04 Mart 2020 17:37
410
SİYASƏT
A- A+

Qırğızıstanlı jurnalist: Azərbaycan özünəyetərli, zəngin və təhlükəsiz ölkədir

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Qırğızıstan nümayəndə heyətinin üzvü, "Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporova "Odlar Yurdunda” sərlövhəli məqaləsində Milli Məclisə seçkilər prosesi, ölkəmizin paytaxtı Bakı şəhəri və onun sakinləri barədə təəssüratlarını bölüşüb.

Məqalə müəllifi yazır: "Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəhbərinin, Prezidentin Joqorku Keneşdə (Parlament) nümayəndəsinin, Qırğızıstan Xalq Assambleyası sədrinin, deputatların və jurnalistlərin daxil olduğu nümayəndə heyəti Bakıya Azərbaycan tərəfinin dəvəti ilə Milli Məclisə seçkilərin necə təşkil olunduğunu və necə keçirildiyini müşahidə etmək üçün, bir sözlə, təcrübə toplamaq üçün gəlmişdi. Axı tezliklə bizdə də parlamentə mandatlar uğrunda bu cür mübarizə olacaq. Yeri gəlmişkən, müxtəlif ölkələrdən və qitələrdən – Avstraliyadan ta Amerikaya qədər müxtəlif guşələrdən dəvət edilənlər çox idi. Mətbuat nümayəndələri üçün ayrılmış onmərtəbəli oteldə səhərdən başlamış axşamdan xeyli keçənə qədər jurnalistlərin səsi eşidilirdi. Parlament seçkiləri yalnız müşahidəçilərin, ekspertlərin və reportyorların bu cür izdiham şəklində toplaşdığı halda açıq və şəffaf hesab edilir. Demək istəyirəm ki, Bakıda hər şey beynəlxalq normalara və tələblərə uyğun idi.

Seçkilər sivil ölkələrdə qəbul edilmiş demokratik qayda üzrə keçirildi. Ötən çərşənbə günü seçkilərə tam yekun vurulub. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri daha çox deputat mandatı qazanıblar. Əlbəttə, müxalifət seçkilərin yekunlarından narazı idi. Bu da aydındır, çünki heç kəs uduzmağı xoşlamır. Lakin müxalifətin mənfi emosiyaları küçələrdə etirazlara və mitinqlərə çevrilmədi. Prezidentin Joqorku Keneşdə nümayəndəsi deyib: "Seçkilərdə təcavüz olmadı. Ölkədə daha çox pozitiv hiss olunur”.

Jurnalist Azərbaycanın paytaxtı, Dənizkənarı Bulvar, şəhərin rəmzləri, qədim İçərişəhər və başqa görməli yerlər barədə təəssüratlarını bölüşüb. O yazır: "Azərbaycanın özünəyetərli, zəngin və təhlükəsiz ölkə olduğunu hiss etmək üçün bir neçə gün orada olmaq kifayətdir. Keçmiş prokurorluq işçisi olmuş bir tanışım hələ Bişkekdə mənə demişdi ki, Bakının küçələrində hətta gecə vaxtı, üstündə bir kiloqram brilyant olduğu vəziyyətdə rahat gəzə bilərsiniz, heç kəs onları əlinizdən almayacaq. Bu sözləri bizə Bakıda da təsdiq etdilər.

Daha bir məqam. Bakıda turizm üçün münasib sayılmayan bir vaxtda da hara baxsan, turistləri görərsən. Fevralda hava o qədər də xoş keçmir. Biz gələn gün hava bir qədər yumşalmışdı, amma sonra Xəzərdən sözün həqiqi mənasında buz kimi külək əsdi. Əlcəksiz adamın əlləri donurdu.

Lakin azərbaycanlılara xas olan emosionallıq, üzügülərlik və səxavət küləkdən daha güclü oldu. Biz rəsmi dairələrin nümayəndələri ilə görüşlərdən əlavə, bazarlara, mağazalara da baş çəkir, xalqın sıravi nümayəndələri ilə də görüşürdük. Yerli alverçilərin heç biri sənə pis mal sırımaq istəməyəcək, heç kəs bunu ağlına belə gətirməyəcək. Amma "malın qiymətini öldürmək” qafqazlılara xas olan bir ənənə və ünsiyyət vasitəsidir.

Azərbaycanlılar ünsiyyəti xoşlayan xalqdır. Əlbəttə, dövlət dilinə daha çox üstünlük verilir, lakin yaşlı və orta nəslin nümayəndələri rus dilini də əla bilir, cavanların əksəriyyəti isə ingilis dilində daha yaxşı danışır. Biz Qırğızıstandan gəldiyimizi deyəndə gənclərin reaksiyasından hiss olunurdu ki, onların ölkəmiz barədə məlumatı azdır. Yaşı 40-dan yuxarı olanlar isə Qırğızıstan barədə, bizim inqilablar, onların hakimiyyət dəyişikliyi ilə başa çatması barədə bilirlər.

Azərbaycanlılar ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə səmimi hörmət bəsləyirlər. Heydər Əliyev bu insanlar üçün ideal olub və bu gün də belədir, çünki ölkə üçün, onun xalqı üçün çox iş görüb, xalqın şad günündə də, çətin günlərində də onun yanında olub. Heydər Əliyevin həyat və fəaliyyəti sözün ən yüksək mənasında hakimiyyət və vətənpərvərlik etalonu olub. Öz keçmiş rəhbərlərinə Azərbaycandakı qədər hörmət və ehtiram bəslənilən başqa bir ölkə yadıma düşmür. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun adını daşıyan mədəniyyət mərkəzi tikilib. Bu qeyri-adi bina əsl memarlıq incisi, müasir Bakının ən görməli yerlərindən biridir.

Mərkəzin layihəsinin memarı Zaha Hadid nüfuzlu Pritsker mükafatına layiq görülmüş ilk qadındır. Qədim məscidlərin divarlarındakı ərəb hərflərinin yazılışında olduğu kimi, bu mərkəzin xarici görkəmində də iti bucaqlar və düz xətlər yoxdur. Bu binaya baxanda, xüsusən onun daxilində olanda insan sanki gerçəklikdən uzaqlaşır, gələcəyə - 100 il sonrakı dövrə düşür. Bina bu dərəcədə qeyri-adidir. Deyilənə görə, bu mərkəzə yuxarıdan baxanda onun cizgiləri Heydər Əliyevin imzasını xatırladır.

Mərkəzin daxilində böyük, ağ zallar, hər şey Heydər Əliyevlə bağlıdır – onun maşınları, Prezident kabinetindəki mebel, sənədlər, fotoşəkillər, onun paltarları, təltifləri, hədiyyələri toplanıb. Bizə dedilər ki, burada həmişə çoxlu adam, o cümlədən gənclər və uşaqlar olur. Vətən sevgisi, vətənpərvərlik hissləri belə tərbiyə olunur. Burada həm də müxtəlif konsertlər və sərgilər təşkil olunur.

Bakı haqqında söhbət etdiyim adamların çoxu mənə deyirdi ki, azərbaycanlılar neftdə çimirlər, ona görə belə varlıdırlar. Lakin Allah bizdən də təbii sərvətlərini əsirgəməyib. Amma... Ölkənin indiki lideri İlham Əliyevin fikrincə, "Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik, bir də öz resurslarına güvənməkdir. Prezident kimi mənim bir məqsədim Azərbaycanı özünəyetərli və heç kəsdən asılı olmayan ölkəyə çevirməkdir. Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet olub, çünki bu, siyasi müstəqillik üçün təməldir”.

Neft isə, obrazlı şəkildə desək, bu hədəfi və ideyanı yalnız qidalandırır. Amma neft həqiqətən çoxdur. Şəhərdən 10 kilometr məsafədə də buruqlar görünür. Paytaxtın yaxınlığında yerin təkindən çıxan qaz isə, deyilənə görə, min ildir ki, yanır. Bura Yanardağdır. Doğrudur, hazırda alov yalnız Yanardağın ətəyində görünür. Çoxsaylı turistlər təbiətin bu möcüzəsini öz gözləri ilə görmək üçün buraya gəlirlər. Əlbəttə, biz də onlara qoşulduq.

Azərbaycanda İpək yolu ilə bağlı tarixi yerlər çoxdur. Məsələn, Atəşgah. Xalça Muzeyi, Müasir İncəsənət Muzeyi, teatrlar, bənzərsiz şərablar və milli mətbəx. Azərbaycanda üzüm, xurma və avokadodan da şoraba hazırlayır, ət və balıq xörəklərinə əlavə edirlər.

Əlbəttə, dörd gündə bütün tarixi yerləri görmək, bütün ləziz nemətləri dadmaq mümkün deyil. Buna görə çox istərdim ki, xalq arasında "Odlar Diyarı” adlanan Azərbaycanla tanışlığımız davam etsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video