Alternative content

04:56 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
01:29 11.07.2020 BİLDİRİŞ
01:29 11.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xoşbəxt azərbaycanlı
Xoşbəxt azərbaycanlı
ANA SƏHİFƏ / Mədəniyyət
02:09 06.03.2020


...Sazağın iliyə işlədiyi qış günündə kənddəki evlərin birindən ucalan musiqi sədaları Pirşağı əhlinin ürəyini isidir, canını qızdırırdı...

Kəndin hörmətli, sayılıb-seçilən şəxslərindən olan Bağı kişi həyat yoldaşının doğum günü şərəfinə məclis qurmuş, evinə xeyli qonaq, xanəndə və musiqiçilər dəvət etmişdi. Qadınlar bir otaqda, kişilər isə başqa otaqda şənlənirdilər...

Dünyaya gəlişini qeyd edən Zinyət xanıma ən böyük və dəyərli hədiyyəni isə elə həmin gün Tanrı özü bəxş edir. Ailənin bu xoş günündə evin ilk övlad payı xoş qədəmlərilə doğulur.

Gözünü dünyaya toy-bayram içində, çal-çağırla açan oğluna atası Xoşbəxt adını qoyur...

Xoşbəxt gündə doğulan bu uşağın bütün həyatı boyu xoşbəxt olması diləyi ilə... Amma bəlkə heç təsəvvürünə də gətirmirdi ki, xoş bəxt arzuladığı ilki gələcəkdə neft sahəsində öz xalqının xoşbəxtliyinə, firavanlığına, inkişafına səbəb olacaq böyük işlərə imza atacaq, yeni yataqlar kəşf edəcək... Çalışdığı sahəyə verdiyi töhfələr, qazandığı nailiyyətlər, layiq görüldüyü ən ali mükafatlarla xoşbəxt neftçiyə çevriləcək...

Və bütün dünyada Azərbaycan neftçilərinin Xoşbəxti kimi tanınacaq...

Dünya şöhrətli neftçi-alim, geoloq, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, "İstiqlal”, "Şöhrət”, "Şərəf”, 1-ci dərəcəli "Əmək” ordenləri, Heydər Əliyev mükafatı, bu günlərdə isə 90 illik yubileyi münasibətilə Azərbaycanın ən ali mükafatı - "Heydər Əliyev” ordeni ilə təltif olunmuş Xoşbəxt Yusifzadənin "Ömür səhifələri”ni onunla birlikdə vərəqləyirik. 90 illik ömrünün dolaylarına boylanır, keçdiyi zəngin həyat yolunu təsadüf və qəribəlikləri, sevinc və ağrı-acıları, xoşbəxt və kədərli günləri ilə birlikdə xatırlayırıq...


Sən, ey uşaqlıq...


1930-cu il yanvarın 14-də Xəzərin sahilində yerləşən, çimərliyi, bağları və şimal küləyi ilə məşhur olan füsunkar Pirşağıda dünyaya gəlib Xoşbəxt Yusifzadə. Atası Bağı Habulla oğlu Pirşağı kəndində kolbasa zavodunun direktoru, kəndli komitəsinin sədri idi. Mülayim, gülərüz və xeyirxah olduğu üçün kənddə onun xətrini çox istəyirdilər. 1935-ci ildə SSRİ-nin repressiya maşını işə düşməyə başlayanda direktoru sexlərin birində baş vermiş neqativ hadisələrlə bağlı həbs edirlər. Elə bununla da ailənin xoşbəxt, qayğısız, atalı günləri başa çatır. Məhkəmədə günahı sübuta yetirilməsə də, 8 il həbs cəzası kəsib, Orta Asiyaya göndərirlər. Daşkənddə cəza çəkən Bağı kişi azadlığa vaxtından tez çıxmaq niyyəti ilə ərizə yazıb, cəzaçəkmə yerinin Sibirlə əvəzlənməsini xahiş edir. Eşitdiyinə görə, Sibirdəki həbs düşərgələrində dustaqların bir günü üç gün kimi hesablanırdı.

Çox keçmir, xahişi yerinə yetirilir və o, Sibirə göndərilir. Amma nə biləydi ki, ailəsinə daha tez qovuşmaq üçün yazdığı ərizə onu ölümə aparırmış. Qismətdən qaçmaq olmaz, deyirlər. 1939-cu ildə cəza müddətinin bitməsinə az qalmış işlədiyi tikintidə baş verən bədbəxt hadisə nəticəsində Bağı kişi dünyasını dəyişir. Zinyət xanım 3 uşaqla qalır başsız...

