusa yoluxanların sayı isə 3513 nəfərə çatıb. Onlardan 107 nəfəri virusdan ölüb, 739-u sağalaraq xəstəxanalardan evə buraxılıb.

İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam da koronavirusun səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Bildirilir ki, keçmiş səfir xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.


Azərbaycanda vəziyyət nəzarət altındadır


Azərbaycanda isə koronavirusa yoluxan şəxslərin sayı 6-dır. Onların səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Bundan əvvəl ölkədə koronavirus aşkarlanan şəxslərin sayı üç idi. Ötən gün İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib ki, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994-cü və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər: "Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”.

Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirləri ən üst səviyyədə davam etdirir.

Qeyd edək ki, Azərbaycanda karantində olan və xəstəlik aşkarlanan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-nin müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır. Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

ÜST testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan ilkin testləri alıb və bütün ölkələrə göndərib. Azərbaycana artıq 1000 ədəd test göndərilib. Səhiyyə nazirinin müavini Viktor Qasımov açıqlama verib ki, ölkədə koronavirusun müayinəsi üçün kifayət qədər test var: "Lazım olduğu təqdirdə ölkəyə əlavə testlər gətiriləcək”.


Karantin normalarını pozan şəxsə qarşı qanun çərçivəsində tədbirlər görüləcək


Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımdan tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilir ki, Azərbaycan ərazisinə keçən şəxslərdə, həmçinin ölkə ərazisindəki vətəndaşlarda virusun əlamətləri aşkarlandıqda onlar təlimata uyğun olaraq, karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır: "Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müqavimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışırlar. Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq. Qeyd edirik ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir. Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik”.

Naxçıvan Muxtar Respublikasında da tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.

Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: "Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Dövlət Dəniz Agentliyinin mütəxəssisləri liman rəhbərliyi ilə birgə tədbirlər həyata keçirməkdədir. Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə hazırda respublikanın bütün limanlarına xarici bayraq altında üzən gəmilərin giriş-çıxışı və limanlarda yük aşırmaları əməliyyatı Beynəlxalq Dəniz Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələrinə uyğun olaraq aparılır.

Bakının ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçirib. Nəqliyyat könüllüləri mərkəzin ərazisində sərnişinlərə TƏBİB-in hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq üçün və gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyublar. Eyni zamanda hava limanı ekspres avtobuslarında TƏBİB tərəfindən hazırlanmış kliniki sağlam olan, lakin COVID - 19 virus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr əks olunan bukletlər paylanılıb.

TƏBİB koronavirus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr də verib: "Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur. Müşahidə müddətində mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”.


Həkimə getmədən də sağalmaq mümkündür


Məlumat üçün bildirək ki, koronavirusa yoluxmuş şəxslərin 81 faizi bu xəstəliyi çox yüngül keçirir. Bəzən həkimə də getmədən sağalmaq mümkündür. Cəmi 4-5 faiz xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Bu virus 65 yaşdan yuxarı olanlar üçün daha risklidir.

Əsas simptomlar aşağı hərarət və çox az öskürəkdir. Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Çünki bu, yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı. Yəni ciddi təşvişə səbəb yoxdur, lakin ehtiyatı da əldən vermək olmaz. Bəs nə etmək lazımdır?

Qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Xəstəliyin ötürülməsində ciddi olan insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Odur ki:

- xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər;

- insanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər;

- mütləq olaraq əllər tez-tez sabunla yuyulmalıdır;

- sabun və su olmazsa, əllər spirtlə dezinfeksiya olunmalıdır;

- əllərlə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır;

- xəstələrə çölə çıxmaq lazım deyil;

- hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq lazımdır;

- əgər ölkədə əhali arasında xəstəlik aşkarlansa, 60-65 və yuxarı yaşda olanlar daha çox evdə qalmalıdırlar;

- əhalinin sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video