21 Fevral 2020 05:19
1187
SİYASƏT
A- A+

“Prezident və Mehriban xanım bizi yenidən həyata qaytardılar”


Zəlzələdən sonra Şamaxıda Heydər Əliyev Fondunun xətti ilə inşası və bərpası nəzərdə tutulan bütün evlərdə işlər başa çatdırılıb


Baş vermiş təbii fəlakətdən sonra Şamaxının Muğanlı kəndində yaşayan Maarif Səfərova məxsus fərdi yaşayış evi də qəzalı vəziyyətə düşüb.

Ailənin köməyinə isə tezliklə Heydər Əliyev Fondu yetişib. Cəmi iki ay müddətinə Mehriban Əliyevanın göstərişi ilə evin yerində 3 otaqlı yenisi inşa olunub. 6 nəfərlik ailə indi həmin mənzildə yaşayır.


Cəmi iki aya yeni ev tikdilər


Günəşin boylanmasına baxmayaraq, dağların qoynunda yerləşən Muğanlıda hava şaxtalı idi. Rayon mərkəzindən fərqli olaraq hələ bir neçə gün əvvəldən yağan qar əriməmişdi. Amma bu sazaqlı hava Maarif kişinin ailəsini qorxutmurdu. Çünki keçən il Heydər Əliyev Fondunun onlar üçün tikdiyi evin istisini heç nə soyuda bilməzdi.

Həmin günləri xatırlayan Maarif Səfərov deyir: "Zəlzələdən sonra ailəmiz tamamilə ümidsiz idi. İllərboyu min əziyyətlə ərsəyə gətirdiyimiz ev bir anın içində qəzalı vəziyyətə düşmüşdü. Evə girmək belə olduqca təhlükəli idi. Tavan, divarlar hər an uça bilərdi. Ona görə ailə üzvlərimizin hərəsi bir qohum evinə yerləşdi. Amma qohum-qardaş evində nə qədər yaşamaq olar? Gözləmədiyimiz halda Heydər Əliyev Fondundan gəldilər, evə baxdılar və dedilər ki, Mehriban xanımın tapşırığı ilə bizim üçün yeni ev tikəcəklər. Necə demişdilərsə elə də oldu. Cəmi iki aya evi söküb yerində təzə 3 otaqlı ev bina etdilər. Sanitar qovşaq da evin içindədir. Üstəlik mebel də verdilər. Bu ev Mehriban xanımın bizə hədiyyəsidir”.

Keçən ilin sentyabr ayında Şamaxıya səfər edən Birinci vitse-prezident Mehriban Əliyevanın baş çəkdiyi ünvanlardan biri də bu ev idi. Ev sahibinin sözlərinə görə, Mehriban xanımın və qızı Leylanın gəlişi ailə üçün əsl bayram olub. Mehriban Əliyeva yeni evlə tanış olaraq ailəyə xeyir-dualarını verib. Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildiriblər.

Şamaxının rayon mərkəzində Şirvanşah İbrahim küçəsində yaşayan Ağayusif Məmmədovun evi də Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib. "Zəlzələdən sonra evim böyük zərər çəkdi. Uçub, dağılmaq üzrəydi. Bərpası mümkün deyildi. Heydər Əliyev Fondunun nümayəndələri evə baxandan sonra qərara alındı ki, sökülsün. Qısa vaxtda yeni, kürsülü ev tikdilər. Sağ olsun Mehriban xanım, bizi çətin vəziyyətdən xilas etdi, necə deyərlər, isti ocağımızı özümüzə qaytardı. Allah hörmətli prezidentimizdən və Mehriban xanımdan razı olsun. Çünki onlar dar günlərdə şamaxılılara həyan oldular”.


Üç rayonda 541 ev


Qeyd edək ki, baş vermiş dağıdıcı zəlzələdən sonra Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinləri tərəfindən Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına ümumilikdə 10650 müraciət daxil olub. Bu barədə danışan FHN-in zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadə bildirdi ki, müraciətlərlə əlaqədar müvafiq komissiya tərəfindən 10609 evə baxış keçirilib və akt tərtib olunub.