Əri həbs olunandan sonra balalarını bir qarın çörəyə möhtac qoymamaq üçün Zinyət xanım kənddə bağça müdirəsi işləyir. Lakin 1937-ci ildə ölkədə repressiyanın tüğyan etdiyi vaxtda ona bu vəzifədə qala bilməyəcəyini, yalnız süpürgəçi işləyə biləcəyini deyirlər. Çarəsiz qadın işdən çıxıb, üç uşaqla ac-susuz evdə oturmalı olur. Həmin il Xoşbəxt də birinci sinfə gedirdi. Heç kimin üzü gülmür, qorxu-hürkü içində yaşayırdılar. Belə ağır günlərin birində Moskvadan Bakıya səlahiyyətli bir şəxsin gəldiyini, şikayətçilərlə görüşüb, onların problemlərini yerindəcə həll etdiyini eşidirlər. Zinyət xanım həmin şəxsin qəbuluna düşməkdən ötrü üç gün gecə-gündüz onun qapısı ağzında növbə çəkir, sonda istəyinə çatır. Moskvalı məmur qadının şikayətini dinlədikdən sonra ərizəsinin üzərinə "Bərpa edilsin” yazır. Beləliklə, o, əvvəlki işinə qayıdıb balalarını böyütməyə başlayır.

Xoşbəxtin uşaqlığı repressiya küləklərinin əsdiyi dövrə, barıt qoxulu müharibə illərinə təsadüf edir. 1941-ci ildə o, beşinci sinfə keçəndə Böyük Vətən müharibəsi başlanır. Vəziyyət daha da ağırlaşır. Müharibə, aclıq, fəlakət, "qara kağızlar”, yetimlik... Xoşbəxt Yusifzadənin uşaqlıq illərində açılan sağalmaz yaralarıdır. Amma heç bir yara, çətinlik, əziyyət onun dərslərə, mütaliəyə olan marağını, həvəsini azaltmır. Hətta dördüncü sinifdən başlayaraq zəif oxuyan şagirdləri hər gün eyvanlarına yığıb dərs keçir, ev tapşırıqlarına kömək edirdi. Boş vaxtlarında gündüzlər cürbəcür oyunlar oynayırdı. Hər mövsümün də öz oyunları vardı. Gecələr isə kitab oxuyurdu. "Kitab oxumağı çox sevirdim. Məktəbin kitabxanaçısı hər dəfə məni görəndə özünü itirib deyirdi, axı sənin üçün hardan təzə kitab tapım?!”, - indi gülərək o günləri xoş xatirə kimi yada salır Xoşbəxt müəllim.

- 30-cu illərin sonlarında, 40-cı illərin əvvəllərində qış aylarında kənddə həftədə bir dəfə kino göstərirdilər. Həmin günlər uşaqlar üçün əsl bayrama çevrilirdi. O vaxtlar hələ kəndə elektrik enerjisi gəlib çıxmamışdı, camaat neft lampasından istifadə edirdi. Elə ev tapşırıqlarını da axşamlar lampa işığında həll edirdik. Amma yayda kinoya baxmaq imkanımız qat-qat artırdı. Kəndin ətrafındakı bağlarda açılan pioner düşərgələrində hər axşam kino göstərirdilər. Biz də şəhərdən gəlmiş uşaqlara qoşulub filmlərə baxırdıq. Orda çalışan müəllimlər, pioner dəstə rəhbərləri heç vaxt qapıları üzümüzə bağlamır, bizi oradakı uşaqlardan ayırmırdılar. Özü də daha çox "davalı” filmlər göstərirdilər. Müharibə gedirdi axı. Görünür bu kinolarla uşaqlara vətənpərvərlik ruhu aşılamaq istəyirdilər.

1943-cü ildə Xoşbəxti məktəb komsomol komitəsinin katibi seçirlər. Beləliklə də, 13 yaşında ictimai işlərə qoşulur. Komsomol katibi seçilən kimi yazıçı Arkadi Qaydarın "Timur və onun komandası” əsərinin təsiri altında gənc timurçular dəstəsi yaradır. Kənddə bu dəstəyə "Xoşbəxt və onun komandası” deyirdilər.

- Dəstəmiz məktəbdə, kənd içində şuluq salan, dərslərdən yayınıb avaralıq edən uşaqlarla ciddi danışır, onları ictimai işlərə cəlb edir, komsomol tapşırıqları verirdi. Bunun sayəsində neçə uşaq zərərli vərdişləri, papiros çəkməyi tərgitdi, komsomol sıralarına qəbul edilib, dram dərnəyinə cəlb olundu. Dram dərnəyini özüm qurmuşdum. Orda həm rəhbər, həm rejissor, həm də baş rollardan birinin ifaçısı idim. Həvəskar aktyor kimi ən böyük nailiyyətim Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan” əsərinin tamaşasında Fərhad rolu olmuşdu. Bu tamaşa göstəriləndə demək olar ki, bütün zal ağlayırdı.

Bəlkə də o vaxt kənd camaatı pyes qəhrəmanının faciəsinə yox, Xoşbəxtin, o qorxulu, qanlı-qadalı illərdə atasız qalmış bəxtsiz uşaqların halına acıyıb ağlayırdı...


Tarixçi, riyaziyyatçı, həkim, geoloq...


