26 Fevral 2020 03:51
867
SİYASƏT
A- A+

Xocalı faciəsi beynəlxalq hüquqa əsasən soyqırımı cinayətidir


Xocalı faciəsindən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək yer üzündən silən ermənilər şəhərin sakinlərinə qarşı qətliam həyata keçirdilər. XX əsrdə azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər 613 nəfəri, o cümlədən 106 qadını və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü.

Azərbaycanın prokurorluq orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətrafındakı digər işğal olunmuş ərazilərdə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri açaraq istintaq aparıblar.

Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə istintaq aparılması həmin qrupa həvalə edilib. 2005-ci ilin may ayında cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi hərbi prokurora həvalə edilib. Həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə müəyyən işlər görülüb, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb.

Ümumilikdə, Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib. Aparılan istintaqla Xocalıya hücum edən hərbi qulluqçuların və digər şəxslərin soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən isə belə məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Aparılan istintaqla müəyyən edilib ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atıblar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən dəstələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Xocalıdan qaçan əhalinin Naxçıvanik kəndi ərazilərində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

İstintaqla həmçinin müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq, misli görünməmiş qətliamlar törədiblər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tamamilə ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.

Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı şəkildə qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymayaraq Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atıb. "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyada və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var.

Cinayət işi öyrənilərkən müəyyən edilib ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, "Hərbi əsirlərlə rəftar haqqında” və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalara kobud surətdə məhəl qoyulmayıb.

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına, işgəncəyə, əhalini deportasiya etməyə, zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

Xocalı faciəsinin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir. Milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılmasına xidmət edəcək.

Süleyman ATAKİŞİYEV,

Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video