03 Mart 2020 01:15
2063
SİYASƏT
A- A+

İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Cənub qaz dəhlizi” bütün iştirakçı ölkələrin davamlı inkişafına xidmət edəcək


Məşvərət Şurasının VI toplantısı diqqəti layihənin sonuncu seqmentinin - TAP-ın uğurla tamamlanmasına yönəltdi


"Cənub qaz dəhlizi” Məşvərət Şurasının VI toplantısı da Bakıda keçirildi. 2015-ci ildən başlayaraq bu toplantıların hamısının Azərbaycanın paytaxtında keçirilməsi ölkəmizin həmin nəhəng layihənin təşəbbüsçüsü və aparıcı qüvvəsi olduğunu bir daha təsdiq edir.

Məşvərət Şurasının budəfəki iclası bir növ nailiyyətlərin hesabatına çevrildi. İclasda 13 ölkənin səlahiyyətli nümayəndələri, çoxsaylı enerji şirkətləri və maliyyə qurumları iştirak etdi. Bu da təsadüfi deyil. Çünki "Cənub qaz dəhlizi” Avropanın enerji təhlükəsizliyində strateji amildir. Dəhlizi yaradan üç kəmərin ümumi uzunluğunun 3500 kilometr olması, layihənin ümumi dəyərinin 40 milyard dollara yaxın vəsait təşkil etməsi faktları da deyilənlərə əyani misaldır.

"Cənub qaz dəhlizi”ndə yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliya iştirak edirlər. Beynəlxalq maliyyə qurumlarının, ABŞ-ın, Böyük Britaniyanın və Avropa İttifaqının dəstək verdiyi layihə bu il uğurla tamamlanacaq. Belə ki, dörd seqmentdən üçü artıq fəaliyyətdədir. "Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin başa çatdırılması 2018-ci ilin may ayında Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin təntənəli açılışına imkan verdi. Təxminən bir ay bundan sonra TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 2019-cu ilin sonunda isə Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstan sərhədinə çataraq TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşdu. TAP-ın çəkilişi də artıq başa çatmaq üzrədir. İşlərin 92 faizi tamamlanıb.

"Cənub qaz dəhlizi”nin bu möhtəşəm uğurlarına Məşvərət Şurasının toplantılarının böyük dəstəyi olub. Şura illərdir layihənin icrasında səyləri birləşdirən və gücləndirən işçi mexanizmə çevrilib.

Prezident İlham Əliyevin toplantıdakı nitqində dediyi kimi: "Məşvərət Şurası bu layihənin həyata keçirilməsində çox vacib rol oynayıb. Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir. Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər”.

Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardt də tədbirin əhəmiyyətini yüksək dəyərləndirmişdir: "Məşvərət Şurasının bu VI toplantısı tamamilə özəl bir iclasdır. Çünki bir tərəfdən bizim qeyd ediləsi işlərimiz var və Prezident Əliyevin "Cənub qaz dəhlizi”nin böyük mərhələləri ilə bağlı bizə verdiyi məlumatdan görə bilərsiniz ki, bütün bunlara 2011-ci ildə start verilib. Biz indi sadəcə 2020-ci ildəyik və buna nail olunması özlüyündə tamamilə inanılmazdır.

Düşünürəm ki, "Şahdəniz-2” yatağından hasil edilən qazın ilin sonunadək Avropa İttifaqına - İtaliyaya qədər nəqli ilə bağlı sadə fakt bizim hamımız üçün fantastik nailiyyət olacaq”.

TAP-ın əhəmiyyəti həm də ondadır ki, bu kəmər "Cənub qaz dəhlizi”ni Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB), İon-Adriatik Qaz Kəməri (İAP), eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya) ilə əlaqələndirəcək. Nəticədə Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər açacaq və bölgəyə yeni təchizat mənbələrindən yararlanmaq imkanı verəcək.

Beləliklə, indi əsas diqqət sonuncu seqmentin - TAP-ın üzərində cəmləşib. Odur ki, Məşvərət Şurasının toplantısında bu kəmərin çəkilişində son işlərin vəziyyəti ətraflı təhlil olunub.

TAP-ın icraçı direktoru Luca Schieppati bildirib ki, kəmərin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür və xəndəyə endirilir. Qazılmış sahələr torpaq örtüyü ilə bərpa olunur. Biri Yunanıstanın Kipoi, digəri isə Albaniyanın Fier məntəqəsində olmaqla iki kompressor stansiyasının inşası yekunlaşıb.

Məşvərət Şurası eləcə də perspektivdə dayanan işlərə toxunub. TAP layihəsində 20 faizlik paya malik olan "Snam” (İtaliya) şirkətinin beynəlxalq əlaqələr və biznesin inkişafı üzrə direktoru Alessandra Pasini bildirib ki, kəməri "Snam Pete” qaz şəbəkəsinə birləşdirmək üçün 55 kilometrlik interkonnektorun çəkilişi planlaşdırılır.

İGB-nin operatoru olan "İCGB AD” şirkətinin icraçı direktoru Teodora Geoergiyeva diqqətə çatdırıb ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi üzrə prioritet daşıyan layihələrdən biridir. Həmin xəttin vasitəsilə Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq.

Məşvərət Şurası bir daha vurğulayıb ki, Azərbaycan böyük coğrafiyanı əhatə edən bu qlobal təşəbbüsünü beynəlxalq dəstəklə başa çatdırmaqdadır. "Cənub qaz dəhlizi” bütün tərəflərin maraqlarının təmin olunmasına və qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanan məqsədə yönəldilib. TAP-ın, nəticə etibarilə "Cənub qaz dəhlizi”nin nəzərdə tutulduğu vaxtda, yəni bu ilin sonunadək başa çatdırılması mühüm əhəmiyyət daşıyır. Yeddi ölkənin, çoxsaylı şirkətlərin və digər qurumların əməkdaşlıq formatı layihənin uğurla tamamlanmasına imkan verəcək, "Cənub qaz dəhlizi” bütün iştirakçı ölkələrin davamlı inkişafına, onların qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video