28 Fevral 2020 00:29
680
SİYASƏT
A- A+

Sumqayıt erməniləri şəhərdə iğtişaşın baş verəcəyini əvvəlcədən bilirdilər...


1988-ci il fevral ayının 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Lakin o zaman şübhəli şəkildə ildırım sürəti ilə bütün dünya mətbuatında yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olundu, rəqəmlər şişirdildi və Azərbaycan xalqı dünya ictimaiyyətinə "qatil” kimi təqdim olunmağa başlandı. "Pravda” qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, guya Sumqayıtda 1000 nəfərə qədər adam öldürülüb...

Amma faktlarla sübut olunan həqiqət o idi ki, məhz ermənilərin planları və iştirakı ilə həyata keçirilən qanlı Sumqayıt cinayətləri planlaşdırılan böyük bir oyunun sadəcə kiçik halqası, xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunların davamı idi...


Tüfeyli və cani Qriqoryan Sumqayıt talanlarını təkbaşına planlaşdıra bilərdimi?!


Qanlı cinayəti isə üç dəfə mühakimə olunmuş "Paşa” ləqəbli Eduard Qriqoryan törədirdi. Qətlləri, talanları, zorakılığı özü şəxsən həyata keçirirdi. O Qriqoryan ki, pasportunun milliyyət adlı xanasına öz əli ilə erməni yazmışdı, həyat yoldaşı Rita Qəhrəmanyan erməni idi, yaxınları, tanışları, xoş günündə iştirak etdiyi insanlar da erməni idi. Və ən əsası övladları da erməni idi... Bəs haradan qaynaqlanırdı erməni Qriqoryanda öz millətinə qarşı bu qədər "nifrət”?!

"Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb, beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır”- bu, SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkinin "Paşa” ləqəbli qatil haqqında dəqiq təsviridir...

Təbii ki, tüfeyli həyat sürən bir cani bu qədər genişmiqyaslı talanları, qətlləri törədə, təkbaşına planlaşdırıb həyata keçirə bilməzdi...

Eduard Qriqoryan çirkin oyunun yalnız üzdə görünən "qəhrəman”ı idi...

Əslində isə o, hadisələrin arxa planında olan yüksək dairələrdə əyləşən erməni millətçilərinin maşası idi...

Hazırkı istintaqla birmənalı olaraq müəyyən edilmişdir ki, Eduard Qriqoryan və qardaşları Dağlıq Qarabağdan olan "Krunk”un emissarları ilə əlaqə saxlamış, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, fonda pul keçirməyən ermənilərin ünvanlarını götürmüş, habelə xüsusi həblər və spirtli içkilər əldə etmək üçün pul almış, sonra cinayət meyilli azərbaycanlı qonşuları ilə ümumi dil tapmış, onları iğtişaşlara cəlb etmişlər. Mənəvi cəhətdən yetkin olmayan gənc azərbaycanlılar Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqlərə aparılaraq Qafandan gəlmiş soydaşlarımız kimi təqdim olunmuş, ermənilərin orada dinc azərbaycanlıları qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini iddia edərək mitinq iştirakçılarını ermənilərdən intiqam almağa çağırmışlar. Daha sonra Sumqayıtda yaşayan ermənilərin ünvanları paylanmış və Eduard Qriqoryanın başçılığı ilə 100 nəfərə yaxın adam ermənilərin mənzillərini talan etməyə girişmişdir.


"Krunk” Sumqayıtda erməni mənafeyini güdməyən erməniləri öldürmüşdü...


Hadisələrin bu cür təşkili və ermənilərin öz həmmillətlilərinin qatilinə çevrilmələri "Daşnaksütyun” partiyasının nizamnaməsinin ana xəttini yada salır: "Erməni mənafeyini güdməyən ermənilər erməni xalqının ümumi işi naminə qurban gedə bilərlər”.

Plan da elə bu xəttə uyğun qurulmuşdu: erməniləri birləşdirən "Krunk” cəmiyyətinin Sumqayıtdakı üzvləri bəladan qorunmalı, o cəmiyyətə qoşulmayanlar vəhşicəsinə öldürülməli idi.

Hadisələr zamanı 3 nömrəli mənzil istismar sahəsində pasport qeydiyyatçısı işləyən Laura Lalayan "Krunk” cəmiyyətinə üzv olmaqdan imtina edən ermənilərin siyahısını hazırlamışdı. Elə əsas təxribatlar da həmin siyahıya uyğun törədilirdi. Əgər beşmərtəbəli evin birinci və ikinci mərtəbəsindəki erməni ailələrinə toxunulmayıb birbaşa beşinci mərtəbəyə, yəni "Krunk”a üzv olmayanlara hücum olunurdusa, deməli, hər şey ölçülüb-biçilmişdi, əməliyyat planlı aparılmışdı. Qanlı əməllərini bacardığı qədər nümayişkaranə həyata keçirməyə çalışan "Paşa” ləqəbli erməni Eduard Qriqoryan isə açıq və gizli tapşırıqların icraçısı idi.

