06 Mart 2020 01:54
32821
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Respublikası adından


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və Vüqar Zeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazovun,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər R.İsmayılov və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi (bundan sonra - Milli Məclis) buraxılmış, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 171.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) təqdim edir.

Konstitusiyanın 86-cı maddəsinə görə, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

"Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - "Konstitusiya Məhkəməsi haqqında” Qanun) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin 171.3-cü maddəsi).

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna əsasən:

1. Seçki siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş);

2. Səsvermədə iştirak edən seçicilərin sayı - 2 510 135 (iki milyon beş yüz on min yüz otuz beş);

3. Dairə seçki komissiyalarının sayı - 125 (bir yüz iyirmi beş);

4. Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı - 125 (bir yüz iyirmi beş);

5. Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı - 121 (bir yüz iyirmi bir);

6. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 4 (dörd);

7. Səsvermənin baş tutmadığı seçki dairələrinin sayı - 0 (sıfır);

8. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 328 (üç yüz iyirmi səkkiz) olmuşdur.

Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokoluna əsasən 125 seçki dairəsindən 121 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Mərkəzi Seçki Komissiyasının 2020-ci il 13 fevral tarixli 23/132, 23/133, 23/134 və 23/135 saylı qərarları ilə 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız hesab edilmişdir.

Bundan başqa, Konstitusiya Məhkəməsinə təqdim edilmiş materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər materiallar əsasında 328 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Materiallardan o da görünür ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən ümumilikdə 87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.

Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolundan göründüyü kimi, bu sənədi Mərkəzi Seçki Komissiyasının 17 həlledici səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.

Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin 171.3-cü və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürov və həmin kafedranın müəllimi G.Cəbinin rəylərindən göründüyü kimi, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki komissiyalarının protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş bütün məlumatlar daxil edilmiş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Protokolların karandaşla yazılması və həmin protokollara hər hansı düzəlişlərin edilməsi müəyyən olunmamışdır.

Beləliklə, ekspertlərin rəyindən göründüyü kimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğundur.

Mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın rəyinə əsasən, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 121 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin 100.2 və 107.3-cü maddələrinin tələblərinə tam cavab verir. Həmin protokollar Seçki Məcəlləsinin 107.2-ci maddəsinə müvafiq olaraq məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Mərkəzi Seçki Komissiyasının yekun protokolu Seçki Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir.

Dairə seçki komissiyaları protokolların, Mərkəzi Seçki Komissiyası isə yekun protokolun hesablanmasını düzgün aparmışlar. Həmin sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.

Mütəxəssislərin rəyinə əsasən 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə dair Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş 121 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə tam uyğun tərtib edilmişdir.

Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli 5d-64/2020 və 2020-ci il 4 mart tarixli 5d-66/2020 saylı məktublarından göründüyü kimi, seçki günündən sonra məhkəməyə 72 ərizə daxil olmuş, onlardan 13 iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilmiş, 16 iş üzrə iddia mümkün sayılmamış, 2 iş üzrə iddia qismən təmin edilmiş, lakin bu dairə seçki komissiyalarının ümumi nəticələrinə təsir göstərməmiş və 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməmişdir.

Sumqayıt Apelyasiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli 02110/2020 saylı məktubunda göstərilmişdir ki, həmin məhkəmədə Mərkəzi Seçki Komissiyasının qərarı ilə bağlı 20 işə baxılmış, 12 iş üzrə iddia təmin edilməmiş, 7 iş üzrə iddialar mümkün sayılmamış və 1 iş aidiyyəti üzrə göndərilmişdir.

Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 3 və 4 mart tarixli 31-15/2020 saylı məktublarına əsasən məhkəmənin icraatında Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı 19 işə baxılmış, onlardan 15 iş üzrə iddia təmin edilməmiş, 4 iddia isə mümkün sayılmamışdır.

Şirvan Apelyasiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli 6dx-87/2020 saylı məktubundan məlum olduğu kimi, bu məhkəməyə Mərkəzi Seçki Komissiyasının qərarlarından 21 ərizə daxil olmuş, 16 iddia təmin edilməmiş, 4 iddia mümkün sayılmamış və 1 iddia aidiyyəti üzrə göndərilmişdir.

Şəki Apelyasiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli 26/255, 2020-ci il 4 mart tarixli 26/260 və 26/268 saylı məktublarından göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 18 ərizə daxil olmuş, 15 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2020-ci il 2 mart tarixli 20-03/22 saylı məktubuna əsasən, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə bağlı 1 işə baxılmış, iddia təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 4 mart tarixli 2-124/20 saylı məktubundan görünür ki, həmin məhkəmə tərəfindən 78 işə baxılmış, onlardan 64 iş üzrə apelyasiya instansiyası məhkəmələrinin qərar və qərardadları dəyişdirilmədən saxlanılmış, 3 iş üzrə məhkəmə qərarları ləğv edilmiş və yenidən işlərə baxılarkən iddialar təmin edilməmiş və ya mümkün sayılmamış, 9 iş üzrə kasasiya şikayəti mümkün sayılmamış, 2 iş isə geri qaytarılmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun 2020-ci il 27 fevral tarixli 04xid1490 saylı məktubundan göründüyü kimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı seçki hüququnun və seçki prosesinin pozulması ilə əlaqədar cəmi 67 müraciət daxil olmuş, həmin müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.