Keçən il dekabrın 5-dək üç rayon üzrə 580 qəzalı evin yenidən tikintisinə dair qərar qəbul edilib. Artıq bunlardan 541-nin tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilib. 39 evdə isə son tamamlama işləri aparılır və yaxın günlərdə tam başa çatdırılacaq.

Şamaxıda yeni evlə təmin olunanlardan biri də Saray nənədir. Məlum olduğu kimi, Prezident İlham Əliyev zəlzələnin səhərisi günü Şamaxıya səfəri zamanı yaşı 100-ə yaxınlaşan Saray nənə ilə görüşüb söhbətləşmişdi. Martın 7-də isə İlham Əliyev və Mehriban Əliyeva birlikdə Saray nənəyə baş çəkmişdilər. Şamaxıya səfərimiz çərçivəsində Saray nənə ilə söhbətləşib hal-əhval tutduq, yeni evindəki şəraiti ilə tanış olduq. Hərəkətində çətinlik çəksə də, yaddaşı iti olan Saray nənənin sözündən, söhbətindən sanki gənclik enerjisi hiss edilirdi: "Allah heç kimi evsiz-eşiksiz qoymasın. Ömrüm boyu işləmişəm, öz zəhmətimizlə dolanmışıq. Amma hardan biləydik ki, bir gün soyuqda evsiz qalacağıq. Allah Prezidentimizə ömür versin, İlham da, Mehriban da mənim balalarım kimidi. Zəlzələnin səhərisi bir də gördüm ki, İlham o qapıdan gəlir, elə bil mənə dünyanı verdilər. İstədim ayağa qalxım, əlini çiynimə qoydu ki, durma. Bir xeyli söhbət etdik, sonra evə baxdı. Ay bala, gör indi nə qəşəng ev tikdirib İlham oğlum. Allah onun ailəsini, balalarını xoşbəxt etsin”.

Prezidentin baş verənlərə operativ reaksiyası nəticəsində Saray nənə Novruz bayramını yeni evində qeyd edir. Evdə olan bütün əşyaları da dövlət başçısı hədiyyə edib.

Şamaxıda evi yenidən tikilən sakinlərdən biri də şəhər sakini Vahid Şıxıyevdir. "Qəzalı vəziyyətə düşən evim 3 otaqlı idi. Amma Prezidentin sayəsində yerində dördotaqlı ev tikildi”, - deyə o bildirdi.

Hazırda Şamaxıda yenidən tikilməkdə olan evlərin sayı 16-dır. Onlardan şəhərin A.M.Şərifzadə, 28 May və M.F.Axundov küçələrində tikilməkdə olan evlərlə maraqlandıq. Demək olar ki, bütün evlər əvvəlkilərdən daha geniş olmaqla inşa olunur. Evləri yenidən inşa olunan sakinlərdən Fəxrəddin Əhmədov, Paşa Əhmədov, Gülpəri Hüseynova, Məlahət Həmidova onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. "Zəlzələ nəticəsində evimiz tamamilə qəzalı vəziyyətə düşdü. Sağ olsun Prezidentimiz və Mehriban xanım. Onların qayğısı ilə evimizin yerində yeniləri inşa olunur. Özü də əvvəlkindən geniş və yaraşıqlı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına da minnətdarıq, çünki xüsusi fədakarlıqla çalışırlar. Tezliklə yeni evimizə köçəcəyik”.

Yeni tikilən evlərlə yanaşı, ötən müddət ərzində Şamaxıda bərpasına ehtiyac olan 2063 evin 1798-də bərpa işlərinə başlanılıb. Bunlardan 1727-də işlər tam başa çatdırılıb və sakinlərinə təhvil verilib. 71 evdə isə son tamamlama işləri gedir. Şamaxıda bir daha əmin olduq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, zəlzələnin nəticələri sürətlə aradan qaldırılır. Bütün bunlar isə rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video