26 Fevral 2020 03:46
469
SİYASƏT
A- A+

Qanlı xatirə


Ölüm haqdır, ondan qaçmaq heç kimə qismət olmayıb. Onun gəlişi zamanında baş verərsə, insanlar bunu ömür yolunun sonu kimi qiymətləndirirlər. Qəza, zəlzələ və digər təbii hadisələr isə insanın qisməti kimi anılır. Amma insanın insana etdiyi zülm, vəhşilik, qəddarlıq, qətliam, terror, soyqırımı nifrət yaradır.

İnsan ətrafında baş verən hər hansı hadisəni kənardan qiymətləndirəndə özünün fikirlərini oraya artıra bilir. Amma Xocalı soyqırımı elə bir acıdır ki, ora nəyi istəsən qatmaq mümkün deyil. Acı və həqiqət hər şeyin kökündə dayandığından sən dünənin qarşısında susmalı olursan. Həmin faciənin şahidi olmuş qarlı-şaxtalı qış gününü qırmızı rəngdə xatırlayan və ölənə qədər özü ilə daşıyacaq Rəfael Fərzəliyev və Xalid Cəfərovla söhbətimiz çətin olsa da, baş tutdu.

Rəfael və Xalid qohumdurlar. İkisi də Xocalıda doğulub. Burada orta məktəbə gedib, təhsil aldıqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olublar. Bütün gənclər kimi onlar da böyük arzularla yaşayıb, yüksələn duyğularla gələcəyə baxıblar. Xalid xatirələrini belə vərəqlədi:

- Xocalı əvəzsiz bir təbiətə malik idi. Allah bütün gözəlliyi bizim yerlərə bəxş etmişdi. Rayonun bir hissəsində Dərələyəzdən 1948-1953-cü illərdə deportasiya olunanlar, digər iki parasında isə yerli camaat yaşayırdı. Orta məktəbdə oxuduğumuz illərdə azərbaycanlılarla bərabər ermənilərdən olan müəllimlərimiz də vardı. Onlar kəndə gələndə əhali öz boğaz payından kəsib ermənilərlə bölərdilər. Etiraf edim ki, onlar bizdən daha çox məlumatlı idilər. Bizimlə dostluq edənlər həmişə bir yerə yığışanda susar, az danışar, hiss ediləcək dərəcədə çəkinərdilər. Amma rəhmətlik valideynlərimiz həmişə evdə tək olanda söhbətlərində bu millətin xainliyindən söz açardılar. Biz isə onlar tərəfindən xəyanəti görənədək valideynlərə inanmırdıq. Sonda başımıza gələnlər böyüklərimizin haqlı olduğunu sübut etdi.

Beləcə, illəri yola salıb 1990-cı illəri adladıq. Artıq yerli əhali ilə ermənilər arasında böyük bir fərq yaranmışdı. Onlar bir yerə yığışır, çoxu kəndi tərk edib harasa gedir, ya da sadəcə başqa yerə köçürdülər. Rayonda vəziyyət çətinləşmişdi. Yerli camaat özünümüdafiə qüvvələri yaradaraq ətraf ərazilərdə post yaratmışdı.

Xalidin dedikləri:

- Fevral başlayandan rayonda sönük bir həyat yaşanırdı. Enerji çatışmazlığı, idarələr fəaliyyətini dayandırmışdı. Əvvəllər camaatımız yaxınlıqdakı ərazilərdə yerləşən kəndlərlə əlaqə saxlayır, dərd-sərini bölüşürdü. Ayın 13-də axırıncı helikopter rayondan getmiş, ətraf mühitlə əlaqəmiz kəsilmişdi.

Rəfaellə Xalid xalaoğludur. Birincinin kənddə bir KamAz maşını olub. Onun üstünə pulemyot quraşdırıb gecələr səhərə kimi iki xalaoğlu keşik çəkiblər. Havaların soyuması bir qədər də çətinlik yaradırdı. Rəfael deyir:

- Fevralın 25-də axşam məktəbin qarşısında toplaşdıq. Hərə bir söz danışırdı. Amma bizim silahımız az olduğuna görə vəziyyətimiz yaxşı deyildi. Dedilər ki, Bakı ilə danışıblar. Oradan cavab gəlib ki, iki günə ərzaqla dolu helikopter kəndə enəcək. Hamı bundan sonra evinə çəkilib getdi. Özünümüdafiə dəstəsinin uşaqları postlarına yollandılar.

Gecə yuxarı tərəfdən ağır texnikanın tırtıllarının səsi eşidildi. İşıq seli aşağıya, kəndin içinə doğru bir görüntü zolağı yaratdı. Yaxınlaşdıqca hər yana yayılan bu həlqə yavaş-yavaş ətrafı mühasirəyə alırdı. Ön postda olan Xalid təcili adam göndərir ki, hava limanına bu barədə xəbər çatdırsınlar. Yarım saat sonra ətrafı sakitlik bürüdü. Xalidin dedikləri:

- Artıq nəsə olacağına şübhə qalmamışdı. Postda olan on nəfərdən üçündə silah vardı. Onlar da keçmişdən qalan dədə-babaların ov tüfəngləri idi. Birdən güllə səsləri ətrafı bürüdü. Tank və BTR-lər hərəkətə gəlib üstümüzə yeridi. Yerimizi dəyişib bir qədər geri çəkildik. Düşünürdük ki, yəqin camaatı qorxutmaq istəyirlər. Kəndin yuxarı başında birinci evə yaxınlaşan tank onu iki yerə böldü. Kimsə qaçmaq istəyirdi, onu atəşlə yerə sərdilər. Onda anladıq ki, bu döyüşdür, qandır, ölümdür.

