23 Fevral 2020 07:52
2295
SİYASƏT
A- A+

Mehriban Əliyevanın himayəsində qurulan xoşbəxtlik


Taleyi uşaq evində yazılan cütlüyün nisgil və sevinc dolu həyat hekayəsi


Günəş saralmış şəfəqlərini yer üzünə xəsisliklə paylayır, tez də tutqun buludların arxasında daldalanırdı...

Dəli küləyin hirslə sovurduğu xəzan yarpaqlarının arxasınca isə qucağı körpəli bir qadın ayaqlarını sürüyürdü...

Neçə müddətdir beynində götür-qoy etdiyi, son çarə ünvanına çatmamağa çalışırdı...

***

Çovğunlu bir qış səhəri idi...

Dəli küləyin hirslə sovurduğu qar dənələri acı gerçəklik kimi bir qızcığazın əlindən yapışaraq beynindəki tərəddüdlərdə ilişib qalan başqa bir qadının üzünə çırpılırdı...

Təəssüf ki, zaman fərqli olsa da, hər iki qadının, ananın taleləri də, ağrı-acıları da, könüllü olaraq bala həsrəti seçiminə qol qoymaq üçün üz tutduqları ünvan da eyni idi...

Bu yolçular uşaq evinə gedirdilər...

***

Tale özü onların qismətini uşaq evində çarpazlaşdırmış, bir-birinin alın yazısına çevirmişdi. Kimsəsizlik, valideyn özləmi, ailə həsrətini qoşa yaşamışdılar. Gözləri qapıya dikiləndə, ürəklərinə qubar dolanda, adicə bir sözdən inciyib-küsəndə həyan, arxa-dayaq olmuşdular bir-birlərinə. Beləcə, onlar da uşaq evinin ana-ata nisgilli bütün sakinləri kimi böyüyürdülər... Amma hər şeyin dəyişəcəyi, kimsəsizliklərinə son qoyulacağı, talelərinin güləcəyi ümidini itirmirdilər...

Və günlərin bir günü arzularının belə fövqündə olan bir aləmə düşmüş, həsrətlə gözlərinin dikildiyi o qapı açılmış və kandarında əziz bir qonaq görünmüşdü. Onun gəlişi bayrama, hüdudsuz sevincə rəvac vermişdi.

Sanki uşaq evinin bütün sakinlərinin üzərinə günəş doğmuşdu. Onun timsalında ana nəvazişi duymuş, kədərli gözlərinə gülüş qonmuş, özlərinə yaxın dost, həmdəm, "mənəvi ana” tapmışdılar...

Daha onlar tək, kimsəsiz deyildilər. Əlamətdar günlərdə sevinclərini bölüşən, nailiyyətlərinə qiymət verən, xoş günlərində qol götürüb oynayan, gələcək həyatda uğurlara səsləyən, onlara dəstək olan insan vardı...

Elə onların həyat axarının dəyişməsinə, bir-birlərinə olan sevgilərinin xoşbəxt sonluqla bitməsinə, şən körpə sədaları yüksələn bir yuvanın çırağının yanmasına da məhz o xeyirxah səbəb olmuşdu - amalı Azərbaycan uşaqlarını bəxtəvər görmək olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva...


Acılı-şirinli xatirələr...


Bu hekayə nisgil, kədər, sevgi, xoşbəxtliyin bir arada yaşandığı Nizami rayonu 1 saylı Uşaq Evinin məzunları Yasəmən və İbrahim Abzotovların ömür yolundan bəhs edir. Gənc qəhrəmanlarımız ötüb keçən, amma hələ də acılı-şirinli xatirələri burunlarını göynədən uşaqlıq illərindən, müstəqil həyatdakı ilk addımlarından, arzularındakı xoşbəxt həyata necə qovuşmalarından danışırlar.

1989-cu ilin yanvarında Bakıda dünyaya göz açan İbrahimin qismətinə cəmi 10 ay ana qayğısı görmək nəsib olur. Anası tək olduğu və heç yerdə işləmədiyi üçün oğlunu Bakıda yerləşən körpələr evinə qoymağa məcbur olur. 3 yaşına qədər orada qaldıqdan sonra uşaq evinə təhvil verilən körpə İbrahim həyat yolunda tənha addımlamağa başlayır. Amma heç zaman onu uşaq evinə qoyduğuna görə anasını qınaya bilmir...

