21 Fevral 2020 05:25
1153
SİYASƏT
A- A+

Vətəndaşa həssas və qayğıkeş münasibətin mükəmməl örnəyi


Hər bir hakimiyyətin öhdəliklərinə sadiqliyi onun xalqa xidmət səviyyəsini müəyyən edən başlıca meyarlardan biridir. Bu prinsipi əsas tutan siyasi qüvvə yalnız məqsəd və hədəflərini bəyan etməklə kifayətlənməyərək hər bir fərdin mənafeyinə cavab verən mütərəqqi islahatlarla davamlı inkişafa təminat yaradır.

Əlbəttə, bu da bir reallıqdır ki, bəzən irəli sürülən ideyaların real icra mexanizmlərinin olmaması onların kağız üzərində qalması, reallaşmaması ilə nəticələnir. Bu mənada insanları konkret iş, bir qədər də dəqiqləşdirsək, bu işin konkret nəticələri daha çox maraqlandırır.

Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” devizi ilə qatılmışdı. Bu deviz, əslində, həmin dövrə qədərki fəaliyyəti ilə də insanların nəzərində zirvələrə ucalmış cənab İlham Əliyevin xalq üçün çalışmaq, onun arzu və istəklərini əməli fəaliyyət müstəvisində, konkret platforma əsasında gerçəkləşdirmək, "Hər bir azərbaycanlının layiqli Prezidenti olmaq” istəyinin yığcam, lakin son dərəcə dərin, ümumiləşdirilmiş məzmununu özündə ehtiva edirdi.

Əsl siyasi lideri xarakterizə edən keyfiyyətlər sırasında onun irəli sürdüyü vədlərə sadiqliyi, xalqın inamını doğrultmaq üçün əzmlə, səylə çalışmaq bacarığı xüsusi yer alır. Hökumətin 2003-cü il 17 noyabr tarixdə keçirilmiş ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır”, - deyən dövlət başçısı ötən 16 ildə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, eləcə də vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Əgər Ulu Öndər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 90-cı illərində xaos və dirçəlişdən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir. Ötən 16 ildə dövlət başçısının iqtisadi siyasətinin əsasında "Güclü dövlət, sabitlik və sosial rifah” tezisi dayanmışdır.

Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən siyasətin ana axarını təşkil edir.

Yeni dünya nizamının reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin son illərdə yürütdüyü məqsədyönlü siyasət bu mənada həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir. Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbərlik etdiyi komandanın bu çağırışlara hazır olmasını vacib sayır. Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi idarəetmə sisteminin müasirləşdirilməsi və çevik mexanizmlər əsasında qurulması, xalqla hakimiyyət arasındakı mənəvi tellərin real, əməli fəaliyyət müstəvisində möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Bu gün respublikamızda dayanıqlı inkişafın başlıca şərti struktur islahatları aparmaqla çevik idarəetmə sistem formalaşdırmaq, sahibkarlığın inkişafına hər cür şərait yaratmaq, qeyri-neft sektorunu gücləndirməkdir. İxracyönümlü inkişaf modelinin formalaşdırılması yönümündə ardıcıl islahatlar həyata keçirən dövlət başçısı keyfiyyətcə yeni mərhələ kimi səciyyələndirilə biləcək son illərdə komandası qarşısında həm də yeniləşmə zəruriliyi ilə bağlı aydın hədəflər müəyyənləşdirmişdir. Bu da təsadüfi deyildir - dövlət məmurlarının etik-mənəvi davranışları, müasir baxışı, yeniliklərə hazırlığı, dünyadakı prosesləri adekvat qiymətləndirmək bacarığı, sosial sifariş amilini nəzərə alması təkcə dövlət idarəçiliyinin mahiyyətinə deyil, ümumilikdə cəmiyyətdəki mənəvi ab-havaya, ictimai münasibətlər sisteminin xarakterinə təsirini göstərir. Dövlət və xalq təəssübkeşliyi olmayan dövlət məmurunun şəxsi maraqlara köklənən fəaliyyəti bəzən idarəçilikdə sağlam harmoniyanı pozaraq sosial ədalət prinsipinin, humanist dəyərlərin və milli-mənəvi dəyərlərin aşınmasına, ictimai münasibətlərdə, eləcə də situasiyaların idarə olunmasında problemlərin yaranmasına gətirib çıxarır.

