06 Mart 2020 01:40
926
Mədəniyyət
A- A+

Sözün sərrafı


Şeir dünyasına qəlbinin hökmü ilə gələn, "saz mənim danışan dilim, düşünən beynim, döyünən ürəyimdir” - deyən xalq şairi Zəlimxan Yaqub yazdığı kitabları ömrünün mənası hesab edirdi. Şairin fikrincə, ən böyük var-dövlət insanın ürəyidir. Odur ki, şair özünü hər zaman sazın çalındığı, sözün oxunduğu yerdə hiss edirdi.

"Ən doğma yer yazı masamdır” - deyərdi Zəlimxan Yaqub. Sözlə dolu sinəsi yazı masasına söykənəndə bu vəhdət, bu doğmalıq poetik xarüqələr yaradırdı. Bu məqamlarda onun qəlbinə hakim kəsilən vətənpərvərlik hissləri, sevgi-məhəbbət duyğuları şahə qalxırdı. Zəlimxan poeziyası sərhəd tanımayıb. Doğma vətənin azadlığı və müstəqilliyi, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiram, dövlətçiliyimizə daimi xidmət borcu, böyük Türk dünyasının varlığına və əzəmətinə fəxarət hissi Zəlimxan Yaqub poeziyasının ana mövzularıdır. Bütün bu və digər mühüm məqamlar barədə Kürdəmirdə, xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının keçirdiyi tədbirdə ətraflı danışıldı. Tədbiri giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı unudulmaz şairin söz işığına təşrif gətirmiş tədbir iştirakçılarını salamladı. Dil və ədəbiyyat müəllimi Şəfəq Ağayeva Zəlimxan Yaqubun zəngin yaradıcılıq üslubundan, onun şeirlərinin özünəməxsusluğundan ətraflı söhbət açdı.

Məktəblilər, eləcə də bədii qiraətçi Ərəstun Sadıqov istedadlı saz ifaçısı Əli Dağlaroğlunun müşayiəti ilə Zəlimxan Yaqubun şeirlərindən nümunələr söylədilər. Rayonun ziyalıları, o cümlədən yazıçı-hüquqşünas Əlisəfa Azayev, ustad Aşıq Şakirin övladı Ağaməhəmməd Hacıyev və başqaları şair haqqında xatirələri bir daha yada saldılar. Tanınmış ziyalı Mətin Mirzə tədbirə göndərdiyi səs yazısı vasitəsilə atası, xalq artisti Mikayıl Mirzənin Zəlimxan Yaqubla olan dostluğu və yaradıcılıq əməkdaşlığı barədə fikir və düşüncələrini bildirdi.

Zəlimxan Yaqubun monitorda nümayiş etdirilən videogörüntüləri, öz səsi ilə dediyi şeirləri həzin duyğular oyatmaqla unudulmaz şairə olan hörmət və ehtiramı daha da artırırdı. Bunları seyr etdikcə tələbəlik illərimə təsadüf edən maraqlı bir günü xatırladım. Həmin o günü ki, Azərbaycan televiziyasının "Tələbə klubu” verilişinin növbəti çəkilişi bizim oxuduğumuz doğma universitetdə aparılırdı. Veriliş birinci və beşinci kursda oxuyan tələbələrin görüşünə həsr olunmuşdu. Bir çox tələbələr də görüşə dəvətli idilər. Mən bu verilişdə tələbə-rəssam, Zəlimxan Yaqub isə tələbə-şair kimi təqdim olunmuşduq. Verilişin tələbinə uyğun olaraq tələbə həyatı ilə bağlı çəkdiyim 12 rəsmi də özümlə gətirmişdim. Verilişin aparıcıları Ofeliya Sənani və rəhmətlik Rafiq Hüseynov idi. Çəkiliş növbəsi mənə çatanda çəkdiyim rəsmlər bir-bir ardıcıl olaraq ekranda iri formatda göstərilir və hər rəsmin məzmununa uyğun olaraq bir bənd şeir səsləndirilirdi. Beləliklə, maraqlı bir süjet yarandı.

Mən həmin şeirlərin kim tərəfindən yazılması ilə maraqlandım. Dedilər Zəlimxan yazıb. Zəlimxan o vaxt kitabxanaçılıq fakültəsində oxuyurdu. Mən Zəlimxana yanaşıb rəsmlərimə yazdığı şeirlərə görə ona minnətdarlığımı bildirdim. Beləliklə, bu tələbə-şairlə ilk tanışlığım belə yarandı.

Bu da maraqlıdır ki, dünən gənc və qaynar təbli, təpədən dırnağa şeiriyyata bağlı olan bir tələbə kimi duyub hiss etdiyim, yaradıcılığından həmişə böyük zövq aldığım Zəlimxan Yaqubdan bu gün ahıl yaşda danışıram. Ruhun şad olsun, ustad şairimiz!

Tofiq ABDULLAYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video