25 Fevral 2020 01:58
2521
SİYASƏT
A- A+

QALİBLƏR


Gecə saatları idi... Əksər vətəndaşlarımız kimi mən də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təşkil olunmuş panel müzakirələrinin canlı yayımını izləyirdim...

Bu, iki ölkə rəhbərliyi arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər media nümayəndələri önündə ilk belə geniş, açıq debat idi.

Elə ilk dəqiqələrdən aydın idi ki, müzakirələr xeyli maraqlı keçəcək və debatın qalibi məhz cənab İlham Əliyev olacaq.

Zənnimizdə yanılmadıq...

Bu debata adi müzakirədən, aparılan söhbətin detallarından daha çox böyük bir siyasi prosesin, onilliklər ərzində olub-keçənlərin yaratdığı ümumi həyat mənzərəsi, siyasi tablo, tarixi peyzaj kimi tamaşa edirdim.

Bu mənzərədə iki qütb vardı...

Bir tərəfdə öz xalqının mövqeyini, tarixi həqiqətləri, haqqın, ədalətin, vicdanın səsini ingilis dilində çox səlis şəkildə, əsl siyasətçi və diplomat məntiqi, təmkini ilə çatdıran, peşəkar davranışları rəğbət yaradan əsl Lider, Şəxsiyyət...

O biri tərəfdə isə belə müzakirələr üçün lazımi savadı, hazırlığı, səriştəsi, ən əsası isə arqumentləri, dəlilləri, hüquqi əsasları çatmayan, çox pis bildiyi ingilis dilinin hər kəlməsində dili topuq çalıb kəkələyən, nə demək istədiyi başa düşülməyən, opponentinin tutarlı arqumentləri qarşısında demoqoqluq edib gülünc vəziyyətə düşən, tez-tez səhvlər buraxan, miskinliyi ilə öz ölkəsinin, xalqının da adına utanc gətirən, tarixi faktları həyasızcasına təhrif etməsi ilə ikrah doğuran avantüristün biri...

***

Müzakirələri izləyə-izləyə düşünürdüm ki, əslində Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərləri arasında aparılan bütün danışıqlarda cənab İlham Əliyev onları belə çətin duruma salıb, tutarlı arqumentlərlə susdurub və işğalçı ölkənin rəhbərləri belə miskin durumlara çox düşüblər.

Onlar haqsız tərəfdirlər axı...

Apardıqları işğal siyasətinə don geyindirmək üçün ağlabatan nə deyə bilərlər ki?!

Ona görə də onlar Azərbaycan Prezidenti ilə aparılan bütün danışıqlarda aciz durumdadırlar. Bu debatın önəmi isə Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forum çərçivəsində və media üçün açıq keçirilməsi idi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımla bütün beynəlxalq birliyin diqqətinə çatdırıldı, dünya ictimaiyyəti bu münaqişədə hansı tərəfin haqqa, ədalətə, beynəlxalq hüquq normalarına, tarixi reallıqlara əsaslandığına, hansı tərəfin sadəcə ikrah doğuran həyasızlıq etdiyinə bir daha şahid oldu.

Bir daha əmin oldum ki, məhz bu həyasızlığı, arqumentsizliyi, gülünc durumu daha geniş auditoriyanın görməməsi üçün Ermənistanın Paşinyandan əvvəlki rəhbərləri həmin günə qədər münaqişənin həllinə dair beynəlxalq birliyə mesajların ötürülməsi məramı ilə yaradılan imkandan qaçıblar. Açıq dialoqdan müxtəlif bəhanələrlə yayınıblar. Hətta Davos Forumu çərçivəsində təşkil olunan müzakirələrdə iştirakını belə təxirə salıblar. Bunun da əsas səbəbi odur ki, Ermənistan işğalçı dövlətdir, diplomatik mövqeyi çox zəifdir, bu, mövqeyi əsaslandırmaq üçün ciddi arqumentlərə malik deyil! Üstəlik, bu dövlətin rəhbərləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində necə güclü bir opponentlə, öz ölkəsinin, xalqının maraqlarını yüksək qətiyyət və məharətlə təqdim edən peşəkar diplomat, təcrübəli dövlət adamı ilə üz-üzə əyləşəcəklərini fərq ediblər.

Paşinyan isə kiminlə debata çıxdığını, görünür, hələ dərk edə bilməmişdi...

Və müzakirələrin elə ilk dəqiqəsindən o, öz dərsini aldı!..

