23 Fevral 2020 07:34
919
Mədəniyyət
A- A+

Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib


Azərbaycanın Belarusdakı səfirliyi Minskdə, Belarus Dövlət Böyük Vətən Müharibəsi Muzeyində Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi ilə bağlı təntənəli yığıncaq keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yüksəksəviyyəli dövlət rəsmiləri, parlament üzvləri, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus Ali Hərb Məktəbinin və Fövqəladə Hallar Nazirliyinin kursantları, yerli ictimaiyyətin nümayəndələri və diaspor təmsilçiləri iştirak ediblər.

Səfirliyin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilən tədbirin açılışında Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib.

Tədbirin aparıcısı Həzi Aslanovun hərbi təhsil illəri və Böyük Vətən müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolu barədə məlumat verib.

Sonra çıxış edən səfir Lətif Qəndilov bu tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Həzi Aslanovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığı Sərəncama əsasən və böyük Qələbənin 75 illiyi çərçivəsində qeyd olunduğunu söyləyib. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan bu tədbirlərin Böyük Qələbənin 75 illiyi ilə üst-üstə düşməsi Azərbaycan dövlətinin, xalqının, onun rəhbərliyinin və şəxsən İlham Əliyevin bu tarixi günə nə qədər böyük önəm verməsinin göstərici olduğunu xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda Böyük Vətən müharibəsinin xatirəsinə aid hər bir abidənin dövlət tərəfindən qorunduğunu və xalqımız tərəfindən ona qayğı göstərildiyini qeyd edib. "Biz Həzi Aslanov kimi qəhrəmanlarımızın timsalında gənc nəslimizi yetişdiririk”, - deyən səfir Lətif Qəndilov 1941-ci ildə 3 milyon əhalisi olan Azərbaycandan Böyük Vətən müharibəsində iştirak etmək üçün 600 mindən çox azərbaycanlının cəbhəyə getdiyini, onlardan 300 mininin Böyük Qələbənin əldə olunması uğrunda canlarını fəda etdiklərini bildirib. "Bu isə döyüş bölgələrindən uzaq yerləşən ölkənin 10 nəfərindən birinin həlak olması deməkdir”, - vurğulayan səfir Böyük Vətən müharibəsi illərində 130 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, onlardan 14-nün isə bilavasitə Belarusun azad olunmasında iştirak etdiyini qeyd edib. Belarusun azad edilməsi üçün, ümumilikdə, 20 mindən çox azərbaycanlının öz canlarından keçməsi barədə məlumat verib.

Səfir bildirib ki, ortaq Qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz xidmətləri olub. Xalqımız arxa cəbhədə də qəhrəmanlıq göstərərək Böyük Vətən müharibəsi zamanı cəbhənin tələb etdiyi yanacağın 80 faizini, sürtkü yağlarının 90 faizini, bundan əlavə, isti geyim, ərzaq və silah-sursatla təmin edib. Xalqımız həmçinin cəbhəyə bir tondan çox qızıl və 10 tondan çox gümüş göndərib. Səfir Azərbaycan Hərb Məktəbinin təmsilçiləri "Rus artilleriyasının atası” ləqəbini daşıyan general-leytenant Əliağa Şıxlınskinin və artilleriya generalı Səməd bəy Mehmandarovun qoyduğu ənənələrin Həzi Aslanov tərəfindən layiqincə davam etdirildiyini bildirib.

L.Qəndilov Həzi Aslanovun qəhrəmanlığını öz sözləri ilə yox, həmin dövrdə qəhrəmanımız barədə mətbuatda yayılmış çoxsaylı məqalələrdən yalnız birindən kiçik hissəni oxumaqla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Stalinqrad cəbhəsinin "Sın Oteçestvo” qəzetinin 13 yanvar 1943-cü il nömrəsində yazılmışdı: "Tank əməliyyatlarını piyada qoşunu və artilleriya ilə necə əlaqələndirmək lazım olduğunu polkovnik Həzi Aslanovun qvardiyasının hissələrindən öyrənmək lazımdır. Qoy, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş bacarığı bizim digər hissələr üçün də nümunə olsun”.