Dövlət başçısı cənab İlham Əliyev bununla bağlı haqlı olaraq demişdir: "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Bu məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək və xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir. Son illər həyata keçirilən islahatlar paketinin də əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə idarəçilik fəlsəfəsinin müasirləşdirilməsi təşkil edir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi prosesi uğurlu nəticələrini verir.

İqtisadçı alim olaraq hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də ölkədəki sistem xarakterli islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini əks etdirən tarixi əhəmiyyətli qərar olmuşdur. Heç şübhəsiz, Birinci vitse-prezident vəzifəsinə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması Azərbaycanın dövlət idarəetmə sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirmişdir. 3 il əvvəl gerçəkləşən bu təyinat idarəetmə modelinin modernləşdirilməsi və islahatların sürətləndirilməsi baxımından əhəmiyyətli olmuş, Heydər Əliyev Fonduna yüksək səviyyədə rəhbərlik etmiş Mehriban xanım Əliyeva cəmiyyətdəki böyük nüfuzu ilə idarəçiliyə yeni nəfəs, müasirləşmə və gəncləşmə ruhu vermişdir.

Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti postneft dövründə həyata keçirilən çoxşaxəli islahatların davamlılığını da yüksəltmişdir. Mehriban xanım Əliyevanın cəmiyyətin müxtəlif sahələrində nəzərəçarpacaq nailiyyətləri, təmiz imici olan, yüksək bilik və bacarıqlara, idarəetmə və menecer təfəkkürünə malik gənc kadrlar hesabına mükəmməl komanda formalaşdırması onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində uğurlu fəaliyyətini şərtləndirən mühüm məqamlardır.

Müsahibələrinin birində Azərbaycanın Birinci vitse-prezidenti idarəetməyə yeni islahatçı baxışını özünəməxsus şəkildə ifadə edərək rəhbər şəxsdə vacib keyfiyyətləri xüsusi önə çəkmişdir: "Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar”.

Cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar Mehriban xanım Əliyevanın idarəetmə fəaliyyətinin humanist və insanpərvər mahiyyətini bir daha üzə çıxarmışdir. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edərək yeniləşmə prosesinə sanballı töhfələr vermişdir. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını daha da genişləndirmişdir. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə açıq olması, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir. Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir. Bu təyinatın özünü tamamilə doğrultması və cəmiyyətdə rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva fəaliyyətində insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışmışdır.

Bu bir reallıqdır ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində dövlət başçısı cənab İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son 2 ildə ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artımı ilə paralel uğurlu sosial islahatlar paketinin reallaşdırılması da təmin edilmişdir.

Birinci vitse-prezident vəzifəsində ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə həsr etməsi bir daha təsdiqləmişdir ki, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir. Bu, əslində 2004-cü ildən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin uğurlu davamıdır. Heydər Əliyev Fondu da humanitar və sosialyönümlü fəaliyyətində hər zaman cəmiyyətin mənəvi, mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramını qarşıya qoymuşdur.

Azərbaycanın Birinci vitse-prezidenti bu və digər məqsədlərin həyata keçirilməsi, ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsilin, səhiyyənin, sosial xidmət sektorunun problemlərinin həllini də vacib sayır. Aztəminatlı insanların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin həllində dövlət basçısı ilə yanaşı, Birinci vitse-prezidentin son 3 ildəki fəaliyyəti də müstəsnalıq təşkil edir. İlk günlərdən cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə diqqət ayırması - 2017-ci il martın 1-də Sabunçu və Xəzər rayonlarında fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərində yaradılmış şəraitlə tanış olması bunu bir daha təsdiqləmişdir.

Ötən 16 ilə yaxın müddətdə Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətini məhz sosial islahatlar təşkil etmiş, bu sahədə uğurlu layihələr reallaşdırılmışdır. Fond çoxşaxəli fəaliyyəti ilə ötən dövrdə ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini vermişdir. Məsələ bundadır ki, müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təqəbəyə rast gəlinir. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər həssas sosial təbəqələrin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir.

Prezident cənab İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Minimum əməkhaqqı ilbəil artır, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial obyektlərin tikintisi genişlənir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq düzgün yanaşma olmayıb, sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun ötən 16 ildəki nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər.

Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində də milyonlarla insanın ümid, güvənc yerinə çevrilmiş, yüksək dövlət səlahiyyətlisi simasında vətəndaşlara layiqli və həssas münasibətin mükəmməl örnəyini yaratmışdır. İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun fəaliyyətinin real mənzərəsidir. Cəmiyyət həyatı ilə bağlı məsələlərə adekvat reaksiyası, vətəndaş müraciətlərinə operativ və həssas yanaşması, köməksiz, sosial müdafiəyə ciddi ehtiyac duyan insanlara xüsusi qayğı ilə yanaşması onun yüksək humanizminin və insanpərvərliyinin, vətəndaşlıq məsuliyyətinin əyani təcəssümüdür. Böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımının istər respublikamızda, istərsə də ölkə xaricində ilbəil artan nüfuzu məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri, humanizmi ilə şərtlənir.

İnsan və vətəndaş amilinə daim yüksək dəyər verən Mehriban xahım Əliyevanın bu fikirləri xüsusilə təqdirəlayiqdir: "Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktubların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb”.

Birinci vitse-prezident haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhvali-ruhiyyəsinə müsbət təsir göstərir.

Ötən 3 ildə də ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsil məsələlərinin həlli də diqqətdə saxlanılmışdır. Təhsil sistemindəki kadr islahatları, müəllimlərin əməyinin qiymətləndirilməsində müasir standartların tətbiqi ümumən ölkə təhsilinin keyfiyyətinin yüksəlməsini təmin etmişdir. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəblərin tikintisi, mövcud ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində ötən 16 ildə həyata keçirdiyi layihələr bu gün yeni miqyas və vüsətlə davam etdirilir, maarifləndirmə strategiyası inamla reallaşdırılır. Təkcə onu demək kifayətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qısa müddətdə Mərdəkan qəsəbəsində "İnci” körpələr evi-uşaq bağçası, Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası, habelə Bakının Nərimanov rayonunda 80 saylı körpələr evi-uşaq bağçası və 11 saylı xüsusi təhsil məktəbi, Səbail rayonunda 157 nömrəli uşaq bağçası, Şüvəlan qəsəbəsində "Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. Bu müəssisələrin açılış mərasimlərində şəxsən iştirak edən Birinci vitse-prezident məktəbəqədər və orta təhsilin cəmiyyət həyatındakı roluna yüksək önəm verdiyini əyani nümayiş etdirmiş, maarifçilik yoluna alternativin olmaması ilə bağlı ictimaiyyətə ciddi mesajlar ötürmüşdür.

Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənliklərin təşkili də ənənə halını almışdır. Bakıdakı uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar üçün keçirilən ənənəvi şənliklərdə Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva yaxından iştirak edirlər.

Respublikamızı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident cənab İlham Əliyevin yaxın silahdaşı kimi, Mehriban xanım Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyət həyatında rolu barədə də aydın təsəvvür yaradır. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası aydın görünür. İctimaiyyət ötən 3 ildə bir daha əmin olmuşdur ki, Mehriban xanım Əliyeva dövlətimizin onun üzərinə qoyduğu məsuliyyətli vəzifəni də ləyaqətlə və mühüm nailiyyətlərlə həyata keçirir.

Azərbaycanın Birinci vitse-prezidentinin bəşəri ideallara sadiqliyi, habelə qlobal problemlərin həllinə sanballı töhfələr vermək əzmi ölkəmizin beynəlxalq səviyyədə mənafelərini də təmin edir. Onun fəal təşəbbüsləri Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Azərbaycanın birinci xanımı ingilis dilində səlist nitq söyləməklə, ölkə həqiqətlərini dünyaya çatdırır. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən qlobal çağırışların yer alması birinci xanımın timsalında Azərbaycan qadını haqqında əyani təsəvvür formalaşdırır. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı təcəssüm etdirir.

Xüsusi vurğulamaq lazımdır ki, "Avrovizion-2012” musiqi yarışması, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə təşkilat komitələrinə uğurla rəhbərlik etmiş Mehriban xanım Əliyeva ölkəmizin idman və əlverişli turizm məkanı kimi tanınmasını da təmin etmişdir. O, son 3 ildə Birinci vitse-prezident statusunda müxtəlif ölkələrdə rəsmi səfərlərdə olaraq milli həqiqətlərimizi beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırır. Mehriban xanım Əliyeva ötən dövrdə çoxsaylı yüksək statuslu əcnəbi qonaqları qəbul etmiş, eləcə də Fransa, İtaliya və Rusiyada əhəmiyyətli görüşlər keçirmişdir.