Bu, Azərbaycan Prezidentinin siyasətdə hələ piyada olan Ermənistan baş nazirinə həm səriştəli dövlət adamının verdiyi ustad dərsi, həm tarixçi alimin tarix dərsi, həm də beynəlxalq hüquq, beynəlxalq münasibətlər elminin bilicisinin keçdiyi hüquq dərsi idi. Məhz buna diqqət edib bütün Ermənistan əhalisi kimi qəzəbini gizlədə bilməyən İrəvanda yaşayan jurnalist Artak Vardanyan deyib: "Nikol Paşinyan... 1991-1994-cü illərdə Yerevan Universitetinin Filologiya fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb. Siyasi fəaliyyətinə görə təhsil ocağından qovulub. Tarixi bilmir, münaqişədən xəbəri yoxdur. Son iki ildə baş nazirdir, ancaq hələ də özünü 3-cü sinif küçə siyasətçisi kimi populist aparır”.

Müzakirələrdən bir daha aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubiyyəti, əhali tərkibi ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Cənab

İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı dilə gətirdiyi tarixi həqiqətlər qarşısında Paşinyanın dərsini pis bilən şagird kimi eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Debat zamanı açıq şəkildə göründü ki, Paşinyan Prezident İlham Əliyevin səsləndirdiyi tarixi həqiqətlər, təqdim etdiyi faktlar qarşısında çıxılmaz durumdadır.

Bu müzakirələrdə Azərbaycan Prezidenti ənənəvi erməni demaqogiyası, mifləri, iddiaları ilə "silahlanmış” Paşinyanı faktlarla, məntiqlə darmadağın etdi! Saxta tarix, əlləri çatan hər şeyi oğurlayıb özününküləşdirmək, həqiqətləri təhrif etmək mərəzinin erməni xalqını da, onun özünə rəhbər etdiyi şəxsləri də belə açıq tribunalarda necə ironik durumda qoyduğunu bütün dünyaya göstərdi. Ona görə də bu durumu xəcalətlə izləyən erməni politoloq Andranik Tevanyanın görüşdən dərhal sonra "uduzan tərəf Ermənistan nümayəndələri idi və bunda günahkar onlar özləridir” deməklə kifayətlənməyib kinayə ilə "Paşinyanın beynəlxalq auditoriya qarşısında belə ehtiyatla və belə imiclə çıxış etməsi yenə də sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür. Çox böyük!” deməsi başa düşüləndir.

***

Bu mənzərə təkcə iki münaqişə tərəfinə rəhbərlik edən şəxslərin debatı deyildi.

Bu mənzərə iki rəhbərdən də çox iki ölkənin, iki cəmiyyətin, iki xalqın, iki dünyagörüşünün qarşılaşması kimi gəlirdi adama. Paşinyanın Münxen təhlükəsizlik konfransı çərçivəsində İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini baş nazirin kütlüyü ilə izah edən erməni yazıçı Anna Turcotte qəzəblə qeyd edir ki, məhz Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub. Ermənistan isə çoxdan gülünc vəziyyətə düşüb, Paşinyan sadəcə onun hansı vəziyyətdə olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi...

Son onilliklərdə Azərbaycanla Ermənistan arasında yaranmış inkişaf fərqini, işğalçı ölkədən nə qədər irəlidə olduğumuzu, düşmən ölkə və cəmiyyət üzərində nə qədər böyük üstünlük qazandığımızı ilk dəfə idi ki, bu qədər aydın şəkildə görmək olurdu.

Bu reallıqları indiyə qədər ayrı-ayrı hesabatlardan, təhlillərdən, analitik şərhlərdən oxumuşduq, müəyyən məlumatlar əsasında özümüz üçün bir nəticəyə gəlmişdik. Cənab İlham Əliyevlə Nikol Paşinyanın debatında isə bu fərqin özü danışırdı, o videogörüntülər, əslində, bu münaqişədə qalib tərəfin kim olduğunu açıq-aydın əks etdirirdi.

Bir tərəfdə özünə, apardığı siyasətin düzgünlüyünə, vətəndaşlarının dəstəyinə, ölkəsinin gələcəyinə əmin olan, tarixinin ən böyük inkişaf mərhələsinə yetirdiyi Vətənin nailiyyətlərinin verdiyi inamla, yüksək intellektual səviyyə ilə, peşəkar bilik və bacarıqlarla məğlubedilməz görünən və bu üstünlüyü ilə də xalqının sözünü çatdıran Prezidentin təmsil etdiyi, bütün dünyanın getdikcə daha böyük rəğbət duyduğu Azərbaycan...

