22 Fevral 2020 06:48
891
SİYASƏT
A- A+

İtaliyada Azərbaycan ili


Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri zamanı imzalanan Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdi


Tam müstəqil siyasəti ilə dünya birliyinin etibarlı tərəfdaşı statusunu qazanan Azərbaycan dinamik inkişafa və müasirliyə gedən yolda inamla addımlayır.

Hazırda Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlə müxtəlif səpkili əlaqələri var. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış, dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Lakin dostluq münasibətlərinə gəldikdə bir neçə əsas dövlət yada düşür ki, onlardan da biri İtaliyadır.

25 ildən çoxdur iki ölkə arasında mövcud olan diplomatik əlaqələr çərçivəsində münasibətlər müstəsna inkişafa nail olub. Bu gün İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi ölkəmizin payına düşür.

Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə fevralın 19-da İtaliyaya dövlət səfəri isə münasibətlərin daha da dərinləşməsinə, iqtisadi-ticari əlaqələrin şaxələnməsinə real zəmin yaratmış oldu. Dövlətimizin başçısı öncə rəsmi görüşlər keçirdi. İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının Sədri Cüzeppe Konte, Senatın Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko, Roma şəhərinin meri xanım Vircinia Ragg ilə keçirilən görüşlərdə bildirildi ki, bu səfər Azərbaycan və İtaliya arasında səmimi dostluğun və güclənən əməkdaşlığın getdikcə daha da möhkəmlənməsi, habelə iki ölkə arasında bütün istiqamətlərdə - enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsətdir.

İtaliya Prezidenti Sercio Mattarella iki ölkə arasındakı əlaqələri və bu səfəri belə dəyərləndirdi: "İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Azərbaycan Prezidentinin İtaliyaya tarixi əhəmiyyətli dövlət səfəri bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”.

İtaliya Prezidenti həmçinin 2020-ci ilin ölkəsində "Azərbaycan ili” elan olunduğunu söyləyərək vurğuladı ki, bu, əlaqələri, dostluğu və əməkdaşlığı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək.

Xatırladaq ki, 2 il öncə - 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana səfər etmişdi. Həmin səfər zamanı mühüm sənədlər imzalanmışdı.

Prezident İlham Əliyev bildirdi ki, həmin səfər iki ölkənin gələcək əməkdaşlığına çox güclü təkan verib. Səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır.

Azərbaycan Prezidentinin İtaliyaya növbəti səfəri çərçivəsində isə İtaliya və Azərbaycan arasında 28 sənəd imzalandı. Onlardan ən önəmlisi isə Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Cənab İlham Əliyev bu sənədi dəyərləndirərkən vurğuladı ki, bu bəyannamədə, əslində, Azərbaycanla İtaliyanın strateji tərəfdaşlığının gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir bəyannamədi. Eyni zamanda sənəddə İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.

Bu sənəd ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın dost, müttəfiq ölkələr olduğunu göstərir. Bu sənəddə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir.

Enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm 700 milyon dollardır.

Prezident İlham Əliyevin İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İtaliyanın bir sıra aparıcı şirkətləri ilə uzun illərdir sıx əməkdaşlıq edir, bəzi şirkətlər ölkəmizlə işləməyi planlaşdırır.

Dünən keçirilən İtaliya-Azərbaycan biznes forumunda səslənən fikirlərə əsasən deyə bilərik ki, iki ölkə arasındakı iqtisadi əlaqələr getdikcə daha da genişlənəcək. Beləliklə, Azərbaycan iqtisadiyyatına sərmayə yatıracaq İtaliya şirkətlərinin sayı artacaq.

Bir sözlə, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə üçün uğurlu oldu. Dövlətimizin başçısı bu səfəri 2 il əvvəl Prezident Mattarellanın ölkəmizə səfərindən sonra güclənmiş fəal dialoqun davamı adlandırdı.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video