04 Mart 2020 03:48
612
İQTİSADİYYAT
A- A+

DB və BVF-də Azərbaycanda aparılan islahatlardan danışılıb


Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanda həyata keçirilən islahatlarla bağlı müzakirələr aparılıb.

Maliyyə Nazirliyinə istinadən AZƏRTAC xəbər verir ki, nazir Samir Şərifov ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. S.Şərifov BVF-nin sərəncamçı direktoruna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib.

K.Georgiyeva Prezident İlham Əliyev ilə 2019-cu ilin yanvarında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu deyib.

Görüşdə ölkəmizin regional və qlobal miqyasda oynadığı mühüm rolun əhəmiyyəti vurğulanıb, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın müasir vəziyyəti və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi ətrafında səmərəli müzakirələr aparılıb.

Maliyyə naziri S.Şərifovun Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri Cihad Azur və fondun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və BVF-nin 4-cü maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.

S.Şərifov həmçinin Dünya Bankının vitse-prezidenti Siril Müller ilə görüşüb. Görüşdə ötən ay Prezident İlham Əliyev və DB-nin icraçı direktoru Aksel Van Trontsenburq arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşündən irəli gələn məsələlərin icrası və gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycanın Maliyyə naziri ABŞ-ın Dövlət katibinin İqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video