O biri tərəfdə isə hakimiyyətə liderlik qabiliyyətləri, hər hansı menecerlik istedadı hesabına deyil, sırf təsadüf nəticəsində gəlib çıxmış, bütün siyasi həyatı, karyerası, kürsüdən üzüaşağı yuvarlanması yenə də növbəti təsadüflərdən, qaragüruhun emosiyalarından asılı olan, bundan qorxaraq da əsl həqiqətləri dilə gətirə bilməyən naşı boşboğazın illərdir ki, xəstə düşüncələrin əsiri olub yaman günə düşən, inkişafdan, tərəqqidən, müasir trendlərdən uzaq qalıb ac-yalavac dolanan işğalçı imicli, kasıb və miskin ölkəsi. Məhz ölkəsinin rəhbərinin çıxışından beynəlxalq auditoriyada bu assosiasiya formalaşdığına görə hikkəsindən az qala çatlayan Daşnaksütyun partiyasının üzvü Lilit Qalstyan deyir: "Diplomatiya, ictimai danışıq çox danışmağı - boşboğazlığı sevmir, xüsusilə də malik olmadığın bir dillə. Paşinyan da naşı bir diplomat olduğunu Münxendə Əliyevin qarşısında göstərdi. Paşinyan əvvəlcə öz səhvlərini görmək, sonra düzəltmək qabiliyyətinə sahibdirmi? Bəs səhvlər çox və düzəlməzdirsə? Paşinyanın səhvləri çox olsa da, o bunları düzəldə bilmir”...

Videogörüntülər başa çatandan sonra özümdən asılı olmadan bir daha başdan izlədim. Səhər yenidən baxdım və müzakirələrin artıq bir sıra portallarda yayılmış tam stenoqramını da tapıb kəlmə-kəlmə oxudum. Bilirəm ki, Münxen debatının videosunu bundan sonra yenə də izləyəcəyəm. Çünki o kadrlara təkrar-təkrar baxmaqdan zövq alıram. Bu, daxilimdən gələn mənəvi istəkdir.

Hər izlədiyimdə qürur duyuram.

Cənab İlham Əliyevin şəxsində belə bir Liderin rəhbərlik etdiyi, gələcəyə doğru apardığı ölkənin vətəndaşı olmağın qürurunu...

***

Dünyada iki insan bir-birinə bənzəmədiyi kimi bir lider də digərinin eynisi deyil. Əgər insanın liderlik qabiliyyətlərini müəyyən edən konkret standartlar olsaydı, onda xalqların da, təşkilatların da özlərinə uğurlu lider seçmək işi xeyli asanlaşardı.

Amma dünyanın harasında olur-olsun, vətəndaşlardan öz liderlərində görmək istədikləri xarakterik xüsusiyyətlər haqqında soruşanda onlar yüksək intellekti, xarizmanı, qətiyyəti, entuziazmı, gücü, cəsarəti, yeni situasiyalara, inkişaf trendlərinə uyğunlaşma qabiliyyətini, özünə inamı əsl lider haqqında düşüncələrinin ön cərgəsində sadalayırlar.

İlham Əliyev müasir dünyamızdakı çox az liderlərdəndir ki, qeyd edilən xüsusiyyətlər onun şəxsiyyətində bir-birini tamamlayır. Üstəlik, Azərbaycan Prezidentinin liderlik qabiliyyətləri onun yüksək idarəçilik istedadı ilə birləşir və ölkəmizin bu gün əldə etdiyi bütün tarixi nailiyyətlərin rəhninə çevrilir.

Liderlik Azərbaycan prezidentinin şəxsində həm fitri qabiliyyətdir, həm də Ulu Öndər Heydər Əliyevlə akademik Zərifə xanım Əliyevanın ailə ocağında, xalqın bu iki böyük ziyalı şəxsiyyəti ətrafında formalaşan yüksək intellektual mühitdə, Ümummilli Liderlə gündəlik ünsiyyət zamanı bu böyük dövlət adamının siyasət məktəbində daha da inkişaf etdirilmiş bacarıqdır.

