22 Fevral 2020 15:03
729
İQTİSADİYYAT
A- A+

Ekspert: İtaliya Azərbaycan sahibkarları üçün yeni bazar olacaq


Azərbaycan ilə İtaliya arasında strateji müttəfiqlik son illər daha da inkişaf edib. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 5,7 milyard dollar, ötən il isə 6 milyard dollar olub. Bu rəqəmlərə diqqət yetirsək, ticarət dövriyyəsində artım müşahidə olunub. Ticarət dövriyyəsinin artması fonunda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ümumi ticarət dövriyyəmizin təxminən beşdəbiri İtaliyanın payına düşür.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, Azərbaycan ilə İtaliya arasındakı iqtisadi əməkdaşlıq, strateji müttəfiqlik həm də enerji sektorunda özünü göstərir. Nəzərə alsaq ki, Azərbaycan İtaliyanın neftə olan tələbinin 17 faizini ödəyir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verildikdən sonra Azərbaycan xam neftini məhz İtaliya bazarına çıxarıb və bu bazar vasitəsilə digər Avropa ölkələrinə neftin ixracı həyata keçirilir. Enerji sahəsində əməkdaşlıqda da Azərbaycan və İtaliya arasında yeni dönəm başlayır. Çünki Cənub Qaz Dəhlizində də Azərbaycanın təbii qaz nəql edəcəyi ölkə məhz İtaliyadır. Belə ki, TANAP-ın inşası artıq yekunlaşıb. TANAP vasitəsilə Azərbaycan Türkiyə bazarına "mavi yanacaq” nəql edir. TAP-ın tikintisi isə reallaşmaq üzrədir. Bu o deməkdir ki, 2020-ci ilin sonlarına doğru Azərbaycan artıq öz təbii qazını İtaliya bazarına çıxara biləcək. İlkin mərhələdə İtaliya daxil olmaqla Avropa bazarına ildə 10 milyard kubmetr qaz, ikinci mərhələdə isə illik 20 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Hər iki mühüm enerji layihələrində Azərbaycanın əsas tərəfdaşının İtaliya olması ondan xəbər verir ki, iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsində qurulub.

"Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri hər iki ölkənin yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Ölkə başçısının keçirdiyi görüşlərdə əsas diqqət ölkələrimiz arasında qeyri-neft sektoru üzrə əməkdaşlığın gücləndirilməsinə yönəlib. İtaliya bazarına daxil olmaq Avropa bazarına daxil olmaq deməkdir. Azərbaycan məhsullarının İtaliya bazarına çıxarılması imkanları genişdir. Xüsusən də ixrac bazarlarının qeyri-neft sektorunda şaxələndirilməsinin prioritet olduğunu nəzərə alsaq, İtaliya Azərbaycan sahibkarları üçün yeni bazar olacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.

Azərbaycanın ölkələr üzrə ixrac strukturunun dəyişdiyini deyən ekspert vurğulayıb ki, ölkəmiz özünün qeyri-neft məhsulları ilə İtaliya vasitəsilə 500 milyon istehlakçısı olan və alıcılıq qabiliyyəti baxımından dünyada ən böyük olan Avropa İttifaqı bazarına daxil olacaq. Bu da ölkəyə qeyri-neft məhsullarının ixracından daxil olan vəsaitin həcmini artıracaq. Eyni zamanda, İtaliyadan investisiyanın cəlb edilməsi, bu ölkədən texnologiyaların alınması Romada keçirilən görüşlərdə danışıqların əsas müzakirə mövzularından olub. İtaliya bir sıra sektorlarda, yüngül sənaye, informasiya-kommunikasiya texnologiyaları, xidmət sahələrində müqayisəli üstünlüyü olan ölkədir. İtaliyadan investisiyanın cəlbi qeyri-neft sektoruna texnologiya və innovasiya transfer edilməsinə imkan verəcək. O baxımdan Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə, sahibkarların öz məhsullarını Avropa bazarına sabit şəkildə ixracına şərait yaradacaq, həmçinin qeyri-neft sektorunun inkişafına öz müsbət töhfəsini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video