- Anam arada yanıma gəlib-gedərdi. Amma bu, mənim valideynlərimə olan həsrətimi ödəmirdi. Hər uşağın ən böyük arzusu ata-anası ilə birlikdə böyüməkdir. Təəssüf ki, mən o xoşbəxt uşaqlardan ola bilmədim, bu psixoloji travma ilə böyüdüm. Təbii ki, uşaq evində maddi ehtiyaclarımız ödənirdi, bizə qayğı göstərirdilər, amma ana qayğısı, ata sevgisi başqadır. Adi bir şey deyim, məktəbdən çıxanda görürdüm ki, digər uşaqların dalınca valideynləri gəlib. Bizim isə arxamızca gələn, nailiyyətlərimizlə maraqlanan valideynimiz yox idi... Bəzən mənə sual verirlər ki, valideynlərindən inciyirsənmi? "Yox” deyirəm. Axı onlardır bu dünyaya gəlməyimin səbəbkarları...


Bilmirdi ki, təkcə atasına yox, anasına da həsrət qalacaq...


1990-cı illərin əvvəlləri idi. Bərdə rayonunun Alaçadırlı kəndində xoşbəxt bir ailədə üç azyaşlı uşaq böyüyürdü. Çox keçməyəcək ki, üzərlərini qara buludların alacağından, həyatdakı dayaqlarını, atalarını itirəcəklərindən xəbərsiz... Atasının surətini rəsmlərdən ürəyinə həkk edən Yasəmən cəmi yaş yarımlıq idi onda... Körpə Yasəmən həm də ondan xəbərsiz idi ki, elə bu andan o, təkcə atasına yox, anasına da həsrət qalacaq, onun hənirini özgələrlə, yadlarla ovutmağa çalışacaq. Amma bunlar 2-3 il sonra olacaqdı...

Hələliksə tənha ana övladlarını başına yığaraq onlara baxmağa çalışırdı, amma bu, çox çətin idi. Buna görə də Bakıda dolanışıq tapa bilərlər düşüncəsi ilə övladlarını da götürüb heç kimi tanımadığı böyük şəhərə yollanır. Amma yoxluqlar, çətinliklər də onu qarabaqara izləyirdi. İşsiz tənha qadın, himayəsində olan üç azyaşlı uşaqla cavabı olmayan suallar qarşısında çarəsiz qalmışdı. Ümidsiz qalan ana balalarının acından ölməməsi üçün neçə zamandır ürəyində dolandırmağa, dilinə gətirməyə qorxduğu o gerçəyə boyun əyməli oldu. Balaca Yasəməni kiçik qardaşı ilə bərabər uşaq evinə təhvil verib, sürətlə uzaqlaşmağa, körpələrinin ağlamasını, arxasınca qışqırmasını görməmək, duymamaq üçün qaçmağa başladı...

- 6 yaşımdan uşaq evində böyüdüm. Həftəsonları anam görüşümüzə gəlirdi. İstəmirdim bizi qoyub getsin, amma gedirdi... Uşaq vaxtı bunu başa düşməsəm də, sonradan o dövrdə yaşadığımız həyatın reallığını dəyərləndirib anladım ki, bəlkə də bizim üçün beləsi daha məsləhətli olub. Yaxşı ki, anam bu gücü özündə tapıb, bizi uşaq evinə, dövlətin qayğısına verib. O çətinliklərlə açıq cəmiyyətdə böyüsəydik, həyatımız daha ağır olardı. Yəqin, Allahın buyruğu belə idi...


Mehriban xanım soruşdu ki, hanı mənim alagöz qızım?


Yaman yuxa, yaman kövrək olur uşaq evinin sakinləri... Gözləri yolda, qulaqları səsdə böyüyürlər. Ürəklərinin dərinliyində kimsəsizliyin soyuq ürpərtisi, gələcəklə bağlı əndişə yuva qurur. Amma onlar və Azərbaycandakı bütün kimsəsiz uşaqlar xoşbəxt idilər, çünki Mehriban xanım Əliyeva idi arxa-dayaqları, könül həmdəmləri...