Bu fikirləri qələmə alanda, 1993-cü ilin dekabrında Ümummilli Lider Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı onu müşayiət edən bir jurnalistin qeydləri yadıma düşdü. Adını xatırlamadığım jurnalist yazırdı: "Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Fransa Prezidenti Fransua Mitteranın görüşü protokola əsasən 20 dəqiqə nəzərdə tutulurdu. Amma iki dövlət başçısı arasında təkbətək danışıqlar saatyarım çəkdi. Fransanın diplomatik heyəti bir-birinə dəymişdi. Özləri etiraf edirdilər ki, bu, çox nadir hallardan biridir. Görüş başa çatandan sonra biz Fransua Mitteranı çox pərişan, Heydər Əliyevi isə çox qəzəbli gördük. Hiss etdik ki, danışıqlar çox gərgin keçib. Nəticə dərhal özünü göstərdi. Fransua Mitteran mətbuat üçün bəyanat verəndə ilk dəfə idi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını rəsmən bəyan edirdi.Yalnız bundan sonra Ulu Öndərin çöhrəsində bir təbəssüm yarandı. Bundan sonra görüşü izləyən jurnalist Mirzə Xəzər astaca sevinclə mənə dedi ki, Heydər bəy Mitteranı da sındırdı”.

Bəli, bu böyük insan əyilməz iradəsi, qətiyyəti ilə xalqını, ölkəsini şərəflə təmsil edən Azərbaycan dahisi Heydər Əliyev idi, bir neçə gün əvvəl Münxendə Nikol Paşinyanı əzən, beynəlxalq aləmin gözü qarşısında onun acizliyini, çılızlığını, savadsızlığını, Ermənistanın işğalçı olduğunu nümayiş etdirən isə Heydər Əliyev siyasi akademiyasını əla qiymətlərlə bitirən, Ulu Öndərin "özü kimi inandığı” Azərbaycan Prezidenti İlham Əliyevdir.

Dünyanın bir çox ölkələrinə səs salan Münxen debatını izləmiş Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov Prezident

İlham Əliyevin Paşinyan üzərində diplomatik qələbəsinin gözlənilən olduğunu bildirərək deyir: "Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil. Üstəlik, həqiqət Azərbaycan Prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür”. Son dərəcə obyektiv qiymətləndirmədir.

***

Bütün uğurlu liderlər kimi, İlham Əliyev də daim hərəkətdədir, iş başındadır, enerji dolu obrazı ilə dinamik, işgüzar mühitin əhatəsindədir.

O, Azərbaycan naminə davamlı nailiyyətlərə can atır. Qarşıya qoymuş milli hədəflərə yetişməkdən ötrü yorulmadan çalışır, ardıcıl təşəbbüslər göstərir, başqalarını da buna sövq edir.

Azərbaycan Prezidentinin yüksək intellekti ona böyük həcmdə aramsız informasiya axınını təhlil etməyə və nəticələr çıxarmağa, ölkənin və xalqın gələcəyi üçün yeni baxışlar müəyyənləşdirməyə, problemlərin həlli üçün doğru qərarlar verməyə şərait yaradır. Cənab İlham Əliyev insanlara təsir göstərməyi, onları verilmiş qərarların perspektivlərinə inandırmağı və qarşıya qoyulmuş vəzifələrin icrası üçün hamını səfərbər etməyi gözəl bacarır.

Azərbaycan Prezidenti ən müxtəlif sahələr, qlobal siyasət, iqtisadiyyat, ölkənin təsərrüfat həyatının incəlikləri barədə dərin biliklərə malikdir. Açığını deyim ki, onun müxtəlif toplantılar zamanı etdiyi çıxışları, apardığı əhatəli təhlilləri, ortaya qoyduğu strateji baxışları izləyərkən bir insanın ən müxtəlif sahələrə aid bu qədər həcmli faktları, göstəriciləri, rəqəmləri necə yadda saxlamasına təəccüblənməyə bilmirəm.

Cənab İlham Əliyevə Azərbaycan xalqı qədər beynəlxalq ictimaiyyət, ölkəmizlə dost münasibətlərdə olan dövlətlərin rəhbərləri də böyük simpatiya bəsləyirlər. Çünki ona hər zaman inanmaq, güvənmək, etibar etmək olar.

İnam, etibarlı əməkdaşlıq, dürüstlük, səmimiyyət İlham Əliyev üçün çox böyük dəyərlərdir...

Azərbaycan Prezidenti bu dəyərlərə sadiqliyini verdiyi vədlərə xilaf çıxmamaqla, söz və əməllərinin üst-üstə düşməsi ilə, comərdliyi ilə həmişə sübuta yetirib...

