03 Mart 2020 01:00
746
SİYASƏT
A- A+

Düşməni lərzəyə salan hərbi təlimlər


Bu gün artırılan döyüş vərdişləri sabah Azərbaycanın qələbəsini təmin edəcək


Bir aydan sonra şanlı aprel döyüşlərinin 3-cü ili tamam olacaq. Erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə ordumuzun keçirdiyi həmin hərbi əməliyyatlar məlum həqiqətlərə yeni işıq saldı.

Bununla Azərbaycan göstərdi ki, ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq və torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ən əsası isə bu zəfər Azərbaycan Ordusunun qüdrətinin praktik təsdiqi oldu.


Ordumuzun qüdrətlənməsi daim prioritetdir


Respublikamızda bu gün prioritet elan edilmiş vəzifələrdən biri ordunun gücləndirilməsi, ümumən silahlı qüvvələrin bütün qoşun növlərinin döyüş qabiliyyətinin artırılması, modernləşməsidir. Xüsusən döyüş imkanlarının artırılmasında ən son hərbi texnologiyaların tətbiqi diqqət yetirilən əsas məsələlərdəndir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı, status-kvonu qorumağa çalışdığı üçün ordumuz yenilməz və hər bir tapşırığı əzmlə yerinə yetirməyə qadir olmalıdır.

Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə gərəkən addımları atır. Bu gün Azərbaycanın dövlət büdcəsində əsas yeri hərbi xərclərin tutması da tamamilə məntiqlidir. Bunun nəticəsidir ki, silahlı qüvvələrimizin döyüş imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində davamlı və ardıcıl işlər aparılır. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkili məsələlərinə də xüsusi diqqət yetirilir.

Bütün bunlar göstərir ki, ordumuzun bu gün dünyanın ən güclü 50 hərbi gücü sırasında olması heç də təsadüfi deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ordumuzun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir və bu işdə Azərbaycanın milli müdafiə sənayesi kompleksinin imkanları mühüm rol oynayır.


Hər bir təlim döyüş qabiliyyətini artırır


Silahlı qüvvələrdə qarşıya qoyulan ən əsas məsələlərdən biri döyüş qabiliyyətinin daimi olaraq artırılmasıdır. Bu məqsədlə təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir.

Son dövrlərdə isə ordumuzun təlimlərinin sayı xeyli artıb. Məsələn, təkcə 2019-cu ildə bir neçə genişmiqyaslı təlim keçirildi. Bu təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, düşmənə bir neçə istiqamətdə zərbə vurulması, gecə vaxtı hücumun dəf edilməsi, müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya atəşinin endirilməsi tapşırıqlarını yerinə yetiriblər.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri də sınaqdan keçirilib.


Qoşunlar yenidən poliqonlardadır


Dünəndən etibarən isə qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, ordumuz genişmiqyaslı yeni komanda-qərargah təlimlərinə başlayıb. Bu təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq. Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.

Ordumuzun təlimlərinin miqyası hər dəfə Ermənistanın hərbi-siyasi dairələrində dərin narahatlıq və həyacanla qarşılanır. Birincisi, ona görə ki, düşmən Azərbaycanın hərbi gücünə bələddir. İkincisi isə hər dəfə təlimlərə cəlb edilən texnikanın sayı və icra edilən tapşırıqlar ermənilərin həsəd aparacağı bir səviyyədədir. Bu gün Ermənistanın özü kimi ordusu da miskin vəziyyətdədir. Ən əsası odur ki, rəsmi Yerevan bu təlimlərin son məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Azərbaycan isə təlimlərdə həm də müasir hərbi əməliyyatların keçirilməsində tətbiq olunan modern hərbi texnikalarını sınaqdan çıxarır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video