Alternative content

14:16 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhid şəhərin sevimli müəllimi, tənha başçısı, nisgilli vəkili...
Şəhid şəhərin sevimli müəllimi, tənha başçısı, nisgilli vəkili...
ANA SƏHİFƏ / SİYASƏT
00:49 28.02.2020


Payız sevinə-sevinə ilk addımını atsa da, yayın vidalaşıb getmək fikri yox idi hələ... Günəş topa-topa ağ buludların arasından gülümsəyib, o gün də şəfəqlərini səxavətlə kəndə paylayırdı... Yəqin yeni dərs ilinin ilk günündə özü məktəbliləri isti qucaqla qarşılamaq istəyirdi. Qarşıda onları gözləyən tale küləklərindən, həyatın soyuğundan, çovğunundan qorxmasınlar deyə...

Məktəbin həyətində topuğa qədər boy göstərən yaşıl otlarsa kənd uşaqlarının addımları altında əzilərək, sanki indidən onların ayaqlarını gələcək həyat yollarındakı daş-kəsəkdən qorumağa çalışırdılar...

Bütün qayğılardan uzaq məktəblilər sevinərək, deyib-gülərək, zarafatlaşaraq cərgələrdə öz yerlərini tuturdular. Birincilər üçün ayrılmış sıranın qabağında üzündə təbəssüm, ürəyində həyəcan balaca bir oğlan gözlərini qıyıb dayanmışdı. Əynində qara qədəh parçadan "finka”, boz qolsuz köynək vardı. Əlində çitdən tikilmiş torba - çanta tutmuşdu. İçində də dağılmasın deyə ağzına kağız salınmış mürəkkəbqabı və ucu lələkli qələm...

Bax, elə bu zamanı, bu məqamı, bu anı fotoqraf yaxalayıb aparatın lentinə köçürür. Beləcə, 1957-ci il sentyabrın 1-i - təbiətin bütün əlvan rənglərinin bir-birini əvəzlədiyi o gün tarixin ağ-qara kadrına çevrilir...

O vaxtlar Xocalıda çəkilən bütün fotolar ağ-qara, həyat isə rəngli olardı...

28 ildir ki, o ağ-qara şəkillərin heç biri yoxdur. Yanıb hamısı, külü də havaya sovrulub, düşmən tapdağı altında qalan torpağımıza qarışıb...

28 ildir ki, o rəngli həyat da başa çatıb. Xocalı da yoxdur daha...

Amma başqa şəkillər, başqa kadrlar, başqa görüntülər var...

Xocalının işğaldan əvvəlki tarixini, həyatını yaşadan bütün fotoları məhv olsa da, bu torpağın bütöv mənzərəsi onun beyninə çəkilib... Doğulub böyüdüyü diyar məhlə-məhlə, döngə-döngə, küçə-küçə yaddaşına əbədi həkk olunub... Adlarını əzbər bildiyi bulaqlar, çaylar indi onun ürəyindən qara qanlar kimi axır... Hər daşını, qayasını, ağacını, çiçəyini tanıdığı meşələr, dağlar, təpələr yalnız xəyallarında gəzib dolaşır... Amma ümidini, inamını itirmir - havasına, ətrinə həsrət qaldığı Xocalıya bir gün yenidən ayaq basacaq, qurub-yaradacaq...

Xocalının keçmiş icra başçısı, Qarabağ müharibəsi veteranı, "Azərbaycan bayrağı” ordenli, ötən dörd çağırışda bu şəhid şəhəri və ətraf rayonları parlamentdə təmsil edən, 9 fevral seçkilərinin nəticəsinə görə də dairəsində lider olan Elman Məmmədovun ağrılı-acılı həyat kitabını "Ömür səhifələri”ndə vərəqləyirik. Bir elin dərdinə şərik, qələmi silaha dəyişən, sinəsinə ana dağı çəkilən Elman Məmmədov həyatının Xocalıda keçən 42 ili ilə bağlı fotoları göstərə bilməsə də, danışdığı hadisələri, söz-söhbətləri, xatirələri ilə o dövrün şəklini, mənzərəsini çəkməyə çalışdı...


Uşaqlıq illərinin şəkli: zəhmət, əziyyət, bəhrə...


- Xocalıda çəkilən şəkillərim qalmasa da, beynimdən, yaddaşımdan ora ilə bağlı heç nə silinməyib. Hər şey bugünkü kimi gözümün qarşısındadır. Hətta birinci sinfə gedəndə geyindiyim paltarların, əlimdəki çantanın rənginə qədər...

1950-ci il oktyabrın 18-də Xocalıda doğulmuşam. Əsli-köklü xocalılıyam. Atamın babası Səfiyar bəy Xocalıda bəylərbəyi idi. Səfiyar bəygilin ata babalarının adına bir qaya vardı - "Kərbəlayı Abış” qayası deyirdilər. Xocalını 3 böyük nəslin törəmələri təşkil edirdi - Hacı Zeynal (general-polkovnik Ramil Usubovun ulu babası olub), Kərbəlayı Abış və Məşədi Feyzi.

Bizim bir tərəfimiz də qədim Kəngərlilər tayfasına gedib çıxır. Deyirdilər ki, hələ XVIII əsrin əvvəllərində Qarabağ xanı Naxçıvan xanından kömək istəyəndə ordan bir neçə min Kəngərli süvarisi gəlir. Şahbulaq qalasının ətrafında dörd yerdə düşərgə salıb məskunlaşırlar - Qızıllı, Pirhəsənli, Salahlı və Tərtər Kəngərliləri. O zaman qohumluqlar yaranır...

