20 Fevral 2020 03:36
903
İQTİSADİYYAT
A- A+

Prezident İlham ƏLİYEV: “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır”


"2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təsdiq edildiyi vaxtdan 17 il keçir


1990-cı illərin ikinci yarısından Azərbaycanda başlayan davamlı iqtisadi inkişaf özünü ilk növbədə əhalinin rifahının yaxşılaşmasında göstərdi. Belə ki, 1996-2002-ci illərdə ümumi daxili məhsul 1,7, iqtisadiyyata kapital qoyuluşu 7,8, əhalinin nominal pul gəlirləri 3, orta aylıq əməkhaqqı və pensiya 5 dəfə artdı.

Bununla belə, hələlik ölkədə iqtisadiyyatın yüksək inkişaf səviyyəsini və əhalinin beynəlxalq standartlara uyğun həyat tərzini təmin etmək mümkün olmamışdı. Bunları nəzərə alan Ümummilli Lider Heydər Əliyev 2003-cü il fevralın 20-də "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Bu proqram yaxın gələcəkdə ölkədə əhalinin sosial müdafiəsini daha da gücləndirmək, yoxsulluğun səviyyəsini azaltmaq məqsədi daşıyırdı. Bununla bağlı BMT-nin 2000-ci ildə keçirilmiş "Minilliyin sammiti”ndən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi təmin edilməli idi.

Xatırladaq ki, 2000-ci ilin sentyabr ayında Nyu Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin rəhbəri "Minilliyin sammiti”nə toplaşaraq Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə bəyannamə imzalamışlar. Bununla da 2015-ci ilə qədər yoxsulluğun azaldılması məsələlərini özlərinin öhdəlikləri kimi bəyan etmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdi. Həmin qlobal məqsədlərdin birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tuturdu.

Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından Ulu Öndər Heydər Əliyev imzalamışdı.

Yoxsulluğun azaldılması beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri problemdir. Əvvəllər yoxsulluq əsasən əhalinin gəlirlərinin səviyyəsi və onun ərzaqla təminatı ilə ölçülürdü. Lakin sonralar bu məfhum daha geniş məna kəsb etdi. Odur ki, yoxsulluğun azaldılması dedikdə eyni zamanda əhalinin istehsal resurslarından, o cümlədən torpaqdan, su ehtiyatlarından istifadə etməsi, habelə işlə təmin olunması nəzərdə tutulur. Yoxsulluğun azaldılması eləcə də əhalinin təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, bütün səviyyələrdə kişilərlə qadınların hüquq bərabərliyinin təmin edilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, ətraf mühitin yaxşılaşdırılması deməkdir. Bir sözlə, yoxsulluğun azaldılması üçün insana layiqli həyat şəraiti təmin edilməlidir.

Bu meyarlar baxımından yanaşdıqda həmin dövrdə Azərbaycanda da yoxsulluq problemi mövcud idi və onun bir sıra özünəməxsus cəhətləri vardı. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində keçmiş SSRİ məkanında yaranmış siyasi böhran, çoxdan formalaşmış təsərrüfat əlaqələrinin pozulması, Dağlıq Qarabağda başlayan separatçılıq hərəkatı, Azərbaycanın bölgələrində tətillərin başlanması nəticəsində əksər müəssisələrin fəaliyyəti dayanmışdı. Həmin dövrdə respublikada ümumi daxili məhsulun istehsalı hər il orta hesabla 10-15 faiz aşağı düşür, hiperinflyasiya sürətlənirdi.

Yoxsulluğun azaldılmasına yönəldilən və 2003-2005-ci illəri əhatə edən Dövlət proqramı da məhz həmin illərin əks-sədası olan vəziyyətin aradan qaldırılmasını nəzərdə tuturdu. Bu proqramın həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə Azərbaycanda ümumi makroiqtisadi sabitliyin qorunub saxlanılmasına nail olundu. Dinamik iqtisadi artımın davamlılığı təmin edildi, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanıldı. Bu da ölkədə mövcud olan sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratdı. Nəticədə 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endi. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin sonunda yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etdi.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət dəyişiklikləri davam etdirmək üçün "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlandı. Proqram Prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olundu.

2003-2005-ci illərdə və 2008-2015-ci illərdə yoxsulluğun azaldılmasına yönəldilən hər iki proqram uğurla icra olundu. Onların nəticəsini Prezident İlham Əliyevin bu il fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində səsləndirdiyi fakt və rəqəmlər də aydın göstərir: "2003-cü ildən bugünə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 16,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür”.

Hədəf isə bundan da yüksək göstəriciyə nail olmaqdır. "Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır,” - deyir dövlətimizin başçısı.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video