06 Mart 2020 18:29
797
CƏMİYYƏT
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

 

Martın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hicran Hüseynova ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan danışıb. O deyib ki, ölkəmizdə aktiv, öz fəaliyyəti ilə seçilən qadınların sayı çoxdur. Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna xüsusi ehtiramla yanaşıb.

XXI əsrin Azərbaycan qadınının qarşısında bir sıra yeni vəzifələr qoyduğunu deyən H.Hüseynova diqqətə çatdırıb ki, qadın dünyadakı inkişafa uyğunlaşmaq və özünü cəmiyyətdə təsdiq edə bilmək üçün, ilk növbədə, təhsilli, peşəkar olmalıdır. Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimizlə, həm də həyata keçirilən dövlət qadın siyasəti ilə və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və Birinci vitse– prezident Mehriban Əliyevanın diqqətini görürlər.

Hicran Hüseynova deyib ki, bu gün dünya ölkələrində əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslanıb. Azərbaycanda da hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdə layiqli yer tutması dövlətimiz üçün prioritetdir. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
 

Qeyd edilib ki, bu il qadınların gender bərabərliyinin təmin olunması, eləcə də onların sülh və təhlükəsizlik prosesində iştirakının təşviq olunması baxımından çox mühüm hadisələrlə zəngindir. Belə ki, Pekin Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin 25-ci ildönümü qeyd olunacaq. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək 1994-cü il sentyabrın 19-da "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20 faizini itirən və 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı çox böyük əhəmiyyət kəsb edirdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması Davamlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün vacib mərhələdir. Buraya daxil olan strateji istiqamətlər DİM-də ayrıca olaraq 5-ci məqsəddə göstərilib.

Bu ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 20 illiyinin qeyd olunacağını da diqqətə çatdıran Hicran Hüseynova bu sənədin münaqişələrin həll olunmasında, həmçinin sülh quruculuğunda qadınların mühüm rolunu önə çəkdiyini qeyd edib.

2020-ci ilin gender bərabərliyinin təmin edilməsi, qadın və qızların səlahiyyətlərinin artırılması baxımından vacib bir il olduğunu vurğulan komitə sədri deyib ki, dövlət qadın siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir. Onun təşəbbüsü ilə həyata keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına müsbət təsirini göstərir. Mehriban xanımın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərimizin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var.

Sonra Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.

Daha sonra mədəniyyət, təhsil, səhiyyə sahələrində, ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezidentin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup qadına mükafatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video