07 Mart 2020 00:35
495
CƏMİYYƏT
A- A+

Əyrilər əyri, düzlər düz yazar!


Qlobal informasiya mühitinin yarandığı müasir dövrdə cəmiyyətin əsas strateji resursuna çevrilmiş informasiyanın rolu günbəgün artmaqdadır. Peşəkar mətbuatın məhsulu olan dürüst informasiya istənilən ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə təsir göstərmək iqtidarına malik bir qüvvəyə çevrilmişdir. Bu proses Azərbaycanda da sürətlə gedir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu sahədə görülən işlərdən xəbər verir. Qarşıya qoyulan əsas məqsəd informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Azərbaycanda informasiya cəmiyyətinin qurulması sahəsində məqsədyönlü işlər aparılır. Qeyd edək ki, son illər ərzində respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, yeni texnologiyaların tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və sazişlərə qoşulub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura nəzarəti ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsindəki dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkəmizin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra respublikamızda aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə münbit şərait yaradıb. Jurnalistlərə peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət, obyektivlik, vətənpərvərlik kimi meyarları fəaliyyətlərində əsas tutmağı tövsiyə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır ki, bu təsisatın da məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini təmin etməkdir.

Yaşadığımız çağdaş dövrdə cəmiyyətdə cərəyan edən ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin rolu getdikcə artmaqdadır. Cəmiyyət həyatının bütün sahələrində kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr durur. Bu gün Azərbaycan mediası müasir informasiya cəmiyyəti quruculuğunda milli həmrəyliyin möhkəmləndirilməsi yolunda öz kəsərli sözünü deməli, hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm rol oynamaqla ictimai fikrin formalaşmasında aparıcı mövqe tutmalıdır.

Hərtərəfli obyektiv araşdırma aparmaqla oxucuya həqiqi məlumatı çatdırmaq, baş verənləri düzgün şərh etmək, fəaliyyətində jurnalistin tərəfsizlik prinsipinə qeyd-şərtsiz əməl etmək öz vəzifə borcunun icrasında hər bir media nümayəndəsinin rəhbər tutmalı olduğu mühüm amildir. Kütləvi informasiya vasitələri Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərinə ciddi riayət etməklə ictimailəşdirdiyi hər bir informasiyanın məsuliyyətini dərk etməli, oxuculara təqdim edilən yazıda heç kimin şərəf və ləyaqətinə toxunmamalı, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdırlar.

Bakı Metropoliteni paytaxtın rəmzlərindən biridir. Elə buna görə Ulu Öndər Heydər Əliyev Bakı Metropolitenini Azərbaycan xalqının milli sərvəti adlandıraraq ona ən böyük tarixi qiymətini verib. Ümummilli Lider metro inşaatçıları və istismarçılarının əməyinin nə qədər dəyərli olduğunu həmişə qeyd edib, onlara hörmət və ehtiramını ifadə edib. Ənənələrə sədaqət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kursunun başlıca qayəsidir.

"Bakı Metropoliteni” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində bu nəqliyyat növünün movcud infrastrukturunun qorunub saxlanılması, inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiq edilməsi, bununla da sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illərdə irihəcmli işlər görüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından sonra Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsis olunduğu tarixdən keçən zaman kəsiyində müəssisənin əmək kollektivinin fədakar əməyi sayəsində vahid bir təsərrüfat kompleksi olan metropolitenin maddi-texniki bazası gücləndirilməklə yanaşı, bütün sahələrdə, o cümlədən paytaxtın yol-nəqliyyat infrastrukturunda yüksək beynəlxalq standartların tətbiqinə nail olmaq, göstərilən nəqliyyat xidmətini müasir tələblər səviyyəsinə qaldırmaq, müasir korporativ idarəetmə mexanizmlərini tətbiq etməklə kadrların düzgün seçilməsi, yerləşdirilməsi, bilik səviyyələrinin artırılması istiqamətində köklü islahatlar aparmaqla şəffaf fəaliyyəti ilə nümunəvi bir müəssisənin formalaşdırılmasına nail olunub.

Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və bu qəbildən olan digər kriteriyalar mətbuatda əsas prinsiplər sayılır. Amma heç də bütün jurnalistlər, mətbu orqanlar öz fəaliyyətlərində bu prinsiplərə əməl etmirlər. Bu qəbildən olan bəzi kütləvi informasiya vasitələri öz natəmiz əməlləri ilə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təməl prinsiplərini pozur, qarşı tərəfin fikirlərinin dərcinə önəm vermədən dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatları imkanlarından sui-istifadə etməklə yayaraq ictimaiyyətdə yaradıcı insanlar, əmək kollektivlərindəki idarəetmə sistemləri barədə mənfi fikir formalaşdırmağa, ayrı-ayrı müəssisələr üzrə əldə edilən nailiyyətləri sıravi vətəndaşın gözündən salmağa cəhd etməklə zəhmətkeş fərdlərin kollektiv qarşısında nüfuzuna xələl gətirməyə çalışır, vətəndaşların heysiyyətinə toxunur, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşaraq səhifələrində insanların şərəf və ləyaqətini aşağılamaqdan belə çəkinmirlər.

Belə ki, pressinfo.az internet saytında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində görülən işlərə, əldə olunan böyük nailiyyətlərə kölgə salmağa çalışan bir qrup şəxslərə istinadən yalan və qərəzli, şər və böhtan dolu 2018-ci ilin 25 oktyabr tarixində "Bakı Metropolitenində irtica dərinləşir” başlıqlı, 28 noyabr tarixində "Bakı Metropoliteni real təhlükə qarşısında” başlıqlı və 31 dekabr "ÖLÜM TUNELİ - 2019: Bakı Metropoliteni faciənin astanasında” başlıqlı yazılar verilmişdi. Saytın baş direktoru Nüşabə Əhmədin müəllifliyi ilə ictimailəşdirilən həmin məqalələr əslində həqiqi jurnalist, obyektiv kütləvi informasiya vasitəsi adına ləkə gətirən qərəzli yazılardır.

Yaydığı qərəzli yazılarda adıkeçən saytın rəhbərliyi ictimai nəqliyyat növləri arasında kütləviliyi ilə aparıcı mövqe tutan Bakı Metropoliteninin inkişaf etdirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü siyasətini şübhə altına qoymaqla bu ictimai nəqliyyat növündən istifadə edən sərnişinlərdə qorxu xofu və milli sərvətimiz olan Bakı metropoliteninə inamsızlıq hissi yaratmağa cəhdlər göstərir ki, bu da ölkəmizin inkişafı və cəmiyyətdə ictimai sabitliyin qorunması kimi dövlət əhəmiyyətli məsələlərin həllinə pozuculuq təsirini açıq-aydın göstərir. İctimaiyyətdə "Bakı Metropoliteni” QSC və onun vəzifəli şəxsləri barədə mənfi rəy və yanlış fikir formalaşdırmaq məqsədi güdən həmin yazılarda məkrli niyyət aşkar şəkildə özünü büruzə verir, kollektivin fədakar əməyinə xələl gətirilir.

Jurnalistikanın təməl prinsiplərinə məhəl qoymadan "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində görülən işlərə, qısa müddətdə əldə olunan ciddi nailiyyətlərə kölgə salmağa çalışan həmin şəxslərin yalan və qərəzli, şər və böhtan dolu mülahizələrinə istinadən pressinfo.az internet saytından öncə miq.az internet saytında da yazılar yer almışdı. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək hüququnun olduğunu rəhbər tutaraq "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Mətbuat Şurasına müraciəti əsasında Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası tərəflərin iştirakı ilə iclas keçirmişdir.

İclasda Mətbuat Şurasının media ilə dövlət qurumları arasında körpü rolu oynadığını qeyd edən komissiya üzvləri qərara almışlar ki, tərəflər məsələnin müsbətə doğru həlli istiqamətində müəyyən addımlar atmalıdırlar. Tərəflərin arqumentləri dinlənildikdən sonra miq.az saytının rəhbərliyi bildirmişdir ki, dərc olunmuş yazılar digər internet resurslarında və sosial şəbəkələrdə yayıldığına görə dəqiqləşdirilməsi zaman tələb etdiyindən operativ xəbər prinsipinə uyğun saytda yerləşdirilib ki, bu da həmin nöqsanların baş verməsinə səbəb olub. Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası miq.az saytı tərəfindən "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının”nın bir sıra prinsiplərinin pozulması faktlarını, habelə Azərbaycan Mətbuat Şurasının 9 aprel 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş şikayətlərin verilməsi və onlara baxılması qaydalarının 8-ci bəndini rəhbər tutaraq 18 sentyabr 2018-ci il tarixində keçirilmiş iclasının 157№-li qərarı ilə həmin xəbər saytının "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti haqqında müxtəlif vaxtlarda yaydığı materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması faktlarının yer alması və ictimailəşdirilmiş materialların subyektiv mülahizələrə əsaslanması səbəbindən bununla bağlı təkzib verilməsinin zəruriliyini adıkeçən xəbər saytının nəzərinə çatdırmışdır. Miq.az xəbər saytı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti haqqında və ictimailəşdirdiyi materiallarda göstərilən faktların subyektiv jurnalist mülahizələrinə əsaslandığını qəbul edərək, xəbər saytında bununla bağlı yerləşdirilmiş materiallarla əlaqədar təəssüf hissi keçirdiyini ifadə etməklə müəyyən edilmiş qaydada 19.10.2018-ci il tarixində təkzibin saytda yerləşdirilməsini təmin etmişdir.

