26 Fevral 2020 03:45
463
SİYASƏT
A- A+

Ermənilər tankdan atılan hər atəşə 3 min rubl verirdilər


Əsgərlərin arağını bol edirdilər ki, ayılmasınlar


1992-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ və Dağlıq Qarabağ hissəsində vəziyyət daha da gərginləşdi. Erməni silahlı birləşmələri azərbaycanlıların yaşadığı kəndlərə soxulur, evləri talayır, insanları qətlə yetirirdilər. Himayədarlarına arxalanan ermənilər oradan təlimatlanaraq "böyük Ermənistan” arzularına doğru irəliləyirdilər.

Artıq Azərbaycanda 20 Yanvar, helikopterin vurulması, yerli əhaliyə tutulan divanlar baş vermiş, miqyas baxımından hadisələr daha geniş xəritə üzərinə keçməkdə idi.

Həmin dövrdə ərazilərimizin başının üstünü qara buludlar almaqdaydı. Respublikanın hər yerində bir xaos dolaşırdı. Bir qədər zaman keçdikdən sonra hələlik səsgücləndirici ilə vahimə yaradan ermənilər azərbaycanlılara qarşı soyqırımı hadisəsi törətdilər. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri bu terror aktının qurbanlarına çevrildi.

Əməkdar jurnalist Eyruz Məmmədovla 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışan, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedevdən Xocalı soyqırımı ilə əlaqədar müsahibə almışdır. Müsahibədə bəzi məqamlar oxuculara məlum olsa da, Xocalı faciəsi ilə bağlı bir sıra qapalı məsələlərə aydınlıq gətirilmişdir. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu oxuculara təqdim edirik:

- Siz Xocalı hadisələrinin törədilməsində erməni millətçiləri ilə yanaşı, 366-cı rus alayının iştirak etdiyini müsahibələrinizin birində demişdiniz. Bu barədə daha nə deyə bilərsiniz?

- 1990-cı illərin əvvəllərində Milli Məclisin üzvü idim. Tez-tez Xocalıda olurdum. Bir deputat kimi yerli əhali ilə mütəmadi olaraq görüşürdüm. Bundan əlavə, təhlükəsizlik orqanının əməkdaşı olduğum üçün müxtəlif informasiyalar toplayırdım. Rus zabitlərindən birini satın aldıq. Tankçı idi. O, bizə söylədi ki, Yerevandan Xankəndinə çoxlu imkanlı adamlar gəlib, pul toplayırlar ki, Xocalıya hücum etsinlər. Həmin dövrdə vəziyyət olduqca ağır idi. Prezident aparatına Xocalı icra hakimiyyətindən, Daxili İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, Xalq Cəbhəsindən, Dövlət Təhlükəsizlik Komitəsindən informasiyalar daxil olurdu. Bu informasiyaların hamısı biri-birini təkzib edirdi. Kimə inanmalı? Nə etməli? Xocalı düyünə düşmüşdü. Bakıdan kömək gəlmirdi. Ermənilər rusları hazır vəziyyətə gətirmişdilər. Satın aldığımız zabit bizə dedi ki, gündüz hansı evləri dağıtmaq lazımdırsa, biz onları nişana alırdıq, gecə saat 2-3-də tankla atəş açıb dağıdırdıq. Hər bir atəşə 3 min rubl pul verirdilər. Əsgərlərin arağını bol edirdilər ki, onlar ayılmasınlar. Sonra belə bir məlumatı açıqladı ki, bir neçə tank batalyonu fevral ayında Xocalıya hücum edib soyqırımı törətməlidir. Bu informasiya haqqında Azərbaycan rəhbərliyinə xəbər çatdırsaq da, bizim məlumatımıza əhəmiyyət verən olmadı. Əksinə, bizə dedilər ki, "KQB” "panika” ilə məşğuldur. Nəticəsi isə göz qabağındadır. Ermənilər himayədarlarının köməyi ilə əvvəl helikopteri partlatdılar, sonra isə Xocalıda soyqırımı törətdilər. Bu o zaman baş verdi ki, Bakıda kreslo davası gedirdi.

- Xocalı soyqırımında kimi günahlandırırsınız? Levon Ter-Petrosyanı, Robert Koçaryanı, Serj Sarkisyanı, yoxsa 366-cı motoatıcı alayı...

- Sumqayıtda 32 nəfər qətlə yetirildi. 94 nəfər məhkəmə qarşısında cavab verib müxtəlif cəzalara məhkum olundu. Bir nəfərə isə ölüm hökmü kəsildi. Xocalıda isə 600 nəfərdən çox adam qətlə yetirildi. Bir nəfər cinayətkar məhkəmə qarşısında dayanmadı. Yuxarıda qeyd etdim ki, erməni millətinin ideologiyası faşist ideologiyasından ibarətdir. Terror, qan tökmək, insanları qətlə yetirmək, başqa millətlərə qarşı nifrət hissi oyatmaq onların milli ideologiyasının əsasını təşkil edir. Bundan əlavə, beynəlxalq qurumlar vaxtında bu işə qarışmadı və qarışmaq da istəmirdilər. Fikir verin, BMT 25 ildir ki, susur. Bu nə deməkdir? Deməli, istər BMT-də, istərsə də digər beynəlxalq qurumlarda erməni lobbisinin ayırdığı kapitala görə hərəkət edirlər.

- Zori Balayanın Xocalı soyqırımında iştirakı xaricdə nəşr olunan kütləvi informasiya vasitələrində geniş qeyd olunurdu. Sizcə, onun əli Xocalı qanına bulaşıbmı?

- Bu erməni şovinistinin təkcə Xocalıda deyil, bütün Qarabağda baş verən faciəli hadisələrdə qanlı əl izləri vardır. Azərbaycan tərəfi onu və təkcə onu yox, Ter-Petrosyanı, Koçaryanı, Sarkisyanı beynəlxalq məhkəməyə verməlidir. Cinayət cəzasıs qalmamalıdır. Balayanın qızışdırıcı müraciətləri, yazıları, kitabları erməni xalqını yolundan azdırıb, əllərinə silah alıb dinc əhaliyə hücum ediblər, qətlə yetiriblər, torpaqları işğal ediblər. Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Diqqət yetirin: Beyrutun "əş-Şərq” nəşriyyatında erməni Davud Xeyriyanın "Xaç uğrunda” kitabı nəşr edilmişdir. Bu kitab Dağlıq Qarabağda aparılan müharibəyə həsr olunmuşdur. Müəllif kitabında yazır: "Biz Daşbulaq kəndinin yaxınlığında olan bataqlıqlardan yan keçmək üçün meyitlərin üzəri ilə gedirdik. Mən meyitlərin üzəri ilə getmək istəmirdim. Polkovnik Ohanyan mənə işarə etdi ki, mən qorxmayım”. "Bu, müharibənin qanunlarıından biridir” dedi. Mən irəli addım atdım. Mənim ayaqlarım və fotoaparatım qan içində idi. ...Sonuncu maşında mən təxminən 10 yaşında bir qız gördüm. O, alnından və əlindən yaralanmışdı. Qız göyərmişdi, soyuğa və aclığa tab gətirən qızcığaz hələ sağ idi. Güclə nəfəs alırdı. Mən bu qızın həyatla mübarizə apardığı gözlərini unuda bilmirəm. Müəyyən vaxtdan sonra bu qızı da "Qaflan”lıların peçində yandıracaqlar. Taqətsiz uzanmış bu qızın barmaqlarının arasından qan gəlirdi. Tiqranyan familiyalı bir əsgər onu qaldırıb meyitlərin içinə atdı... Sonra od vurdular. Mən bunlardan sonra irəli gedə bilmədim. Amma fikrim var idi ki, Şuşanı da görüm... Geri qayıtdım...”

- Buna nə deyirsiniz?

- Bu, bir erməninin təsvirləri, etirafıdır. Belə vəhşiliklərin, qəddarlığın sayı-hesabı bilinmir. Xocalı həqiqətlərini bütün dünya xalqları bilməlidir. Bunun üçün güclü təbliğat mexanizmi işə salınmalıdır. Mən Ukraynada yaşayıram, ola bilsin, bu sahədə aparılan işlərdən o qədər də ətraflı məlumatım yoxdur. Bu, təbiidir. Bununla belə, Azərbaycanın genişmiqyaslı təbliğat aparmasına həm maddi, həm mənəvi, həm də psixoliji imkanları var. Kampaniya xarakterli təbliğata son qoymalı, gündəlik ardıcıl, ədalətli təbliğat aparmaqla ermənilərin iç üzünü, başqa xalqlara qarşı olan nifrət hissini açıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Erməni terrorunun iç üzünü açan belə faktlar minlərlədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video