Bəy nəslindən olsaq da, cah-calal, var-dövlət içində yaşamamışıq. Atam danışırdı ki, çox əzab-əziyyətlə, yetimçiliklə böyüyüblər. Sovet hökuməti əksər qohum-əqrəbalarını sürgün edib, güllələyib, qalanlar da ağır şəraitdə, zülm içində yaşayıb. Atamın bir dayısı Abdulla o vaxt Sankt-Peterburqda ali təhsil alırmış. Oktyabr inqilabı baş verəndə qayıdıb Azərbaycana gəlir. Savadlı olduğu üçün ona dəymirlər. 1944-cü ilə qədər müxtəlif yerlərdə işlədiblər. Həmin il gecəylə evdən gəlib aparıblar. Sonrakı taleyindən heç bir məlumat yoxdur. Atamgil muzdur kimi işləyiblər. Hər zaman "siz bəy nəslisiniz, sinfi düşmənsiniz” tənələri ilə qarşılaşıblar. 16 yaşı olanda atamı bir neçə nəfərlə birlikdə müharibəyə göndərmək istəyirlər. Bakıda komissiyadan keçəndə hərbiyə yaşları çatmadığı məlum olur. Onları Bakıda saxlayıb Şmidt zavoduna işləməyə göndərirlər. Orada sürücülüyü öyrənir. Ömrünün sonuna qədər Xocalıda sürücü işləyirdi. Anam isə kolxozçu idi.

Uşaqlığım bütün kənd uşaqlarınınkı kimi keçib. Özümü tanıyandan bizi səhər yuxudan tez oyadardılar. Malla, qoyun-quzuyla, əkin-biçinlə məşğul olurduq. Xocalıdan 3 çay keçirdi. Xocalı çayı ortadan axırdı. Bakıdan gələndə kiçik çay olan İlis sağ, Qarqar sol üzdə qalırdı. Xocalı uşaqları o çaylarda, o daşların üzərində üzə-üzə, balıq tuta-tuta, oynaya-oynaya böyüyərdi. Ona görə deyirdilər ki, Xocalıda üzməyi bacarmayan uşaq yoxdur. Gözümüzü açandan o çayların içində görmüşük özümüzü. Xocalı çox barlı, bəhərli yerdi, torpaq məhsuldar, camaat zəhmətkeş idi. Hər kəsin həyətyanı sahəsi vardı. Valideynlərimizlə bərabər orda çalışır, məhsul yetişdirir, Ağdamın, Şuşanın, Xankəndinin bazarlarında satırdıq. Kənddə insanlar nə işlə məşğul olubsa, mən də hamısı ilə məşğul olmuşam. Maraqlı keçib uşaqlığım. O vaxt hiss etməsən də, böyüyəndə başa düşüb qiymətləndirirsən ki, valideynlər səni oxutmaq üçün nə qədər əziyyət çəkib, məhrumiyyətlərə düçar olublar...

Elman Məmmədov 1957-1964-cü illərdə Xocalı kənd məktəbində təhsil alır. Yuxarı sinifləri isə Xankəndi məktəbində oxumalı olur. Amma xeyli çətinlik və əziyyətlə...

- O vaxt Xankəndi ətrafında olan azərbaycanlı kəndlərinin heç birində orta məktəb yox idi. Xankəndinin özündə bir məktəb vardı. Direktoru yunan idi. Azərbaycan bölməsinin direktor müavini İsi Hacıyev, rus bölməsinin müavini erməni idi. 9-10-cu sinifləri orda oxumuşam. Birinci gün səhər gedir, şənbə günü dərsdən çıxanda qayıdırdıq evə. Guya bizə yataqxanada yer ayırmışdılar. Zirzəmidə pis şəraitdə qalırdıq. O vaxt kasıbçılıq idi. İmkanı olan uşaq evdən bir həftəyə uzağı 3 manat götürərdi. Amma əksəriyyətin imkanı yox idi, 2 manat götürürdü. Gündə 20-30 qəpik xərcləyərdi. Evdən gələndə analarımız boxçamıza gücü çatdığı qədər azuqə yığırdı. Təndir çörəyi, yumurta, kartof, soğan, mürəbbə... 14-15 yaşlı uşaqlar bacardığımız qədər bir şey hazırlayıb yeyirdik. Beləcə, orta məktəbi bitirdik...


Gəncliyin fotosu: məktəbdən səngərə uzanan həyat yolu


Əvvəl sənədlərini Tibb İnstitutuna verir, amma imtahandan keçə bilmir. Həmin il Bakı radio zavodunda fəhlə işləyir. Növbəti il Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə qəbul olur. İnstitutu bitirəndən sonra təyinatla Xocalıya riyaziyyat müəllimi göndərilir. 8-ci sinfə qədər oxuduğu məktəbdə bir vaxtlar ona dərs deyən müəllimləri ilə birlikdə işləməyə başlayır. 3 il sonra 1976-cı ildə Xocalı səkkizillik məktəbə dərs hissə müdiri, 1979-cu ilin oktyabrında direktor təyin edilir. 1985-ci ildə Xocalı tərəvəzçilik, südçülük sovxozuna partiya komitəsinin katibi, 1987-ci ilin yanvarında kənd soveti sədri seçilir. 1 il sonra isə Dağlıq Qarabağ hadisələri başlayır. Və o, qələmi silaha dəyişmək məcburiyyətində qalır...