***

İnsanlar adətən özlərinə inanan, addımlarının düzgünlüyünə şübhə etməyən şəxsiyyətləri lider seçir, talelərini ona əmanət edirlər. Ulu Öndər Heydər Əliyevə tükənməz xalq rəğbətinin bir sirri də bunda idi. Azərbaycan vətəndaşları Heydər Əliyevin rəhbərlik etdiyi ölkənin bütün sərt sınaqlardan çıxa biləcəyinə, inkişaf yolu ilə aram-aram irəliləyəcəyinə, bir daha ağır təlatümlərlə üzləşməyəcəyinə əmin idilər. Çünki buna ilk növbədə Heydər Əliyev özü inanırdı və Ümummilli Liderin bu özünəinam hissi insanları da xatircəm edirdi.

Eyni missiyanı Azərbaycan xalqı üçün bu gün cənab İlham Əliyev yerinə yetirir...

2003-cü ildən bəri Azərbaycan Prezidentinin rəhbərliyi ilə əldə olunmuş bütün tarixi nailiyyətlərimiz bu özünəinam hissindən, həyata keçirilən siyasətin, verilən qərarların doğruluğuna əminlikdən gəlir və bu inam həyat reallıqlarında özünü doğruldur.

Münxen debatını dəyərləndirən amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys Prezident İlham Əliyevin qətiyyətini yüksək qiymətləndirərək deyir: "Azərbaycanın mövqeyi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində üstün olacaq, Bakının fəal diplomatiyası həmişə uğurlu olub. Qeyd edim ki, çıxışı zamanı Prezident İlham Əliyev Avropa təhlükəsizliyi üçün önəmli olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini vurğuladı. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının daimi tərəfdarı kimi çıxış etdi”. Ölkəsinin, eyni zamanda xalqının müstəqilliyini bu şəkildə qürurla, ləyaqətlə təmsil edən, müdafiə edən və qoruyan dövlət başçısı ilə yalnız qürur duymaq və fəxr etmək olar.

***

Gələcəklə bağlı aydın strateji baxışlara malik liderlər inkişafın yeni dönəmlərində yaranmış dəyişiklik zərurətlərini öz qərarlarında həmişə nəzərə alırlar. Uğura aparan yol reallığa uyğun dəyişiklik hekayələrindən, davamlı islahatlardan keçir.

Dəyişiklik bir həyati reallıqdır... Dünyanın ən inkişaf etmiş ölkələri, çox dayanıqlı iri korporasiyaları da tez-tez dəyişiklik qərarları verməli olurlar. Bu, zamanla yarışmaqdır. Çünki həyat bir yerdə durmur, insanlar, onların istək və gözləntiləri, fəaliyyət modelləri, texnologiyalar dəyişir.

Aydın gələcəyin təminatı buna həmahəng dəyişməyi bacarmaqdadır. Əgər yeni dövrə transformasiya proseslərini həyata keçirməsən vaxtın sürətindən geri qalarsan. İnkişaf axınından uzaq düşərsən.

İdarəetmə mexanizmlərinin, tətbiq edilən texnologiyaların dəyişməsi, yenidən dizayn olunması və insanların da buna uyğunlaşması aparılan islahatların, ümumi transformasiya prosesinin ayrı-ayrı istiqamətləridir.

Azərbaycan xalqının şansıdır ki, dövlət rəhbərimiz bu prosesi vaxtında və uğurla həyata keçirir. Bu gün ölkəmizdə aparılan ardıcıl islahatlar, qurulan yeni idarəetmə strukturları, bu strukturlara gənc və peşəkar menecerlərin cəlbi dövrün çağırışlarını əks etdirir.

Azərbaycan həyatındakı böyük tarixi dəyişikliklərdən biri də 25 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq referendumu əsasında ölkəmizdə vitse-prezident institutunun yaradılması və Azərbaycan Prezidentinin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi oldu.

Bu, Azərbaycan insanlarının sosial sifarişi ilə üst-üstə düşən, vətəndaş olaraq hər birimizin ürəyindən xəbər verən bir təyinat idi. Belə yüksək etimadı öz nəcib əməlləri, tarix yazan şəxsiyyəti ilə çoxdan haqq etmiş Mehriban xanım Əliyeva isə bununla hər hansı dövləti status, ali vəzifənin gətirdiyi imtiyazlar qazanmırdı.

Son onilliklərdə Azərbaycan vətəndaşlarının dilinin əzbərinə, sevgi və rəğbət rəmzinə çevrilmiş Mehriban Əliyeva adı bu təyinata qədər də özündə bütün mənəvi dəyərləri, ali statusları ifadə edirdi...

Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmaqla Mehriban xanım üzərinə daha böyük məsuliyyət götürmüş oldu.

