26 Fevral 2020 18:08
529
CƏMİYYƏT
A- A+

Xocalı faciəsi ermənilər tərəfindən bəşər tarixinə salınmış silinməz ləkədir

 

Daşkəsən Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilib.

Əvvəlcə yığıncaq iştirakçıları faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncaqda çıxış edərək Xocalı faciəsinin mahiyyətindən söz açıb. Bildirilib ki, 28 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunub. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib.

Xocalı soyqırımı zamanı bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla, görünməmiş amansızlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi hələ də məlum deyil.

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Artıq dünyada Xocalı soyqırımını tanıyan və pisləyən dövlətlərin sayı ildən-ilə artır.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər. Fevralın 15-də Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı mövqelərini beynəlxalq ictimaiyyət qarşısında bildirdilər. Dövlətimizin başçısı tərəfindən konfransda səsləndirilən danılmaz tarixi həqiqətlər, təqdim edilən tutarlı faktlar və dəlillər qarşısında Nikol Paşinyan aciz durumda qaldı. Prezident İlham Əliyev Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs şillə kimi Paşinyanın üzünə vurdu, tarixi baxımdan olduğu kimi, siyasi baxımdan da Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə və hüquqi statusuna dair tam həqiqətə söykənən, obyektiv elmi-siyasi fikirlər irəli sürərək, Nikol Paşinyanın əsassız müddəalarını özünün əsaslı dəlil-sübutları ilə bütün dünyanın gözü qarşısında darmadağın etdi. Bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Azərbaycan xalqının öz haqlı mövqeyindən heç zaman geri çəkilməyəcəyini bəyan etdi.

Qeyd edilib ki, milyonlarla həmvətənlərimiz kimi, daşkəsənlilər də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini ulu öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürlər.

Sonra çıxış edən Daşkəsən Rayon Məhkəməsinin hakimi Azad Əliyev bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının daha bir dəhşətli təzahürüdür.

Daşkəsən Rayon Prokuroru Maarif Hüseynov Xocalı qətliamının tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən və bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən danışıb.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev çıxışında bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində torpaqlarımız işğalçılardan təmizlənəcək, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev diqqətə çatdırıb ki, Xocalı faciəsi öz həqiqi siyasi qiymətini yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alıb.

"Daşkəsən Filizsaflaşdırma” ASC-nin məsul işçisi Mərdan Əliyev isə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmayacağını vurğulayıb.

Çıxış edən YAP Daşkəsən rayon təşkilatının Gənclər birliyinin sədri Kənan Bayramov Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə məlumat verib. Vurğulayıb ki, tariximizin qan yaddaşına əbədi həkk olunan Xocalı faciəsini xalqımız heç zaman unutmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video