- Qələmi silaha dəyişmək dövrün, həyatın tələbi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, ətrafında erməni yaşayış məntəqələri çox idi. Elə bir azərbaycanlı kəndi yox idi ki, ora maneəsiz gedib-gələsən. Biz ortada tək idik. O kəndlərdə ermənilərin muzdlu dəstələri, silahlı bölmələri hissə-hissə yerləşdirilmişdi. 366-cı alay da ermənilərə işləyirdi - zabit, gizir heyətinin xeyli hissəsi ermənilərdən ibarət idi. Yəni biz müdafiə olunmağa məhkum idik. Uşaqlı-böyüklü, qadınlı-kişili bütün Xocalı camaatı mənim rəhbərliyim ilə torpağımızın, vətənimizin müdafiəsinə qalxdıq. Sona qədər də müdafiə olunduq. Elim-obam sağ olsun, mənə inanıb etimad göstərirdilər. Mən də fəaliyyətimlə çalışırdım inamlarını qırmayım.

1988-ci il fevralın 12-də Əsgəranda, səhəri gün Xankəndidə mitinq oldu. Gecə teleqram gəldi ki, sabah Əsgəran Rayon Partiya Komitəsində fəallar yığıncağıdır. Səhər 9-da 5 nəfər ora getdik. Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov, Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi Konovalov, Əsgəranın birinci katibi Vaçaqan Qriqoryan, o vaxt Mərkəzi Komitədə inzibati şöbənin müdiri olan Məhəmməd Əsədov və digərləri də iclasda iştirak edirdi. İclas başlayan kimi ermənilər qalxdı ayağa. Fit çalır, ayaqlarını yerə çırpır, şüarlar səsləndirirdilər. Pəncərədən baxdıq ki, çöldə minlərlə erməni yığılıb. Bizi milisin köməyi ilə ermənilərin arasından çıxarıb maşına mindirdilər.

Həmin axşamdan Xocalıda özünümüdafiə postları qurduq. 4 il mühasirə şəraitində yaşadıq. Əvvəl Dağlıq Qarabağın ətrafımızda olan kəndlərindən qovulan azərbaycanlıları Xocalıda yerləşdirdik. Sonra Xankəndidə yaşayan azərbaycanlıların xeyli hissəsi, ardınca Ermənistan qaçqınları Xocalıya gəldi. Artıq 1991-ci ilin payızında Xocalı əhalisinin sayı 3 mindən 7 minə çatmışdı.

Elman Məmmədov danışır ki, ermənilərin Xocalıya ilk güclü hücumu 1988-ci il sentyabrın 18-də bazar günü olub. Həmin gün kənddə toy mərasimi vardı. O toy yasa çevrilir. Saat 3-4 radələrində onlara ermənilərin hücuma hazırlaşdıqları ilə bağlı xəbər çatır. Demə, ermənilər Xankəndidə mitinq keçirib qərar veriblər ki, Xocalını yandırıb, əhalini ordan çıxaracaqlar...

- 10 mindən çox insan mitinqdən birbaşa Xocalıya hücuma keçdi. Xankəndi ilə Xocalının arası təxmini 10 kilometr məsafədir. Kütlənin qarşısında "Kraz” maşınlar gəlirdi, içi iri armaturlar, partlayıcı, yandırıcı maddələrlə dolu idi. Bizim də cəmi 20 ov tüfəngimiz vardı. Bütün şəhər qadınlı-kişili əlində balta, dəhrə, bıçaq, yaba, dəryaz ermənilərin qabağına çıxdı. Hətta 15 yaşlı qızımız Arzu saçını kəsdirib, kişi paltarı geyinib, başına papaq qoyub oğlanlarla birlikdə ermənilərin qabağında durmuşdu. Biz öz ev-eşiyimizi, torpağımızı, əhalimizi qorumalı idik. Ermənilər 6 evimizi yandırdılar, çəpərlərə, ot tayalarına od qoydular. Xocalı sakinlərindən ölən olmamışdı, amma yaralılarımız çox idi. Ermənilər düşünürdülər ki, xocalılıların silahı, təminatı yox - qaçıb canlarını qurtarmağa çalışacaqlar. Amma əksinə oldu, özləri itki verdi.

Həmin gün Bakıdan Şuşaya, Laçına gedən magistral avtomobil yolunu Xocalının hər iki tərəfindən bağladıq. İrəvana gedən maşınlar Xankəndidə qaldı. Hərbçilər gəlməli idilər ki, danışıqlar getsin. Onda sovet qoşunu Əsgəranda yerləşirdi. Əsgəranla Xocalının arası cəmi 5 kilometr idi. Biz telefonla komendantla danışıb, yardım istədik. Dedilər, köməyə gəlirlər. Əsgəran milisi qoşunlara bələdçilik edirdi. Xocalıya təxmini bir kilometr qalmış, "86-cı kilometr” adlanan yolayrıcında milis qoşunu səhv istiqamətə yönləndirir. Nəticədə cəmi 10 dəqiqəyə şəhərə daxil olacaq qoşunlar 2 saatdan çox davam edən döyüş bitəndə Xocalı istiqamətində göründü. Ermənilər bizə məğlub olub geri qayıdanda sovet qoşunları ilə qabaqlaşdılar.

