23 Fevral 2020 18:43
527
SİYASƏT
A- A+

Təbrizdə Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, 1988-ci ildə SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürməyə başladı və Ermənistanda yaşayan 200 minədək azərbaycanlını deportasiyaya məruz qoydu. Bunun ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başladılar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında qətliamlar törədildi.

Baş konsul qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyindən isə hələ də məlumat yoxdur. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş təsnifata tam uyğun gəlir.

Diplomat vurğulayıb ki, vaxtilə ümummilli lider Heydər Əliyevin, sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşa edilməsi və işğal altındakı torpaqlarımızın azad olunması üçün bütün zəruri addımlar atılıb və atılmaqdadır. Hazırda beynəlxalq ictimaiyyətin hadisə ilə bağlı geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər olduqca təqdirəlayiqdir. Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyası geniş vüsət alıb. Bu gün dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıyıb.

Baş konsul Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücə, iqtisadi potensiala və siyasi iradəyə malik olduğunu qeyd edərək 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun işğal altındakı torpaqların bir qismini azad etdiyini, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar ərazini nəzarətə götürdüyünü xatırladıb.

Tədbirdə Xocalı soyqırımından və "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları Baş Konsulluğun erməni təcavüzü və Xocalı soyqırımı barədə hazırladığı fotostendə baxıblar. Hadisələrə dair məlumatların Azərbaycan, ingilis və fars dillərində əks olunduğu kitab, DVD və broşürlər, Azərbaycan tarixinə dair jurnallar iştirakçılara paylanıb. Sonda ehsan süfrəsi açılıb.

Mərasimdə İran İslam Respublikası Şərqi Azərbaycan vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktorunun birinci müavini Əli Piruzməneş, Şərqi Azərbaycan vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə və nümayəndəliyin əməkdaşı, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video