05 Mart 2020 03:28
1613
SİYASƏT
A- A+

Siyasi tərəfdaşlıq mədəni əməkdaşlıqdan başlayır


Müstəqilliyinin bərpasından sonra Azərbaycan üçüncü onillik ərəfəsində regionun ən inkişaf edən ölkələrindən biri, o cümlədən mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü artıq təsdiq edib.

Aradan keçən müddətdə mövcud diplomatik əlaqələr çərçivəsində Azərbaycan inkişaf etmiş Avropa dövlətləri ilə sıx əməkdaşlıq, bəziləri ilə isə artıq strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurub. Bu, əlbəttə, Azərbaycan dövlətinin bütün istiqamətlərdə inkişafı əsasında mümkünləşib. Siyasi, iqtisadi, mədəni münasibətlər fonunda ölkəmizin əlaqələri ildən-ilə artmaqda, müxtəlif nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi də tanınmaqdadır. Azərbaycan-İtaliya münasibətlərində də müstəsna inkişaf tempi yaranıb. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan rəsmi Bakının seçimi sayəsində əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 21-də Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirakı zamanı bütün bunlar haqqında ətraflı söz açıldı. İtaliyanın Prezidenti Sercio Mattarellanı xüsusi məmnunluq hissi ilə ölkələrimiz arasındakı münasibətlərə diqqət çəkdi: "Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək”.

İtaliyanın dövlət başçısı onu da bildirdi ki, forumdan sonra veriləcək konsert yalnız Azərbaycan xalqının yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin ölkələr arasında mövcud olan dərin mədəni oxşarlıqları da bir daha sübut edir: "Təsadüfi deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlayacaq...”

Prezident İlham Əliyev isə xüsusi olaraq vurğuladı ki, Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi var: "Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur”.

Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində də münasibətlər uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.

İtaliya qədim sivilizasiyanın beşiyidir. Onun mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Minlərlə Azərbaycan vətəndaşı hər il İtaliyaya turist səfərləri edir. Son üç il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artımın qeydə alınması da bunun təsdiqidir.

Bildiyimiz kimi, son illər iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqda intensivlik müşahidə olunur. Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir. Artıq ənənə halını almış İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək isə İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərən amillərdən hesab edilir.

Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi "2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İli” elan olunub. Bu münasibətlə səfər çərçivəsində fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan və İtaliyanın dövlət başçılarının da iştirak etdiyi konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib. Elə bu çərçivədə İtaliyanın müxtəlif şəhərlərində təşkil olunacaq çoxsaylı tədbirlər ölkələrimizin mədəniyyətinin İtaliyada kütləvi tamaşaçı auditoriyalarında olmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri hesab edilən Romada Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur.

İki ölkənin elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr də intensiv xarakter alıb. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili üzrə tərcüməçi ixtisası tədris olunur. Bundan başqa, həmin tədris ocağında italyan dili mərkəzi də fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində - Roma Sapienza və Venesiya Ka Foskari universitetlərində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Habelə son illərdə İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb.

Ölkəmizin tarixi, mədəniyyəti, bugünkü həqiqətləri barədə italyan dilində çoxsaylı kitabların nəşrini də bu siyahıya əlavə etsək, mövcud əlaqələrin səviyyəsinin yüksək olduğunu görərik.

Təbii ki, 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyət İli” elan edilməsi ilk növbədə Azərbaycan mədəniyyətinin İtaliyada təbliğini nəzərdə tutur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin sözlərinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev ilə İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeski arasında imzalanan memorandum ölkəmizin mədəniyyət sahəsinə bir çox istiqamətlər üzrə öz töhfəsini verəcək: "2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyət İli” elan edilməsi ilə bağlı müvafiq tədbir və fəaliyyətlər həyata keçiriləcək. Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılması, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESKO-nun mədəni irs siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunması, eyni zamanda İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə olunmasıdır. Ölkədə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da vacib istiqamətlərdəndir”.

Yeri gəlmişkən, bu memorandumun imzalanması ölkəmizdə kino sənətinin inkişafına da böyük töhfə verəcək. Belə ki, burada İtaliya, orada isə Azərbaycan kino günlərinin keçirilməsi, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı layihələrin reallaşdırılması - film festivallarının, ekran əsərlərinin istehsalı və təbliğində birgə fəaliyyət də bir istiqamətdir. Qarşılıqlı əlaqələr həmçinin teatr sahəsinə də müsbət təsir göstərəcək.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənəd çoxölçülü, çoxşaxəli, hərtərəfli tərəfdaşlığın müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video