Həmin günün səhəri bütün mətbuata yaydılar ki, guya xocalılılar erməniləri qırıblar, 22 erməni öldürülüb. Sonradan bu rəqəmi 19-a endirdilər. Toqquşmanın səhəri saat 7-də İrəvandan yola çıxmış təyyarə Xocalı hava limanında eniş etdi. Zori Balayan və bir dəstə həkim, jurnalist, professor Xankəndiyə yola düşdülər. Onlar köməyə gedirdilər... Ovaxtkı Azərbaycan rəhbərliyi isə xocalılıların köməyinə yalnız 3 gün sonra gəldi. Sentyabrın 21-də artıq əhalinin vəziyyəti pisləşib, çörək, ərzaq bitəndə "Mi-2” vertolyotu Xocalıya endi. 3 nəfər - Həsən Həsənov, general Kamil Məmmədov və Ağdam ağsaqqalı Zeynal Məmmədov Xocalıya gəldi. Camaat ciddi giley-güzar, etiraz etdi. İlk istədiyimiz əhali üçün ərzaq, çörək oldu. Bizə bir "BTR” alıb verdilər və bir nəfəri Ağdamdan çörək gətirməyə göndərdim. Sonradan un, digər ərzaqlar da gətirə bildik.

O hadisədən sonra bir erməni belə saxlanılmadı. Amma 9 Xocalı sakinini həbs etdilər. Biz izah edə bilmirdik ki, ermənilər bizə hücum ediblər, biz onlara yox. SSRİ hüquq mühafizə orqanlarından 2 qrup Xocalıya gəldi. Məndən başlayaraq hamını sorğu-suala çəkdilər. Tutulan 9 nəfəri hər gün incidirdilər ki, hadisəni Elmanın törətdiyini deyin, sizi azad edək. Onda mən iki nəfərlə Əbdürrəhman Vəzirovun qəbuluna getdim. Üzərimizə hücuma keçdi. Dedi, "cinayətkarsan, qan tökmüsən, erməniləri qırmısan, səni həbs etdirəcəm”. Biz ona vəziyyəti izah etməyə çalışdıq. Dedim, bizim həbs edilən 9 sakinimiz azad edilsin. Bir də yazılı təklifimiz vardı ki, Ermənistandan qovulan azərbaycanlıların köçünün istiqaməti Dağlıq Qarabağa yönəldilsin. Onun da əleyhinə çıxdı. Dedi "sən istəyirsən qan tökülsün”. Sonradan o tutulan 9 nəfərdən yeddisi ara-ara sərbəst buraxıldı, amma ikisi iki ilə yaxın həbs çəkdi.


Gəncədə Yeltsinlə gərgin görüşdən kadr


1991-ci ilin aprelində Xocalı ərazi partiya komitəsi və Xocalı İcraiyyə komitəsinin sədri seçilən E.Məmmədov sentyabrda Azərbaycanda səfərdə olan Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə görüşür. Gəncədə baş tutan görüşü bu gün də nöqtə-vergülünə qədər xatırlayır Elman müəllim...

- Mən Şuşanın ovaxtkı rəhbər şəxsləri Mikayıl Gözəlov və Vaqif Cəfərovla birlikdə bir gün əvvəldən Gəncəyə getdim. Yeltsinin köməkçisi Qennadi Burbulis də gəldi. Oturub söhbət etdik. Gecəni qaldıq. Səhər Ayaz Mütəllibov, Telman Orucov, Məhəmməd Əsədov, Vaqif Hüseynov gəldi. Günorta orda Yeltsin və Nursultan Nazarbayevlə görüş oldu. Sonra həyətdə kreslo qoydular, Yeltsin oturdu, bir tərəfində Nazarbayev, digər tərəfində Ayaz Mütəllibov. Yeltsin dedi ki, Dağlıq Qarabağdan olan nümayəndələr gəlsin, onlarla söhbət edəcəm. Şaumyan rayonundan Ağacanyan soyadlı bir erməni də gətirmişdilər. Yeltsin çıxış elədi ki, sülh olmalıdı, barışmalısınız və s. Sonra da bizə müraciət etdi ki, kimin sözü var desin. Dedim, burda razılığa gəldiniz ki, Xankəndinə gedəndə üzərində Azərbaycan bayrağı asılan vilayət partiya komitəsinin binasında görüş olacaq. Amma məndə məlumat var ki, Qalina Starovoytova Zori Balayanla Stepanakertə gəlib sizi qarşılamağın ssenarisini hazırlayırlar, sizi o binaya qoymayacaqlar. Detalları da sadaladım. Bu barədə bir müddət əvvəl Azərbaycan rəhbərliyinə də məlumat vermişdim, mənə acıqlanmışdılar ki, elə şey yoxdur. Yeltsin də bərk hirsləndi, özü də çox kobud adam idi. Çımxırdı ki, təxribatla məşğulsan, Qalina Moskvadadır. Ayaz Mütəllibov da əsəbləşdi ki, kəs səsini. Onu da deyim, Gəncəyə getməmişdən qabaq işçilərimə tapşırıq vermişdim ki, Yeltsini Xocalı aeroportunda duz-çörəklə, milli musiqi ilə qarşılayaq. Tam hazırlıq görülmüşdü. Bunu bizim rəhbərlərə danışdım. Dedilər lazım deyil. Yenə danladılar məni, məcbur etdilər, öz yanlarında Xocalıya zəng vurub qarşılanma mərasiminin təxirə salındığını bildirdim.