Bu, qəbul edilmiş inkişaf proqramlarının icrasına, Azərbaycanın öz milli hədəflərinə çatmasına faydaları baxımından Mehriban xanım Əliyevanın yüksək potensialını, menecerlik qabiliyyətini, idarəçilik bacarığını, təşkilatçılıq məharətini düzgün dəyərləndirərək, ona daha geniş və əhatəli işlər tapşıran Azərbaycan Prezidenti qarşısında məsuliyyətdir...

Ona inanan, çətinliyə düşəndə adına üz tutan, Mehriban xanımın ana qayğısından, həssaslığından, insanlara sevgisindən, xeyirxahlığından, şəfqətindən öz nəsibini alan, məşğul olduğu bütün işlərə necə sidq-ürəklə, vicdanla, sevgi ilə yanaşıb ortaya real nəticələr qoyduğunu görərək dövlətimizə, vətəndaşlarımıza xidmət üçün ona daha geniş səlahiyyət verilməsini arzu, hətta yeri gələndə tələb edən Azərbaycan insanları qarşısında məsuliyyətdir...

Aradan ötən 3 il isə bu təyinatın nə qədər düzgün olduğunu, Mehriban xanım Əliyevanın Azərbaycan Prezidentinin inam və ümidlərini, vətəndaşların gözləntilərini bu dəfə də doğrultduğunu, dərk edilmiş məsuliyyət hissinin diktəsi ilə bu vəzifədə də mükəmməl örnəklər yaratdığını bir daha göstərdi.

Mehriban xanım özü bir mükəmməllik nümunəsidir...

İndiyə qədər onun adı olan, rəhbərliyi altında həyata keçirilən bütün layihələr qüsursuz yerinə yetirilib. Ələ zərrəbin götürüb bir-bir nəzərdən keçirsən belə o layihələrdə unudulmuş, diqqətdən kənarda qalmış hansısa bir detalı, el dilində desək, yola vermə cəhdini, göstəri xatirinə təqdim edilmiş keyfiyyətsiz bir işi tapa bilməzsən. Çünki bunların hər birini Mehriban xanım özü bir-bir yoxlayıb. Əgər çatışmayan məqamlar varsa, aradan qaldırılmasına nail olub, insanlara qüsursuz işlər, kəm-kəsirsiz nəticələr, yarımçıq olmayan həllər təqdim edib.

***

Mehriban xanım milli dövlətçilik tariximizdəki bir çox ilklərin müəllifidir...

Və dövlətimizin də, xalqımızın da, elə tariximizin də şansıdır ki, bu ilkləri belə bir mükəmməl şəxsiyyət yaradıb. Öz mükəmməlliyi ilə bu ilklərin də ən mükəmməl meyarlarını ortaya qoyub.

Mehriban xanım Əliyeva tariximizdə rəsmən ölkənin birinci xanımı institutunu formalaşdırmış, bu statusu daşıyan şəxsin davranış qaydalarını, sosial məsuliyyətini, gördüyü işlərin istiqamətlərini müəyyənləşdirən və Azərbaycanın birinci xanımı kimi insanların böyük sevgisini qazanan, qayğıkeş ana misalı yüksək humanizmi, sadəliyi, doğmalığı, insanlara həssaslığı ilə vətəndaşların dövlətə, dövlət rəhbərimizə rəğbətini daha da artıran, dövlət-vətəndaş münasibətlərinə maraqlı çalarlar gətirən şəxsiyyətdir...

Mehriban xanım Əliyeva ötən əsrin əvvəllərində fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin fəaliyyətindən sonrakı böyük bir fasilənin ardınca müstəqillik, azad bazar iqtisadiyyatı dövründə Azərbaycanın Heydər Əliyev Fondu kimi geniş fəaliyyət dairəsinə malik ilk belə ictimai təşkilatını yaratmış, bu fondun sosial məsuliyyət layihələri ilə bütün dünyada ölkəmizə böyük nüfuz qazandırmış ictimai xadimdir...

Mehriban xanım Əliyeva Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi çox genişmiqyaslı, hətta illər əvvəlin şərtləri ilə baxdığımızda ölkəmizdə keçirilməsi mümkünsüz görünən qlobal tədbirlərin təşkilati işlərini qısa zamanda və ən yüksək səviyyədə, inanılmaz qabiliyyətlə yerinə yetirmiş, bu cür beynəlxalq tədbirlərin, əslində, necə keçirilməli olduğunu bütün dünyaya göstərmiş, onların yeni təşkilati standartlarını formalaşdırmış menecerdir...