Yasəmən:

- Mehriban xanım bizim uşaq evinə tez-tez qonaq gəlirdi. O, çox ünsiyyətcil, mehriban idi. Hər birimizlə danışır, nəyə ehtiyacımız olduğunu soruşur, xırda nüanslara qədər maraqlanırdı. Hiss edirdik ki, birinci xanım bizimlə vaxt keçirməyi çox sevir. Ozamankı görüşlərimizdən bir xatirə isə mənim üçün çox əziz, qiymətlidir. Mehriban xanımın bizə növbəti gəlişlərindən biri idi. Otağa daxil olanda bütün uşaqlar yerlərindən durub Mehriban xanımın yanına qaçdılar. Utancaq olduğumdan təkcə mən xalça dəzgahının yanında qısılıb qaldım. Bu zaman Mehriban xanım soruşdu ki, hanı mənim alagöz qızım? O, məni axtarırdı. Sonra yanına çağırdı, görüşdü. Mənə dedi ki, ali təhsil almalısan, oxumalısan. Nə çətinliyin olsa, xəbər ver. Mehriban xanımın bu sözləri mənə böyük motivasiya, həvəs və özünəinam verdi.

İbrahim:

- Mehriban xanımın bizim uşaq evinə ilk dəfə gəldiyi vaxtdan 13-14 il keçib, amma o günü indiki kimi xatırlayıram... Hər zaman ana-atamızı, bacı-qardaşlarımızı gözləyirdik. Amma Mehriban xanım gəlişi ilə o həsrətimizə son qoydu, kimsəsizliyimizi unutdurdu. Elə bil nağıl dünyasına düşmüşdük, o qədər sovqat, oyuncaq gətirmişdi ki...

Təəssüratlarımız çox zəngin idi. Hətta günlərlə, həftələrlə, aylarla danışırdıq ki, cənab Prezidentin xanımı məhz bizim görüşümüzə gəlib. Və bu gəliş bir dəfə yox, davamlı oldu. Elə olurdu ki, ildə 3-4 dəfə bizə baş çəkirdi. Birlikdə oturub çay içir, söhbət edir, bir valideyn kimi bizimlə maraqlanırdı. Bəzən hətta unudurduq ki, valideynimiz yoxdur... Sanki biz Mehriban xanımın övladlarıydıq. O bizə ana qayğısı göstərdi, öz övladları kimi qəbul etdi. Bu günə qədər də özümü tək, atılmış hiss etməmişəm...

Mehriban xanım gələndə onu müxtəlif rəqslər, mahnılarla qarşılayırdıq. Bir dəfə bal rəqsi oynayırdım. Daha sonra isə keçib xalçaçılıq otağında xalça toxumağa başladım. Rəssamlıq əl qabiliyyətim olduğu üçün çəkdiyim rəsmləri sərbəst şəkildə ilmələrə köçürə bilirəm. Mehriban xanım məni orada da gördükdə müdiriyyətimizdən soruşmuşdu ki, "bu, bayaq rəqs edən oğlandır?” "Hə” cavabı alandan sonra isə demişdi ki, "bu oğlanın gələcəyi parlaqdır. Həqiqətən istedadlı bir insan olacaq...”

Çox sevinmiş, qürurlanmışdım ki, Mehriban xanım məhz mənim haqqımda belə gözəl ifadə işlədib...


Sevgi etirafı


Çoxdan idi ki, ürəyində iz salan bir sirri-pünhanı dilinə gətirmək istəsə də, çəkinirdi. İlk sevgi oxunun daşa dəyəcəyindən, nakam qalacağından, qarşılıqsız olacağından qorxurdu. Amma vədə yetişmişdi, qarşıda onu ayrılıq gözləyirdi, əsgərliyə yollanacaqdı. Nəhayət, cəsarətini toplayıb sevgisini etiraf etmək qərarına gəlir...

İbrahim:

- Çoxdan idi ki, Yasəməndən xoşum gəlirdi, xasiyyətimiz də tuturdu. Amma sevgimi özünə etiraf edə bilmədim, utandım. Yaxın bir dostum var idi, onun vasitəsilə bildirdim. Lakin ilk dəfə qəbul etmədi. Amma əsgərlikdə olduğum zaman bir-iki dəfə mənə zəng vurmuşdu, danışmışdıq. Sevdiyini etiraf etməsə də, könlünün məndə olduğunu hiss edirdim...

Yasəmən:

- Çox yaxşı dostluq münasibətlərimiz vardı, bir-birimizi anlayırdıq. İbrahim ilk dəfə sevgisini etiraf edəndə isə söylədim ki, hələ bu barədə düşünməmişəm, təhsil almaq istəyirəm. 2012-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə qəbul oldum. Təhsilim ödənişli olsa da, Mehriban xanımın diqqəti sayəsində bundan azad edildim, hətta mənə tələbə təqaüdü də ayırdılar.

