05 Mart 2020 01:45
1183
Səhiyyə
A- A+

Maska qıtlığı, yoxsa möhtəkirlərin növbəti “bazarı”?


Prezident İlham Əliyev insanların təşvişini fürsətə çevirənlərə sərt xəbərdarlıq etdi


Dünyanı cənginə alan koronavirus bəlası Azərbaycandan da yan keçmədiyi üçün hökumət epidemiyanın ölkədə kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər görür. Nazirlər Kabineti dərman vasitələrinin və tibbi ləvazimatlarının alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

Ölkədə beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları yaradılıb. Bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşan bu laboratoriyalar paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.

Ötən ay bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən müxtəlif yollarla aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair də qərar verilib.


Maska hamının ala biləcəyi qədərdə və qiymətdə olmalıdır, amma...


Dövlətin bu istiqamətdə ciddi tədbirlər həyata keçirməsinə baxmayaraq, mediada, xüsusən də sosial şəbəkələrdə xəstəliklə bağlı yayılan bəzi yanlış məluamatlar, səs yazıları narahatçılığa səbəb olur. İnsanlar bu bəladan qorunma yolları axtarır, müxtəlif çarələr düşünür. Xəstəliyin profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı mütəxəssis fikirləri təzadlı olsa da, tibbi maskalardan istifadə ilə yoluxma riskinin azala biləcəyini düşünənlər say çoxluğu təşkil edir. Və elə bu səbəbdən də qoruyucu maskalara tələbat xeyli artıb, amma...

Paytaxt apteklərində müşahidələrdən məlum oldu ki, sən demə, iki aydır dünyanın koronavirusla mübarizə apardığı, digər ölkələrdən qıtlığını çəkdiyi tibbi maska, spirt idxal etməsi, bəzi "işbaz”larımızın da diqqətindən yayınmayıb. Bunu ciblərini doldurmaq üçün əlavə qazanc mənbəyinə çevirməyi planlaşdırıblar...

Nədən ki, hələ virusun özü yox, xəbəri Azərbaycana çatandan yavaş-yavaş apteklərdə maska, spirt, qrip dərmanları azalmağa, bahalaşmağa başladı. Virus sərhədlərimizə yaxınlaşanda və nəhayət ölkəmizdə aşkarlananda isə əməlli-başlı yoxa çıxdı. Sadalanan tibbi ləvazimatları, dərmanları almaq üçün ardıcıl baş çəkilən onlarla aptekdən "yoxdur” cavabı alındı. Əgər həmin ləvazimatlar tapılsa belə, onlar iki-üç qat baha oldu. Məsələn, əvvəllər 5 qəpiyə satılan tibbi maskalar 80 qəpikdən 2 manatadək, 2 manata satılan filterli maskalar isə 8-10 manata təklif olunur. 50 qəpiklik spirt də bahalaşıb - 2-3 manat olub.

Əslində, maska hamının ala biləcəyi qədərdə və qiymətdə olmalıdır. Aptekdəki satıcılar isə maskaların ya depoda olmaması, ya da onlara gündəlik limitlə verildiyini bildirirlər...


"Hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”


Azərbaycanda süni şəkildə yaradılan "maska qıtlığı”, qiymət artımı məsələsinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında Prezident İlham Əliyev sərt münasibət göstərdi və bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəyini bildirdi: "Son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Prezident çıxışı zamanı bir daha vurğuladı ki, Azərbaycanın səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb.

Ümumiyyətlə, koronavirus bütün dünyanı, insanlığı narahat edən bir bəladır. Bu xəstəlik kasıb, varlı, yüksək vəzifəli ayırd etmədən hər kəsi cənginə keçirmək gücündədir. Bu bəladan qurtarmaq isə, hamımızın, bütün insanların əl-ələ verib ona qarşı mübarizə aparması ilə mümkün ola bilər. Daha vicdanı yaddan çıxarıb insanların təşvişini fürsətə çevirməklə yox...

Müvafiq dövlət strukturları Prezidentin iradından və tapşırıqlarından ciddi nəticə çıxarmalı, vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşıb möhtəkirlərin "bazarını” bağlamalıdırlar.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video