24 Fevral 2020 09:26
920
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 322 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsamməd oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 38/1 saylı qərarını mübahisələndirmiş, həmin qərarın və səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun ləğvini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Q.İ.Baxışov müraciətində göstərmişdir ki, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə səsvermə günü 34 saylı Xətai ikinci seçki dairəsinin bütün seçki məntəqələrində pozuntulara yol verilmişdir. Qeyd edilən pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, ancaq "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olaraq Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsaslanaraq həmin müraciəti araşdırılması üçün dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissiyası isə müraciətin təmin edilməməsi barədə 17 fevral 2020-ci il tarixli 38/1 saylı qərar qəbul edərək ona təqdim etmişdir.

Araşdırma ilə əlaqədar müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O, araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.

Mərkəzi Seçki Komissiyasına göndərdiyi şikayətin əsassız olaraq araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə namizədin göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, seçki prosesində bütün seçki hərəkətləri, o cümlədən seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair müraciətlər Seçki Məcəlləsi ilə tənzimlənir.

Seçki Məcəlləsinin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər.

Göründüyü kimi Seçki Məcəlləsinə əsasən səsvermə günü seçki məntəqələrində iddia edilən pozuntularla bağlı seçki subyektləri tərəfindən verilən şikayətlərin ilkin araşdırma səlahiyyəti dairə seçki komissiyasına aid olduğundan namizəd Q.İ.Baxışovun "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməsi əsassızdır.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmışdır. Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd Q.İ.Baxışovun şikayəti ümumi xarakterli olmuş, iddia etdiyi pozuntuların, yəni səsvermə başlamazdan əvvəl bülletenlərin sayılmadığı, bir seçiciyə birdən artıq səsvermə bülleteninin verilməsi, yekun protokolunun müşahidəçilərə verilməməsi və üçüncü nüsxəsinin məlumat lövhəsində asılmadığının hansı məntəqədə müşahidə edildiyi göstərilməmişdir. Buna baxmayaraq o, seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda qərarda göstərilir ki, namizəd Q.İ.Baxışov səsvermə günü seçki məntəqələrində müşahidə aparmaq üçün müşahidəçi təyin etməmiş, iddia etdiyi pozuntular barədə Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə, dairə seçki komissiyasına və məntəqə seçki komissiyalarına yazılı və şifahi müraciət etməmişdir.

Araşdırma prosesində səsvermə günü dairə seçki komissiyasının seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahat və aktlarda namizəd Q.İ.Baxışovun maraqlarını təmsil edən müşahidəçilərin müşahidə aparmaması və iddia edilən ümumi xarakterli pozuntuların baş verməsi halı təsdiqini tapmamışdır.

Araşdırmaya məcmu halda qiymət verilərək qeyd edilməlidir ki, dairə seçki komissiyası namizəd Q.İ.Baxışovun müraciətini obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Beləliklə, araşdırmanın nəticəsi olaraq müraciətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, müraciət təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsamməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 322 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 38/1 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video