Səhər tezdən saat 7-də hərbi vertolyotla Xocalı aeroportuna gəldik. Nə görsək yaxşıdı? Qarşıda erməni keşişi, ardınca erməni musiqiçiləri, oğlan-qızlar milli geyimdə, əllərində duz-çörək... Maşınlara oturub Stepanakertə getdik. Yolda minlərlə erməni maşını dayandırdı. Yeltsini düşürtdülər qucaqlarına alıb yük maşınında quraşdırılmış səhnəyə çıxartdılar. O da mikrofonu götürüb dedi: "Əziz erməni dostlar, mən sizinləyəm”. Bununla da münaqişəyə münasibətini bildirdi...


Naxçıvan səfərindən görüntü: Ulu Öndərlə unudulmaz görüş


1991-ci il sentyabrın 30-da Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə də görüşməyə müvəffəq olur. Həmin unudulmaz görüşü detallıca xatırlayır Elman Məmmədov...

- Mən, Rafiq Mürsəlov və Qüdrət həkim Gəncədən təyyarəyə minib Naxçıvana getdik. Özü də ayaqüstə, basabasla... Getməzdən əvvəl Naxçıvan həmkarlar komitəsinin sədri ilə əlaqə saxlayıb gələcəyimizi xəbər vermişdim. Bizi elə özü qarşıladı. Dedi gəlişiniz haqda Heydər Əliyevə məlumat vermişəm. Tapşırıb ki, Elman Məmmədovu Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasına gətirin. Ulu Öndər sessiyanı açıq elan etdikdən sonra mənim məclisdə olduğumu, Dağlıq Qarabağdakı vəziyyət haqqında məlumat vermək istədiyimi söylədi. Deputatlar qarşısında mövcud vəziyyət haqqında ətraflı danışdım. Sualları cavablandırdım, sonra əyləşdim. Köməkçisi yaxınlaşdı ki, yoldaş Əliyev tapşırdı gözləyəsiniz, sessiyadan sonra sizi qəbul edəcək. İclas çox uzun çəkdi, yekunlaşandan sonra Ulu Öndər məni qəbul etdi. Xeyli məsələləri soruşdu məndən, vəziyyəti ətraflı izah etdi. Maraqlı və faydalı görüş oldu. Oktyabrın 2-si yenidən Gəncəyə, ordan Xocalıya qayıtdım...


Çarəsizliyin şəkli: Xocalı mühasirədədir


1991-ci il oktyabrın 29-da Elman Məmmədov Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir. 2000-ci ilə - Milli Məclisin deputatı seçilənə qədər həmin vəzifədə çalışır.

Xocalının tam mühasirədə qaldığı son 4 aydakı ağır vəziyyəti təsvir etməyə çalışır keçmiş başçı. Deyir 1991-ci il oktyabrın 30-u gecə ermənilər Xocalıdan Ağdama gedən "UAZ” markalı avtomobili Əsgəranda vururlar. Maşının içərisində olan bir sərnişin ölür, digəri yaralanır. Elə həmin gecə ermənilər Əsgəran qalasından yolu bağlayırlar. Və Xocalı əhalisi son günə qədər 4 ay mühasirədə yaşayır.

- Bir neçə dəfə komendaturaya yalvarmaqla, xahiş-minnətlə, pul verməklə maşınlarla, ZTR-lərlə düzülən hərbi kolonun arasına bizim maşınları da yerləşdirib Ağdamdan ərzaq, yanacaq gətirdik, yaralıları, xəstələri aparıb-gətirdik. Amma əsas nəqliyyat vasitəmiz vertolyot idi. Sonuncu dəfə 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan, içində 50 nəfər olan mülki vertolyot Xankəndi üzərində ermənilər tərəfindən vuruldu. Bununla da vertolyotların uçuşu dayandırıldı. Bir neçə dəfə pul verib hərbi vertolyotlarla Gəncədən dizel yanacağı, çörək gətirtdik. Axırıncı dəfə fevralın 13-də Gəncənin ovaxtkı polis rəisi Eldar Həsənov, müavini Ramiz Cahangirovun köməyi ilə iki dəfəyə nəqliyyat vertolyotları ilə 300-ə qədər adamı - qadınları, uşaqları, qocaları Xocalıdan çıxartdıq. Rabitə qovşağımız generatorun hesabına axıra qədər fəaliyyətdə oldu, həm telefon, həm ratsiya işlədi. Yalvarır, xahiş edir, tələb edirdik ki, bizi hər an hücum gözləyir, köməyə gəlin. Bir neçə dəfə vertolyotla Bakıya gəlib Ali Sovetə girib, çıxış etdim. Zaldakı mikrofonları güclə, icazəsiz götürüb müraciətlər etmişəm. Bəzən təhqirə də yol vermişəm, söyüş də soymüşəm. Həmin çıxışların stenoqramlarını hələ də saxlayıram. Demişəm başınız qarışıb hakimiyyət davasına, millət qalıb sahibsiz, bizi qıracaqlar, mülki əhalini çıxarmağa kömək edin. Hər dəfə vəd verirdilər, heç nə edən olmurdu. Fevralın 24-ü AzTV-yə zəng etdim. Telefonu diktor Hicran Hüseynov götürdü. Ona özümü təqdim etdikdən sonra dedim, istəyirəm telekanalınız vasitəsilə respublika rəhbərliyinə və bütün dünyaya çatdırasınız ki, biz ölüm, qırğın, fəlakət qarşısındayıq, xocalılıları xilas etmək üçün tədbirlər görsünlər. O zaman televiziyanın rəhbəri Elşad Quliyev idi. 1996-cı ildə Xocalı ilə bağlı keçirilən məhkəmə prosesində Hicran Hüseynov ifadəsində bildirdi ki, Elman Məmmədov mənimlə danışdı, telefonoqrammanı mənə verdi, mən isə bunu Elşad Quliyevə çatdırdım. Onun sözlərinə görə, mənim dediklərimi yazıb, stolunun üzərinə qoyub, qayıdanda görüb ki, həmin kağız orada yoxdur. Kimin götürdüyünü bilməyib.

