23 Fevral 2020 07:34
1462
Mədəniyyət
A- A+

General


Hər bir xalqın qəhrəmanlıq simvolları var. Bu il anadan olmasının 110-cu ildönümü tamamlanan general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Azərbaycanın sarsılmaz əzmini, güclü iradəsini rəmzləşdirən şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlərin öz ömürləri ilə yaratdıqları nümunələr xalqın ruhunu hər zaman oyaq saxlayır. Cəmiyyətin vətənpərvərlik tərbiyəsində, xüsusilə gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda yetişməsində müstəsna rol oynayır.

Xalqımızın tarixboyu yaratdığı şanlı qəhrəmanlıq səhifələrinin mühüm bir qismi İkinci Dünya müharibəsi dövrünə aiddir. Bəşəriyyətin yaddaşına ən dağıdıcı savaş kimi yazılmış bu müharibə zamanı faşizm əleyhinə mübarizədə, insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan övladlarının çox böyük xidmətləri olub. 1941-1945-ci illərdə altı yüz mindən artıq soydaşımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub. Onlardan 170 min nəfəri orden və medallarla təltif edilib, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. General Həzi Aslanov da öz ömrü ilə böyük qəhrəmanlıq tarixi yaradan Azərbaycan övladlarından biridir. Mahir hərbi sərkərdə Volqadan Baltik dənizinədək çətin, ağır döyüşlərdə mərdliklə iştirak edib.

Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli Sərəncamında deyilir: "Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.


Döyüş yolu


İkinci Dünya müharibəsi başlananda Həzi Aslanov Ukraynada - Lvov vilayətində xidmət edirdi. Onda hələ kapitan rütbəsində idi. 1939-cu ilin sonunda o, Sovet-Fin hərbi münaqişəsi ilə əlaqədar könüllü olaraq Kareliyaya gedir. Tankçılar Həzi Aslanovun rəhbərliyi ilə Mannerheym səddini aşır və digər döyüş əməliyyatlarında iştirak edirlər. Sovet qoşunlarının qələbəsi nəticəsində 1940-cı il martın 12-də SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalanır. Həzi Aslanov isə əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır. 1940-cı ilin noyabrında ona vaxtından əvvəl mayor rütbəsi verilir.

Hitler Almaniyası SSRİ-yə qarşı müharibə elan edəndə Həzi Aslanov öz tankçıları ilə düşmənin önünə ilk çıxanlardan olur. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov özünü son dərəcə bacarıqlı bir zabit kimi göstərir. O, döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edir, hitlerçiləri ağır tələfata uğradır.

1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don altında, Moskva ətrafında, Tixvin və Leninqrad istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı zərbələr vurur.

Moskva ətrafındakı vuruşmalarda qəhrəmanlığına görə Həzi Aslanov "Qırmızı Ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə də onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Həzi Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedərək Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Tanklar düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardır. Bu qəhrəmanlıq nümunəsi Kotelnikovo yaxınlığında gedən döyüşlərdə daha böyük şücaətlə davam etdirilir. Öz tankçıları ilə düşmənin 30 əks-hücumunu dəf edən, hitlerçilərin bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini sıradan çıxaran polkovnik-leytenant Həzi Aslanov bu döyüşdəki rəşadətinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür. O, döyüş tapşırığını yüksək məharətlə yerinə yetirir. Alman feldmarşalı Manşteynin tank ordusunu tamamilə darmadağın edir.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə, Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı, Aslanovun polkuna isə qvardiya adı verilir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belarusiya və Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşlarda xüsusilə fərqlənir.


O, qələbələr üçün doğulmuşdu


Sərkərdəlik bacarığını görərək 1943-cü il dekabrın 17-də onu hərbi sahədə biliklərini daha da təkmilləşdirmək üçün Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərirlər. Həzi Aslanov birillik proqramı 3 aya başa vuraraq yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. O, döyüş və qələbələr üçün doğulmuşdu. Ona görə də Akademiyada əlavə vaxt itirmək istəmirdi. 1944-cü il martın 13-də Həzi Aslanova tank qoşunları general-mayoru ali hərbi rütbəsi verilir.

1944-cü ildə Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Həzi Aslanovun komandiri olduğu briqada da bu qoşunların tərkibində idi. Əvvəlcə Belarusiyanın iri şəhər və dəmir yolları düşməndən təmizlənir. O, briqadadakı əsgər və zabitləri ilə böyük qəhrəmanlıq, şücaət göstərərək iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki rəşadətinə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq” ordeninə, general-mayor Həzi Aslanov isə "İkinci dərəcəli Suvorov ordeni”nə layiq görülür.

Həmin döyüşlə bağlı tarixçilərin araşdırmalarından məlum olur ki, 1944-cü il iyunun 28-də Həzi Aslanovun 35-ci tank briqadası sürətli hücumla Berezina çayını keçərkən düşmən onun qarşını ala bilir. Onda döyüş taktikasının mahir bilicisi olan Aslanov ağlasığmaz qərar qəbul edir: əsas qüvvələrin gəlməyini gözləmədən avtomatçılar batalyonu və bir qrup partizanla hücuma keçərək düşmən qarnizonunu sıradan çıxarır. Generalın əmri ilə suda batırılan bir neçə maşından körpü kimi istifadə edən döyüşçülər çayı keçib, uğurlu döyüşlə Pleşinitsa şəhərini hitlerçilərdən təmizləyirlər. Bununla da sovet ordusunun Berezina çayını bütün cəbhəboyu keçməsi üçün şərait yaradırlar. Sonra Həzi Aslanov qəfil zərbə ilə ilk olaraq Vileykanı azad edir. Bu hücum nəinki alman, elə sovet komandanlığı üçün də gözlənilməz olur. Belarusiya cəbhəsinin komandanı, marşal Vasilevski Stalinə Vileyka şəhərinin azad olunması barədə raport verərkən Həzi Aslanovun rəhbərliyini, şəxsi şücaətini xüsusi vurğulayır və 1944-cü il iyulun 3-də Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ.Çernyaxovski "Baqration” əməliyyatının uğurla başa çatması ilə əlaqədar 35-ci tank briqadasının komandiri Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi üçün sənəd imzalayır. Əfsus ki, buna mane olan erməni səlahiyyət sahiblərinin bədxahlığı ucbatından H.Aslanov öz halal haqqını ala bilmir. Bunun üçün az qala yarım əsrə qədər - 47 il gözləmək lazım gəlir.

Bircə faktı yada salaq ki, təkcə 1944-cü ilin hücum döyüşləri ərəfəsində general Həzi Aslanov Ali Baş Komandanlıq tərəfindən 8 dəfə təşəkkür alır, iki dəfə "Qırmızı Ulduz”, 3 dəfə "Qırmızı bayraq”, "Aleksandr Nevski”, "İkinci dərəcəli Suvorov Ordeni”, "1-ci dərəcəli Vətən Müharibəsi Ordeni” və çoxlu sayda medallarla təltif olunur.


Təsadüf, yoxsa sui-qəsd?


Azərbaycan xalqının zəngin hərb ənənələrini öz sərkərdəlik qüdrətində yaşadaraq şərəflə davam etdirən, Ali Baş Komandanlığın böyük rəğbətini qazanan 34 yaşlı gənc generalı müharibədən sonra bütün SSRİ miqyasında parlaq hərbi yüksəliş gözləyirdi. Əfsuslar olsun ki, müharibənin başa çatmasına lap az - təxminən üç ay qalmış amansız ölüm buna mane olur.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən general Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Mitava şəhəri yaxınlığında mina partlayışından dünyasını dəyişir. Onun ölümü ətrafındakı müəmmalar indiyə qədər tam aydınlaşmayıb. 15 nəfərə yaxın yüksəkrütbəli zabitin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman onun durduğu yerdə qəflətən ardıcıl olaraq partlayan minalar düşmən atəşinə bənzəmirdi. Çünki onların olduqları yer düşmənin atəş mövqeyindən xeyli uzaqda idi. Üstəlik, şahidlərin sözlərinə görə, generalın yarası ağır olsa da, ölümcül deyilmiş.

Amma o, yaralı vəziyyətdə səhra hospitalına yerləşdirildikdən sonrakı hadisələrin gedişi yenə də müəmmalara bürünür. Tədqiqatçı-jurnalist Musa Bağırovun sənədlər, arxiv materialları, şahidlərin söylədikləri hadisələr əsasında yazdığı "Sərkərdənin taleyi” adlı kitabında (Bakı, 1999) bunlar hərtərəfli əksini tapmışdır. Orada göstərilir ki, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqiaşvili Həzi Aslanovun sağ böyrək ətrafından ağır zədə aldığını söyləyir. Çoxlu qan itirən generala Beqiaşvili özü qan verir. General özünə gəlir. Hətta yanındakı insanlarla zarafatlar edir. "Vəziyyəti getdikcə yaxşılaşırdı... Qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində generalı səhra hospitalına çatdırdıq”, - deyə Beqiaşvili öz xatirələrində qeyd edir.

Bundan sonra Həzi Aslanovun təcili olaraq Moskvaya aparılması əmri gəlir. General Beqiaşvilidən onunla birgə Moskvaya getməyi xahiş edir. "Mənə təcili olaraq hazırlaşmaq əmri verildi. Amma bir neçə dəqiqədən sonra bildirdilər ki, generalla mən getməyəcəyəm. Həzi Aslanovu müşayiət etmək üçün xüsusi həkim qrupu təyin edilib. Mən generalla sağollaşdım və briqadaya qayıtdım. 3 saatdan sonra dedilər ki, Həzi Aslanov keçinib”.

Yaralandıqdan sonra general 23 saat müddətində sağ olub. Müəmmalı hadisələr, döyüş dostlarının, xüsusilə də Beqiaşvilinin fikrincə, general qətlə yetirilib. Özü də erməni əsilli komandan tərəfindən...

Elə onun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim olunması barədə sənədlərin məqsədli şəkildə it-bata salınması faktı, bu məsələdə haqq-ədalətin yalnız 47 ildən sonra öz yerini tutması da az mətləblərdən xəbər vermir.


