26 Fevral 2020 03:44
493
SİYASƏT
A- A+

28 ildir yolu gözlənən oğul


Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalı qucağında körpəsi boğulan, yurd-yuvası dağılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən bir insan idi 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə!

Adı çəkiləndə sinələr dağlanır, yollar bağlanırdı... O, bağrı yarılan, baxışlarından məsumluq yağan bir qızcığaz, əli xınalı, gərdəyi qana boyalı gəlin, ağzı yaşmaqlı ağbirçək kimi də yazıldı yaddaşlara...

O günlərdə şəhid olanlardan biri də Vidadi idi. 1966-cı ildə anadan olmuş İsmayılov Vidadi Lətif oğlunu deyirik. O gecə ermənilər şəhərə girəndə əli avtomatlılardan savayı, tank-topdan istifadə edilmişdi. Həmin vaxt Vidadi ilə qardaşı Tacir ayrı-ayrı yerlərdə postda olublar. Ermənilərin o gecə əsir götürdüyü, girov apardığı xocalılıların arasında toyundan heç 8 ay keçməyən, bəy libaslı Vidadi də olubdur.

1960-cı ildə Laçından Xocalıya gəlin köçən Kübra nənə Lətif İsmayılovla ailə qurub. Bir çətən külfət sahibi olublar: üç oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyüdüblər.

Kübra nənə illərin və itkinlərinin ağrı-acısına dözərdimi?! Xəyalından çıxara bilmədiyi o gecə neçə-neçə doğmasını əlindən almışdı. Haray, ah-nalə, sızıltı tankın, topun, avtomatın, pulemyotun vəhşi bağırtısından eşidilməz olmuşdu səsi. Kimi Əsgərana sarı, kimi meşəyə tərəf üz tutmuşdu o gecə.

Bir yaralıya yaxınlaşan ana eşitdiklərindən dəhşətə gəlmişdi: "Qaç! Ay ana, mənə bənd olma, durma, səni də vuracaqlar, əsir tutacaqlar...”

Oğlanlarının ikisi də postda olan ana yaralıdan aralana bilmirdi. Amma artıq gec idi. Balaları da bilmirdi ki, anaları haradadır... Üzümlüklərlə birtəhər Ağdamın Şelli kəndinə necə gəldikləri dillə deyiləsi, sözlə yazılası deyil.

Əsirlikdən qayıdan Almara adlı bir qadının sözlərinə görə, erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək üçün içəridən çağırıb çıxarıblar. Sonra bayırdan güllə səsi gəlib. Amma güllələnənlərin paltarları içəri qaytarılanda Vidadininkini görməyiblər.

Vidadinin Ülviyyə adlı bir qız yadigarı qalıb. Dünyaya gəlişində anasının əsəb və qorxudan tapdığı bəladan o da xəstə doğulub. Şəhid Vidadinin yeganə balası olduğuna görə həkimlər onu xüsusi nəzarətdə saxlayıb birtəhər sağaldıblar.

Ermənilər o gecə 80 nəfəri birdən girov götürüblər, Vidadi ilə Mikayıl da onların arasında olub. Əllərini bağlayıb yük maşının üstünə mindiriblər. Yolda necə olubsa, Mikayıl əlləri bağlı özünü maşından atıb. 5 gecə meşədə qalıb çıxa bilməyib.

İtkin kimi axtarılan, yolu gözlənilən Vidadidən alınan soraqlar isə doğru çıxmayıb. Hələ də doğmaları, dostları yolunu gözləyir. Anasına da deyiblər ki, Canan adlı bir nəfər Şükürün oğlu Oqtayla Əhlimanı dəfn edib orada. Amma Vidadinin öldürülməsini görməyib. Ermənilərin verdiyi işgəncələrə dözməyən Canan kişi də girovluqdan qurtarıldıqdan sonra dünyasını dəyişib.

Vidadinin bacısı Fatimə və onun həyat yoldaşı Oqtay Quliyev də əlildirlər. Oqtayın atası 40 gün girov qaldıqdan sonra buraxılıb, qızı Gülnarın həyat yoldaşı isə Xocalı müsibətlərinin ağrı-acısını ömürlük qazandığı xəstəliyində daşıyır. Kübra nənənin bacısı Ulduza İbadullayeva da şəhid anasıdır. Onun oğlu Əli Xocalısı ilə bir gecədə şəhid edilib. Qardaşı Hüseyn Nurməmmədov həyat yoldaşı Pakizə ilə birlikdə 23 dekabr 1991-ci il tarixində Meşəlidə qətlə yetiriliblər. Meşəlidə şəhid olan bacısı oğlu Əli Mehralıyev "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Sanki bir nəslin kökü kəsilib. Kübra nənənin dayısı oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə ilə Rahilə) məhv edilib. Yeganə salamat qalan oğlu Baratı da girov götürüb ermənilər. Əl-qolunu bağlayıb "KamAz” maşınının üstünə Kosalara kimi aparıblar. Orada necə olubsa, özünü öldürmək üçün çaylağa tullanıb canını qurtarıb.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video