Eyni şəxslərin yalan və qərəzli, şər və böhtan dolu mülahizələrinə istinadən pressinfo.az internet saytında həmin saytın baş direktoru Nüşabə Əhmədin müəllifliyi ilə ayrı-ayrı tarixlərdə yerləşdirilmiş materiallara münasibətdə pressinfo.az internet saytında müvafiq təkzib verilməsi ilə bağlı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mətbuat Şurasına müraciət etmişdir. Müraciət əsasında Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası tərəflərin iştirakı ilə iclas keçirmiş, araşdırmanın nəticəsi olaraq həmin saytın baş direktoru Nüşabə Əhmədin müəllifliyi ilə ayrı-ayrı tarixlərdə həmin saytda yerləşdirilmiş materiallarda balans prinsipinin ciddi pozulması aşkar edilmişdir. Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 05 fevral 2019-cu il tarixli iclasının qərarı ilə qarşı tərəfin münasibətini öyrənmədiyinə və əsaslandırılmamış fikirlərə yer verdiyinə görə saytın baş direktoru Nüşabə Əhmədə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş və saytın rəhbərliyinə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunmuşdur. "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müəssisənin rəhbər şəxslərinin, o cümlədən ictimaiyyətdə "Bakı Metropoliteni” QSC və onun vəzifəli şəxsləri barədə mənfi rəy və yanlış fikir formalaşdırmaq məqsədi güdən həmin şəxslərin və pressinfo.az internet saytının baş direktoru Nüşabə Əhmədin iştirakı ilə geniş tərkibdə görüşünü təşkil etmiş, həmin görüşdə bütün təsdiqedici sənədlər Nüşabə Əhmədin diqqətinə çatdırılaraq ona bildirilmişdir ki, məqalənin müəllifi kimi, bir neçə şəxsin heç bir hüquqi əsası olmayan subyektiv mülahizələrinə istinadən rəhbəri olduğu saytda ictimailəşdirilmiş məqalələrə görə o da məsuliyyət daşıyır. Həmin görüşdə Nüşabə Əhmədə tövsiyə olunmuşdur ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərinə ciddi riayət etməklə ictimailəşdirdiyi hər bir informasiyanın məsuliyyətini bir jurnalist kimi dərk etmək onun vəzifə borcu olduğuna görə müəyyən edilmiş qaydada rəhbəri olduğu xəbər saytında təkzib versin, əks təqdirdə kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını və rəsmi üzr istənilməsini tələb etmək hüququnun olduğunu rəhbər tutaraq "Bakı Metropoliteni” QSC məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Qanunvericiliklə nəzərdə tutulmuş bütün qanuni tədbirləri həyata keçirməsinə baxmayaraq adıkeçən saytda müvafiq təkzib dərc edilmədiyindən "Bakı Metropoliteni” QSC işgüzar nüfuzunun müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsinə dair məhkəməyə müraciət etmək hüququndan istifadə edərək cavabdehlərə qarşı aidiyyət prinsipi əsasında Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır.

Sabunçu Rayon Məhkəməsi "Bakı Metropoliteni” QSC-nin pressinfo.az, araz.az saytları ilə bağlı iddia ərizəsinə baxaraq "Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan məlumatların yayımına görə, "pressinfo.az” saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızının yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə "Bakı Metropoliteni” QSC-dən üzr istəməsi və rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün materialları "Təkzib” başlığı altında yerləşdirməsinə dair, həmçinin araz.az saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlunun da "Bakı Metropoliteni” QSC-dən yazılı şəkildə rəhbəri olduğu internet saytında yerləşdirilməklə üzr istəməsi və saytında yerləşdirdiyi həqiqətə uyğun olmayan yazının linkində "Təkzib” başlığı altında yerləşdirilməsi barədə qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmənin qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