Xalid özünü evlərinə çatdıranda onun artıq alova büründüyünü görür. Var gücü ilə qışqırır, aralıdan yoldaşının və qardaşının onu çağırdıqlarını görür. Onlarca sakinin öldürüldüyünü görüb dəhşətə gəlir.

- İnsan qəribə hissə malikdi, - Xalid söhbətinə davam edir. - Ölüm hər kəsi vahimələndirir. Bugünədək şükür edirəm ki, bizim camaat dəli olmadı. Təsəvvür edin, sən ailə üzvlərinlə birlikdə qaçırsan, əvvəl iyirmi nəfər idinizsə, bir qədər sonra baxırsan ki, cəmi beş-altı nəfər qalıb. Geri çevrilib baxanda yaxınlarını al-qan içində görmək diri qalmaqdan betər olan bədbəxtlikdir. Belə halda insan Allahdan bircə ölüm istəyir. Amma yaşamaq istəyi səni dayanmağa qoymur.

Yolda bir neçə qonşuda onlara qoşulur. Nəfəslərini dərmədən gecənin soyuğunda bizimkilərə doğru gəlirlər. Kimini şaxta vurur, kimisə arxadan atılan güllələrdən yerə yıxılırdı. Tank mərmiləri bəzən bütöv bir ailənin məhvinə səbəb olurdu. Səhər beşin yarısına kimi onlar qarda sürünərək bir qədər kənddən və atəşdən aralana bilirlər. Qaranlıqda hara getdiklərini də bilmirdilər. Qarın üstü ilə qaçaraq bir qədər irəliləyir, sonra dayanıb nəfəslərini dərməyi qərara alırlar. Rəfaelin dedikləri:

- Arabir atışma səsi gəlsə də, ətraf bir qədər sakit idi. Qarşıda Qarqar çayına çatmaq lazım idi. Həyəcandan heç nə düşünə bilmirdik.

Dəstə elə bilir ki, Ağdam istiqamətində hərəkət edir. Amma səhv getdiklərindən erməni postu ilə üzləşirlər.

- Aralıda əsgərləri görüb onları səslədik,-Xalid bildirir: Onlar bizi atəşə tutdular. Bir neçə nəfəri öldürdülər. Geri qaçmağa başladıq. Əfqan döyüşçüsü olan xalam oğlu bizi qorumaq üçün yerə uzanıb əlindəki silahla ermənilərə atəş açmağa başladı. Biz əks istiqamətdə yenidən qaçaraq oradan uzaqlaşa bildik. Aralıda qəbiristanlıq vardı. Ora girib oturduq. Kimin sağ qaldığını öyrənmək istəyəndə dəhşətə gəldik. Bizimlə olan dəstənin yarısı yolda ölmüşdü. Həmişə qəbiristanlığa həyəcanla yanaşmışam. Çətinə düşəndə insanın qarşısında hər şey adiləşir.

Qarşıda havanın işıqlanması onları qorxuya salırdı. çünki düşmən işıqda onları məhv edə bilərdi. Dayanmaq vaxtı deyildi. Yarım saata yaxın yüyürdülər. Qaraqaya deyilən yerə çatdılar. Deyəsən, düz gəlmişdilər. İrəlidə dağın solunda maşın təkərlərindən düzəldilmiş post görünürdü. İrəlidə gedən Xalid əlini qaldırıb aralıdan əsgərlərə işarə elədi. Əsgərlər çatanda artıq onların heyi yox idi.

- Bizi qaşılayan əsgərlərin çoxu ağlayırdı, - Rəfaelin həyat yoldaşı Mənsurə bildirir: "Çoxumuzun ayağı yalın idi. Onlar ayaqqabılarını çıxarıb bizə verirdilər. Postda dayananlardan, heç bura gələnlər olubmu?” - deyə soruşanda aldığımız cavabdan vahimələndik. Onlar cəmi beş-on nəfərin gəlib çıxdığını bildirdilər. Onda başa düşdük ki, çoxumuz qarın, çovğunun, güllənin qurbanı olub.

Hazırda hər iki ailə Sumqayıtda pansionatda qalır. Öz yaxınlarının yarısını itirən insanların üzündə bir kədər yükünün dolaşdığını görürsən. Onlarla sağollaşıb ayrılanda Xalid ona diqqətlə baxdığımı görüb dedi:

- İnsan hər şeyə qalib gələ bilir. Çətinlik özü məktəbdir, dərsdir. Bu günlərdə Almaniyada Prezident İlham Əliyevin ermənilərin baş nazirinə verdiyi tutarlı cavabı izlədik. İnanın ki, içimizdən bir rahatlıq hissi keçdi. Düşünürük ki, körpələrimizin, bacılarımızın, analarımızın intiqamı alınacaq. Bunu gecə-gündüz içimizdə dolanan Xocalı, Ağdam, Laçın və digər rayonların əhalisinin ruhu deyir. Biz ruhun sınmadığını Xocalıda gördük.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video