Beləliklə, məhkəmələr tərəfindən təqdim olunmuş məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələrdə müraciətlər əsasında baxılmış işlər 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur,

3 saylı Babək-Kəngərli-Naxçıvan,

4 saylı Naxçıvan şəhər,

5 saylı Şahbuz-Babək,

6 saylı Culfa-Babək,

7 saylı Ordubad-Culfa,

8 saylı Binəqədi birinci,

9 saylı Binəqədi ikinci,

10 saylı Binəqədi üçüncü,

11 saylı Qaradağ,

12 saylı Qaradağ-Binəqədi-Yasamal,

13 saylı Xəzər-Pirallahı,

14 saylı Xəzər,

15 saylı Yasamal birinci,

16 saylı Yasamal ikinci,

17 saylı Yasamal üçüncü,

18 saylı Nərimanov-Nizami,

19 saylı Nərimanov birinci,

20 saylı Nərimanov ikinci,

21 saylı Nəsimi birinci,

22 saylı Nəsimi ikinci,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizami birinci,

25 saylı Nizami ikinci,

26 saylı Sabunçu birinci,

27 saylı Sabunçu ikinci,

28 saylı Sabunçu üçüncü,

29 saylı Səbail,

30 saylı Suraxanı birinci,

31 saylı Suraxanı ikinci,

32 saylı Suraxanı üçüncü,

34 saylı Xətai ikinci,

36 saylı Xətai dördüncü,

37 saylı Nizami birinci (Gəncə),

38 saylı Nizami ikinci (Gəncə),

39 saylı Kəpəz birinci (Gəncə),

40 saylı Kəpəz ikinci (Gəncə),

41 saylı Sumqayıt birinci,

42 saylı Sumqayıt ikinci,

43 saylı Sumqayıt üçüncü,

44 saylı Sumqayıt-Xızı,

45 saylı Abşeron,

46 saylı Şirvan,

47 saylı Mingəçevir,

48 saylı Yevlax,

49 saylı Yevlax-Mingəçevir,

50 saylı Abşeron-Qobustan,

51 saylı Qusar,

52 saylı Quba,

53 saylı Quba-Qusar,

54 saylı Şabran-Siyəzən,

55 saylı Xaçmaz şəhər,

56 saylı Xaçmaz kənd,

57 saylı Kürdəmir,

58 saylı Hacıqabul-Kürdəmir,

59 saylı Salyan,

60 saylı Salyan-Neftçala,

61 saylı Neftçala,

62 saylı Saatlı,

63 saylı Sabirabad birinci,

64 saylı Sabirabad ikinci,

65 saylı Saatlı-Sabirabad-Kürdəmir,

66 saylı Biləsuvar,

67 saylı Cəlilabad şəhər,

68 saylı Cəlilabad kənd,

69 saylı Cəlilabad-Masallı-Biləsuvar,

70 saylı Masallı şəhər,

71 saylı Masallı kənd,

72 saylı Yardımlı-Masallı,

73 saylı Lənkəran şəhər,

75 saylı Lənkəran-Masallı,

76 saylı Lənkəran-Astara,

77 saylı Astara,

78 saylı Lerik,

79 saylı İmişli,

81 saylı Beyləqan,

82 saylı Ağcabədi,

83 saylı Ağcabədi-Füzuli,

84 saylı Füzuli,

85 saylı Şamaxı,

86 saylı İsmayıllı,

87 saylı Ağsu-İsmayıllı,

88 saylı Göyçay,

89 saylı Göyçay-Ağdaş,

90 saylı Ağdaş,

91 saylı Ucar,

92 saylı Zərdab-Ucar,

93 saylı Bərdə şəhər,

94 saylı Bərdə kənd,

95 saylı Tərtər,

96 saylı Goranboy-Naftalan,

97 saylı Goranboy-Ağdam-Tərtər,

98 saylı Şəmkir şəhər,

99 saylı Şəmkir kənd,

100 saylı Şəmkir-Daşkəsən,

101 saylı Göygöl-Daşkəsən,

102 saylı Samux-Şəmkir,

103 saylı Gədəbəy,

104 saylı Gədəbəy-Tovuz,

105 saylı Tovuz,

106 saylı Tovuz-Qazax-Ağstafa,

107 saylı Qazax,

108 saylı Ağstafa,

109 saylı Balakən,

110 saylı Zaqatala,

111 saylı Zaqatala-Balakən,

112 saylı Qax,

113 saylı Şəki şəhər,

114 saylı Şəki kənd birinci,

115 saylı Şəki kənd ikinci,

116 saylı Qəbələ,

117 saylı Oğuz-Qəbələ,

118 saylı Ağdam şəhər,

119 saylı Ağdam kənd,

120 saylı Cəbrayıl-Qubadlı,

121 saylı Laçın,

122 saylı Xankəndi,

123 saylı Kəlbəcər,

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,

125 saylı Zəngilan-Qubadlı

seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.

3. Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar "Azərbaycan”, "Respublika”, "Xalq qəzeti”, "Bakinski raboçi” qəzetlərində və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr Fərhad Abdullayev

Bakı şəhəri, 5 mart 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video