1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin rəisi vəzifəsində çalışan, hazırda təqaüddə olan polkovnik Vladimir Lebedev müsahibəsində Sumqayıt iğtişaşlarında tez-tez adları keçən naməlum "qara plaşlılar”ın kimliyinə dəqiq aydınlıq gətirərək deyir: "Sumqayıtda yerli agenturanın verdiyi məlumata görə, hadisələr ərəfəsində Yerevandan Qriqoryanın yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ işarə, parol idi. Onlar uzaqdan biri-birini tanıyır, birgə hərəkət edirdilər. Biz həmin geyimlərlə çox maraqlandıq. Əlimizə şəkillər keçdi. Onları Moskvaya ekspertizaya göndərdik. Bizə belə bir məlumat verdilər ki, NKVD-nin arxivində həmin qara plaşlardan var. O plaşları 1943-cü ildə alman faşistləri onlara qulluq edən xüsusi təyinatlı ermənilərə vermiş və təxribat törətməyi tapşırırmışlar. Fikrimi belə bir məntiqlə yekunlaşdırmaq istəyirəm ki, ermənilər müharibə illərində sovetlərin tərəfində yox, faşistlərin tərəfində daha çox canfəşanlıq göstərmişlər...”


1000-dək erməni əmanət kassalarından təcili olaraq pullarını çıxarmış və...


Faktlar sübut edir ki, Sumqayıt hadisələrində öldürülən ermənilər Qarabağ komitəsi ilə əməkdaşlıqdan imtina edənlər idi və onların ölümü çoxdan "Krunk” tərəfindən planlaşdırılmışdı. Hansı binaya, hansı mənzilə soxulmaq, hətta hansı metodla öldürmək belə əvvəlcədən dəqiqliklə hazırlanmışdı. Həmin təşkilatla gizli-gizli əməkdaşlıq edənlər isə hər an himayə olunmuşdular. Onlar hadisələrdən əvvəl əmanət kassalarında olan pullarını da asanlıqla çıxara bilmişdilər. Sumqayıtda yaşayan 1000-dək erməni 1988-ci il yanvar ayının 1-dən fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Xankəndiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getmişdi. Qısa zamanda onlar nəinki canlarını, hətta əmanətlərini də sığortalamağa və xilas etməyə macal tapmışdılar. Maraqlıdır ki, axı nə səbəb ola bilərdi ki, Sumqayıtın daimi erməni sakinləri, sosial təminatları yerində olanlar niyə birdən-birə hamısı eyni zamanda bu addımı atıblar...

Bu faktı 1988-ci ildə Əmanət Bankının Sumqayıt şəhər şöbəsinin rəhbəri olmuş Mehdi Mehdiyev də təsdiq edib: "1987-ci ildən pulları çıxarmağa başlamışdılar, lakin biz onu sezmirdik. Biz əsasən fevral ayında sezdik. Fevral ayında pulları sürətlə çıxardılar. Burada artıq Respublika Bankından da Sumqayıtda birdən-birə göstəricinin aşağı düşməsilə maraqlandılar”.

Sonradan aparılan istintaq zamanı üzə çıxıb ki, Sumqayıtda bir çox ermənilər mal-mülklərini öncədən Rusiyaya çıxardıqdan sonra öz evlərini yandırıblar. Həmin ermənilər özləri də etiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. Həmçinin çoxsaylı şahidlərin ifadələrindən məlum olur ki, hadisə ərəfəsində tanıdıqları ermənilər tələsik Sumqayıtı tərk ediblər və bunun səbəbini isə belə izah ediblər ki, tezliklə burada qarışıqlıq olacaq...

Digər tərəfdən, müəyyən olunmuşdur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdir. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar...


Onlarca erməni azərbaycanlılar tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib


Heç şübhəsiz, faktlar da təsdiq edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, planlı bir aksiya idi.

Qeyd etmək yerinə düşər ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərə yaxın erməni yaşadığı halda cəmi 26 erməninin öldürülməsi faktı azərbaycanlıların öz erməni qonşularını müdafiə etmələri və gizlətmələri nəticəsində mümkün olmuşdur.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat sxeminə uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən də görünür ki, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video