23 Fevral 2020 07:37
418
SİYASƏT
A- A+

İsraildə Xocalı qurbanlarının xatirəsi anılıb


İsraildə, Prezident meşəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, 613 dinc sakinin, o cümlədən qocaların, qadınların və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı faciəsi qurbanlarının xatirəsinə "Xocalı 613” bağı salınıb.

"Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə yəhudilərin "Keren Kayemet le İsrael” (KKL) milli fondu tərəfindən 2016-cı ildə bu bağın salınması inanılmaz bir hadisə olub, çünki əvvəllər bu bağda heç vaxt yəhudi olmayanların xatirəsinə ağaclar əkilməyib.

"Azİz”in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o vaxtdan hər il Xocalı soyqırımı günü ərəfəsində "Azİz” Assosiasiyası KKL, "Xocalıya ədalət” ("Justice for Khojaly”) beynəlxalq kampaniyası və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Xocalı 613” bağında mitinq təşkil edir. Əslən Azərbaycandan olanlar və İsrailin digər icmalarının nümayəndələri günahsız Xocalı qurbanlarının xatirəsini anmaq üçün bu mitinqə qatılırlar.

Bu il də Xocalı soyqırımı günü ərəfəsində "Xocalı 613” bağında xatirə mitinqi keçirilib. Yəhudilərin KKL milli fondunun Avrasiya bölməsinin başçısı İqal Yasinov xatirə mərasimini açaraq qonaqları salamlayıb. O, dost Azərbaycanın erməni millətçilərinin işğalçı siyasətinin qurbanı olmuş günahsız qurbanlarının xatirəsinə bağ salınmış Prezident meşəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra mərasimin aparıcısı, "Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalıda faciəli hadisələrin tarixindən danışıb və mitinq iştirakçılarını xocalıların xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib.

Bu faciəyə görə dərin təəssüf hissi keçirdiyini söyləyən Knessetin deputatı Mark İfraimov ümidvar olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda öz ədalətli həllini tapacaq. "Xocalı faciəsinin 613 qurbanı mənə Tövratın 613 ehkamını xatırladır. Mən istərdim ki, 613 ehkam yəhudi xalqını İsrail torpağında birləşdirdiyi kimi, qoy 613 qurban da Azərbaycan xalqını ərazi bütövlüyü və tərəqqi yolunda birləşdirən rəmzə çevrilsin” , - deyə Mark İfraimov fikrini tamamlayıb.

Mitinqdə iştirak etmək üçün məxsusi olaraq Bakıdan gəlmiş Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, o, 4 il əvvəl bu bağın salınması mərasimində iştirak edib və Xocalı qurbanlarının xatirəsinə belə həssas yanaşdıqlarına görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür edib. Rauf Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan hökumətinin məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Sonra Kiryat Byalik şəhəri merinin müavini Naxum Raçevski, Xolon şəhəri merinin müavini Mixail Sutovski, "Azİz” Assosiasiyasının gənclər cinahının nümayəndəsi Ayaz Əzizov və ictimai qurumların rəhbərləri çıxış ediblər.

"Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Azərbaycanın dərdinə şərik olduqlarına görə hamıya təşəkkür edərək məxsusi olaraq bu kədərli gün üçün çap edilmiş "Haray” toplusunu təqdim edib. Topluya tanınmış Azərbaycan yazıçısı Günel Anarqızının "Qarabağ hekayələri” və Azərbaycan mənşəli çex şairəsi Leyla Bəyimin "Qarabağ şikəstəsi” sonetlər çələngi daxil edilib.

Günel Anarqızı və Leyla Bəyim bu əsərlərin, onları bir topluda birləşdirmək ideyasının necə yarandığından danışaraq onlardan kiçik parçalar oxuyublar. Tədbir iştirakçılarının hər birinə müəlliflərin avtoqrafları olan "Haray” toplusu təqdim olunub.

Sonra XABAD-ın nümayəndəsi, ravvin Şaul David Burşteyn Xocalı qurbanlarının ruhuna dua oxuyub.

Tədbirin sonunda Azərbaycanın və İsrailin Dövlət himnləri səslənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video