İtirilən sənədlər


Uzun illər bu məsələni araşdıran kinorejissor-ssenarist professor Musa Bağırov Həzi Aslanovla bağlı həmin sənədi üzə çıxarmaqdan ötrü xeyli əziyyətlərə qatlaşır. General haqqında ilk filmini o, 1967-ci ildə lentə alır. 1983-cü ildə isə Azərbaycan televiziyasının sifarişi ilə Həzi Aslanov barədə sənədli film hazırlayır. Filmə ictimai baxışda iştirak edən veteranların söhbətindən məlum olur ki, Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilibmiş. Amma generalın komandiri olduğu hərbi hissə Pribaltika cəbhəsinin komandanı İvan Xristoforoviç Baqramyanın tabeliyinə veriləndən sonra həmin təqdimat da izsiz-soraqsız yoxa çıxmışdı.

Musa Bağırov 1985-ci ildə SSRİ Müdafiə Nazirliyinin arxivinin yerləşdiyi Podolsk şəhərinə gedir. Sənədləri araşdıran zaman Həzi Aslanovun tankçılarının 23-30 iyun 1944-cü ildə apardıqları hərbi əməliyyatların qeydiyyatının olmadığını aşkarlayır. Tədqiqatçı arxivdə bununla bağlı araşdırma aparmaq istəsə də, ona rədd cavabı verilir və bildirilir ki, bu məlumatlarla tanış olmaq imkanları məhduddur.

O, Həzi Aslanovun döyüş dostları, böyük sərkərdələrlə görüşür. Uzun-uzadı söhbətlərdən, axtarışdan sonra M.Bağırov lazım olan sənədləri tapır. Məlum olur ki, sənəd diqqətdən kənarda qalsın deyə məqsədli şəkildə tamamilə ayrı yerdə saxlanılıb. Sənədin ora necə düşməsi bu günə qədər sirr olaraq qalır. 14 avqust 1944-cü il tarixli təltif sənədində Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi göstərilir. Orada qeyd edilir: "23-30 iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsini azad etmiş, düşmənin 18 tank, 118 avtomaşınını məhv etmiş, alman ordusunun 580 zabit və əsgərini əsir götürmüşdür. Berezina çayını birinci keçərək Vileyka şəhərini azad etmişdir”. Musa Bağırovun bu tapıntısından və SSRİ rəhbərliyinə müraciətindən sonra M.Qorbaçov və onun Şahnazaryan kimi daşnak xislətli əlaltıları sənədi hər nə qədər şübhə altına almağa çalışsalar da, buna nail ola bilməyiblər. 22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman imzalanır.

Musa Bağırov mükafatı da götürüb Bakıya qayıdır, amma Vətəndə də məyusluqla üzləşir. Həzi Aslanovun ikinci dəfə təltif olunduğu Sovet İttifaqı Qəhrəmanı adının mükafatını və sənədlərini Musa Bağırovdan uzun müddət rəsmi səviyyədə qəbul edəcək kimsə tapılmır. Kimsə bunun tarixi dəyərini, Azərbaycan xalqı üçün əhəmiyyətini dərk edəcək təfəkkürdə olmur. AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərləri isə Həzi Aslanovun sovetlər üçün vuruşduğunu deyərək "Qızıl Ulduz” ordenini və medalı qəbul etməkdən açıq şəkildə boyun qaçırırlar.

Musa Bağırov mükafatları iki il evdə saxlamalı olur. "Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış etdim. Sonda isə Prezidentə yaxınlaşıb dedim ki, Həzi Aslanovun həmin orden və medalı iki ildir məndədir, heç kim qəbul etmir. O isə "Nə danışırsan?! Haradadır!? Tez onları mənə gətir!”,- dedi. Səhərisi gün saat on bir tamamda ordeni də, medalı da götürüb Prezident Administrasiyasına getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı. Ordeni-medalı məndən təhvil aldı (9 may 1994-cü il)”, - deyə Musa Bağırov təxminən 20 illik zəhmətinin nəticəsini, Ulu Öndərin qədirbilənliyini belə xatırlayır.

Hazırda general Həzi Aslanovun ikinci "Qızıl Ulduz”u Azərbaycan Tarix Müzeyinin ən qiymətli eksponatlarından biri kimi qorunmaqdadır. Bakıdakı məzarı üzərində sərkərdənin abidəsi ucaldılıb. Hər il 9 May faşizm üzərində qələbə günü paytaxtımızda rəsmi səviyyədə xalqımızın bu igid oğlunun Dağüstü parkdakı məzarının ziyarətilə qeyd edilir.

General Həzi Aslanov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızla yanaşı uyuyur. Vaxtilə Bakını daşnak-bolşevik işğalından azad etmiş Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin məzarları da onun son mənzilinin bir neçə addımlığındadır.

Şəhidlər xiyabanının yerləşdiyi bu ucalıqdan, bu müqəddəs ziyarətgahdan o məkanın Həzi Aslanov kimi əbədi sakinlərinin əbədiyyət ömrü başlanır.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video