27 Fevral 2020 20:57
2429
Qəbullar
A- A+

Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib + VIDEO


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Artur müəllim, ilk növbədə, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə. O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.

Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, vətəndaşların rifah halı yaxşılaşdırıldı. Maaşların, pensiyaların orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur.

Bu gün Azərbaycan möhkəm ayaqda duran güclü dövlətlər sırasındadır və istənilən sınaqdan şərəflə çıxa bilmişdir. O cümlədən bir neçə il bundan əvvəl dünyada baş vermiş iqtisadi, maliyyə böhranı bizə təsir etsə də, hesab edirəm ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxa bilmişik. Həmin müddətdə təbii ki, biz daim təmasda idik və hesab edirəm ki, vaxtında atılmış addımlar bizi böyük problemlərdən sığortalaya bilmişdir.

Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən "İstiqlal”, "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.

Yubileyiniz ərəfəsində mənim Sərəncamımla siz 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birmənalı mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmisiniz. İcazə verin, bu ordeni sizə təqdim edim.

x x x

Prezident İlham Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenini Artur Rasi-zadəyə təqdim etdi.

x x x

Artur Rasi-zadə dedi:

-Möhtərəm cənab Prezident, mənim əməyimə verdiyiniz qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, uzun illər ərzində Ulu Öndərin şagirdi və silahdaşı olmuşam. Mən fəxr edirəm ki, Siz 2003-cü ildən başlayaraq gərgin fəaliyyətiniz nəticəsində Azərbaycanı bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxardınız. Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur.

Cənab Prezident, mən Sizə cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm. Siz özünüz çıxışınızda əsas məsələlərə toxundunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, "Vətənə xidmət”dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, biz həmişə Sizin fəaliyyətinizdən və işlərinizdən şadlanaq. Mən tam əminəm ki, belə də olmalıdır. Bir daha çox sağ olun.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video