Mətbuat cəmiyyətin aynasıdır. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Hüquqi dövlət və açıq cəmiyyət quruculuğu yolunu seçən müstəqil Azərbaycanımızda mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verilir ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları öz fəaliyyətlərində dövlətin, xalqın mənafelərini daim uca tutan, peşə etikasına ciddi riayət edən, obyektivlik, qərəzsizlik prinsiplərini özlərinin həyat amalına çevirən Azərbaycan jurnalistləridir. Təəssüf ki, bu gün ifrat siyasiləşmiş, ayrı-ayrı şəxslərin təsiri altına düşmüş bəzi "jurnalistlər” qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi başlıca prinsipləri mütəmadi qaydada pozur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar yazmaqla qeyri-peşəkarcasına bazara "isti” xəbər çıxarmaq adı ilə jurnalistikanın başlıca prinsiplərinə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradırlar. Halbuki hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu tələblərinin pozulması halları təkcə əmək kollektivlərində deyil, cəmiyyətdə də haqlı narazılıqlara səbəb olur. Belə ki, "Bakı Metropoliteni” QSC-dən üzr istəməsi və rəhbərlik etdikləri saytlarda yayımladıqları müvafiq materialları "Təkzib” başlığı altında yerləşdirməsinə dair barələrində məhkəmə qətnaməsi olan pressinfo.az, araz.az xəbər saytlarında dərc olunmuş məqalələrlə analogiya təşkil edən yazılar yaxın günlərdə digər kütləvi informasiya vasitəsi olan "Hürriyyət” qəzetində də yer almışdır. "Hürriyyət” qəzetinin 1-3 fevral 2020-ci ilin №11 (2983) və 4-5 fevral 2020-ci ilin №12 (2984) buraxılışlarında "Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan, "Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən "Zaur Hüseynov "Bakı Metropoliteni”ni məhvə aparır” və "Bakı Metropoliteni”nin işçiləri "həyəcan təbili” çalır” başlıqlı məqalələr qarşı tərəfin münasibətini öyrənmədən çap olunmuşdur. Heç bir əsası olmayan və ən əsası isə pressinfo.az, araz.az xəbər saytlarındakı yazılarda yer alan eyni ittihamların təkrarlanması ilə müşayiət olunan həmin məqalələrin həqiqətə uyğun olmaması səbəbindən həmin mətbu orqanın da növbəti buraxılışında təkzib verilməsinə dair "Bakı Metropoliteni” QSC tərəfindən adıkeçən kütləvi informasiya vasitəsinə müraciət ünvanlanmışdır.

Fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq quran "Bakı Metropoliteni” QSC yarandığı ilk gündən heç bir fərq qoymadan ölkə mediasına daim açıq olub. Metropolitenin ictimai əhəmiyyətli bir qurum və şəhərin ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı vasitəsi olduğu nəzərə alınaraq müəssisədə şəffaflıq, obyektivlik və operativlik kimi keyfiyyətlər daim prioritet kriteriyalar sayılır. Eyni zamanda "Bakı Metropoliteni” QSC bu sahədə çağdaş dövrün bütün imkanlarından istifadə edərək həm rəsmi internet saytı, həm də sosial şəbəkələrdəki səhifələri vasitəsilə ictimaiyyətə daim açıq bir təşkilat olduğunu təsdiqləyir.

"Bakı Metropoliteni” QSC-nin bütün aidiyyəti idarəetmə strukturlarının fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmuşdur ki, müəssisənin həm istismar, həm tikinti, eyni zamanda, digər struktur vahidlərində aparılan quruculuq işləri barədə, tətbiq edilən texnoloji yeniliklər haqqında müəssisədə fəaliyyət göstərən elektron portal vasitəsilə əmək kollektivinin hər bir üzvü, o cümlədən səhmdar cəmiyyətin rəsmi internet saytı vasitəsilə respublika ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır, istər metropolitendə çalışan işçilərin, istərsə də kənar şəxslərin "Bakı Metropoliteni” QSC-yə ünvanlanmış müraciətlərinə və ya şikayətlərinə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılır, müəssisəyə ünvanlanmış hər bir vətəndaşın təklifi dəyərləndirilir, tənqidlərə açıq mövqe və obyektiv yanaşma nümayiş etdirilir.

Xüsusi olaraq qeyd edilməlidir ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbu orqanların üzərinə daha məsul vəzifələr düşür. Yeni mərhələnin reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti dövlətin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən, çoxşaxəli və səmərəli dövlət siyasətinin məntiqi nəticəsi olaraq əminik ki, mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, öz fəaliyyətində peşəkar jurnalistika prinsiplərini rəhbər tutaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.

Bəxtiyar MƏMMƏDOV,

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video