Elə həmin gün Tamerlan Qarayev Ağdamdan qərargahdan mənimlə danışdı. Dedi, sabah səhər çayımızı Xocalıda içəcəyik. Demə, Ağdamda neçə gündür hərbi əməliyyat planları işlənirmiş ki, hücum edib Xocalının yolunu açsınlar. Amma hər dəfə kimlərinsə əli ilə o planlar pozulurmuş. Beləcə, bizə yenə kömək gəlmədi...


Vəhşət dolu şəkillər: yandırılan evlər, öldürülən insanlar, işğal olunan şəhər


Xocalının son gününü ürək ağrısı ilə yada salır Elman müəllim. Bu gün də o gecədən danışanda səsi titrəyir, eyni hissləri yenidən yaşayır, o dəhşətli günə xəyalən yenidən qayıdır...

- Xocalının ətrafında 32 müdafiə postu vardı. Gündə bir neçə dəfə 4-5 nəfər döyüşçü ilə həmin postları yoxlayırdım. Fevralın 25-də kənddə ölü sükutu vardı. Bir güllə də atılmırdı. Biz də gözləyirik ki, bu saat Ağdamdan hücum edib yolumuzu açacaqlar. Axşam evə gəldim ki, bir stəkan çay içim. Saat 7 radələrində zəng gəldi ki, bir PDM Noragir tərəfdən keçdi. Noragir erməni kəndi idi, bizimlə arası 500 metr idi. 10 dəqiqə keçməmiş mesxeti türklərinin yaşadığı məhəllədən, Mehdikənd tərəfdən məlumat gəldi ki, ermənilər hərbi avtomobillər və piyada qüvvə ilə bizə tərəf hərəkət edirlər. Ard-arda hər tərəfdən məlumatlar gəldi ki, ermənilər artıq hücuma keçib. Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynova komanda verdim ki, ehtiyat qüvvələrini, döyüşçüləri mövqelərə yerləşdirin. Hamı səngərlərə toplandı. Hamı deyəndə ki, söhbət 300-dən bir az artıq döyüşçüdən gedir. Xocalının müdafiəçiləri sırf xocalılılardan ibarət idi. Xocalı özünümüdafiə batalyonunda 250 nəfərdən artıq döyüşçü vardı. Amma hamısı silahla təmin olunmamışdı. Cəmi 4 əl pulemyotumuz vardı, qalanları avtomat, tapança, tüfəng idi. 50 nəfər Xocalı milisi idi, 25 nəfər Əlif Hacıyevin rəhbərlik etdiyi aeroport milisi və Aqil Quliyevin rəhbərlik etdiyi 15 döyüşçü. 8 milyonluq Azərbaycanda Xocalıya köməyə bircə dekabrın 23-də Aqil Quliyevin rəhbərliyi ilə 21 döyüşçü gəlmişdi. Onlardan 5-i yanvarda Ağdama keçmişdi. Vertolyotların uçuşu dayandırıldığı üçün qayıda bilməmişdilər. Qalan 16 nəfərdən biri Musayev İlqar fevralın 19-da şəhid oldu. Vəssalam, bu qədər. Halbuki sonradan istintaq müəyyən etdi ki, Xocalıya hücuma keçən düşmənin təkcə canlı qüvvəsinin sayı 5 mindən çox idi...

3 saata yaxın ermənilər mühasirə halqası yaratdılar. Hərbi texnikalar özünün atəş məsafəsindən mövqeyini tutub dayandı. Hərbin qanununa uyğun eyni saniyədə bütün hərbi texnika atəş açdı. Buna artilleriya hazırlığı deyilir. Dəhşətli mənzərə idi. Elə bil bütün torpaq, yer silkələnirdi. Evlər dağılır, hər yeri alov bürüyür, insanların çığırtısı, qışqırtısı, ah-naləsi göylərə çatırdı. Şuşa Xocalıdan yüksəklikdə yerləşir deyə ordan baxanda hər şey olduğu kimi görünüb. Amma təsəvvür edin ki, 16 km aramız olan Ağdamdan da Xocalının qırmızı alovu görünürmüş...