L.Qəndilov "Baqration” əməliyyatının gedişində Həzi Aslanovun 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov, Smorqon və Minsk şəhərlərini azad etdiyini bildirib. Səfir Həzi Aslanovun Vileyka şəhərini alman faşistlərindən bir güllə atmadan azad etməsinin onun böyük və istedadlı sərkərdə olmasının bariz nümunəsi olduğunu söyləyib. L.Qəndilov yalnız 1944-cü ilin iyul ayında Həzi Aslanova Ali Baş Komandan İosif Stalin tərəfindən 8 dəfə təşəkkür elan edildiyini xatırladıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanımızın qorxmaz və heç bir çətinlik qarşısında geri dönməyən bir şəxs olduğunu, məhz bu xüsusiyyətlərə malik şəxsin 34 yaşında general-mayor rütbəsinə layiq görülməsinin mümkün olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən V.Quminski bildirib ki, keçmiş SSRİ-nin çoxsaylı xalqlarının birlikdə çətin sınaqlardan keçərək faşizm üzərində Böyük Qələbə qazanmaları ilə fəxr edirik. Bu tarixi fəxrimizin yaddaşlarda qorunub saxlanması bizim mənəvi borcumuzdur. Keçmiş SSRİ ölkələri arasında Böyük Vətən müharibəsi abidələrinin dağıdılmasının müşahidə olunduğunu və bunun qəbuledilməz olduğunu söyləyib.

Müdafiə nazirinin müavini Sergey Patapenko çıxış edərək SSRİ xalqlarının çiyin-çiyinə döyüşdüklərini və Azərbaycan oğul və qızlarının qəhrəmanlıqları ilə fərqləndiklərini bildirib. S.Patapenko ətraflı şəkildə Həzi Aslanovun döyüş və həyat yolu barədə məlumat verib. Həzi Aslanovun Stalinqradda mühasirəyə düşmüş Paulusun ordusuna köməyə gedən general Manşteynin qarşısını necə kəsdiyi haqqında və "Baqration” əməliyyatının həyata keçirilməsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə fəxrlə danışıb.

Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç nazirliyin kollektivi adından və şəxsən öz adından Belarusun azad olunmasında iştirak etmiş Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun 110 illiyinin keçirilməsinə görə təşəkkürlərini bildirib. O, Həzi Aslanovun ölməz qəhrəmanlıqları ilə Böyük Vətən müharibəsinin şərəfli səhifələrini yazdığını söyləyib. Həzi Aslanovun rəhbərliyi ilə təkcə Belarusun Borisov şəhərinin azad edilməsi əməliyyatında düşmənin 8 min nəfər şəxsi heyətinin məhv edildiyini xatırladıb: "Belarus xalqı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu hörmətlə xatırlayır. Belarusun tarixinə qardaş Azərbaycandan olan qəhrəmanların adları əbədi şəkildə yazılmışdır”. İ.Miqidoviç Belarusun Böyük Vətən müharibəsindən sonra bərpa olunmasında da Azərbaycan xalqının aktiv iştirak etdiyini xüsusi vurğulayıb və buna görə öz təşəkkürünü bildirib.

"Belaya Rus” ictimai birliyinin sədri Qennadi Davıdko öz çıxışında Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun ruhu qarşısında baş əymək üçün burada yığışdıqlarını söyləyib. O, səhnədən asılmış 14 Sovet İttifaqı Qəhrəmanının şəklinə işarə edərək bildirib: "Vətən onlardan həyatlarını istədi, onlar da tərəddüd etmədən verdilər”. Azərbaycan qəhrəmanlarının Belarusun faşist işğalından azad olunmasında xüsusi rol oynadıqlarını bildirib. Belarusun müharibədən sonrakı dövrdə bərpa olunmasında azərbaycanlıların iştirakını bir daha xatırlayaraq, müasir dövrdə Azərbaycan liderinin Belarusa göstərdiyi yardımdan və dəstəkdən ətraflı danışıb. O, belə bir məqama toxunaraq söyləyib ki, dövlət başçılarımız arasında əsl səmimi insani dostluq var. Onun sözlərinə görə, Həzi Aslanovun ekranda təqdim olunan şəkillərinə baxanda qorxmaz insanın romantik gözlərini görürük, bu isə bütün azərbaycanlılara xas olan xüsusiyyətdir. Biz səhnədəki şəkillərdən bizə baxan azərbaycanlı qəhrəmanlara minnətdarıq, - deyə çıxışını bitirib.

