20 Fevral 2020 03:54
2107
SİYASƏT
A- A+

“Harayımıza Mehriban xanım çatdı”


Zəlzələdən sonra Heydər Əliyev Fondu tərəfindən Şamaxıda 35 fərdi ev tikilib, 12 evdə təmir bərpa işləri aparılıb


Keçən il fevralın 5-də baş vermiş dağıdıcı zəlzələdən sonra Şamaxının Şirvanşah İbrahim küçəsində yaşayan Gülməmmədovlar ailəsinin də evi qəzalı vəziyyətə düşmüşdü. Lakin çox keçmədən onun yerində Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən 3 otaqlı yeni ev tikildi. İndi ailə əvvəlkindən də geniş və yaraşıqlı olan həmin evdə yaşayır.


Prezidentin çevik reaksiyası


Ötən il fevralın 5-6-da baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, bir sıra sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilmiş, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilmişdi.

Fevralın 7-də Prezident İlham Əliyev özü zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Dövlət başçısı elə yerindəcə əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi.

Qeyd edək ki, təkcə zəlzələnin baş verməsindən iyun ayına qədər Şamaxı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə ümumilikdə 6251 müraciət daxil olmuşdur. Ötən ilin dekabr ayına qədər 334 qəzalı evin tikintisinə dair qərar qəbul edilmişdir. Onlardan 189-nun inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. 16 evdə isə son tamamlanma işləri gedir və yaxın günlərdə sahiblərinə təhvil veriləcək. Bununla yanaşı bərpasına ehtiyac duyulan 1288 evin 1175-də bərpa işlərinə başlanılıb ki, onlardan da 1108-də işlər başa çatdırılıb. Bərpa işləri aparılan 67 evdə son tamamlama işləri görülür.


"Dedilər ki, Mehriban Əliyevanın tapşırığı ilə gəlmişik”


Təbii fəlakətin baş verdiyi ilk gündən ölkənin aidiyyəti strukturlarının faciənin nəticələrinin aradan qaldırılması üçün qüvvələrini tam səfərbər etmələri, mərkəzi icra orqanlarının rəhbər şəxslərinin ərazidə olmaları Azərbaycan hakimiyyətinin öz vətəndaşına diqqət və qayğısının bariz təcəssümüdür. Eyni zamanda zəlzələdən sonra Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların yaratdığı fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.

Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş 35 fərdi ev tamamilə sökülərək yenidən tikilib. 12 evdə isə təmir bərpa işləri aparılıb. Şamaxıda olarkən yolumuzu ilk olaraq Gülməmmədovların yeni evindən saldıq. Zəlzələdən sonra soyuq qış günündə olduqca çətin vəziyyətə düşdüklərini deyən ailənin xanımı Hicran Gülməmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin Şamaxıya gəlməsi vəziyyəti kökündən dəyişib, qəzalı vəziyyətə düşmüş evlərinin yerində isə Mehriban Əliyevanın sayəsində yenisi inşa edilib: "Soyuq qış günündə baş verən zəlzələdən sonra evsiz-eşiksiz qalmaq çətin idi. O çətin günlərdə harayımıza Mehriban xanım yetişdi. Həmin ərəfədə bütün uçmuş və qəzalı vəziyyətə düşmüş evlərdə yoxlamalar aparıldı. Bizimlə Heydər Əliyev Fondunun nümayəndələri maraqlandı. Dedilər ki, Mehriban Əliyevanın tapşırığı ilə gəlmişik. Evə baxış keçirdilər. Mart ayında isə Heydər Əliyev Fondu tərəfindən yeni evin tikintisi başlandı”.

Beləliklə, mart ayında sökülən evin yerində qısa müddətdə yenisi inşa olunur. Heydər Əliyev Fondu tərəfindən ev həm də mebellərlə təmin edilir. İyul ayında artıq ailə yeni evdə yaşamağa başlayır. Üçotaqlı bu ev sahəsinə görə əvvəlkindən də genişdir. Sentyabr ayında Şamaxıya səfər edən Mehriban Əliyeva ailəyə qonaq gələrək yeni evlə tanış olur.

Hicran Gülməmmədova deyir ki, Mehriban Əliyevanın qızı Leyla Əliyeva ilə gəlişi onların sevincini yerdən göyə artırdı. İndi ailə məhz Mehriban Əliyevanın sayəsində inşa edilmiş yeni evdə əvvəlkitək firavan günlərini yaşayır.


Dövlət hər zaman vətəndaşının yanındadır


Dağıdıcı zəlzələ vaxtı ən çox zərər Şamaxı rayonuna dəyib və burada daha çox fərdi evlər və təsərrüfatlar dağıntıya məruz qalıb. Ona görə də zəlzələdən sonra aparılan yenidənqurma, bərpa və təmir işləri əsasən Şamaxının rayon mərkəzini əhatə edir. Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadənin sözlərinə görə, indiyə qədər bu rayonda görülən işlərin böyük əksəriyyəti yerinə yetirilib. Təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 7-də Şamaxıya etdikləri səfər zamanı qoyulan 44 mənzilli bina ötən ilin payızında sakinlərin ixtiyarına verilib. O cümlədən Şamaxı şəhərində 20 mənzilli digər bina da öz sahiblərinə təqdim olunub.

Dekabrın 5-də Şamaxıda səfərdə olan Prezident İlham Əliyev zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Zəlzələdən sonra görülən işlərə münasibət bildirən dövlət başçısı "Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”, -deyə bildirib.

Azərbaycan hakimiyyəti baş verən istənilən ekstremal və təbii hadisələrə daim çevik reaksiya göstərib, ilk növbədə, öz vətəndaşına lazımi diqqət və dəstəyi göstərib. Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələdən sonra bu, bir daha özünü göstərdi. Ötən bir il ərzində zəlzələnin fəsadlarının demək olar ki, böyük bir qismi aradan qaldırılıb. Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun zəlzələ bölgəsində başlatdığı işlər tam başa çatdırılıb. Şamaxıda tikintisi gedən 110 mənzilli yaşayış binasının və fərdi evlərin inşası isə ən qısa vaxtda yekunlaşacaq.

(ardı var)

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video