Xocalı oğulları mərdliklə vuruşdu. Nəyə gücümüz çatdı, nə bacardıqsa etdik! Gecə 3 radələrində əhali şəhərdən çıxmağa başladı. Qarqar çayını keçib Kətih dağa çıxmaq, meşənin içi ilə Ağdam istiqamətinə getmək lazım idi. Qışın oğlan çağı, buzlu çay, camaat evdən ayaqyalın, bir canını götürüb çıxıb. Çaya girənlərin ayaqqabısı 5 metr getməmiş cırılıb çıxır, qalırdı ayaqyalın. Nə qədər adamın ayağını don vurdu. Yol da hamar deyil, daşlı, tikanlı meşədi. Ayaqqabı ilə getmək müsibətdir, o ki qaldı ayaqyalın. 16 km yol getməlisən. Hava işıqlananda meşə qurtardı. Çingiz Mustafayev, Seyidağa Movsümlü, Tahir Qarayevin çəkdikləri o məşhur kadrlar da həmin düzənlik yerdə lentə alınıb. Xocalılıların kütləvi qırğını məhz orda oldu. Qarşıda erməni səngərləri vardı. Üç təpədə də hərbi texnika yerləşdirmişdilər. O səngərləri vurub dağıdıb mülki əhalini keçirməliydik. Döyüşçülər xırda dəstələrə bölündü, döyüş başladı. İnanın, əgər xocalılılar orda döyüşməsəydi, qəhrəmanlıq göstərməsəydi, bir mülki şəxs də ordan sağ çıxa bilməzdi...

Keçmiş başçının sözlərinə görə, axırıncı dəstə səhər saat 6 radələrində şəhərdən çıxmışdı. Xocalı batalyonunun komandir müavini Sərvər Rəcəbov zirzəmidə gizlənən əhalini bir gecədən sonra Xaçın istiqamətindən çıxara bilmişdi. Elman müəllim özü 10 nəfərlik qrupla fevralın 27-si səhər mühasirədən çıxmışdı.


"Anamın meyitini tanıya bilmədim”


O gecə canını götürüb Xocalıdan qaçan əhalinin arasında Elman Məmmədovun anası və ibtidai sinif müəllimi işləyən həyat yoldaşı da vardı. Atası və kiçik qardaşı 1976-cı ildə yol qəzasında həlak olmuşdular. Bacısı 1978-ci ildə Bakıya gəlin köçmüşdü. Yeddi övladını da işğaldan bir müddət öncə Bakıya göndərmişdi. Anası və xanımı isə onunla bərabər son ana qədər Xocalıda qalmışdı. Lakin təəssüf ki, o gecə şəhid olanlar arasında onun anası da vardı...

- Xalam oğlanlarına tapşırmışdım ki, anamı özləri ilə gətirsinlər. Fevralın 27-si mühasirədən qayıdandan sonra bildim ki, anam meşədə şəhid olub. Xocalı şəhidlərinin axırıncı 36 nəfərinin cəsədi martın 19-da meşələrdən yığılıb gətirildi. Onların içində anam da vardı. Silahla vurmuşdular, başının bir tərəfi dağılmış, bir qolu paralanmışdı. Mən doğma anamın meyitini tanıya bilmədim... Sir-sifətini qurd-quş yemişdi... Əynindəki paltardan və bədənindəki bir nişanədən tanıdım anamı... Cəsədlərin əksəriyyəti tanınmaz vəziyyətdə idi, qohum-əqrəba tanıya bilmirdi. Çoxunun baş-gözünü ermənilər sonradan əzmişdilər, dilə gəlməyəcək vandalizm törətmişdilər...

Yoldaşım isə meyitlərin arası ilə sürünən vaxt eşidir ki, uşaq ağlayır. Xocalıdakı çəkilişlər zamanı bir kadr göstərilir - şəhidimiz hərbi buşlatda arxası üstə uzanıb, güllə alnının ortasından dəyib. Bu, Orucov Telmandır. Özü də, yoldaşı da şəhid oldu. Uşağını mələfə ilə kürəyinə sarıyıbmış. Arxası üstə yıxılanda uşaq qalıb altında. Yoldaşım zorla mələfəni açıb uşağı dartıb çıxarır. Görür İlham Quliyev gedir. Uşağı verib deyir ki, sağdı, götür apar, birdən mən sağ çıxmaram. O uşaq bir neçə il sonra Bakıda öldü... Ümumiyyətlə, o gecə Xocalıdan çıxa bilənlər təsadüfən sağ qalanlardır. Güllə hər tərəfdən yağış kimi yağırdı, hərbi texnikanın mərmiləri tökülürdü. Bilmirdin kimə, hara dəyəcək. Nə qədər igid, pəhləvan döyüşçümüz öldü. Ermənilərin məqsədi o idi ki, Xocalıdan bir adam sağ çıxmasın ki, şahidi olduqlarını danışmasınlar. Bu gün sağ qalan o hadisələrin şahidləri şəhid olmuş qəhrəman xocalılıların hesabına yaşayırlar. Təəssüf ki, dünya bu hadisələrə laqeyd, biganə qaldı.

Elman Məmmədov ötənləri hər dəfə xatırlayanda, gözünün önünə gətirəndə, geriyə boylananda peşman olacaq, təəssüf edəcək bir hərəkətə yol vermədiyini deyir.