Belarus Veteranlar Cəmiyyətinin sədri İvan Qordeyçik tədbirin keçirilməsinə görə səfirliyə təşəkkürünü bildirib. O qeyd edib ki, biz Azərbaycanla sıx şəkildə əməkdaşlıq edirik. Biz hamımız başa düşürük ki, Sovet İttifaqı Qəhrəmanı olmaq nə deməkdir. Əhalisinin üçdəbir hissəsi cəbhəyə gedən Azərbaycanın 130 Sovet İttifaqı qəhrəmanı vardır. Azərbaycan əhalisinin üçdəiki hissəsi isə cəbhəni zəruri məhsullarla, xüsusilə yanacaqla təmin edib. O, tədbir iştirakçılarının diqqətini alman faşistlərinin Bakının neftinə can atmalarının təsadüfi olmaması faktına cəlb edib. Arxa cəbhədə olan azərbaycanlıların cəbhə üçün və faşizm üzərində Qələbənin əldə olunması uğrunda əllərindən gələn hər şeyi etdiklərini söyləyib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlığının onun döyüşçüləri üçün də nümunə olduğunu bildirib. Həzi Aslanovun qələbəyə inam ruhunu onlara da aşılaya bildiyini və onun döyüşçülərinin rəhbərlik tərəfindən çoxlu sayda orden və medallarla təltif edildiyini söyləyib. Sonuncu tank döyüşdən çıxana qədər Həzi Aslanovun hər zaman döyüşdə qaldığını qeyd edib və "Bax, Həzi Aslanov budur”, - deyə vurğulayıb. Belarus xalqı azərbaycanlı Həzi Aslanov qarşısında baş əyir. İ.Qordeyçik Azərbaycan xalqının öz qəhrəmanlarına belə böyük hörmətlə yanaşdığına görə çox sevindiyini bildirib.

Səfir L.Qəndilov sonda bir daha çıxış edərək tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirib və bu tədbirin yalnız Həzi Aslanovun deyil, Böyük Qələbənin əldə olunmasında həlak olanların və müharibə iştirakçılarının xatirəsinə də həsr edildiyini bildirib. Səfir qeyd edib ki, Həzi Aslanovun ruhu buradadır, o, 75 il bundan əvvəl heç vaxt inanmazdı ki, Vətəni Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunacaq. Biz çox təəssüf edirik ki, bütün dünyanın gözü qarşısında bu işğal davam etməkdədir.

L.Qəndilov Azərbaycan qəhrəmanlarının xatirəsini əziz tutduqları üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus xalqına və Prezident Aleksandr Lukaşenkoya təşəkkürlərini səsləndirib. Tədbirin davamında Həzi Aslanova həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilib. Tədbir iştirakçıları filmləri böyük maraqla izləyib və alqışlarla qarşılayıblar.

Tədbir iştirakçıları eyni zamanda Belarusun azad olunmasında iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı olan 14 azərbaycanlının şəkillərindən ibarət stendlə tanış olub və birgə fotoşəkil çəkdiriblər. Tədbirin sonunda səfirlik tərəfindən ziyafət təşkil olunub.

Tədbir Belarusun sb.by internet səhifəsində, "Belarus Seqodnya” qəzetində işıqlandırılıb, CTB və MİR televiziya kanallarında isə geniş süjetlər təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video