İtaliyaya rəsmi səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşmüş, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunmuş, habelə əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanmışdır. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər də yüksək qiymətləndirilmişdir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində fəal roluna görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ötən ilin avqust ayında "Dostluq” ordeni ilə təltif etməsi də əhəmiyyətli hadisə kimi diqqət çəkir. Bu, ümumən, Azərbaycanın siyasi rəhbərliyinin yürütdüyü siyasətin dünyanın əsas fövqəlgüc dövlətlərindən olan Rusiya tərəfindən yüksək dəyərləndirildiyinin və dəstəkləndiyinin, eyni zamanda mövcud əlaqələrin dinamik inkişafında Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin rəğbətlə qarşılandığının göstəricisi olmuşdur.

Mehriban xanım Əliyeva dövlət idarəçiliyində üzərinə götürdüyü şərəfli və məsuliyyətli missiya ilə Azərbaycanın demokratik dəyərlərə bağlı multikultural və tolerant ölkə kimi tanınmasını da təmin edir. Xatırlatmaq lazımdır ki, bu istiqamətdə ilk mötəbər tədbirlərdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hələ 2008-ci ildə Bakıda təşkil olunmuş "Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans olmuşdur. Sonrakı mərhələdə UNESKO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə Bakıda Ümumdünya mədəniyyətlərarası dialoq forumları keçirilmişdir. Bundan əlavə, Bakı şəhəri 2011-2018-ci illərdə I- IV Bakı Beynəlxalq humanitar forumlarını, habelə Dünya Dini Liderlərinin Sammitini, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanlarının Məşvərət Şurasının iclaslarını yüksək səviyyədə təşkil etmişdir.

Müxtəlif beynəlxalq tədbirlərdə aparılan müzakirələr zamanı Azərbaycan multikulturalizminin inkişafında ictimai təsisatların, xüsusən də Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunmuşdur. "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində fond katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə ciddi töhfələr vermiş, eyni zamanda Vatikan tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombalarının bərpasına yardım göstərmişdir. Fond həmçinin Fransada Ümumdünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını, Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək vermişdir.

Birinci vitse-prezident, UNESKO VƏ ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nəcib əməllərinə görə son 15 ildə layiq görüldüyü çoxsaylı beynəlxalq mükafatlar, fəxri adlar, təltiflər ümumən Azərbaycan qadınına verilən yüksək qiymətdir. Nəcib missiyaya beynəlxalq rəğbətin ifadəsi olan bu təltif və mükafatların sırası isə kifayət qədər genişdir. 2004-cü ildə UNESKO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion” ordeninə, yenə də UNESCO-nun "Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi isə onun beynəlxalq nüfuzunun bariz təcəssümüdür. Heydər Əliyev Fondunun prezidentinə humanitar fəaliyyət sahəsindəki xidmətlərinə görə MDB-nin "Birliyin ulduzları” mükafatı da təqdim edilmişdir. Mükafat hər il elm, təhsil, mədəniyyət və incəsənət sahələrində böyük uğur və töhfələrə, dünya nailiyyətləri səviyyəsinə uyğun olan və MDB ölkələrinin humanitar əməkdaşlığına şərait yaradan humanitar fəaliyyətə görə verilir.

Qeyd olunanlar bir daha təsqdiqləyir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşəbbüskar, yaradıcı fəaliyyəti, diplomatik və təsərrüfatçılıq qabiliyyəti ilə özünəməxsus idarəçilik məktəbinin əsasını qoyaraq Azərbaycanın sosial-iqtisadi inkişafında, dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasında, habelə Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətin səmərəli reallaşmasında mühüm rol oynayır.

Bütün bunlar Azərbaycanda ictimai münasibətlər sisteminin vətəndaş cəmiyyəti quruculuğu prinsipləri ilə formalaşmasına, ölkədə ictimai iqlimin sağlam, işgüzar müstəvidə inkişafına sanballı töhfələrini verir. Bu məsuliyyətli missiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük uğurla davam etdirdiyi strateji siyasət kursunun layiqincə həyata keçirilməsinə, yürüdülən siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video