21 Fevral 2020 02:21
710
SİYASƏT
A- A+

“Onlar heç vaxt böyüməyəcəklər”


İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib


Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimat mərasimi keçirilib. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və "Azərbaycan” Nəşriyyatının dəstəyi ilə nəşr olunub.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), "29 Mayıs” Universiteti, Türk Ocaqları İstanbul Şöbəsi və "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən "29 Mayıs” Universitetinin rektoru Mustafa Sinanoğlu əvvəlcə Qarakənddə vertolyotun vurulmasından danışıb. Sonra Xocalı soyqırımından bəhs edən M. Sinanoğlu soyqırımında yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşilik kimi qiymətləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan yerli əhali vəhşicəsinə qətlə yetirilib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov erməni vəhşiliklərini tarixi nöqteyi-nəzərdən təhlil edib. Bildirib ki, tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olublar. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz planlı və düşünülmüş şəkildə həyata keçirilib. "Soyqırımı” sözünün mənasını açıqlayan prorektor bildirib ki, bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, belə hadisələrin yolverilməz olduğunu bildirir.

"29 Mayıs” Universitetinin Himayəçilər Şurasının sədri Təyyar Altıkulaç bildirib ki, ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Onun sözlərinə görə, bu faciə heç vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır.

"Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı, jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək faciənin ictimaiyyətə, sosial və siyasi aspektinin mahiyyətinin gənclərə çatdırlması üçün Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər” kitabının çap olunduğunu söyləyib: "Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm alıb qəzetçilik fəaliyyəti ilə məşğul olandan bugünədək Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli şəhid olmuş günahsız insanlardan, igid oğul və qızlardan yazıram. Gücüm çatdıqca, əlim yetdikcə bu qətliamı dünyaya tanıtmaq üçün çalışıram”.

Tədbirdə "Xocalı zülmət bir gecə” sənədli filminin də nümayişi olub. Filmdə Xocalı soyqırımının canlı şahidləri həmin faciəli gündən danışırlar.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video