Səkkizinci sinifdə oxuyanda Xoşbəxt hiss edir ki, müharibə məktəbdə tədrisin səviyyəsinə də mənfi təsir göstərib, müəllimlərin dərs demək, şagirdlərə bilik vermək həvəsi tükənib. Qonşu kənddə - Kürdəxanıda güclü müəllimlərin olduğunu eşidib, təhsilini orda davam etdirmək qərarına gəlir. Dostu Böyükağa da ona qoşulur. Kürdəxanı ilə Pirşağının arasındakı 4 kilometr yolu hər gün piyada gedib-gəlirlər. Lakin bir aydan sonra dostu Kürdəxanıya getməkdən imtina edir. Xoşbəxt tək qalsa da, yolundan dönmür və səkkizinci sinfi müvəffəqiyyətlə bitirir...

- 1945-ci il mayın 9-da qələbə xəbəri bizim kəndə də gəlib çatdı. Hamı sevinirdi. Sentyabrda doqquzuncu sinfi yenə öz kəndimizdə oxumaq qərarı aldım. Lakin bir ay keçəndən sonra səhv etdiyimi başa düşdüm. Çünki bəzi müəllimlərin dəyişilməsinə baxmayaraq, tədrisin keyfiyyətində heç bir yenilik olmamışdı. Doqquzuncu sinfi birtəhər bitirdim. Bir gün yoldaşlarımın dördünü bir yerə toplayıb soruşdum ki, instituta daxil olmaq istəyirsiniz, ya yox? Hamısı dedi istəyirik. Xülasə, onları yola gətirdim, beşimiz də sentyabrın 1-dən Kürdəxanıdakı 113 nömrəli məktəbdə oxumağa başladıq.

İndi qalırdı gələcək ixtisasını seçmək. Bu barədə xeyli fikirləşməli olur. Əvvəl tarixçi olmaq istəyir, sonra sənədlərini riyaziyyat fakültəsinə vermək qərarı alır. Amma bu fikrindən də daşınır. Kəndin aptek müdiri Məmmədismayıl kişinin "səndən yaxşı həkim olar, hökmən Tibb İnstitutuna daxil olmalısan” israrlarından sonra sənədlərini həmin instituta verməyə hazırlaşır. Lakin bir təsadüf onun həyatının bütün axarını, gələcəyini dəyişir.

- Orta məktəbi bizimlə birlikdə bitirmiş Əkbərin qardaşı Mahmud Azərbaycan Sənaye İnstitutunda oxuyurdu. Əkbər də sənədlərini artıq həmin instituta vermişdi. İyul ayının ikinci yarısı idi. Mahmud yoldaşları ilə Pirşağıya gələndə mən də onlara qoşulub dənizə çimməyə getdik. Yolda söhbət əsnasında yoldaşlardan biri məndən hansı institutda oxumaq istədiyimi soruşdu. Dedim, sənədlərimi Tibb İnstitutuna verəcəm. Təəccübləndilər. Dedilər, sən hər tərəfində neft buruqları ucalan bir şəhərdə anadan olub, boya-başa çatmısan. Heç sənə yaraşarmı neftçi yox, həkim olasan?! Neftçi hörmətli və şərəfli peşədir, əsl kişi işidir... Bu sözlərin nəticəsi o oldu ki, iyulun 26-da sənədlərimi aparıb Azərbaycan Sənaye İnstitutuna verdim. Fakültəni də onların məsləhəti ilə seçdim. Özləri neft-mədən fakültəsində oxusalar da, mənə başa saldılar ki, neftçi-geoloq bütün peşələrin şahıdır. Vaxt gəlib çatdı. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, geoloji-kəşfiyyat fakültəsinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı bölməsinə daxil oldum. Beləliklə də, 1947-ci ilin sentyabrından tələbəlik illərim başlandı.

Birinci kursda dərslərində bir az çətinlik olur. Əl qabiliyyəti yaxşı olmadığından çertyoj-qrafika işlərinə baxanda müəllim narazılığını gizlətmirdi. Bu da onu yaman sıxırdı, hətta iş o yerə çatmışdı ki, institutu atıb getmək istəyirdi. Amma...

- Bir gün anama şikayətləndim. Dedim, mən daha orada oxumayacam, gələn il universitetin riyaziyyat fakültəsinə daxil olacam. O qədər şikayətləndim ki, axırda anam hirsləndi: "Pirşağıda, Kürdəxanıda səsin aləmi bürümüşdü, gur-gur guruldayırdın, indi nə oldu? Meydandan nə tez çıxırsan? Kişisən, instituta daxil olmusan, zəhmət çək, oxu”. Anamın bu sözləri elə bil məni yuxudan ayıltdı. Tədricən qiymətlərim düzəldi.

Üçüncü kursu bitirdikdən sonra Xoşbəxt Yusifzadəni istehsalat təcrübəsi üçün Qobustan rayonunun Çeyildağ sahəsindəki dayaz qazma kontoruna göndərirlər. Kontorda ona iş də verirlər - dörd ay kollektor vəzifəsində işləyir. Dörd ayın maaşı ilə həm ailəsinə əl tutur, həm də özünə təzə pal-paltar alır. İşin bir xeyri də olur ki, həyatında ilk dəfə fəhlə kollektivinin və fəhlələrlə işin nə demək olduğunu başa düşür. Bu təcrübə sonralar rəhbər vəzifələrdə çalışarkən ona çox kömək edir.


"Heç vaxt seçimimdən peşman olmadım”


1952-ci ildə institutu bitirib neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə dağ mühəndisi adını alır. Onu geoloji-kəşfiyyat kafedrasında aspirant saxlamağı qərara alırlar. Lakin fələyin oyunu başqa imiş...

- Dörd ay davam edən diplom praktikasında "Ayrantökən” məntəqəsində oldum. Burada Ələt qırışığının perspektivliyinə dair çox geniş bir diplom layihəsi hazırladım. Diplom rəhbərim kafedranın dosenti Baxış Sultanov təqdim etdiyim işlə tanış olduqdan sonra "Sənin diplom layihən təxminən namizədlik dissertasiyasına bərabərdir. Aspiranturaya daxil olsan, elə bir ilin içindəcə müdafiə edərsən”, - dedi. O vaxt aspirantura üçün nəzərdə tutulan məzunları təyinatdan kənarda saxlayır və işləmək üçün ayrı-ayrı bölgələrə göndərmirdilər. Mən də bu səbəbdən təyinat bölgüsündə iştirak etməmişdim. Arxayın idim ki, aspiranturada qalacam. Lakin diplom işini müdafiə etdikdən sonra fakültənin dekanı məni və tələbə yoldaşım Arif Şıxlinskini çağırıb bəd xəbər verdi: "Moskva sizin aspiranturada saxlanılmağınıza icazə vermir”. Guya bu, atalarımızın həbsi ilə bağlıdır. Stalin-Bağırov dövrü olduğundan heç səsimizi də çıxartmadıq, dinməzcə çıxıb getdik. Sonralar məlum oldu ki, hamısı yalan imiş. Moskvaya heç bir sənəd getməmişdi. Sadəcə bizim yerimizə o vaxt böyük vəzifələrdə işləyən şəxslərin qohumlarını salmışdılar. İşi belə görən diplom rəhbərim dedi: "Daha gözləməyə dəyməz, get istehsalata, özünə iş tap”. Məsləhətini də bir atalar sözü ilə əsaslandırdı. "Fərasətli toyuq zibillikdə də dən tapar”. Düzdür, bu haqsızlıq məni incitdi. Amma nə onda, nə də başqa bir vaxt seçimimdən peşman olmadım. Qismət belə imiş. Həyatda nə olursa, yaxşılığa doğru olur. Elə olmasaydı, istehsalata getməyəcəkdim bəlkə də.

Xoşbəxt Yusifzadə 1952-ci ilin dekabrından 1954-cü ilin martınadək "Dənizneft” İstehsalat Birliyində əvvəlcə böyük mühəndis, sonra bölmə rəisi işləyir. Deyir, maaşı yüksək olduğundan ailəsinin maddi vəziyyəti xeyli yaxşılaşmışdı. İnstitutda oxuyan bacılarına kömək edırdi. Anasını da işdən çıxartdırmışdı. Bir sözlə, dolanışıq da, işlər də yaxşı idi. Amma bununla belə özünü narahat hiss edirdi. Fikirləşirdi ki, bilavasitə istehsalatda çalışmasa, yaxşı geoloq ola bilməyəcək. Odur ki, "Gürganneft” trestinin baş geoloqu Fuad Səmədovun təklifi və öz xahişi ilə Neft Daşlarının birinci mədəninin böyük geoloqu vəzifəsində işə başlayır. Neft Daşlarına getdiyi ilk günü isə dünən olmuş kimi xatırlayır Xoşbəxt müəllim:

- Heç unutmaram həmin günü... O vaxt çox arıq, çəlimsiz, fiziki cəhətdən zəif bir oğlandım. Boyum yaxşı idi - 174 santimetr. Amma çəkim cəmi 54 kilo gəlirdi. Buna görə də evdə məni Neft Daşlarına getmək fikrindən daşındırmağa çalışırdılar. Deyirdilər, ağlını başına yığ, əcəl səni girləməsin, ora getsən, birtəhər olacaqsan, öləcəksən. Bir böyük çamadanım vardı. 1954-cü il martın 24-də onu da götürüb mindim avtobusa. Getdim Pirallahıya. Neft Daşları Pirallahı adasından 40 km uzaqda yerləşir. Hansı tərəfdə avtobusdan düşəcəyimi bilmədiyim üçün səhv yerdə düşdüm. Ona görə də gəmiyə minmək üçün estakadanın üstündə çemodınımı sürüyə-sürüyə xeyli getdim. Gəmiyə minib, 3 saat sonra Neft Daşlarına çatdım. Mənə gəminin üstündə balaca bir otaq verdilər. Batırılmış gəminin kayutalarının birində qalırdım. Bir hadisə hələ də yadımdadır. Təzə işlədiyim vaxtlardı. Deməli, quyu qazmadan qurtarandan sonra gərək böyük təzyiq altında onun kipliyini yoxlayasan. Geoloqun vəzifəsi dayanıb bu prosesi nəzarətdə saxlamaqdı. Gərək yarım saat ərzində manometrdəki təzyiq düşməsin. Qar yağır. Qalmışam quyunun üstündə əsə-əsə, manometri izləyirəm. Ustalardan biri dedi çıx get, təzyiq düşməyəcək aşağı. Yazığı gəldi mənə. Dedim, yox ey, gərək yarım saat dayanım. Axırda dedi, "əşşi, elə bir manometr qoymuşam ki, qualdayla da vursan, əqrəbi aşağı sala bilməzsən. Çıx get burdan. Hər şey qaydasındadı” (gülür)...

