26 Fevral 2020 18:00
625
SİYASƏT
A- A+

İnsanlıq tarixinin qara ləkəsi: Xocalı soyqırımı

 

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Murtəza Həsənovun "İnsanlıq tarixinin qara ləkəsi: Xocalı soyqırımı” məqaləsini təqdim edir.

Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilib və nəticədə regionda demoqrafik vəziyyətə ciddi təsir göstərib. Ermənilərin sayının bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına əlverişli şərait yaradıb. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin ən qanlı səhifələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan” dövləti yaratmaq olub. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olub. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törədiblər. Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı dəfələrlə törədilən soyqırımlarının ötən əsrin sonlarına qədər öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir. Sovetlər İttifaqının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai–siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan ölkəmizin üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması yeni tariximizə qara hərflərlə yazıldı. Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş bu soyqırımı, amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir. Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranıb. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə, yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər erməni daşnakları 230-a yaxın azərbaycanlı evini yandırıb, 200-dən artıq evi isə zəbt ediblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnib. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olub. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə çox şəhidlər və qurbanlar verib. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Xocalı ermənilər tərəfindən ilk dəfə ötən əsrin əvvəllərində 1905-ci ildə yandırılıb, külə döndərilib, əhalisi vəhşicəsinə qılıncdan keçirilib, qanına qəltan edilib. Onun doğma yurd həsrəti ilə qovurulan didərgin sakinləri ara səngiyəndən sonra yenidən ata-baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa etmək, yıxılmışları ayağa qaldırmaq üçün geri qayıdıblar. Ermənilər 1918-ci ildə Xocalını ikinci dəfə yandırıb, külünü havaya sovurublar. 1992-il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yeni dəhşətli soyqırımı törədildi. Bu haqda nə qədər yazılsa da ürəyimizdəki bu dəhşət, bu ağrı, kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də. Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 28 illik bir zaman məsafəsi ayırır. O gecədə təpədən dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşən 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın olan dinc sakinləri qəddarcasına qətlə yetirdilər, girov götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə məruz qoydular. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə çox şəhidlər və qurbanlar verdi. Ancaq Xocalı faciəsi qan yaddaşımıza əbədilik yazıldı. Bu, bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə, sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi qüvvələrinin xocalılılara qarşı vəhşiliyidir. Faciənin törədilməsinin əsas səbəbi Xocalının erməni qaniçənlərinin yolu üstündə böyük maneə olması idi. Çünki Xocalı Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Orada hava limanı da vardı. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar. Hələ faciədən 4 ay əvvəl, yəni, 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olub. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak ediblər .

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 155 xocalılı itkin düşdü. Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilib, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılıb, Ermənistandan qovulan soydaşlarımızın 380 kəndi zəbt edilib və əhalisinin bütün var-dövləti orada qalıb. Bu faciə zamanı bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib, 1275 sakin – köməksiz qocalar, qadınlar girov götürülüb, ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalıblar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, bəzilərini diri-diri torpağa basdırıb və yandırıblar.

Həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş qaçqın və məcburi köçkün azərbaycanlılar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərini işğal edən zaman qaçıb canını qurtarmış Xankəndi qaçqınları və 1989-cu ildə Fərqanə (Özbəkistan) olayları zamanı Azərbaycana sığınmış Axısxa türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımının qurbanı olublar.

Ağdam, Şuşa, Laçın istiqamətinə çıxan yollar əvvəlcədən zirehli texniki vasitələrlə, tanklarla kəsilmişdi. Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə, dağlara, dərələrə üz tutub pərən-pərən olmuş adamları güllələyirdilər. Ana baladan, bacı qardaşdan ayrı düşmüşdü. Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi, mal-qaranın mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çatmadı. Xocalı qan içində boğuldu, yanıb külə döndü.
 

Fevralın 27-də Xocalıdan 250-300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözləri ilə görən şahidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 nəfər, Ağbulaqda 500 nəfər, Əsgəranda 150 nəfər, Naxçivannikdə 400 nəfər əsir düşmüşdü. Meşələr qadın və uşaq meyitləri ilə dolu idi.

Qaçıb meşələrdə gizlənə bilmiş onlarla azərbaycanlı günlərlə meşələrdə ac-susuz qalmaqdan, dəhşətli soyuqdan tələf olurdular. Ağır yaralanmış onlarla Xocalı sakini (o cümlədən qocalar, uşaqlar) qanaxmasından ölürdülər. Çünki Ermənistan silahlı qüvvələri onların qaçıb canını qurtara biləcəyi bütün yolları mühasirəyə alıblar. Ölümə məhkum olmuş bu insanlar "bəlkə qaçıb canımı qurtara bildim, onsuz da burda sonum oldu" düşüncəsi ilə gecələr qaranlıq düşdükdən sonra Ağdama doğru sürünürdülər: soyuqda, qarın üstündə, ac-susuz, taqətsiz... Bu yolla da çox az adam dəhşətli ölümdən canını qurtara bildi. Qanlı olayları gözləri ilə görüb lentə alan fransalı Jan-iv-Yunet yazır: "Biz Xocalı faciəsinin şahidi olmuşuq. Yüzlərlə meyit gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində duran adamlar var idi. Bizim ixtiyarımıza vertolyot verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdular və biz məcburiyyət qarşısında qalaraq çəkilişi yarımçıq qoyub geri qayıtdıq. Mən müharibə haqqında çox eşitmişəm. Alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq ermənilər dinc əhalini və hətta 5-6 yaşlı uşaqları belə öldürməklə vəhşilikdə onları arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları və məktəb otaqlarında çoxlu sayda yaralılar gördük." Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərib: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı – uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkələrində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaradıb.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirib. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilib "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunub. Soyqırımına həsr olunan silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası təsis edilib. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. Bu uğurlu kampaniya başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunub. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ISESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilib. Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda tanıdılması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanıb. "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və "İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət!” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olub. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilib. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirən və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır, onda bu qətnaməni Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəd kimi qiymətləndirmək olar.

2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında Xocalı faciəsi ilk dəfə olaraq soyqırımı aktı kimi tanınıb. İƏT XİNŞ üzvü olan ölkələr və İƏT-in qurumları kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırılıb. İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə toplantısında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb.

Soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Artıq dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video