2016-cı ildə universiteti bitirəndə şəxsi məlumatlarımı Heydər Əliyev Mərkəzinə göndərdim. Üzərindən heç iki gün keçməmiş məni işə qəbul etdilər və o zaman yeni yaranan Regional İnkişaf İctimai Birliyində işə başladım...


Mehriban xanımın sevinc ərməğanı


İbrahim:

- Heydər Əliyev Fondu və SOCAR-ın birgə layihəsinə əsasən uşaq evləri və internat məzunları əsgərliyə gedib-gələndən sonra imtahansız peşə məktəbinə qəbul olub 1 il orada oxuyurlar. Bundan sonra isə ev və işlə təmin edilirlər. Mən də bu imkanlardan yararlandım... Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa edilmiş yaşayış binasında mənzillə təmin olundum. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyirəm. Elə nişan üzüyümün pulunun yarısını da öz maaşımla düzəltmişdim. Amma toy etməyə maddi gücüm çatmırdı...

Yasəmən:

- İş yerində ailə həyatı qurmaq istədiyimi bildirəndə bu barədə Mehriban xanıma məlumat göndərildi. Bizə bildirildi ki, toyun bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödəniləcək. Cəmi iki gündən sonra bizim üçün çox təntənəli toy mərasimi təşkil edildi. Uşaq evinin bütün sakinləri, dostlarımız, xeyli qonaqlar var idi və bolluca şənlənmişdik. Toyumuzda Mehriban xanım bizi bir daha sevindirdi, avtomobil hədiyyə etdi...

İbrahim:

- Bəy kürsüsü elə bir yerdir ki, hər kəs özünü orada xoşbəxt hiss edir. Amma mən özümü daha xoşbəxt sayırdım. Keçdiyim çətin günlər xatirəmdə canlanırdı və düşünürdüm ki, özüm bu yolu tək gəlsəydim, çox şeyi bacara bilməzdim. İndi işimiz, evimiz, avtomobilimiz, ailəmiz var. Bütün bunlar isə Mehriban xanım Əliyevanın bizə sevinc ərməğanıdı.


Həyata keçən arzular...


Həyatlarının heç bir dönəmində özlərini tənha hiss etmədilər. Bütün analı-atalı uşaqlar kimi, ürəkli böyüdülər. Cəmiyyətə, xalqımıza layiqli, xeyirli vətəndaş kimi yetişdilər. Bütün bunlara isə məhz Mehriban xanım Əliyevanın şəxsi diqqəti və qayğısı sayəsində nail oldular...

Yasəmən:

- Həyatımda ən böyük dəstəkçim Mehriban xanım olub. Hansı çətinliyim olubsa, başımı çevirəndə hər zaman arxamda onu görmüşəm. İşlərinin çox olmasına, zamanının darlığına baxmayaraq, dəstəyini heç zaman əskik etməyib. O, mənə dayaq oldu, təhsil almağa təşviq etdi. Hətta ali təhsil almasaydım belə, uşaq evində bizə öyrədilən peşələrlə həyatımı normal şəkildə qura bilərdim. Məsələn, yaxşı aşpaz, toxucu, saç ustası ola bilərdim.

Həyatım boyu minnətdarlığım, dualarım Mehriban xanıma olacaq. Uşaq evində olsam da, çox yaxşı mühitdə böyümüşəm, xeyli yaxşılıqlarla qarşılaşmışam. Çalışıram mən də gördüyüm yaxşılıqları digər insanlara ötürüm...

İbrahim:

- Mehriban xanımın həyatımızda böyük rolu var. Uşaq evində gördüyümüz qayğı, sevgi oranı tərk etdikdən sonra da bitmədi, əksinə, ikiqat artdı. İndi də Heydər Əliyev Fondundan mütəmadi olaraq hər birimizlə maraqlanırlar. İşimizdə hansısa çətinliklərin olub-olmamasını soruşurlar. Bizim üzərimizə düşən borc isə göstərilən etimadı doğrultmaqdır.

Əslində biz tənha, valideyn himayəsindən məhrum deyilik. Mehriban xanımın himayəsində olan heç bir uşaq kimsəsiz deyil və biz böyük bir ailəyik...

İndi pəncərəsi işıqlı, bacasından tüstü burumlanan bir evdə Abzotovlar ailəsində Əminə adlı qızcığaz böyüyür. Valideynlərinin himayəsində, ana qayğısıyla, ata sevgisiylə...

Eyni ilə Mehriban xanım Əliyevanın bütün Azərbaycan uşaqlarını görmək istədiyi şəkildə: bəxtəvər, xoşbəxt, firavan, analı, atalı...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video