Çox həvəslə işləyirdim. Təzə gedəndə gördüm axşamlar iş olmur deyə cavanlar bir yerə yığılıb vaxtlarını mənasız işlərə sərf edirlər. Trestin hər iki mədəninin gənc mühəndislərini toplayıb, elmi dərnək yaratdım. Həmin mühəndislər hər ay burada elmi məruzələrlə çıxış edir və həmkarlarını əldə etdikləri elmi nəticələrlə tanış edirdilər. Sonralar bu elmi dərnək elmi cəmiyyətə çevrildi. Geoloji şöbəm artıq əsl elmi mərkəz olmuşdu. Trestin baş geoloqu Fuad Səmədov bütün tədqiqat işlərinin mənim şöbəmdə cəmləndirilməsini tapşırmışdı. Həmin il Neft Daşlarında laylara su vurulması prosesi başlandı. Bu proses tədqiqat işlərinin daha da genişləndirilməsini tələb edirdi. Az sonra bu işlərin sorağı Azərbaycanın bütün neft sənayesinə yayıldı...


Heydər Əliyevlə tanışlıq


1958-ci ildə Xoşbəxt Yusifzadəni Neft Daşlarında yeni yaradılmış elmi-tədqiqat və istehsalat işləri sexinə əvvəlcə baş geoloq, sonra rəis təyin etdilər. 1960-cı ildən partiyanın XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsi rəisinin müavini - baş geoloq kimi çalışır. 1963-cü ilin avqustunda Xəzərdə neft axtarışı və hasilatı işlərini sürətləndirmək məqsədilə dənizi qurudan ayırırlar və dəniz üzrə baş idarə yaradılır. Xoşbəxt Yusifzadəyə isə baş geoloqun müavini - şöbə rəisi vəzifəsində işləmək təklif edilir. "O vaxt tez-tez xəstələnirdim. Həkimlər mənə imkan düşən kimi dənizdən quruya "köçməyi” məsləhət görmüşdülər. Odur ki, təklifi qəbul etdim”, - deyir Xoşbəxt müəllim. Beləliklə, həmin ilin oktyabrından "Azneft”in binasında işləməyə başlayır. 1970-ci ilin martında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin göstərişi ilə "Xəzərdənizneft” İstehsalat Birliyi rəisinin müavini - baş geoloq vəzifəsinə təyin olunur. Amma Xoşbəxt Yusifzadənin Ümummilli Liderlə ilk tanışlığı bundan üç il əvvəl olmuşdu:

- 1967-ci ildə Türkiyənin ozamankı baş naziri Süleyman Dəmirəl Sovet İttifaqında səfərdə idi. Moskvada rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Hörmətli qonağı Qum adasına müşayiət edən rəsmi şəxslərdən biri də DTK-nın sədri general Heydər Əliyev idi. Bizim ilk tanışlığımız o vaxt oldu. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra 1970-ci ilin dekabrında keçirilən plenum da yaxşı yadımdadır. O, plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil edərək yaranmış gərgin vəziyyətin əsl səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Lakin onun bilavasitə rəhbərliyi və nəzarəti altında Azərbaycanın neft sənayesinin inkişafında yeni mühüm mərhələ başlandı. Ötən əsrin 70-ci illərinədək Xəzər neftçilərinin sərəncamındakı texniki vasitələr bizə dənizin dərinliyi yalnız 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin sahələrdə əksər neft-qaz yataqları aşkar olunmuş, dənizdə neft və qaz çıxarılması imkanları xeyli azalmışdı. Heydər Əliyevin təşəbbüskarlığı və iradəsi, SSRİ rəhbərləri ilə görüşləri ona gətirib çıxartdı ki, SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin böyük dərinliklərində görüləcək işlər üçün vəsait və texnika ayırdı. Nəticədə ötən əsrin 70-ci-80-ci illərində Azərbaycanda müxtəlif təyinatlı gəmilərin sayı 450-ni keçdi. Xəzər dənizində 2500 ton gücündə "Azərbaycan” kran gəmisi işə başladı. İlk vaxtlarda dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması üçün "Xəzər” tipli üzən qazma qurğuları, sonralar isə dənizin dərinliyi 200 metrə qədər olan yerlərində işləmək üçün "Şelf” tipli yarımdalma üzən qazma qurğuları, eləcə də "Süleyman Vəzirov” borudüzən gəmisi alındı. Bununla Xəzərin daha böyük dərinliklərində zəngin neft və qaz ehtiyatlarına malik yataqların kəşf edilməsinə imkan yarandı. Nəticədə dənizin daha dərinliyində yerləşən "Günəşli” yatağı kəşf edildi. İndi adları bütün dünyada məşhur olan "Azəri”, "Çıraq” və "Kəpəz” yataqlarının kəşfi də həmin qazma qurğularından istifadə edilməsi ilə bağlıdır.

Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda tikilməsi də Heydər Əliyev əməyinin, iradəsinin nəticəsidir. Zavodun inşa edilməsi üçün sovet hökumətinin 450 milyon dollar vəsait ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi.


Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi - "Əsrin müqaviləsi”


X.Yusifzadə deyir ki, 1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra bir tərəfdən iqtisadi əlaqələrin pozulması, təchizatla bağlı problemlərin kəskinləşməsi və maliyyə çatışmazlığı, digər tərəfdən də siyasi həyatın sabitlikdən uzaq olması nəticəsində neft sənayesi sözün əsl mənasında iflic olur. Neft və qaz hasilatının səviyyəsi getdikcə aşağı düşür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dənizin dərin hissəsindəki sahələrinin mənimsənilməsi üçünsə respublikanın vəsaiti və müasir texnikası olmur. Problemin həllinin yalnız bir yolu qalır: dünyanın nəhəng şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək...

- Əlbəttə, bu fikrə respublika daxilində etiraz edənlər çox oldu. Deyirdilər, bizim yaxşı təcrübəmiz var, 170 ildir neft çıxarırıq, özümüz hər şeyi edə bilərik. Amma o adamların çoxu neft sənayesini dərindən bilmirdi. Bəli, bizim ağlımız, bacarığımız var, o yataqları açmışıq, amma cibimiz boş idi. Vəziyyət ağır, texnika yox - bu durumda yataqların istismarı məsələsinin öhdəsindən gələ bilməzdik. Özümüzə qalsaydı, gərək 30-40 il gözləyəydik ki, texnikamız və maliyyəmiz olsun, işləyək. Tez bir zamanda məsələni həll etmək üçün də bir çıxış yolu vardı - neft-qaz sənayesinin inkişafı. Mən də illərdir bu işin içində olan adam kimi inanırdım ki, məhz bu yol bizə yaxşı nəticə qazandıracaq. Həm də Xəzərdə xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ 80-ci illərin sonlarından vardı. Lakin bu sahədə danışıqlar qurtarmamışdı.

Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən respublikanın sükanı arxasında dayandıqdan sonra bu işi inamla sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda və ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Onda İlham Əliyev Dövlət Neft Şirkətində beynəlxalq əlaqələr üzrə vitse-prezident işləyirdi. 1994-cü ilin iyulunda İlham Əliyev, Valeh Ələsgərov, Natiq Əliyev və mən də daxil olmaqla nümayəndə heyətimiz Birləşmiş Ştatlara getdi. Orada 45 gün davam edən danışıqlar prosesi çox gərgin keçirdi. Tərəflərin hər biri öz mövqeyini, mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik, acıq edib gedirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsiniz bu nə deməkdir? Halbuki Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi və zəhməti nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, 7-8 il gözləməli olacaqdıq.

Biz qarşımıza qoyulan şərt barədə Ulu Öndərə məlumat verdik. Onun göstərişi ilə İlham Əliyev Vaşinqtona uçdu, orada faydalı görüşlər keçirib, məsələni yoluna qoydu. Nəhayət, 1994-cü il sentyabrın 20-də Prezident Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəraitdə Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar "Əsrin müqaviləsi” adını almış "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Həmin gün tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi kimi yazıldı. Sonralar Prezident Heydər Əliyev o günü öz fərmanı ilə "Neftçilər günü” kimi əbədiləşdirdi.

X.Yusifzadənin sözlərinə görə, bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və bu ölkəyə sərmayə qoymaq olar. "Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaratdı. Bununla da Azərbaycan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Və heç təsadüfi deyil ki, bu müqavilədən sonra daha 34 müqaviləyə imza atıldı. Beləliklə də, Azərbaycanda neft hasilatı sahəsində vəziyyət kökündən dəyişməyə başladı. Əgər 1997-ci ildə respublikada cəmi 9 milyon ton neft hasil edilmişdisə, 2011-ci ildə bu rəqəm 51 milyon tona yüksəldi.

- Artıq 20-ci ildir ki, "Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları "mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın "mənfəət nefti” xarici bazarlara çıxarılır. 2020-ci il yanvarın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 292,8 milyon tona qədər "mənfəət nefti” satılıb ki, bu da bütün hasil edilən neftin 58,6 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır. Keçən il ərzində "Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş 26 milyon 200 min ton neftin 18 milyon 100 min tonu, yəni 69 faizi Azərbaycanın payına düşən mənfəət neftidir.

İmzalanmasının 25 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, layihənin törəmələri meydana gəldi. Onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. "Əsrin müqaviləsi” Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ikinci şah əsəri oldu. Onda da ağız büzənlər oldu. Dedilər neynirik onu, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri var. Amma Heydər Əliyev müdrikliyi sayəsində bilirdi ki, hasil etdiyimiz nefti bu iki xətlə xaricə çıxara bilməyəcəyik, bizə üçüncü xətt mütləq lazımdır. Bu əsas ixrac boru kəməri ilbəil artan Azərbaycan neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə nəql edilməsinə imkan verdi. Əgər bu günə qədər xarici bazarlara 555 milyon ton neft çıxarılıbsa, bunun təxminən 400 milyon tonu Bakı-Tbilisi-Ceyhan vasitəsilə olub.

Təbii ki, "Əsrin müqaviləsi” olmasaydı, "Şahdəniz” yatağı da olmayacaqdı. "Şahdəniz” yatağı Ümummili Liderimizin üçüncü şah əsəri oldu. Ehtiyatları 1 trilyon 200 milyard kubmetrdən artıq qaz, 240 milyon ton kondensat olan bu yataq dünyanın ən böyük yataqlarından biridir. "Azəri-Çıraq-Günəşli” yataqları Azərbaycanı dünyada neft ölkəsi kimi tanıtdırandan, "Şahdəniz” yatağının işlənməyə başlanmasından və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınmasından sonra Azərbaycan dünya bazarına qaz ixracatçısı kimi qədəm qoydu.

Azərbaycan və onun neft-qaz sənayesi "Əsrin müqaviləsi”nin imzalanmasından keçən 25 ildə əsrə bərabər bir inkişaf yolu keçib. Heydər Əliyevin başlatdığı neft strategiyasını cənab İlham Əliyev layiqincə davam etdirir. Əminəm ki, bu böyük tərəqqi yolunda biz hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq.


"Yaxşı ki, bu "Pobeda”nı da əlindən almayıblar”


"Xoşbəxt Yusifzadə xəritədə əlini hara qoysa, ordan neft çıxar”. Bu fikrin hardan qaynaqlandığını soruşuram qocaman neftçidən. Deyir, 68 ildir neft sənayesində çalışır. 22 yaşından bəri ayağını bu sahədən kənara qoymayıb. 10 il Neft Daşlarında işləyib. 33 yaşından bütün Xəzər dənizində aşağıdan yuxarı işləyib, neft yataqlarının işlənməsində iştirak edib, çoxsaylı işlərə rəhbərlik edib. "Bütün yataqları ovcumun içi kimi bilirəm. Deyirlər, 20 yataq açmışam. Bir adam təkbaşına yataq aça bilməz. Sadəcə elə vəzifədə işləmişəm ki, axırıncı söz məndə olub. Son nöqtəni mən qoymalı olmuşam. Ona görə istər-istəməz rəhbərliyim, tapşırığım altında kəşf olunub. O yataqları bilməyim imkan verirdi nəticəni əvvəldən təxmin edim. Ötən ay yubileyim münasibətilə keçirilən mərasimdə ölkə başçısı İlham Əliyev belə bir cümlə dedi: "Xoşbəxt Yusifzadə Xəzər dənizinin cikini də bilir, bikini də”. Səbəb budur. O vaxt xaricilər demişdi "Şahdəniz”də 400 milyard ehtiyat var. Mən demişdim 1 trilyondan çox olacaq. Heydər Əliyev də qayıtdı ki, "Azərbaycanda Xəzəri Xoşbəxt kimi bilən ikinci adam yoxdur. O nə desə inanıram”, - söyləyərək gülür qocaman neftçi. Sonra fikrə dalır. Deyir, "bilmirəm həkim olsaydım, tibb sahəsini də bu qədər dərindən bilərdimmi, bu qədər məşhur olardımmı?! Yəqin orda da bacarığım üzə çıxardı. Görünür, həqiqətən də, bu həyatda təsadüf yoxdur. Bütün təsadüflər elə zərurətlərdən doğur. Mənim bu neft sahəsinə gəlməyim kimi...”

- Bircə onu bilirəm ki, hansı sahədə olur-olsun insan çalışmalı, zəhmət çəkməli, məsuliyyətli, özünə qarşı tələbkar olmalıdır. Məhz bu xüsusiyyətlər sayəsində qazanmışam bütün nailiyyətləri. Mən müdirlər üçün o qədər də asan işçi olmamışam. Bu vaxta qədər 20 müdirim olub. İş üstündə çoxlu mübahisələr etmişəm. Demək olmaz hər sözüm düzdür, amma öz fikrim olub həmişə. Hamı da məni çox istəyib. Bu hadisəni işçilərimə də danışıram. Bir dəfə Moskvadan idarə rəisi gəlmişdi. Maşında mənimlə gəzirdi. Mənim də o vaxt sınıq-salxaq bir "Pobeda”m vardı. Elə hey soruşurdu niyə dəyişmirsən bu maşını. Birlikdə girdik rəisin yanına. Bir az mübahisə elədim. Otaqdan çıxanda dedi, yaxşı ki, bu "Pobeda”nı da əlindən almayıblar...

Bəs görəsən işçilər üçün necə müdirdir Xoşbəxt Yusifzadə? Üzündən daim əskik olmayan təbəssümünə, işıqlı simasına baxanda adama elə gəlir ki, heç hirslənmir. Amma sən demə, müdir kimi də o qədər "asan” biri deyil.

- Tələbkaram. Üzüm dönəndə Allah göstərməsin. Bütün Neft Şirkətində "Xoşbəxt müəllimin tarappası” anlayışı var. Hərdən "tarappa” olmasa düzəlmir. Məktəbdə komsomol katibi seçiləndə birinci gün iclasda əlimi direktorun stoluna necə çırpdımsa, üstündəki şüşə sındı. Hacıbaba müəllim dedi, yaxşı ki, səni direktor eləməyiblər, yoxsa məktəbdə bir salamat şüşə qalmazdı... Məncə, tələbkarlıq olmalıdı. Çünki bütün insanlar eyni cür deyil. Hərənin bir xasiyyəti var. Müdirlik özü də asan deyil. Amma indiyə qədər bir işçini belə işdən çıxartmamışam... Bir tələbə yoldaşım vardı. Deyirdi, "arzum müdir olmaqdı. Tabeçiliyimdə cəmi 3 nəfər işləsin, amma adım müdir olsun”. Mənim elə arzularım olmayıb. Elmlə məşğul olmaq istəmişəm. Məktəbi bitirib instituta qəbul olunmağı arzulamışam. İnstitutu bitirib yaxşı yerdə işləməyi diləmişəm. Anam bizi o qədər əziyyətlə dolandırırdı ki, istəyirdim evə kömək edim, onun yükünü azaldım. Beləcə, bir arzudan başqa arzu doğurdu...

Evdə də yeri gələndə tələbkar oluram. Bilirsiz, indiki cavanlarla çox çətindir. Hərənin öz fikri var. İşlərinə çox qarışmaq olmur. Hamısı hesab edir ki, böyükdür, özləri hər şeyi bilir. Amma onlardan tələb edə bilmərəm mənim kimi kitab oxusunlar. Axı mənim vaxtımda televizor yox idi. Kitabxanada oxunmamış kitab qoymurdum. İndi isə televizor, internet, kompüter var. Ancaq yenə də kitab oxumaq lazımdı. Onun ləzzəti bir ayrıdır. Bəzən soruşurlar istəyirsən cavanlar sənə oxşasın? Deyirəm yox, istəmirəm. Çünki mənə oxşasalar geriləmə olar. Cavanlar gərək bizdən də üstün, bacarıqlı olsun.


"Dünyanın xoşbəxti mənəm dünyada”


Çox ölkələrə səfər edib Xoşbəxt Yusifzadə. Dünyanın hansı ölkəsində olmayıb ki?! Gözəlliyinə heyran qaldığı, təmiz havasını ciyərlərinə çəkdiyi şəhərlərdə gəzib. Amma Azərbaycan, Bakı kimi doğma olmayıb onların heç biri. İçindəki vətən sevgisi, azərbaycançılıq imkan verməyib başqa ölkədə yaşasın, işləsin.

- Çox təkliflər gəlib... Amma heç vaxt başqa ölkədə nə işləmək, nə yaşamaq fikrində olmuşam. Mən o balaca kəndimi dünyanın ən gözəl ölkəsinə də dəyişmərəm.

Deyirlər, doğulanda uşağa qoyulan ad onun gələcək taleyini müəyyənləşdirir. Xoş bir gündə dünyaya göz açan Xoşbəxt Yusifzadənin də taleyinə adının təsiri olub hardasa. Keşməkeşlərinə, əziyyətlərinə, çətinliklərinə, kədərlərinə rəğmən bəxti xoş insan demək olar ona.

- Adımın mənə ziyanı olmayıb, xeyrindən başqa. Hər halda bu addan ötrü əziyyət çəkməmişəm. Övladına xoş bəxt arzulayan atam özü bədbəxt olsa da, qoyduğu ad mənə düşüb. Amma atamın adını oğluma verdim, o, tez köçdü dünyadan... Həyat çox mürəkkəbdir... Nəyin necə olacağını bilə bilmərik. Bu 90 ildə hər şey görmüşəm. Həyatım heç də asan keçməyib. Çətinliklərim də olub, ağır günlərim də. İki oğlumu itirmişəm... Ümumiyyətlə, xoşbəxtlik tam olmur, müəyyən anlarla yaşanır. Amma cəmləşdirəndə həyatımdan razıyam. 90 illik ömrümdə xoş günlərim çox olub. O günlərdən biri də yubileyim münasibətilə dövlət səviyyəsində keçirilən mərasim idi. Ona görə də mahnıdakı kimi, "dünyanın xoşbəxti mənəm dünyada” deyə bilərəm. Elə bu yaşa qədər yaşamaq, işləmək özü də böyük bir xoşbəxtlikdir. Son nöqtəni qoymaq səlahiyyəti isə İlahinin əlindədir. Bu nöqtəni o, nə vaxt qoyacaq bilmirəm. Hələ ki, yaşayır, çalışır, düşünür, sözümü deyirəm. Hərdən bu barədə fikirləşəndə də yadıma dünyagörmüş kişilərin sözü düşür: "Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM