25 Fevral 2020 01:42
1157
Mədəniyyət
A- A+

Su çərşənbəsi


Qədim zamanlardan insanlar yaz fəslinin gəlişini intizarla gözləyib, havaların isinməsi ilə soyuqdan, çətinliklərdən, ehtiyacdan qurtulacaqları, bolluq-bərəkətin gələcəyi ümidi ilə qışın son dörd çərşənbəsini təntənə ilə qeyd ediblər. Belə ki, Novruz bayramına dörd həftə qalanda baharı qarşılamaq üçün xüsusi mərasimlər keçiriblər.

Həmin çərşənbələri həyat üçün vacib dörd ünsürlə - su, od, yel və torpaqla əlaqələndiriblər. İnanıblar ki, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır, canlandırır. Xalq arasında onlara Boz ayın çərşənbələri də deyirlər.

Bu gün ilin ilk Novruz çərşənbəsi - Su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə”, "Sular Novruzu”, "Gözəl çərşənbə” də deyirlər.

Novruz bayramının dörd çərşənbəsinin hər biri özünəməxsus qaydada qeyd olunur. Su çərşənbəsi də digər üç çərşənbədən müəyyən qədər fərqlənir. Adətən, ilk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin divarları rənglənər, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, qurumuş və artıq budaqları, zoğları kəsilər.

Məlumdur ki, su paklıq, təmizlik rəmzidir. Buna görə həmişə müqəddəs hesab edilib. Tədqiqatçılar da bu qənaətdədirlər ki, Su çərşənbəsi suya tapınma inamından qaynaqlanır. Xalqın inancına görə, birinci çərşənbə günü sular hərəkətə gəlir, təzələnir. Deyilənlərə görə, Su çərşənbəsi günü "təzələnmiş” su üstündən keçənlər azar-bezardan uzaq olarlar. İlk çərşənbədə kənd yerlərində gün doğmamış insanlar sübh çağı çay, dəniz və ya bulaq üstünə gedər, əl-üzlərini yuyar, sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayarlar. Həmin gün axar su üzərindən atlanmaq, bir-birinin üstünə su çiləmək də uğura işarədir. Həmçinin inanca görə, Su çərşənbəsində lal axan sudan keçmək uğursuzluq əlaməti hesab edilir.

Su, ümumiyyətlə, sağlamlığın mənbəyi sayılır. Belə bir inam var ki, Su çərşənbəsi günü suyun gücü, şəfası daha da artır. Buna görə qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında suyun gözəlliyini, müqəddəsliyini, gücünü tərənnüm edən nəğmələr oxuyurdular. Evə su gətirər, həmin sudan içər, çay qoyarlar. Ənənəyə əsasən, Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı bu sudan içməlidir. Süfrəyə su dağılması aydınlıqdır.

Su ilə bağlı el arasında elə adət-ənənələr, inanclar var ki, onlara yalnız Su çərşənbəsində deyil, hər zaman əməl olunur. Məsələn, səfərə çıxan adamın arxasınca su atarlar, odu su ilə söndürmək günah sayılır. Bundan başqa, yuxuda su görmək xeyrə yozulur, aydınlıq sayılır. Su ilə bağlı xalq arasında yayılan sınamalardan biri də insanların gördükləri qorxulu yuxuları suya danışmalarıdır. İnanırlar ki, bununla onları izləyən qəzalardan, bəlalardan uzaqlaşa biləcəklər.

İlk çərşənbə ilə bağlı adət-ənənələri və inanclarını xalqımız bu gün də yaşadır. Bunlardan biri də Su çərşənbəsində qadınların, qızların su ilə fallara baxmalarıdır. Onlar öz üzüklərini çıxarıb su dolu bir qaba atır, üstünü parça ilə örtürlər. Daha sonra bayatı deməyə başlayırlar. Hər bayatının sonunda qabın içərisinə baxmadan bir üzük çıxarır, sahibinə verirlər və onu həmin bayatıda deyildiyi kimi həyatın gözlədiyini düşünürlər.

Su çərşənbəsində baxılan başqa bir fala görə, qızlar stəkana su doldururlar. Bir üzük götürürlər. Üzük başqasının da ola bilər, amma nişan üzüyü olması vacib sayılır. Sonra saçlarından bir tel qoparıb ona həmin üzüyü bağlayırlar və suya salıb çıxarırlar. Sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarırsa, falına baxılan adamın həmin yaşda evlənəcəyinə inanırlar.

Novruz bayramına qədər qeyd olunan bütün çərşənbələrdə ocaq qalamaq da ənənələrimizdən biridir. Bu da ilk çərşənbə ilə başlanır. Su çərşənbəsində hamının həyətində tonqal qalanır. Bununla bayram əhvali-ruhiyyəsi daha aydın nəzərə çarpır. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir. Bir daha qəlblərə ümid gəlir ki, qışın sərt günləri bitib. Kiçik çillə artıq öz yerini Boz aya verib. Bahar astanadadır.

Bahar fəslinin gəlişindən xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video