O, eyni vaxtda həm daha çox Qərb dünyasının dəyərlərini əks etdirən UNESKO-nun, həm də Şərq aləminin dəyərlərinə bağlı ISESCO-nun xoşməramlı səfiri adını daşıyan nadir şəxsiyyətdir...

Mehriban xanım Əliyeva dünyanın bu iki mötəbər qurumunun belə yüksək səlahiyyət verdiyi ilk insandır...

O, mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq ideyalarının yayılmasına töhfə verən fəaliyyəti, 2008-ci ildən başlanmış, BMT kimi mötəbər təşkilatın da təqdir etdiyi "Bakı prosesi” çərçivəsində paytaxtımızda təşkil olunan beynəlxalq humanitar forumların təşkilatçısı, dünyanın müxtəlif ölkələrində minlərlə insanın həyatına fayda gətirən humanitar layihələrin müəllifi kimi bu iki qurumun xoşməramlı səfirinin, əslində, necə davranmalı olduğunu göstərir. Təkcə daşıdığı statuslarla deyil, bu statuslarda yerinə yetirdiyi xoşməramlı missiya ilə də bir çox ilklər yaradır.

Mehriban xanım Əliyeva adı tarix boyu bir çox yüksək dəyərlərlə assosiasiya olunmuş, dəyərlərin rəmzinə çevrilmiş Azərbaycan qadınının bu haqqını ən yüksək səviyyələrdə rəsmiləşdirən, Azərbaycan qadını adını ən böyük ucalıqlara yüksəldən və ölkəmizdə qadın fəallığı ənənələrinin inkişafına tarix boyu bu qədər böyük töhfələr verən ilk xanım liderdir...

***

O, Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsindəki 3 illik fəaliyyəti ilə milli dövlətçilik tariximizdə bu vəzifənin parlaq ənənələrini, konkret meyarlarını da formalaşdırdı.

Dövlət idarəçiliyi sistemində Birinci vitse-prezident institutu yaradıldıqdan sonra bu vəzifəni daşıyacaq şəxsin hansı işləri və necə görəcəyi çoxlarına maraqlı idi. Azərbaycan Prezidenti bu vəzifəyə məhz Mehriban xanım Əliyevanı təyin etməklə dövlətçilik ənənələrimizdəki belə bir ilkin - Birinci vitse-prezidentlik təcrübəsinin ən mükəmməl nümunələr əsasında formalaşmasına vəsilə oldu.

Mehriban xanım Əliyeva bu 3 illik fəaliyyəti ilə göstərdi ki, ölkənin Birinci vitse-prezidenti üzərinə götürüb fədakarcasına yerinə yetirdiyi çoxsaylı vəzifələrlə, həyata keçirilən dövlət siyasətinə, insanlara, cəmiyyətə verdiyi faydalarla, yaratdığı dəyərlərlə dövlət rəhbərinin ən yaxın silahdaşı olmalıdır.

Gördüyü işlərə hər hansı vəzifə öhdəliyi kimi yox, qəlbinin sevgisi ilə yanaşmalıdır, bu işləri vicdan borcu kimi yerinə yetirməlidir, başqaları üçün faydalı olmaqdan ruhani məmnuniyyət hissi duymalıdır.

Xalqla dövlət arasında mənəvi körpüyə çevrilməlidir, insanların sözünün, sosial qayğılarının, problemlərinin həllinə kömək istəklərinin dövlət institutlarına çatmasına mane olan bürokratik əngəlləri ortadan götürməlidir, onların arzularının tərcümanına çevrilməlidir.

Mehriban xanım göstərdi ki, ölkənin Birinci vitse-prezidenti olmaq hər bir azərbaycanlı ailəsinin doğma bir üzvü olmaqdır, onlara qəlbinin sevgisini, istisini verə bilməkdir...

Ərazilərimizin ermənilər tərəfindən işğalı nəticəsində yurd-yuvasından perik düşmüş və illərdir yataqxana hücrələrində zimistan çəkən məcburi köçkün ailələrini abadanlığa çıxarmaqdır, uşaq evlərindən birbaşa həyatın çətin yollarına atılan atasız-anasız gənclərin üzərinə qanad sərib onları iş, ev-eşik sahibi etməkdir...

Bu yurdun kimsəsiz körpələrinə öz doğma analarından da qayğıkeş ana, qocasına doğma övladlarından da həssas övlad, şəhid anasının, bacısının, həyat yoldaşının göz yaşlarını ən yaxın bir insanın sevgisi, təsəllisi ilə silən həmdəm olmağı bacarmaqdır...