- Mən və bütün xocalılılar bir ümidlə yaşayırdıq ki, bizi tək qoymazlar, kömək göndərərlər. Təəssüf ki, yanıldıq. Bizi tək qoydular, qırğına verdilər. O vaxt Bakıda hakimiyyət uğrunda gedən oyunların qurbanına çevirdilər. Buna baxmayaraq, vətəndaş kimi borcumuzu yerinə yetirdik - özümüzü torpağa qurban dedik, axır gücümüzə qədər vətənimizi qoruduq, heyif ki, ondan artığını edə bilmədik. Amma fəxr edirik ki, ünvanımıza "cəsarətsiz”, "qorxaq”, "torpağını qoyub qaçdı” ifadələri işlənmədi. Qoy o vaxt səlahiyyət sahibi olanlar, xalqın, vətənin müdafiəsinə cavabdeh olanlar vicdan əzabı çəksinlər ki, səhlənkarlıq, laqeydlik nəticəsində əhali soyqırımına məruz qaldı...


Reallığın nisgil dolu fotosu: yuxulara girən vətən


Həmin dəhşət dolu günlərdən, faciədən 28 il ötür artıq. Amma zaman da o dərin yaranı sağalda bilmir. Üstü qaysaqlasa da tez-tez qopur, qanayır, ağrıdır, incidir, əzab verir... Gah röyaya çevrilib yuxularına girir, gah dilinin əzbəri olur. Söhbətləri, xatirələri ilə nəvələrinə görmədikləri Xocalını tanıtdırmağa, mənzərəsini çəkməyə çalışır...

- Gözümü dünyaya Xocalıda açmışam. Ömrümün əsas hissəsi, uşaqlığım, gəncliyim, ən maraqlı dövrlərim, həyat pillələrini addımlamağım Xocalı ilə bağlıdır. Mənim vətənim Xocalıdır, doğulduğum, anamın məni yüyrüyə qoyub yellədiyi evdi... Xocalıda nə görmüşəmsə hamısı yadımdadı, heç biri hafizəmdən çıxmayıb. Çalışıram bildiyim, gördüyüm hər şeyi nəvə-nəticələrimə ötürüm... Uşaqlarımın hamısı Xocalını görüb. Balaca oğlum ordan çıxanda 11 yaşı vardı. Hamısı oranı xatırlayır. Nəvələrə isə özümüz Xocalı haqqında danışırıq. Bulaqları, çayları, meşələri, təpələri, qayaları sadalayırıq. Hansı kurqanlar, abidələr vardı. Qonşularımız kimlər idi, hansı müəllimlər dərs deyirdi - hər şeyi, bütün xatirələrimizi danışırıq...

Bir də tez-tez yuxularıma girir Xocalı... Bakıda evim də, dolanışığım da var, 7 övladım, 17 nəvəm, 3 nəticəm var. Amma mən hələ bir dəfə də olsun bu evi yuxuda görməmişəm. Həmişə Xocalıdakı evimiz yuxuma girir. Qəribədir, möcüzədir sanki... Bunu elm də izah edə bilməz yəqin. Gah evimizi əvvəlki kimi abad görürəm, oturub çörək yeyirik, söhbət edirik. Gah görürəm sel-su gəlib həyət-bacanı basıb. Birdən görürəm evin içinə ilanlar dolub, bir-ikisini öldürürük, deyirəm, biz bunun hamısını qıra bilməyəcəyik. Bəzən evi indiki - uçulub-dağıdılmış vəziyyətdə görürəm, kənardan baxıb köks ötürürəm ki, mən bunu necə tikib düzəldəcəm. Qapıda su quyum vardı, buz kimi suyu olurdu, yuxuda həmin quyudan su içirəm. Ya da həyətdə əkdiyim ağaclarım çiçəkləyib, öz-özümə sevinirəm ki, bu il yaxşı bar verəcək... Və oyanıb "kaş yuxu olmazdı”, - deyə yanıb-yaxılıram...

Əlim bircə ona çatır ki, "Google maps” proqramı vasitəsilə Xocalıya, uçuq evimə baxıram, ürəyim para-para olur, ağlayıb sızlayıram... Biz nə qədər sevinsək də, gülsək də, şənlənsək də, ürəyimizin küncündə həmişə bir nisgil, həsrət var. Yaşadığımız heç bir sevinc tam deyil. İnsan kimi də yarımçığıq. İşlərimiz də ala-yarımçıqdır. Nə vaxt torpaqlarımız azad olsa, dağıdılmış yurd-yuvamızı, ocağımızı yandırıb evimizi bərpa etsək, onda bütövləşəcəyik. O günün olacağına isə ümidim, inamım itməyib. İllərdir bir arzu ilə yaşayıram - Xocalıya qayıdıb orda ölmək. Bundan böyük, ali arzum yoxdur. Mən Xocalıya qalib kimi getmək istəyirəm. Və əminəm ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu zəfər yürüşünə çıxacaq, biz də sönmüş ocaqlarımızı yandırmağa gedəcəyik...

İndi də Elman Məmmədovun evində Xocalının şəkilləri var. Amma bu görüntülər Xocalının əvvəlki rəngli həyatını yox, işğaldan sonrakı acı taleyini əks etdirir... Və o şəkillər əvvəlkilər kimi canlı olaraq çəkilməyib, kompüterdən çıxarılıb... Xocalıdakı məhəllələrin şəkilləridir bunlar. Hər birinin də üzərində adı, kimlərin yaşadığı qeyd olunub...

Bir də Xocalıdakı evinin yerləşdiyi məhəllənin görüntüsünü saxlayır Elman Məmmədov. Saxlayır ki, özü həyatda olmasa belə nəvə-nəticələri Xocalıya qayıdanda o yeri tapıb, babalarının yuxusundan çıxmayan evi təzədən tikib qursunlar...

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM