22 Fevral 2020 06:37
988
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 fevral 2020-ci il tarixli 274 və 285 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 29/333


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlərlə həmin seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar verilməsini xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətlərində səsvermə günü 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların verilməməsini, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişlər. Ərizəçilər tərəfindən müraciətlərə 13 protokol nüsxəsi, aktlar, fotoşəkillər və videogörüntülər əlavə olunmuşdur.

Namizədlərin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş protokol nüsxələrinin müqayisəli araşdırılması nəticəsində 20 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair protokolunda bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Beləliklə, Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlunun müraciətləri qismən təmin edilməli, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarı 20 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlunun 18 fevral 2020-ci il tarixli 274 və 285 saylı müraciətləri qismən təmin olunsun, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarı 20 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissələrdə isə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

21.02.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video