Əcdadlarımızın min illərdən bəridir ki, bu torpaqlarda yaratdıqları zəngin mədəniyyətə sahib çıxmaqdır, mədəni sərvətin qorunması, gələcək nəsillərə ötürülməsi və bütün dünyada təbliği qayğısına qalmaqdır...

Azərbaycan insanını inkişaf etdirməkdir, sosiallaşmasına dəstək olmaqdır, kimliyindən asılı olmayaraq hər bir vətəndaş üçün öz imkanlarını, fərdi potensialını reallaşdırmaqdan ötrü bərabər imkanlar mühiti yaratmaqdır...

Azərbaycan gəncliyini vətənpərvərlik ruhunda tərbiyələndirməkdir, onları xeyirxahlıq, mərhəmət, şəfqət, insana, insanlığa sevgi ruhunda yetişdirməkdir, gənc nəslin gələcəyə ümidi olmaqdır, o gələcəyi birgə yaratmaqdan ötrü işin ən çətinindən, yükün ən ağırından yapışıb gəncliyin önünə düşməkdir, Vətənə, ümumən dünyaya, nəcib məqsədlərə xidməti hər kəs üçün bir könül işinə çevirməkdir...

Bütün bu nümunələr Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi ötən 3 il ərzində gördüyü işlərin, yaratdığı nümunələrin, əslində, məhdud və ümumiləşmiş bir hissəsidir...

Onun ən çətin problemlərinin həllinə kömək olduğu minlərlə insanı media göstərmir, Mehriban xanımın rəhbərlik etdiyi layihələr sayəsində müşkülləri asanlaşan, həyatı sahmana düşən, bir vaxtların əlçatmaz arzularına yetişən minlərlə insanın şükranlıq duyğuları yalnız ona ünvanlanmış təşəkkür məktublarında əks olunur, biz o işlərdən, o təşəkkürlərdən, o insanlardan, Mehriban xanımın o köməkdarlıqlarından xəbərsiz qalırıq...

Çünki bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti üçün reklam, təbliğat elementi deyil, əsla...

Bütün bunlar Mehriban xanım Əliyeva üçün bir taledir, missiyadır...

O, öz tale işini, Vətən, tarix, insanlıq qarşısındakı ali missiyasını yerinə yetirir, dövlət rəhbərimizin həyata keçirdiyi siyasətə, bu siyasətdən bəhrələnən insanlara faydalı olmaqdan ötrü bütün imkanlarını ortaya qoyur və bu fədakarlığının, gördüyü nəcib işlərin mükafatını vicdanından alır.

Mehriban xanım Əliyeva 3 il əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunana qədər də belə idi, bu gün də belədir, bundan sonra da öz tale missiyasına sadiq qalacaq...

***

Həyat nə qədər müasirləşsə də, tarixi köklərin, arxetiplərin əlamətləri həyatın müxtəlif anlarında tez-tez özünü göstərir. Mənəvi dünyamızda Azərbaycan qadını və kişisinin obrazı ilə bağlı konkretləşmiş təsəvvürlər var. Azərbaycan qadını tarixən evin, ocağın bütövlüyünün, abadlığının, sahmanının, mənəvi dəyərlərinin qoruyucusu kimi çıxış edib, evin sosial qayğısını çəkib, xanım əllərinin səliqəsi, bərəkəti ilə evi gülüstana, rahatlıq, sevgi məkanına çevirib.

Azərbaycan kişisi isə evi, yurdu düşmənlərdən, fitnə-fəsadlardan qoruyub, yeri gələndə sinəsini sipər edib, döyüşüb, igidlik göstərib, yağıları yerində oturdub, ocağın firavanlığı üçün yaxında-uzaqda özünü oda-közə vurub və bu fədakarlığın gücünü, enerjisini hər zaman yurdda onu gözləyən, dəstək olan doğma insanların sevgisindən hiss edib.

İlham Əliyev - Mehriban Əliyeva tandemi ulularımızdan miras qalan bu mənəvi dəyərin dövlətçilik səviyyəsində təzahürüdür, Azərbaycan dövlətinin 10 milyonluq böyük bir ailəyə çevrilməsidir...

Münxen müzakirələrində də, səsimizi, ünümüzü dünyaya yetirdiyi başqa hər yerlərdə də Prezident İlham Əliyevi sarsılmaz edən, gücünə güc qatan bu böyük Azərbaycan ailəsindən duyduğu sevgi və dəstəkdir...

Bu Vətəndən, bu xalqdan, bu şəxsiyyətlərdən Tanrı da sevgisini, şəfqətini heç zaman əsirgəməsin!..

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video